Bakı və bakılılar
haqqında film
Ölkəmizin kino təqvimini vərəqləyəndə
görürük ki, iyirminci əsrin altmışıncı
illərində də yadda qalan, maraqlı çox filmlər
çəkilib. Kino ölkədə gedən quruculuq işlərindən,
cəmiyyətdəki yeniliklərdən, hadisələrdən
kənarda qala bilməzdi. Ekrana çıxarılası
mövzular çox idi. Doğrudur, kino
yaradıcılığı absurd sosializm realizmi prinsiplərinin
təsirində olsa da, tənqidi realizm də sənətin bu
sahəsində özünü büruzə verməkdəydi.
Tamaşaçı ekranda həyatın yalnız
yaxşı, işıqlı tərəfini deyil, həm də
kölgəli yanlarını, cəmiyyətdəki
nöqsanları, əyrilikləri də görürdü.
Yeni nəslin formalaşmasında, tərbiyəsində
kinonun böyük rolu olduğundan, altmışıncı
illərdə gənclik mövzusuna xüsusi önəm
verilirdi. "Əhməd hardadır?", "Romeo mənim
qonşumdur", "Ulduz", "İnsan məskən
salır" bu dediklərimizə əyani sübutdur. Və təsadüfi
deyildir ki, altmışıncı illər kinosu öz
dövrünü daha bir gənclik filmiylə -
"Uşaqlığın son gecəsi" ekran əsəriylə
başa vurdu.
O vaxt rejşsor Arif Babayev "İnsan məskən
salır" filmini təzəcə təhvil vermişdi. Natura
çəkilişləri əsasən fırtınalı dənizdə,
estakadalarda aparılan belə bir filmdən sonra nisbətən
sakit, rahat, hardasa romantik şəhər həyatını
ekrana gətirmək üçün köklənməyə,
uyğunlaşmağa rejissorun vaxtı yox idi. Aktyor seçimi
aparmaq da zaman istəyirdi. Vaxt darlığına baxmayaraq, təcrübəli
rejissor, necə deyərlər, filmə yaraşan aktyorları
tapıb toplaya bildi. Bunu baş rolların
ifaçıları Səyavuş Şəfiyevin və
Ənvər Həsənovun oyununda da görürük. Hətta
adama elə gəlir ki, Rüstəm və Ənvər
rollarında başqa aktyorlar çəkilsəydi, film belə
uğur qazana bilməzdi. Bu aktyorlar təcrübəli rejissor
Arif Babayevin daha bir tapıntısı idi.
1968-ci ildə istehsalata buraxılan
"Uşaqlığın son gecəsi" filmi bir il sonra
ekranlara çıxdı və tamaşaçıların
sevgisini, rəğbətini qazandı.
Film maraqlı epizodla başlayır. Deyim ki, bu epizodun
özündə bir rəmz var: gecənin gec vədəsi
filmin qəhrəmanı həyət qapısını
döyür. Orta məktəbi təzəcə bitirmiş,
yeni həyatın astanasındakı Murad sanki həyət
darvazasını yox, uşaqlığın son gecəsinin
qapısını döyür.
