21 Azər: Zamanın
sınağından çıxmış tarix
Bu il 21 Azərin - XX əsrdə xalqların öz
milli hüquqları, demokratiya və dövlətçilik
uğrunda mübarizə tarixinə bu adla daxil olmuş Hərəkatın
80-ci ildönümü tamam olur. 1945-1946-cı ildə İran
dövləti hüdudlarında yaşayan azərbaycanlıların
əsrin əvvəllərindən başlayaraq artıq
üçüncü dəfə eyni məqsədlər
uğrunda ayağa qalxması, silaha sarılması, əqidə
və amalları uğrunda ölümə hazır olması
və qurbanlar verməsi bu siyasi-ictimai hərəkatların
heç də təsadüfi xarakter
daşımadığını, əksinə, zaman
keçdikdə öz qarşısına daha geniş, daha dərin
vəzifələr qoyduğunu və bu yolda sona qədər dəyanət
göstərdiklərini təsdiq edir.
Əgər 1905-1911-ci illər İranda Məşrutə
adı ilə bütün ölkədə baş qaldıran
inqilabi hərəkat şahlıq üsulu-idarəsini ən azı
Məşrutəli - Konstitusiyalı monarxiyaya çevirmək
kimi ilkin bir vəzifənin öhdəsindən gəlmişdisə,
bu tarixi Qələbədə təbrizlilərin - Seyid Həsən
Tağızadənin siyasi fəhmi, Səttar Xanın isə
silahı nümunəsində - müstəsna rolu olmuşdu.
Məhz 1909-cu ildə Təbrizdə baş
qaldırmış və Azərbaycan vilayətini
bürümüş silahlı üsyan yeni
yaradılmış İran məclisini topa tutan Şah rejiminə
geri çəkilmək imkanı verməmiş və İran
Məşrutəsi - Ana-yasası öz qüvvəsində
qalmışdı. Azərbaycanlıların bu hərəkatı
daha da genişləndirmək və onun demokratik
yönümünü dərinləşdirmək cəhdlərinin
qarşısı isə Təbriz
üsyançılarını qan içində boğan
qonşu Rusiyanın silahlı qüvvələrinin müdaxiləsi
ilə alınmışdı.
1917-1920-ci illər Təbrizin yenidən siyasi meydana
çevrilməsi və bu dəfə mütəfəkkir-filosof,
alovlu natiq və milli mövqedə duran siyasi lider Şeyx Məhəmməd
Xiyabaninin "Azərbaycan" şüarı ilə tarix səhnəsinə
çıxması İran xalqları arasında məhz azərbaycanlıların
milli və demokratik azadlıqlar kimi dəyərləri bu
çoxmillətli ölkəyə gətirmək iddialarından
xəbər verirdi. İlk növbədə İran azərbaycanlılarının
milli maraqlarından çıxış edən və
artıq 1920-ci ildə Azərbaycan vilayəti
üçün İran daxilində "muxtariyyət" tələbi
irəli sürən Xiyabaninin eyni zamanda bütün İranla
bağlı həmin iddiaları isə azərbaycanlıların
İranın dövlətçiliyində mühüm tarixi
rolundan, İran tarixində "dövlətyaradan millət"
olduqları şüuru və bu şüurdan doğan
qürurundan irəli gəlirdi. Xiyabaninin
başçılıq etdiyi hərəkatın şah
qoşunları tərkibində rus zabitlərinin
başçılıq etdiyi kazak hərbi qüvvələrinin
iştirakı ilə silah gücünə
yatırılması, onun özünün isə faciəli
şəkildə qətlə yetirilməsi də artıq ənənəvi
hal almağa başlayırdı.
25 ildən sonra azərbaycanlıların İranda
başlayacaqları üçüncü milli hərəkat
da bu və ya digər dərəcədə rus-sovet
qoşunları ilə bağlı idi. Lakin bu hərəkat,
istər tarixi şərait, istər miqyası və nailiyyətləri
ilə həmin siyasi mübarizələr zəncirində
tamamilə yeni bir mərhələ sayıla bilər.
İran təqviminə əsasən hicri-şəmsi
1324-cü il 21 Azər (12 dekabr 1945-ci il) tarixində
qurulmuş Azərbaycan Milli Hökumətinin yaranması və
süqutu haqqında məlum fakt və hadisələrə
varmadan, bu hərəkatın 80-ci ildönümündə
onun gündəmdə olması faktından
çıxış edilərsə, bu tarixə salınan ən
ötəri nəzər belə bir sıra danılmaz həqiqətləri
ortaya çıxarır.
