Qeyri-rəsmi məşğulluq
İŞLƏYƏN VƏTƏNDAŞLARIN 64
FAİZİNİN ƏMƏK MÜQAVİLƏSİ YOXDUR
Bu gün ölkədə əmək müqaviləsi
ilə çalışan vətəndaşların sayı 1
milyon 781 min nəfər təşkil edir. Onlardan 863,2 min nəfəri
dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət
göstərir. Əmək qabiliyyətli vətəndaşların
sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini
iqtisadiyyatda fəal şəkildə iştirak edir.
İqtisadçı millət vəkili Vüqar
Bayramov deyir ki, statistik məlumatlara əsasən, hazırda bu
gün ölkədə çalışan vətəndaşların
cəmi 36,3 faizi əmək müqaviləsi ilə
çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal
olan, yəni işləyən vətəndaşların 64
faizinin əmək müqaviləsi yoxdur. Yəni
çalışan hər 100 vətəndaşın 64 faizi
müqavilə olmadan işləyir: "Əmək müqaviləsi
ilə çalışanlar arasında dövlət sektoru yenə
də üstünlük təşkil edir. Belə ki, dövlət
sektoru ilə müqayisədə özəl sektorda 2 min daha
az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii
ki, məşğulluqda özəl sektorun payının
artırılması daha prioritet olmalıdır. Özəl
sektorun məşğulluğun təminatında və yeni
iş yerlərinin yaradılmasında drayverə çevrilməsi
olduqca vacibdir".
İşçisini müqaviləsiz çalışdıran
işəgötürənləri gözləyən cəza
Qeyd edək ki, əmək müqaviləsi - işəgötürənlə
işçi arasında fərdi qaydada bağlanan əmək
münasibətlərinin əsas şərtlərini, tərəflərin
hüquq və vəzifələrini əks etdirən
yazılı müqavilədir. Bəzi hallarda işəgötürənlər
tərəfindən işçilərlə əmək
müqaviləsi əvəzinə xidməti müqavilə
bağlanılır. Lakin xidməti müqavilə hər
hansı xidmətin göstərilməsi məqsədilə
sifarişçi və icraçı arasında
bağlanılan mülki-hüquqi müqavilədir və
mülki qanunvericiliklə tənzimlənir. Məsələn,
tapşırıq müqaviləsi, podrat müqaviləsi və
s. Əmək müqaviləsi əvəzinə
mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər
Əmək Məcəlləsi ilə təsbit edilmiş bir
sıra hüquq və imtiyazları itirmiş olurlar. Əmək
müqaviləsinin bağlanmaması işçi
üçün mənfi nəticələrə səbəb
olur. Belə ki, onlara iş stajı hesablanmır, gələcəkdə pensiya təminatına
mənfi təsir edir, məzuniyyətlə bağlı bir
sıra məhdidiyyətlə qarşılaşırlar, əmək
xəsarəti aldıqda və ya peşə xəstəliyinə
tutulduqda müavinət ala bilmirlər və s.
Əmək münasibətlərinin olmasını təsdiq
edən müqavilənin bağlanması zamanı
işçilər bu müqavilənin Əmək Məcəlləsinin
şərtlərinə uyğun əmək müqaviləsi
şəklində tərtib edilməsinə də diqqət
yetirməlidirlər. Bir çox hallarda işəgötürənlər
əsasən Mülki Məcəllə ilə tənzimlənən
və mülki hüquqi müqavilə olan podrat və ya xidmət
müqaviləsi bağlamaqla işçiləri Əmək Məcəlləsində
onlara verilən hüquq və güzəştlərdən məhrum
edirlər. Belə podrat və ya xidmət müqaviləsi
bağlamaqla işçilər Əmək Məcəlləsi
ilə onlara verilən hüquq və ya imtiyazları
itirmiş olurlar.
Vergidən yayınmaq məqsədilə
işçisini müqaviləsiz çalışdıran
işəgötürənlər İnzibati-Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən,
Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxsləri hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsinə görə - fiziki şəxslər min
manatdan iki min manatadək məbləğdə, vəzifəli
şəxslər üç min manatdan beş min manatadək
məbləğdə, hüquqi şəxslər (20.000 AZN)
iyirmi min manatdan iyirmi beş min (25.000 AZN) manatadək məbləğdə
cərimə edilir. İnzibati-Xətalar Məcəlləsinin
192.3-cü maddəsinə əsasən, işçiyə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş minimum əməkhaqqından
aşağı məbləğdə əməkhaqqı
verilməsinə görə - vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Bu maddələrdə nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.
