Vətən sevgisi ilə
döyünən ürək
Bu gördüyünuz otaq onun hər səhər
baş çəkdiyi, xalq qəhrəmanlarının xatirəsinin
əbədiləşdirildiyi müqəddəs məkandır.
Bir vaxtlar boş torpaq sahəsində olan həmin ərazilər
bura gələnləri heyrətə salır. Onun zəhmətini
qiymətləndirərək ürəkdən deyirlər:
"Bu inqilabçı övladı, mühacir balası,
gör nələr yaradıb!"
Bu günlərdə Seyid Cəfər Pişəvərinin
rəhbərlik etdiyi 21 Azər Hərakatının 80 illik
yubileyi qeyd olunur. Onda onun cəmi 10 yaşı var idi. Söhbət
21 Azər hərəkatı iştirakçısının
övladı, zəngin və mənalı ömür yolu
keçmiş məsləkdaşımız Nizami Hüseyn
oğlu Rzaşüvaridən gedir. O, hələ 10
yaşında olanda ağlı kəsən qədər xalq
inqilabının nə olduğunu bilirdi. Təbrizdə
yaşıdları ilə bir-birinə qoşulub bu
insanların boy-buxununa, gəzdirdiyi silahlara həsədlə
baxırdılar. Cəmi bir ildən sonra atası,
tanınmış inqilabçılar gecə ikən
alnından öpüb "tezliklə görüşərik"
dedi. Amma sifətini beş ildən sonra gördü. Xəzərdə
gəmi 8 nəfər inqilabçı balasını gizlicə
aradan çıxartdı. Bu qaçaqlar inqilabçı
balaları idi. Bakıya gəlib müxtəlif rayonlarda məskunlaşdılar.
Amma bu yaşantı da fədai Hüseynə və
övladı Nizamiyə isti ocaq bəxş etmədi. Ata da,
bala da mühacir həyatı yaşadılar. Hüseyn
kişi günlərlə övladına həsrət
qaldı. Vətən adlı diyar da həsrətə
çevrildi.
Nizami fikirləşir ki, hara gedibsə, harada olubsa,
ömrü mübarizələrdən, səngərlərdən,
döyüşlərdən keçib. Yevlaxda oxuyub, Seyid Cəfər
Pişəvəri adına internat məktəbində fars
dilini öyrənib. 1978-ci ildə Ali Hərbi təhsil
ocağında oxuyanda ona tam aydın idi ki, gələcəkdə
onu hansı peşə gözləyir.
Çox təəssüf ki, Nizaminin də
başı bu yolu seçənlərlə birgə
daşdan-daşa dəydi. Semipalatinskidə nüvə
silahının sınaqdan keçirilməsi zamanı
şüalanmaya məruz qaldı. Əfqanıstanda
qızğın döyüşlərin birində
aldığı kantuziyanın ağrı-acılarını
indi də bədənində yaşadır.
Yəqin ki, çoxunuz uşaqlıqda "Əsl
insan haqqında povest"in ekranlaşdırılmış
versiyasına baxmısınız. Bu, elə Nizaminin həyatıdır.
Onun əsl inqilabçılar ailəsinin layiqli üzv
olduğunu, özünün, atasının və ailə
üzvlərinin hansı işgəncələrə məruz
qaldığını demək kifayətdir. 1992-ci ildə Xocəvənd
hadisələri zamanı Ağdamda olan Nizaminin
döyüş təcrübəsi döyüş əməliyyatlarında
öz sözünü deyib.
Bəlkə də, o vaxtın müəyyən xəyanətləri
olmasaydı, mübarizə bu qədər uzanmaz, Qarabağ cəbhəsində
xidmət edən bacısı bombardman nəticəsində həyatını
itirməzdi.
Hadisələri göz önünə gətirəndə
indi əyani bilirsən ki, mayor Nizami Rzaşüvaridə bu
ürək yanğısı haradan qaynaqlanır? O, daim
döyüşdədir, lakin bu dəfə xeyirxah əməlləri
ilə. Həssas qəlbi ilə vətəninə, insanlara əlindən
gələni əsirgəmir. 20 Yanvar Cəmiyyətinin fəallarından
biri kimi bu keyfiyyətlərinə görə onun xətrini
çox istəyirlər.
Türkiyənin Afrin döyüşlərində
iştirak edənlərə 700 manat hesaba pul
köçürəndə rahat nəfəs alıb. 2
qaçqın ailəsinə yardım göstərəndə
özündə rahatlıq tapıb. İndi bildinizmi ki, niyə
o, Heydər Əliyev kimi böyük liderin portretini görəndə,
Rəcəb Tayyib Ərdoğana qürurla baxanda, Prezidentimiz,
Ali Baş Komandanımız İlham Əliyevin xilaskarlıq
missiyası ilə qürur duyanda, eləcə də Azərbaycan
yolunda tarixi xidmətləri olan digər insanların portretlərinə
nəzər salanda niyə bu qədər fərəh hissi
keçirir?
Bu, qürurlu bir yaşantıdır. Bu məkanı
ziyarət edənlərin - döyüşçülərin,
zabitlərin və xeyirxah insanların hər gün
yaşadığı vüqar...
Rəhim HÜSEYNZADƏ
Əməkdar jurnalist
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.10.