Mən bu filmə o vədə rayonda
baxmışdım. Deyim ki, bu ekran əsərinin məndən
və mənim yaşıdlarımdan ötrü xüsusi bir
önəmi vardı, filmin əsas qəhrəmanlarından
olan Murad kimi, biz də orta məktəbi yenicə bitirib kamal
attestatı almışdıq, necə deyərlər, biz də
yeni həyatın astanasındaydıq. Elə bir
vaxtımız-vədəmiz idi ki, seçim
qarşısındaydıq. Tale üzümüzə nə
qapı açacaqdı, bunu bilmirdik. Məhz belə bir vaxtda
"Uşaqlığın son gecəsi"nin ekranlara
çıxması bizdən - uşaqlığın son gecəsini
yaşayanlardan ötrü sanki bir mayak idi və
çoxları kimi, mən də bu mayakın
işığına üz tutdum. Üz tutub getdiyim bu yol məni
şəhərə, radio jurnalistliyinə gətirdi və
dünyanın bir çox məşhur sənət
adamlarıyla qarşılaşdırdı. Maraqlıdır
ki, rejissor Arif Babayevlə tanışlığım da
Bakıda yox, Daşkənddə oldu. 1982-ci ildə Özbəkistanın
paytaxtında keçirilən beynəlxalq kinofestivalda
rastlaşdıq. Azərbaycan radiosu üçün ondan
müsahibə aldım. Görəcəyi işlərdən
danışdı, planları böyük idi. Hiss olunurdu ki,
yaradıcılıqla yaşayır, yaradıcılıqla nəfəs
alır. Söhbətimiz "Uşaqlığın son gecəsi"
filmindən də yan keçmədi. Arif Babayev belə bir
mövzunu çoxdan ürəyində tutduğunu,
yaşatdığını dedi. Bu filmi çəkməklə
bir bakılı kimi öz borcundan çıxmaq istədiyini
söylədi.
"Uşaqlığın son gecəsi" filmindən
həm də bunu əxz eləmək olur ki, gənclik
yalnız romantika, romantik hisslər, duyğular demək deyil, gənclik
həm də çətinliklərdən keçmək,
sınaqlardan çıxmaq əzmi, bacarığı deməkdir.
Və həyatda heç bir arzu-dilək Qızıl
balığın iradəsiylə, sehrbaz çubuğunun
qüdrətiylə hasil olmur, bu yoldakı çətinlikləri
özün keçməli, öz gücünə dəf etməli,
sözünü inamla deməlisən.
"Uşaqlığın son gecəsi" Bakı və
bakılılar haqqında çəkilmiş filmdir.
Maraqlı budur ki, filmi çəkənlər də
bakılılardı. Ssenari müəllifi Maqsud İbrahimbəyov,
quruluşçu rejissor Arif Babayev, quruluşçu operator
Zaur Məhərrəmov, rəssam Elbəy Rzaquliyev, bəstəkar
Polad Bülbüloğlu, aktyorlar Ənvər Həsənov, Səyavuş
Şəfiyev, Tofiq Mirzəyev, Ətayə Əliyeva, Məmmədsadıq
Nuriyev və başqaları. Buna görə də o
dövrün şəhər həyatını bütün
reallığıyla ekrana gətirmək yaradıcı qrupa
müəssər olub.
Qəribə təsadüfdür, bu yazını qələmə
alanda xəbərlər proqramında kinooperator Zaur Məhərrəmovun
87 yaşında vəfat etdiyini eşitdim. Milli kinomuzda onun həm
kinooperator, həm də rejissor kimi layiqli yeri var...
İçərişəhərdə doğulub
böyümüş rejissor Arif Babayevə hər
küçə, hər dalan yaxşı tanış idi, necə
deyərlər, gözübağlı gəzib-dolaşardı.
Ona yaxşı tanış olan həm də İçərişəhərin
insanlarıydı. Bu insanlar xaraktercə fərqlidirlər.
İçərişəhər özünəxas ləhcəsi,
mədəniyyəti, məişətilə, qır damlı
evlərilə seçilir. Tamaşaçı İçərişəhəri
şəhər içində şəhər kimi
görür.
Qədim qala divarları arasındakı bu məkan,
bir neçə ailənin sığındığı
kommunal həyət, əslində, o dövrün, ictimai
quruluşunun sosial modelidir və bu kiçik məkanda
gördüklərimiz, duyduqlarımız, sadəcə, bir həyətin
vuran ritmi, döyünən nəbzi deyil, o dövrün həyatı,
yaşam tərzidir. Elə bir şəraiti,
rahatlığı olmayan darısqal həyətin sakinləri
sanki qonşu yox, qohum-əqrabadırlar. Bir-birlərinə
qarşı biganə deyillər, istiqanlıdırlar.
