"907"nin tam ləğvinə
doğru
Konqresə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin
ləğvini nəzərdə tutan qanun layihəsi təqdim
edilib
Bu günlərdə ABŞ Nümayəndələr
Palatasının üzvü Anna Paulina Luna Konqresə Azərbaycana
yardımla bağlı məhdudiyyətlərin ləğvini
nəzərdə tutan qanun layihəsi təqdim edib. Söhbət
1992-ci ildə qəbul olunmuş və ABŞ-ın Azərbaycana
istənilən təyinatlı birbaşa yardımın
göstərilməsini qadağan edən 907-ci düzəlişin
tam ləğv edilməsindən gedir. Aydındır ki, bu
düzəlişin tam qüvvədən düşməməsi
ABŞ-Azərbaycan münasibətləri üçün bir
maneədir və ikitərəfli əlaqələrin
inkişaf dinamikasına əngəl olur.
ABŞ-ın hazırkı administrasiyası Azərbaycanla
əməkdaşlığa böyük önəm verir, əlaqələri
genişləndirməyi və dərinləşdirməyi hədəfləyir.
Bunun bir göstəricisi də Azərbaycan Prezidenti İlham
Əliyevin avqust ayında Vaşinqtona səfəri zamanı
Prezident Donald Trampın 907-ci düzəlişin tətbiqinin
dayandırılması ilə bağlı qərar
imzalaması oldu.
Prezident İlham Əliyev ABŞ liderinin rəmzi
jestinin çox dərin mənası olduğunu deyib: "Təbii
ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı
yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil.
İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi
faizindən də azdır. Özümüz donor ölkəyə
çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş
əsasən siyasi və rəmzi məna daşıyır.
Bu, artıq ədalətsizliyin aradan qalxdığını
göstərir".
Azərbaycan lideri bu ilin sentyabrında BMT Baş
Assambleyasının 80-ci sessiyasındakı
çıxışı zamanı vurğulayıb ki, ABŞ
Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv
etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın
qlobal təhlükəsizlik və sabitliyə töhfə
verdiyi bir dövrdə etimad və əməkdaşlığı
möhkəmləndirərdi.
ABŞ Konqresi vaxtilə Azərbaycanın böyük
ehtiyac duyduğu, torpaqlarının işğal edildiyi,
qaçqın problemi, iqtisadi böhran yaşadığı
çətin bir dönəmdə tarixi ədalətsizliyə
yol verərək erməni diasporunun dəstəyi ilə bu qərarı
qəbul etdi. Həmin düzəliş Azərbaycana
ABŞ-ın birbaşa dövlət yardımını
qadağan etməklə Azərbaycanı Ermənistan
qarşısında zəiflətməyə və təcavüzə
kömək etməyə təşviq edirdi. Qeyd edək ki, Azərbaycan
sanksiyalar altında olan yeganə keçmiş sovet
respublikası idi.
Rəsmi Bakı Azərbaycanla ABŞ arasında
münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın
geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin
bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində
əməli addımlar atacağına ümidvar olduğunu bəyan
edib.
Onu da vurğulamaq vacibdir ki, ABŞ və Azərbaycan
Strateji Tərəfdaşlıq haqqında Xartiyanın
hazırlanması üçün Strateji İşçi
Qrupunun yaradılması haqqında sənəd imzalayıblar.
Artıq bu istiqamətdə proses başlayıb. Bu, iki ölkənin
münasibətləri üçün mühüm tarixi bir
addımdır. Bakı-Vaşinqton əlaqələri
üçün perspektiv imkanlar çox genişdir, belə
olan halda 907-ci düzəliş kimi maneələrə yer
qalmamalıdır. Bir faktı da vurğulayaq ki, ötən ay
Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin,
Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən
ibarət nümayəndə heyəti Konqres və Senat,
nüfuzlu beyin mərkəzləri da daxil olmaqla bir sıra
görüşlər keçirib, müzakirələr
aparıblar. Bütün görüşlərdə həm də
907-ci düzəlişin birdəfəlik ləğvi gündəmə
gətirilərək müzakirə edilib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
mövzu ilə bağlı "525"ə bildirib ki, 907-ci
düzəlişin tam ləğvi mütləqdir: "Bununla
bağlı Azərbaycan Prezidenti Vaşinqtona səfəri
zamanı ABŞ lideri ilə razılıq əldə edilib.