Belə qanunsuzluqlarla qarşılaşan vətəndaşlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyinə
şikayət ərizəsi ilə müraciət edə bilər.
Əmək müqaviləsi ilə işləyən
şəxslər dövlətə vergi ödəyirlər
Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədovun dediyinə görə, əmək
müqaviləsinin bağlanması həm işə
götürən, həm də işçi üçün
vacibdir. Dövlət iş yerlərində əmək
müqaviləsinin bağlanmasında maraqlıdır.
Çünki əmək müqaviləsi ilə işləyən
şəxslər dövlətə vergi ödəyirlər:
"Özəl sektrorda vergi ilə bağlı 8 min manata qədər
güzəşt var, amma bu, müvəqqəti xarakter daşıyır.
Digər tərəfdən, dövlət sosial sığorta
ödəmələrini həyata keçirir, pensiya və digər
sosial ödənişlər üçün yığım
prosesi aparılır. İşəgötürənin
işçi ilə əmək müqaviləsi
bağlaması onun hesabatlı və şəffaf fəaliyyət
göstərdiyinə dəlalət edir. Əmək müqaviləsi
işəgötürənlə işçilər
arasında münasibətləri tənzimləyir. Əmək
müqaviləsi tərəflərin hüquq və vəzifələrini
müəyyənləşdirir. İşçi vəzifə
öhdəliklərini pozduqda işəgötürən ona
qarşı inzibati tənbeh tədbirləri görə bilər.
İşçi üçün əmək müqaviləsinin
mövcudluğu xüsusilə önəmlidir. Çünki
rəsmi qaydada işlədiyi müddət ərzində onun
pensiya kapitalı toplanır, tibbi sığortası olur, ona
işsizlikdən sığorta haqqı ödənilir və hər
hansı sığorta hadisəsi baş verdikdə ona ödəniş
olunur. İstehsalatda bədbəxt hadisə baş verdikdə,
işçi "peşə xəstəliyi"nə
tutulduqda icbari tibbi sığortadan istifadə edə bilir.
Ölkədə əmək müqavilələrinin
sayının hər il artması müsbət haldır".
Onlar "kölgə" iqtisadiyyatının
nümayəndələridir
Sahib Məmmədov bildirib ki, əmək müqavilələri
var və bu barədə elektron informasiya sistemində yerləşdirilib
və yaxud yerləşdirilməyib, hansı ki, bu da
qanunvericilikdə nəzərdə tutulmuş hallara görədir.
Bütün bunlar da işləyənlərin
bütövlükdə 3/1-ni təşkil edir: "Niyə
görə bəs yerdə qalan
məşğul əhalinin əmək müqaviləsi
yoxdur? Bunun birinci səbəbi qanunvericiliklə, məşğulluq
haqqında qanunla bağlıdır. Məsələn, pay
torpağı, kənd təsərrüfatı təyinatı
torpağı olan istənilən ailədə əmək
qabiliyyəti yaşında olan əmək
qabiliyyəti insanlar avtomatik məşğul
sayılır. Təxminən 900 min pay torpağı
götürsək və bunların hərəsində iki nəfəri
hesablasaq, 1 milyon 800 min nəfər edir. Yəni faktiki olaraq onlar qanunvericiliyə
görə məşğuldur, amma nə dərəcədə
məşğuldur, dəqiq bilinmir.
Araşdırılıb öyrənilsə görünər
ki, bəziləri məşğuldur, bəziləri qismən
məşğuldur, bəziləri isə ümumiyyətlə
torpaqlarını satıb, amma bunu rəsmiləşdirməyib
və sairə. Və yaxud ailə-kəndli təsərrüfatlarını
götürək, məlum olduğu kimi, ailə-kəndli təsərrüfatlarında
əmək müqaviləsi bağlanmır. Ümumiyyətlə,
aqrar sektorda əmək müqavilələrinin sayı kifayət
qədər azdır. Daha sonra, məsələn, Bakıda
qeyri-formal əmək kollektivləri var, hansı ki, onlar ev
tikir, təmir edirlər. Onlarda əmək müqaviləsi
yoxdur, amma əslində faktiki olaraq məşğuldurlar. Həmçinin
özünəməşğul insanlar var. Məsələn,
sənətkarlardır, elan verir ki, kombi, soyuducu, televizor təmir edir, antena
quraşdırır və yaxud müəyyən yerlərdə
öz əməyini qeyri-rəsmi surətdə satır.