Bu həqiqətlərdən ən önəmlisi həmin
hərəkata olan marağın və bu maraqdan doğan ən
müxtəlif fikir və mülahizələrin hələ də
öz aktuallığını saxlamasıdır. 21 Azər hərəkatının
bu günümüzdə də yeni-yeni tədqiqatlarla zənginləşən
tarixşünaslığı deyilənlərə ən
bariz sübutdur. Məlumdur ki, 1945-ci ilin 12 dekabrında Təbrizdə
Azərbaycan Milli hökumətinin yaradılması, düz bir
illik mövcudiyyəti, gördüyü işlər və
faciəli aqibəti həmin hadisələrin baş verdiyi
zamandan bu günümüzə qədər heç vaxt birmənalı
qarşılanmayıb və ən müxtəlif bucaqlardan,
bir-birini inkar edən mövqelərdən qiymətləndirilib.
Bu da məlumdur ki, ümumilikdə bu hərəkata
tarixi-siyasi-elmi baxış bir qayda olaraq 1941-1946-cı illər
İranda baş verən hadisələrin gedişi, xarici
güclərin bu ölkəyə marağı, II Dünya
müharibəsi başlanandan sonra isə İngiltərə və
Sovet İttifaqının birbaşa İrana müdaxiləsi
fonunda araşdırılıb. Bir daha bu geniş, ziddiyyətli,
əks qütblərdən işıqlandırılan, ən
müxttəlif sənədlərin cəlb edildiyi və
sayı yüzlərlə ölçülən tədqiqatların
üzərində dayanmadan həmin hadisəyə
qarşı irəli sürülən əsas
"ittihama" aydınlıq gətirək.
Əsasən İran və Qərb ölkələri
siyasi xadimlərindən tutmuş, bir çox tarixçilər,
Sovet İttifaqının süqutundan sonra isə bir sıra
keçmiş Sovet və rus tədqiqatçıları tərəfindən
irəli sürülən"ittiham" - arqumentə görə
21 Azər hərəkatı bilavasitə Sovet dövlətinin
və qoşunlarının, o cümlədən həmin
dövr Sovet Azərbaycanı rəhbərliyinin siyasi-hərbi
dəstəyi ilə yaradılmış, II Dünya
müharibəsi başa çatdıqdan sonra isə
yaranmış yeni beynəlxalq siyasi şəraitdə
İran Azərbaycanını tərk etməyə məcbur
olan Sovet qoşunlarının gedişindən sonra
"ömrünü başa vurmuş" süni bir hərəkat
idi. Lakin məhz SSRİ-nin dağılması və Sovet Azərbaycanının
öz milli müstəqilliyini bərpa etməsindən sonra
keçmiş SSRİ-nin və Sovet Azərbaycanın əvvəllər
"məxfi" qrifi ilə saxlanılan partiya arxivləri
açılması ilə elmi dövriyyəyə
buraxılan sənədlər həqiqətən çox
mürəkkəb və ziddiyyətli bir şəraitin,
münasibətlərin və siyasətin toplusu olan bu hadisələrə
yeni nəzərlərlə baxmağa imkan verib. Bu və digər
sənədlərdən çıxış edərək məhz
Sovet dövlətinin həmin dövr ikili xarakter
daşıyan xarici siyasəti bucağından həmin sənədlərdən
alınan yekun nəticələrə diqqət yetirək.
Ən əvvəl, Sovet dövlətinin hər
hansı siyasi-iqtisadi-ideoloji niyyətlərlə İran Azərbaycanında
milli hərəkatın qalxmasına təkan verməsi, onu
maddi, mənəvi, hərbi cəhətdən hər vasitə
ilə dəstəkləməsi, hərəkatın
gedişinə bilavasitə təsir və müdaxilə etməsinə
və onu istədikləri məcraya yönəltməsinə
baxmayaraq, 1941-1946-cı illər Azərbaycanda cərəyan edən
hadisələrin milli-demokratik hərəkata çevrilməsinin
dərin sosial-siyasi və tarixi-mənəvi səbəbləri
var idi. Bu iddianı birnmənalı edən - yəni 21 Azər
hərəkatının məhz öz zəminində
yetişdiyini sübut edən amillər:
- hərəkatın dərhal Azərbaycanın
bütün əyalət və vilayətlərini əhatə
etməsi;
- yüz minlərlə azadlıqsevər qüvvələri
- dinc əhalini ayağa qaldırması;
- onun məram və ideallarının daha geniş
kütlələr tərəfindən qəbul edilməsi;
- ən ucqar məntəqə və kəndlərdə
Sovetlərlə heç bir əlaqəsi olmayan liderlərini,
fədai dəstə başçılarını və
üzvlərini irəli sürməsi və nəhayət,
- özünün inkişaf mərhələsində
hətta Sovet İttifaqının nəzarətindən
çıxmaq təhlükəsi yaratması;
Bu və bu sıradan digər göstəricilər
özlüyündə 21 Azər hərəkatının
yalnız Sovet dövlətinin təhriki ilə süni şəkildə
təşkil edildiyi kimi iddiaları əsassız edir.
