Həsən bəy Zərdabiyə
borcumuz
Xalq yazıçısı, görkəmli
ziyalımız Anarın mənim tərifimə ehtiyacı
yoxdur.
Mənim də Bakıdan neçə min kilometr məsafədə
tərif, məddahlıq yolu ilə ondan umduğum, yaxud
qoparmaq istədiyim heç bir nəsnə yoxdur.
Amma etiraf etməliyəm ki, Həsən bəy Zərdabinin
abidəsi barəsindəki kiçik qeydi ilə Anar müəllim
Mayakovski demişkən, "jivee vsex jivıx" olduğunu,
mədəniyyət və milli mövcudluq faktlarına
ayıq, vətənpərvər, qədirşünas
münasibət bəslədiyini, çoxlarının
laqeydlik və ətalət hissi ilə, sanki elə belə də
olmalı imiş düşüncəsi ilə yanından
keçib getdiyi kiçik, amma mühüm hadisəyə dəlisov
gəncliyə xas çılğın və tələbkar
münasibət sərgilədiyini ortaya qoydu.
Söhbət Həsən bəyin abidəsinin yerindən
gedir.
Deməli, 1903-cü ildə xalq müəllimi,
yazıçı Süleyman Sani Axundov Şuşaya gedən
çadralı, çarşablı qadın qohumlarını
Bakı dəmiryol vağzalından Yevlaxa yola
salırmış. Təbii ki, onlara xanımlar
üçün nəzərdə tutulan ikinci dərəcəli
vaqona bilet də alıbmış. Amma vaqonun girəcəyində
yaxasına 33 №-li tanınma nişanı taxmış, çox
güman aclıq və ehtiyacın daxili Rusiyanın hansısa
quberniyasından Bakıya gətirdiyi
rus qatar bələdçisi "Hara soxulursan?" - deyə
harın, qudurğan bir əda ilə xalq müəlliminin
yolunu kəsmişdi. Süleyman bəy biletləri göstərib
"Xanımları yerlərinə ötürürəm"
-cavabını verəndə mujik həyasızcasına
"Sən bunlara xanım deyirsən?" - sözləri ilə
xoşbəxtlikdən rus dilini bilməyən və söhbətin
nədən getdiyini anlamayan qadınların vaqona keçmələrinə
imkan verməmişdi. Uzun mübahisədən sonra məsələ
həllini tapsa da, bütün varlığını təhqir
edən bu hadisə uzun müddət Süleyman Saninin
yadından çıxmamışdı. Sonralar çinlilərin
öz ölkəsində miskin, həqir, hüquqsuz vəziyyətindən
bəhs edən bir hekayəsinin süjetinə
çevrilmişdi.
Qələm dostundan bu hadisəni eşidən Əhməd
bəy Ağayev hər sətri qəzəb və hiddətlə
dolu bir məqalə yazmış, Əlimərdan bəy
Topçubaşovun redaktorluğu, Həsən bəy Zərdabinin
idarəçiliyi ilə çıxan "Kaspi" qəzetində
dərc etdirmişdi.
Demək istədiyim nədir? Bu fədakar insanlar
rusların, onların əlaltısı olan ermənilərin
və s. neft iyinə gələn digər
çağırılmamış qonaqların Azərbaycan
türkünü vətənində "inorodets",
"inoverets" adlandırdığı, təhqiramiz tonda
"Zaqafqaziya tatarı", "musulmanin", hətta
"persiyanin" dediyi, ələ salaraq "maşadi"
deyə çağırdığı bir vaxtda millətin
şərəf və heysiyyətini qorumaq, ona həqiqi
düşmənlərini göstərmək işindən bir
an da geri çəkilməmişdilər.
Bu məsələdə Zərdabinin xidmətləri
ölçüyəgəlməz olmuşdu.
Azərbaycan Cümhuriyyəti hökuməti çətin
və qanlı mübarizədən sonra yalnız 1918-ci ildə
öz dövlətinin təbii, tarixi paytaxtı kimi Bakıda
bərqərar ola bilmişdi. Baş şəhərimizin
yalnız dünyanın "neft paytaxtı" deyil, Azərbaycan
dövlətinin, hər bir azərbaycanlının iqtisadi, mədəni,
hətta siyasi paytaxtı olması uğrunda uzaqgörən, məqsədyönlü
mübarizəni isə ilk dəfə Həsən bəy hələ
XIX əsrin 80-ci illərində, həm də təkbaşına başlatmışdı. On ilə
yaxın müddət ərzində Bakı dumasında millətinin
yorulmaz, tələbkar, cəsur haqq səsinə
çevrilmişdi. Düzlük və ədalət mücəssəməsi
olmuşdu. Bakını istədikləri şəkildə
"fırlatmaq" istəyən erməni neft maqnatlarına
- mantaşevlərə, lianozovlara, qukasovlara, mirzoevlərə
təkbaşına meydan oxumuşdu. Onu tam əsasla
Bakını azərbaycanlıların yaşadığı,
öz milli-mədəni institutlarına malik olduğu, idarə
və təmsil etdiyi bir şəhərə çevirmək
uğrunda hərəkatın lideri, öndəri adlandırmaq
mümkündür. 1907-ci ilin noyabrında on minlərlə
insanın iştirakı ilə keçirilən dəfn mərasimində
dönə-dönə vurğulandığı kimi,
Bakıda ən ali imarətlərdən birinə, hətta bir
neçəsinə sahiblənmək imkanı olsa da, heç
vaxt özünü düşünməmişdi. "Neft və
milyonlar" səltənətinin kimliyindən asılı
olmayaraq yalnız bir qrup sərvət sahibi deyil, bütün
soydaşları üçün yaşamalı bir məmləkətə,
çevrilməsi davasını aparmış, bu yolda sona qədər
əlindən gələn hər şeyi etmişdi.
Teatr yaratmışdı.
Qəzet çap etmişdi.
Məktəb açmışdı.
Xeyriyyə cəmiyyəti qurmuşdu.
Məqalələr, kitablar yazmışdı.
Yəni yaşadığı şərəfli həyat,
gördüyü böyük işlər sayəsində
ölümdən sonra ömrünü heykəl kimi, rəmz
və abidə kimi vətəninin ən layiqli guşəsində
yaşamağı haqq eləmişdi.
Anar müəllimin işgüzar təklifi ilə
müqayisədə ola bilsin ki, patetikaya, pafosa vardım. Amma nəticə
etibarı ilə mahiyyət dəyişmir.
Sarayevo, 10 dekabr 2025-ci il
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.10.