Qələmsiz yazılanlar
status-esselər
İndi "Euronews" kanalında Azərbaycan haqda
verilişləri tez-tez görmək mümkündür. Bu
verilişlərdə müsahiblərin doğma dilimizdə
danışığını eşitmək, təbiətimizin,
mətbəximizin fərqli və səviyyəli şəkildə
təqdimatını seyr etmək qürurvericidir.
Bu yaxınlarda "Euronews"un Bakı ofisinin
açılış mərasimində qurumun İdarə Heyətinin
sədri Pedro Vargas David Azərbaycana qarşı həmişə
balanslı mövqe nümayiş etdirdiklərini söyləyib,
ölkəmizi dünyəvi, müasir, sürətlə
inkişaf edən və özünə inamla dolu ölkə
adlandırıb.
Təsadüfi deyil ki, mütəxəssislər
Avropanın ən məşhur kanalının Azərbaycanda
ofis açmasını ölkəmizin media sahəsində
son 5 ildə qazandığı ən böyük
uğurlardan biri hesab edirlər.
Ofisin açılışından qısa müddət
keçməsinə baxmayaraq ölkəmiz haqqında
maraqlı verilişlərin davamlı nümayişi bu
addımın necə vacib və düzgün olduğunun təsdiqidir.
lll
Bu, Anardır! Azərbaycanın qürur
duyacağı böyük şəxsiyyət! 88
yaşında da kübar, sağlam, yaddaşı yerində,
yazıb-yaradan, səfərlərə gedən, yorulmadan
çalışan Anar.
Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər
Akademiyasının yubileyindən çıxanda çəkilib.
Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif
olunmuşdu. Anar kübarcasına həyat yoldaşının
qoluna girib maşına sarı gəlirdi.
O ki qaldı Anarın arabada sosial şəbəklərdə
yayılan şəklinə, özü ilə indicə
danışdım, dedi ki, bir müddət əvvəl
ayağım ağrıyanda klinikaya gedəndə çəkilib.
Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda
hava alanının bu xidmətindən ara-sıra istifadə
edib Anar. Özünün dediyinə görə, qocalıq,
şəkər xəstəliyi birinci ayaqdan başlayıb.
Anar müəllim bir azdan işdə olacaq, narahat
olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib
Anar müəllimə şəkil çəkdirə bilərlər!
Allah Anar müəllimə cansağlığı,
sağlam ömür versin, yazıb-yaratmaq şövqü
heç zaman tükənməsin!
lll
Bir müddətdən sonra yaradıcı adamlar
ömürlərini başa vurmaq üçün ucqar kəndlərə
çəkiləcəklər.
Süni intellekt, ChatGPT dövründə onlara ehtiyac
olmayacaq, özlərini lazımsız hiss edəcəklər.
lll
Köhnə bazara təzə nırx qoymaq təşəbbüsü
əksərən iflasa uğrayır.
lll
Şəhərimizdə möhtəşəm mədəni
hadisə baş verdi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
Xalq yazıçısı Kamal Abdullanın pyesi əsasında
hazırlanmış "Əsgər və
Gülçöhrə" tamaşasının premyerası
böyük anşlaqla keçdi. Tamaşanın
quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Əsgər Əsgərovdur. Musiqisi isə Əməkdar
incəsənət xadimi Cavanşir Quliyevindir. Böyük rəğbətlə
qarşılanan tamaşanın bütün yaradıcı heyətinə
səmimi təbriklərimizi çatdırırıq.
lll
Heç nə arzulama, heç nə istəmə ki,
xoşbəxt olasan.
lllZaman keçir, gözəl musiqilər sadəcə
sənət əsərinə çevrilir. İlk
eşitdiyindəki hissiyyat, duyğu, xəyal, həyəcan təəssüf
ki, unudulur.
lll
"Kəklikotu qayalarda dua kimi açır!
...Orada buludlar dağlardan aşağıda olur.
...Gecələr ulduzların sıxlığından
göy üzünü görmək mümkün deyil".
Gərək doğulduğun kəndi dəlicəsinə
sevəsən ki, belə gözəl vəsf edə biləsən!
Gözəl hisslərlə qələmə
aldığı bu təsirli məqaləsinə görə
Elşad Eyvazlını təbrik edirəm!
Kəlbəcər Günümüz mübarək!
lll
Deyir, ürəyi təmiz insana sataşan xeyir tapmaz!
lll
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən
bəy Zərdabinin anım günüdür. 1907-ci ilin
noyabrın 28-də dünyaya gözünü əbədi
yuman Həsən bəyin dəfni iki gün sonra, noyabrın
30-da böyük izdihamla keçirildi.
Hörmətli Vilayət Quliyevin "Həsən bəy
Zərdabi: ölümdən sonra ölümsüzlük"
yazısında həmin günlər ən xırda
detalınacan, təfərrüatıyla təsvir olunub:
"Zərdabilərin mənzilindən başlayaraq
Qasım bəy məscidinə qədər, habelə Bazar
küçəsi ilə "Kaspi" redaksiyasına (indiki
Sabir bağı) qədər Bakıdakı bütün rus-müsəlman
məktəblərinin (o dövrdə şəhərdə əsasını
Həsən bəyin qoyduğu 11 belə məktəb
vardı) şagirdləri yolun hər iki tərəfində
sıra ilə düzülmüşdülər".