Bu baxımdan Sovet rəhbərliyinin İran Azərbaycanındakı
bu hərəkatdan öz siyasi məqsədləri yolunda
istifadə etmək cəhdləri qarşısında Azərbaycan
demokratlarının da öz növbəsində Sovet dövlətinin
yaratdığı hər hansı imkanlardan öz mübarizələri
və xalqlarının xoşbəxt gələcəyi
uğrunda istifadə etməyə tam haqları olduğu təsdiq
və təqdir edilməlidir. Burada, Sovet dövlətinin hələ
də "əzilən xalqların azadlıq və istiqlal
mübarizələrinin fəal müdafiəçisi"
imicini saxladığı, xüsusilə 1920-1921-ci illərdə
məğlubiyyətə uğratdığı İranın
milli-azadlıq qüvvələri (Gilan və Təbriz hadisələri)
qarşısında böyük mənəvi borcu olduğu
amili də nəzərə alınmalıdır.
Eyni zamanda qarşısına geniş
siyasi-inqilabi-ideoloji məqsədlər qoymuş kütləvi
hərəkatların əksər hallarda xarici qüvvələrin
hər hansı dəstəyi olmadan rəvac tapması və
xüsusilə qələbə çalması - xüsusilə
beynəlxalq maraqların toqquşduğu bölgədə və
XX əsrdə - mümkün deyildi. Bu halda isə İran
hakim dairələrinin də öz xalqlarının
azadlıq, demokratik və milli mübarizələrinin
yatırılmasında tarixən xarici, xüsusilə ingilis və
rus siyasi-hərbi qüvvələrinə
arxalandığı ayrıca vurğulanmalıdır.
Beləliklə, 21 Azər hərəkatında xarici,
bu halda Sovet dövlətinin bu və ya digər səviyyədə
rolunu danmadan daha bir məqama diqqət yetirilməlidir. Bu,
Kommunist ideologiyasının rəsmi
daşıyıcısı olan Sovet dövləti tərəfindən
Azərbaycanda rəvac verilən hərəkatın məhz
milli-demokratik istiqamətə yönəldilməsi amilidir. Bu
zaman Sovet rəhbərliyinin bu məsələdə hansı
obyektiv və subyektiv faktorlardan çıxış etdiyi
üzərində dayanmadan, həmin dövr Azərbaycanın
siyasi-sosial, iqtisadi və mədəni mühiti
üçün yeganə doğru və uğurlu sonluğa
tam əsası olan bir ictimai-siyasi istiqamət seçdiyi
danılmazdır. Bu hərəkata rəhbərlik edəcək
partiyanın Azərbaycan Demokrat Firqəsi (ADF)
adlandırılması da tam məqsədəuyğun
sayılmalıdır. Burada məsələnin daha bir, həm
də çox incə bir tərəfi üzə
çıxır. Belə ki, Sovet rəhbərliyinin Azərbaycan
məsələsində tutduğu mövqe - artıq həmin
dövr fəaliyyət göstərən marksist İran Xalq
Partiyası (Tudə) ilə Azərbaycan Demokrat Firqəsinin
münasibətləri baxımından diqqət doğurur.
Sırf nəzəri cəhətdən marksist təşkilat
olmaqla Tudə partiyası Sov.İKP-yə daha yaxın, necə
deyərlər, ideoloji baxımdan "qardaş partiya" idi.
Belə olan halda S.C.Pişəvəri də daxil olmaqla Tudənin
bir çox görkəmli üzvlərini yeni, milli-demokratik
partiya yaradılması işinə cəlb etmək və Tudə
partiysının Azərbaycan şöbəsini ADF ilə birləşdirmək
addımı Sovet rəhbərliyinin sırf praqmatik məqsədlərindən
irəli gələn bir siyasi addım sayılmalıdır.