Aralarındakı səmimiyyət, xoş münasibət
onlara stimul verir, həyətin darısqallığını,
qayğılarını belə unutdurur.
Filmdə müxtəlif nəslin nümayəndələrilə
qarşılaşsaq da, dediyimiz kimi, hadisələr gənclik
mövzusu ətrafında cərəyan edir. Bəli,
"Uşaqlığın son gecəsi" gənclərin,
gəncliyin filmidir.
Murad və Rüstəmin simasında biz sabahın qurucularını,
yeni nəslin nümayəndələrini, gənclərini
görürük. Bir həyətdə doğulub boya-başa
çatmış bu oğlanların da fərqli cəhətləri
yox deyil. Bu fərq yalnız onların yaşında yox, həm
də xarakterlərində, dünyagörüşlərində,
həyata baxışlarındadır. Murad şən əhval-ruhiyyəlidir,
zarafatçıldır, Rüstəm isə əksinə,
ağır təbiətli, təmkinlidir və onların
xarakterlərindəki ziddiyyətdən yaranan söhbətlər,
olaylar filmə dinamiklik gətirməklə yanaşı, həm
də bu obrazları maraqlı edir. Onların xarakterlərində
oxşar xüsusiyyətlər də çoxdur - ikisi də mənən
xeyirxah, saf və səmimidir.
Filmin dəyəri yalnız onun bədii məziyyətlərilə
məhdudlaşmır, dövrün, zamanın nəbzi vurur bu
ekran əsərində. Operator Zaur Məhərrəmovun natura
çəkilişləri, küçə və
xiyabanların təsviri, sadəcə, kadrlararası
keçid planları deyil. Bu təsvirlərdə
Bakının obrazı canlanır. Tamaşaçı şəhəri
bir obraz kimi görür, qəbul edir və beləcə, biz
60-cı illər Bakısının ab-havasını duyuruq.
Sadə insan obrazı filmin ideyasının mərkəzində
durur. Rejissor Arif Babayev sadə insanların timsalında gənclərin
həyatdakı yerini göstərməklə yanaşı,
onları sabaha aparan yola işıq salır. Əlbəttə,
bu yolu keçmək heç də asan deyil. Əslində bu,
daha çox sınaq yoludur və sınaqdan kim necə
çıxacaq, onu zaman göstərəcək.
Həyat Murad və Rüstəmi də imtahana çəkir,
onları az problemlərlə qarşılaşdırmır.
İlk addımlarnda müəyyən qədər büdrəyən
Murad, sonradan mətinləşir. Filmdə Murad və Rüstəm
obrazları əyri yolla yaşayıb varlanmaq istəyən
Rüfətlərə qarşı qoyulub. Bəli, həyatda
Rüfətlər də az deyil. Elələrinin yolu
başqadır və cinayətə aparan bu yolu tutanların isə
aqibəti bəllidir. Rüfət yaraşıqlı olsa da,
onun daxili dünyası zahiri fakturasıyla tam ziddiyyətli və
təzadlıdır. Rüfətin zahiri təmkini
aldadıcıdır. O, daxilən qorxaq, əyri niyyətli
adamdır. Mənfi obrazları tamaşaçıya sevdirmək
çətin olur. İnamla demək olar ki, aktyor Tofiq Mirzəyev
bu rolun öhdəsindən bacarıqla gəlib, Rüfəti
tamaşaçıya, necə deyərlər, "sevdirə"
bilib.
O dövrün bəzi filmlərində kənardan,
xüsusən də Gürcüstandan aktyorlar dəvət
edildiyinin şahidi oluruq. "Uşaqlığın son gecəsi"ndə
Elya roluna gürcü qızı Meqi Kejeradze çəkilib.
Azərbaycan tamaşaçıları aktrisanı
"Kuklalar gülür", "Heç-heçə
oyun" filmlərindən tanıyırlar.