"İlk izdihamlı mitinq məscidin həyətində
keçirildi".
"İkinci matəm mitinqi Sabir bağında,
"Kaspi" redaksiya binasının önündə
keçirilmişdi".
"Nikolay küçəsi ilə
üzüyuxarı hərəkət edən izdiham Bakı
Dumasının qarşısında bir daha ayaq
saxlamışdı".
"Mərhumu torpağa tapşırmaq
üçün Bakının Şıx qəbiristanlığına
yollanan mərasim iştirakçıları indiki Azneft
meydanında bir neçə dəqiqəliyə ayaq
saxlamışdılar. Əhməd bəy Ağayev camaata Zərdabi
ailəsi adından təşəkkürünü
bildirmiş, havanın soyuq, yolun uzaq olduğunu nəzərə
alaraq, Bibiheybət məzarlığına getməyə
imkanı olmayanların mərhumla burada vidalaşa biləcəklərini
xatırlatmışdı. Lakin mərasimə
qatılanların əksəriyyəti Həsən bəyi son
mənzilə yola salmaq üçün təxminən 5
kilometrə yaxın məsafəni piyada qət etmək əziyyətindən
çəkinməmişdi!"
Sosial şəbəkələr, yüngül-ötəri
xəbərlər və informasiya axını imkan versə, həftə
sonunun asudə vaxtından oğurlayıb bu
araşdırmanı oxuyun.
Mətbuatımızın banisinin ruhu şad olsun!
Vilayət müəllimə hədsiz minnətdarlıq
da öz yerində.
lll
Siz - kiçik məmur, naziriniz bu qədər sadə
ikən siz niyə özünüzü dartıb dağ
başına qoyursuz ki?!
lll
Ürəyinin səsini eşitməmək
üçün çönüb sağ böyrü üstə
yatdı.
lll
Aqil Abbasla Qarabağa, Ağdama getmək
zövqdür. Böyük sənətkarımız Qədir
Rüstəmov barədə xatirələri Aqilin dilindən
eşitmək isə daha da gözəldir.
lll
Eyni vaxtda 5 tədbirə dəvət edirlərsə,
neyləməli? Hansına getməli?
lll
Bütün dövrlərdə ədalətli,
ağıllı, qərəzsiz insanlar tapılacaq.
lll
Ağdaşda Xalq şairi Fikrət Qoca barədə
danışdım:
"Fikrət Qocanın şeirləri insana güc və
möhkəmlik verir. Onun sözlərində bir saflıq və
təmizlik var. Elə buna görə də şeirlərinə
mindən çox mahnı bəstələnib.
Bir misralıq "İntihar fərarilikdir!"
şeirini xatırlatdım və şairə haqq
qazandırdım. Gəncliyimdən əzbər bildiyim "Cəsarət"
və "Risk" şeirlərindən misralar səsləndirdim.
...Ötən əsrin 80-ci illərində Fikrət
müəllim Moskvada əməliyyat olunanda Ulu Öndər
Heydər Əliyev onun səhhəti ilə şəxsən
maraqlanmışdı. Cənab Prezident İlham Əliyev də
onun yaradıcılığına xüsusi diqqət göstərib.
Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsi barədə
cənab Prezidentin imzaladığı sərəncam da həmin
diqqət və qayğının davamıdır".
lll
Cavad Heyətin 100 illik yubileyinə həsr olunmuş tədbirdə
həm də Məhəmməd Füzulinin "Hədiqətüs-süada"
əsərinin 16-cı əsrə aid əlyazması Milli
Kitabxanaya hədiyyə olundu.
lll
Robot kimi, hissiz-duyğusuz durub baxırlar. Nazir gəlib
görüşən kimi üzlərinə xoş ifadə
verib sırayla mehribanlıq göstərirlər. Sadə
reallıq!
lll
Gəncliyini - ömrünün ən qaynar, ən
enerjili illərini öyrənməyə, savad almağa,
özünü formalaşdırmağa həsr etməkdənsə,
xalqın yetişdirdiyi, əfsanəyə çevrilmiş,
toxunulmaz dəyərlərə ağız büzməklə,
qara yaxmaqla keçirənlərin bir gün səhvlərini
anlayıb düzələcəyinə inamım hələ də
itməyib. Belə tövbə edənləri çox
görmüşəm.
Keçmişi bəyənməmək gəncliyə
xas məziyyət kimi təbii hissdir. Amma bu məziyyət həyat
tərzinə çevriləndə, amansızcasına,
sürətlə ötüb keçən illərdə
müsbət, fərqli nəsə yaza bilməyəndə və
bir gün ayılıb ömrünü bihudə xərclədiyini
görəndə artıq gec olur.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.11.