Buraya o dövr hələ kifayət qədər müstəqil
fəaliyyət göstərən Tudə partiyasının rəhbərliyinin
bu ciddi siyasi addıma öz partiyalarının
parçalanması və zəiflədilməsi kimi olduqca mənfi
münasibətinin Sovet rəhbərliyi tərəfindən nəzərə
alınmadığı da əlavə olunmalıdır.
Belə bir şəraitdə Azərbaycanda
milli-azadlıq hərəkatının lideri kimi 20-ci illər
radikal-sol kommunist və publisist Mir Cəfər Pişəvərinin
irəli çəkilməsi xüsusilə əlamətdar
idi. Şübhəsiz ki, burada Pişəvərinin Sovet
İttifaqı ilə bağlılığı və
xüsusilə Komintern xətti ilə fəaliyyəti
mühüm rol oynamışdı. Bununla belə, Pişəvərinin
məhz "asan idarə olunacağı" üçün
hərəkatın rəhbərliyinə "təyin
olunduğunu" iddia etmək düzgün olmazdı. 10 il Rza
şah zindanında həbsdə yatmış və əslində
bu yolla 1937-ci il Stalin repressiyalarından qurtulmuş Pişəvərinin
1918-1922-ci illər fəal iştirakçısı olduğu
hadisələri təhlil etmək, Komintern və Sovet dövlətinin
İrandakı siyasətinin uğursuzluqlarının səbəblərini
araşdırmaq, 1937-1938-ci illər Stalin
repressiyalarının qurbanı olmuş öz siyasi həmməsləklərinin
taleyi barədə düşünmək üçün
kifayət qədər vaxtı və ən
başlıcası, siyasi düşüncəsi və dərrakəsi
var idi. Pişəvərinin 1941-ci ildə zindandan azad olduqdan
sonrakı fəaliyyəti, mətbuatdakı
çıxışları və xüsusilə bu
yazılarında "Azərbaycan" motivlərinin ön
plana çıxması onun ictimai-siyasi görüşlərində
əsaslı dönüşün baş verdiyini göstərirdi.
Ümumiyyətlə, XX əsr Azərbaycan tarixində
öz xalqının azadlıq və tərəqqisi yolunu
sosialist ideyaları ilə bağlayan görkəmli şəxsiyyətlərin
sonradan milli platformaya keçməsi fenomeni vardır və bu
liderlər cərgəsində Məhəmməd Əmin Rəsulzadə,
ömrünün son illəri nəzərə alınarsa, Nəriman
Nərimanovdan sonra Mir Cəfər Pişəvəri,
şübhəsiz ki, əsas yer tutur. Bu baxımdan 1940-cı
illərin əvvəlləri üçün artıq məhz
milli lider kimi yetişmiş M.C.Pişəvərinin Azərbaycan
milli hərəkatının rəhbərliyinə
çıxmasında bir tarixi labüdlük var idi və həmin
bu hərəkatın qələbəsində marağı
olan Sovet rəhbərliyinin mövqeyi ilə milli hərəkatın
öz maraqları üst-üstə düşürdü.
Düz 20 ildən - Gilan hadisələrinin faciəli
sonluğundan sonra İran ərazisində yenidən və bu dəfə
daha geniş miqyaslı siyasi-hərbi əməliyyata
başlayan Sovet dövlətinin öz planlarını
"milli şüarlar" altında həyata keçirməsi,
burada hər hansı niyyətlər güdülməsindən
asılı olmayaraq Azərbaycan demokratlarına azadlıq
mübarizləri kimi böyük imkanlar açırdı. Bu
baxımdan M.C.Pişəvərinin vəziyyəti
İranın 1920-ci illər kommunist liderlərindən və
ilk növbədə Heydər Əmioğlunun vəziyyətindən
qat-qat üstün idi. Belə ki, Azərbaycan demokratları tərəfindən
irəli sürülən məqsəd və vəzifələr,
şüarlar və ideyalar bilavasitə Azərbaycan
xalqının sosial-siyasi, iqtisadi-mənəvi tələblərinə
uyğun gəlməklə həmin milli hərəkatı -
21 Azəri - real, günün və şəraitin öz
içindən doğan bir cərəyana çevirirdi və
onun qalib gəlmək şanslarını bir neçə dəfə
artırırdı.