Onlarla əmək müqaviləsi bağlamaq mümkün
deyil, yoxdur. Onlar "kölgə" iqtisadiyyatının
nümayəndələridir. Nəhayət, elə iş yerləri
var ki, orada işçilərlə əmək müqaviləsi
bağlanılmır. Doğrudur, son illərdə bu sahədə həm
İqtisadiyyat Nazirliyinin Vergi Xidməti, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən
işlər, tədbirlər görüblər və 30 faiz
artım məhz bunun sayəsindədir".
Əmək müqaviləsi olmadan işçi
çalışdırmaq həm qanunsuzdur, həm də riskli
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, bir
çox işəgötürən sosial sığorta
haqları, vergilər və digər öhdəliklər səbəbindən
əməkdaşları rəsmiləşdirməkdən
çəkinir. Rəsmiləşdirilmiş əmək
münasibətləri işəgötürən
üçün daha yüksək xərc tələb etdiyindən,
bəzi müəssisələr qeyri-rəsmi məşğulluğa
üstünlük verir. İş tapmaqda çətinlik
yaşayan insanlar əmək müqaviləsi tələb etmədən
işləməyə razı olurlar. "Hər hansı
iş olsun kifayətdir" düşüncəsi qeyri-rəsmi
məşğulluğun artmasına şərait yaradır.
Əmək müqaviləsi olmadan işçi
çalışdırmaq həm qanunsuzdur, həm də
işəgötürən və işçi
üçün çoxsaylı risklər yaradır.
Hüquqi mübahisələrdən, cərimələrdən
və maliyyə itkilərindən qaçmaq üçün
bütün əmək münasibətləri yazılı
müqavilə vasitəsilə rəsmiləşdirilməlidir:
"Əmək müqaviləsi olmayan işçi əmək
haqqının verilməməsi halında hüquq tələb
edə bilmir, illik məzuniyyət, sosial sığorta, xəstəlik
vərəqi, pensiya stajı kimi hüquqlardan tamamilə məhrum
olur. İş yerində hər hansı xəsarət
aldıqda qanuni kompensasiya almaqda çətinlik
yaşayır, ən başlıcası işdən əsassız
çıxarılmaya qarşı müdafiəsiz qalır.
İşəgötürənlər üçün
müqavilə bağlamaq əlavə vergi, sosial
sığorta ödənişləri, məzuniyyət və
digər əmək öhdəlikləri deməkdir. Bu isə
xərcləri artırdığı üçün
xüsusilə kiçik və orta müəssisələr rəsmi
əmək münasibətlərindən yayınmağa
üstünlük verirlər. Bir çox sahələrdə
- ticarət, tikinti, xidmət sektoru kimi - iqtisadiyyatın
kölgə hissəsi genişdir və burada işçilər
tez-tez qeyri-rəsmi şəkildə
çalışdırılır. Eyni zamanda bəzən
işçilərin özləri də rəsmi müqavilə
istəmirlər, çünki vergisiz şəkildə nəğd
daha çox maaş alacaqlarını düşünür,
sosial sığorta və pensiya sisteminə tam etibar etmirlər
və ya işi müvəqqəti xarakter daşıyır. Nəzarət
mexanizmlərinin və yoxlamaların bütün sahələri
əhatə etməməsi də işəgötürənlər
üçün riskləri azaldır və qeyri-rəsmi məşğulluğu
davamlı edir. Bir çox iş yerlərinin gündəlik,
mövsümi və ya qeyri-sabit olması da müqavilə
bağlamaqdan yayınmağın səbəblərindəndir.
Əmək bazarında rəqabətin yüksək,
maaşların isə aşağı olması şəraitində
iş axtaranların bir hissəsi müqavilə tələb
etmədən işləməyə razı olur. Bütün
bu faktorlar birlikdə iqtisadiyyatda yüksək qeyri-rəsmi məşğulluğun
formalaşmasına gətirib çıxarır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 13 dekabr (¹228).- S.8.