"Uşaqlığın son gecəsi"ylə Meqi öz
qısa kino karyerasına son qoyub. Bəlkə də bu, onunla əlaqədar
idi ki, ixtisasca ingilis dili müəllimi olan Meqi sənətdə
özünü sadəcə həvəskar aktrisa kimi
görüb.
Filmi maraqlı edən, həm də onun musiqisidir.
Müxtəlif variasiyalarda səslənməklə filmin
leytmotivinə çevrilən lirik, axıcı musiqi
tamaşaçını seyr etdiyi epizodların, hadisələrin
mahiyyətinə daldırır.
Polad Bülbüloğlunun "Gəl, ey səhər"
mahnısı o vaxtdan paytaxtımızın himni kimi səslənir.
Mahnıdakı romantik, lirik notlar, çalarlar qəlbləri
oxşayır, insanı sevib-sevməyə səsləyir.
O vaxtlar, bizə elə gəlirdi ki, "Gəl, ey səhər"
gəncliyin musiqisidir, gənclər üçün
yazılıb. Amma bunu da inamla deyə bilərik ki, "Gəl,
ey səhər" yalnız gəncliyin deyil, yaşından
asılı olmayaraq, hər kəsin, insanlığın
musiqisidir və hər yaşda insan yeni bir səhər
sorağındadır - aydın, günəşli səhər
sorağında.
Filmin uğurlu alınması elə ilk nümayişdən
özünü göstərdi. Kiyevdə keçirilən
"Prometey-69" kinofestivalında Gənclik haqqında
çəkilmiş ən yaxşı film
mükafatını qazandı. Ən yaxşı ssenariyə
görə mükafat Maqsud İbrahimbəyova, ən
yaxşı rejissor işinə görə mükafat Arif
Babayevə, ən yaxşı operator işinə görə
mükafat Zaur Məhərrəmova, ən yaxşı kişi
roluna görə mükafat Ənvər Həsənova təqdim
edildi. Bəstəkar Polad Bülbüloğlu isə xüsusi
diploma layiq görüldü.
Hər nəslin öz dövrü, epoxası var,
60-cı illər epoxasının isə həyatımızda
öz xüsusi yeri olduğunu "Uşaqlığın son
gecəsi" filmində də aydın görürük.
Filmdə o illərin nəbzi, nəfəsi duyulur,
Bakının tramvaylı-troleybuslu günləri canlanır
gözlərimiz önündə. Şəhərin
küçə və xiyabanlarını dolaşanda
qaynaşan insanların arasında Muradı, Rüstəmi
axtarıram, tapa bilmirəm. Elə istəyirəm ki,
onları yalnız ekranda yox, həyatda da görüm.
Gün-gündən boy verib böyüyən, genişlənən
şəhər sanki insanları bir-birlərindən
uzaqlaşdırıb. İnsani münasibətlər meqapolisə
çevrilmiş şəhərin nəhəngliyi fonunda
sönükməyə məhkumdur? Bu mənada, sanki film təkcə
öz dövrünün insanlarına deyil, gələcək
nəsillərə də bir xəbərdarlıq kimi səslənir.
Hər bir film öz dövrünün salnaməsidir.
Keçmiş yaxşılı-pisli, acılı-şirinli
yalnız bədii ədəbiyyatda, təsviri sənətdə
yox, həm də kinoda, filmlərdə qalır,
yaşayır. "Uşaqlığın son gecəsi" bu
mənada da maraqlıdır.
"Uşaqlığın son gecəsi" 60-cı
illər gəncliyinin romantikasıdır. Film bu gün də
baxılır. Baxılırsa, deməli, yaşayır, deməli,
o, bütün dövrlərin filmidir. Mən özüm də
həvəslə baxıram və hər dəfə də
yeni nəsə tapıram. Kövrək xəyalların
qanadlarında nisgilli dünyama qovuşuram və elə istəyirəm
ki, səhərə açılan uşaqlığın o
son gecəsinin qapısını qayıdıb bir də
döyüm...
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.15.