Bu halda tarix özü Pişəvəriyə daha bir
üstünlük verirdi. Belə ki, rəhbərlik etdiyi hərəkatın
arxalandığı "dayağın" - Sovet dövlətinin
müdafiə etdiyi milli-azadlıq hərəkatları ilə
münasibətlərində ziddiyyətli iş metodları ilə
hələ 1920-ci illərdən, öz şəxsi təcrübəsindən
yaxşı tanış olan Pişəvəri 25 ildən
sonra bu təcrübədən düzgün nəticələr
çıxaracağı təqdirdə hərəkatı tam
qələbəyə gətirib çıxarmasa də,
müəyyən uğurlar səviyyəsində qoruya və
saxlaya bilərdi. Hadisələrin sonrakı inkişafı
M.C.Pişəvərinin özünün bu
üstünlüyündən istifadə edə bilmədiyini
göstərdi.
Azərbaycan Milli Hökumətinin kifayət qədər
ciddi quruculuq işləri gördüyü və danılmaz
nailiyyətlər qazandığı bir dövrdə Sovet
İttifaqının İran siyasətinin ümumi məcrasının
yenə də dəyişməyə başladığını
görən Milli hökumətin rəhbərliyi, xüsusilə
Pişəvəri böyük dövlətlərin siyasəti
qarşısında gücsüz olsa da, heç olmasa 25 ildən
sonra "Gilan ssenarisi"nin bir daha yenidən və daha faciəvi
şəkildə, artıq on minlərlə azadlıq
mücahidinin qətli ilə təkrar olunmasına yol verməyə
bilərdi və bu sahədə heç bir cəhd göstərilməməsi,
xüsusilə Sovet rəhbərliyi qarşısında sərt
şərtlər və mövqe nümayiş etdirilməməsi
yəqin ki, həmin tarixin ən ağrılı nöqtələrindən
biridir.
Bu baxımdan, konkret tarixi şəraitdə fəaliyət
göstərən siyasi lider və şəxsiyyətlərin
əməl və hərəkətləri haqda qəti
hökm çıxarmaq haqqının heç kimə verilmədiyi
postulatı ilə razılaşaraq, burada yalnız bir məqam
təəssüflə qeyd edilə bilər ki, Azərbaycanda milli-demokratik
hərəkatın taleyi hələ tam həll
olunmadığı bir vaxtda onun liderlərinin böyük
hissəsinin Sovet Azərbaycanına mühacirət etməsi,
yaxud bu mühacirətə təhrik edilməsi 21 Azər hərəkatının
əhəmiyyətini azaltmaq, onun süni surətdə
alovlandırıldığı, rəhbərliyinin isə
öz fəaliyyətində tamamilə xarici dövlətdən
asılı olduğu barədə iddialar üçün
inandırıcı arqumentlər verdi.
Burada, təbii ki, Sovet dövlətinin bir daha öz
"siyasi ənənələrinə" sadiq
qaldığı da xüsusi vurğulanmalıdır. Belə
ki, 1941-46-cı illər özünün İran (Gilan və
Azərbaycan) siyasətində iqtisadi maraqlar
qarşısında yenə də tərənnüm etdiyi
böyük ideallar və prinsiplərdən geri çəkilməsi
və 20-ci illərdə olduğu kimi, bu dövrdə də
müdafiə və hamilik etdiyi böyük bir xalq hərəkatını
nəinki özbaşına belə buraxmadığı, əksinə,
hər vəchlə məğlubiyyətə sövq etdiyi bir
daha təsdiq olunur.
21 Azər hərəkatının qan içində
boğulması, ölkəni tərk etməmiş öndərlərinin,
on minlərlə iştirakçılarının və tərəfdarlarının
məhv edilməsi, "demokratlar" adlı yeni siyasi
mühacirət nəslinin yaranması yalnız Azərbaycan
deyil, bütün İran miqyasında azadlıq və
demokratiya uğrunda mübarizə ruhunun neçə illər
yatırılmasına səbəb oldu.
Sovet Azərbaycanına mühacirət etmiş Azərbaycan
demokratları burada öz firqələrinin rəhbər və
hövzə orqanlarını yaratmaqla yenidən siyasi fəaliyyətə
başlasalar da, bu partiyanın öz tarixində ən yüksək
zirvəsini artıq fəth etdiyi aydın idi. 1947-ci ildə
Pişəvərinin qəfil və müəmmalı
ölümü, nəzərdə tutulmuş bir sıra əməliyyatların,
o cümlədən İrana gizli fəaliyyətə getmək
planlarının və digər taktiki vəzifələrin ləğv
edilməsi tezliklə öz nəticələrini göstərdi.
Artıq tarixə dönməkdə olan "dünənin"
acı nəticələri və yaxın perspektivin
görünməməsi mütəmadi olaraq ADF
sıralarında müxtəlif növ "cərəyanların"
və "izmlərin" yaranması ilə onu klassik
mühacirət təşkilatına çevrilməsi prosesinə
rəvac verildi.
Düşünmək olardı ki, zaman keçdikcə
21 Azər Hərəkatı da İran tarixinin bir epizodik hadisəsi
və İran xalqları arasında azərbaycanlıların
öz hüquqları uğrunda mübarizəsinin ən
uğurlu sayıla biləcək, amma son məqsədinə
yetməmiş bir nümunəsi kimi yalnız sənəd,
kitab, şəkil və nəsillərə ötürülən
xatirələrdə qalacaq. Amma bu hərəkat ətrafında
hələ də böyük maraq, bəzən hətta siyasi
ehtiras və gərginliklə davam edən elmi-publik mübahisələr
İran və Azərbaycan tarixinin bu səhifəsinin hələ
də çevrilmədiyini göstərir. Bu gün azərbaycanlılar
da daxil olmaqla İran xalqlarının milli və demokratik
hüquqları uğrunda mübarizəsində 21 Azər Hərəkatı
birmənalı olaraq bir baza funksiyası yerinə yetirir.
Müasir dövrdə yeni mübarizə metod və
üsullarının axtarışında 21 Azər Hərəkatının
yalnız tarixi deyil, təcrübəsi də
araşdırılır, onun rəhbərləri, fəalları
ilə yanaşı, sıravi
iştirakçılarının da adları müəyyənləşdirilməklə
hərəkatın miqyası, onun həqiqətən geniş
əhali təbəqələrini əhatə etməsi və
xalq hərəkatı xarakterinin səciyyələnməsi
kimi məsələlərə diqqət yetirilir.
80 illik yubiley ərəfəsində nəşr
olunmuş və 150-dən artıq hərəkat
iştirakçısını, siyasi rəhbər və xadimlərdən
tutmuş, orta təbəqə əyalət partiya təşkiatlarının
və fədai dəstələrinin, xüsusilə də
sıravi iştirakçıların adlarını əhatə
edən "Azadlıq fədailəri" adlı
tarixi-bioqrafik məlumat kitabı əslində bu
yazımızda irəli sürülən əsas müddəanın
- 21 Azər Hərəkatının məhz öz zəminində
yetişdiyini sübut edən faktlar və sübutlar toplusudur.
Başqa sözlə və dəqiq deyilərsə, eyni məqsəd
uğrunda birləşmiş ayrı-ayrı insan talelərinin
qəhrəmanlıq və fədakarlıq nümunəsi məcmusudur.
Bu adlar arasında atamın, ADF-nin Meşkin şöbəsinin
katibi, fədai dəstəsinin başçısı Əli
Tohidinin olması özlüyündə bir tarixçi-alim
kimi mənim üçün danılmaz faktın daha bir təsdiqidir.
Belə ki, Sovetlərlə heç bir əlaqəsi olmayan,
bir tərəfdən Meşkin xanlarının varisi, digər
tərəfdən Ərdəbilin nüfuzlu din xadiminin
oğlu, rifah içində böyüyən atamın hələ
gənc yaşlarından sosial fəallıq göstərərək
solçu ideyalarla maraqlanması sonralar onu milli mövqelərdə
duran demokratlar sırasına gətirmiş və həyatını
21 Azər Hərəkatı ilə bağlamaqla öz
mübariz soydaşlarının mühacir həyatını
bölüşməsi ilə nəticələnmişdir. Mən
gözümü açandan onun həmməslək
döyüş yoldaşlarının mühitində
böyümüşəm və öz Vətənlərinin
taleyini düşünən, ana dilində məktəbləri
olmayan xalqlarına milli dövlət qurmaq istəyən bu əqidə
adamlarının saf niyyət və amallarına şübhə
salacaq hər hansı bir nöqtə belə görməmişəm.
Ruhları şad olsun.
80 ildən sonra da unudulmayan, bu nəslin başa
çatdıra bilmədikləri məqsəd və
arzuları həyata keçirəcək gələcək nəsillərə
nümunə olan 21 Azər Hərəkatının bütün
iştirakçılarının xatirəsinə dərin
ehtiramla!
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.12-13.