907-ci düzəlişin ləğvi ABŞ-ın
hazırkı administrasiyasının Azərbaycana yönəlik
münasibətidir və biz bunu gözləyirik".
Deputat əlavə edib ki, 1992-ci ildə Azərbaycan
torpaqları işğal altında olanda ölkəmizə
qarşı çox ədalətsiz bir qərar qəbul edildi:
"İşğalçıya heç nə deyilmədən
işğala məruz qalan tərəfə belə sanksiya tətbiq
edilirsə, bu, beynəlxalq hüququn ayaqlar altına
atılması və çox böyük ədalətsizlik
idi. O zaman məlum idi ki, 907-ci düzəlişin həmmüəlliflərindən
biri ABŞ-ın bundan əvvəlki prezidenti Co Bayden olub.
Donald Tramp bunu çox gözəl anlayır, Azərbaycanla
münasibətlərə önəm verir və buna görə
də hesab edirəm ki, 907-ci düzəlişin ləğvi məsələsi
necə ki, razılaşdırılıb, elə də yekun qərar
qəbul ediləcək. Yəni birmənalı şəkildə
bu düzəliş ləğv olunmalıdır".
A.Əlizadə əlavə edib ki, Azərbaycan-ABŞ
münasibətləri istiləşməyə doğru gedir,
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar
olmasında, kommunikasiyaların açılmasında Birləşmiş
Ştatlar öz səylərini göstərməkdədir:
"Bunun fonunda təbii ki, Azərbaycanla münasibətləri
normallaşdırmaq, yaxınlaşdırmaq üçün
907-ci düzəliş birdəfəlik ləğv
olunmalıdır ki, biz bu qərarın nəhayət, qəbul
olunacağını gözləyirik".
Deputat istisna etmir ki, ABŞ qanunverci orqanında bunun ləğvinə
qarşı çıxmaq istəyənlər olacaq:
"Qarşı tərəfin buna hansı səviyyədə
nail ola biləcəyini zaman göstərəcək. İstənilən
halda Konqresdə həm də demokratları dəstəkləyən
müəyyən ermənipərəst qüvvələr var,
onların arasında da 907-ci düzəlişin ləğvinə
təbii ki, maneə olmaq istəyənlər olacaq.
Bütün hallarda ümid edirəm ki, bu səylər əbəsdir
və nəticə etibarilə Azərbaycanla münasibətlərin
normallaşması, irəli aparılması baxımından 907-ci düzəlişin
ləğvi gözləniləndir".
Onun sözlərinə görə, buna nail olunsa,
ABŞ-Azərbaycan münasibətlərində yeni bir səhifə
açılacaq, əlaqələrimiz daha da inkişaf edəcək:
"Təbii ki, buna əsas maneələrdən biri məhz
907-ci düzəlişdir. Bu, siyasi, iqtisadi, ticari münasibətlərə
çox ciddi təsir göstərən amildir. Eyni zamanda, qeyd
etdiyim kimi, Zəngəzur dəhlizinin açılmasında
da ABŞ Azərbaycanla əməkdaşlıq etməkdədir.
Bu kontekstdə də, kommunikasiya xətlərinin
açılması və genişlənməsi fonunda da
ABŞ - Azərbaycan münasibətlərinin bir qədər
də yaxınlaşmasına, istiləşməsinə
ehtiyac var. Bu baxımdan da 907-ci düzəlişin ləğvi
mütləqdir və gözləniləndir".
Politoloq İlqar Vəlizadə isə "525"ə
şərhində deyib ki, 907-ci düzəlişin ləğvi
çoxmərhələli prosesdir: "İndi birincisi, yəni
təşəbbüs mərhələsi başlayıb. Sonra
komitələrdə müzakirələr aparılır,
ardınca mövzu ümumi müzakirələrə
çıxarılır. Bizim prosesə bənzər bir mərhələli
proses aparılır. Çox güman ki, müzakirələr
zamanı ermənipərəst
qüvvələr, erməni lobbisi və onlara pərəstiş
edən müxtəlif siyasətçilər maneəçilik
törətməyə çalışacaqlar. Yəni bu, o qədər
də asan başa gəlməyəcək. Ancaq yəqin ki, bir
çox məsələ indiki ABŞ administrasiyasının
iradəsindən, istəyindən asılıdır. Hələ
vaxt var, ABŞ administrasiyası yeni işə başlayıb,
təxminən bir ildir fəaliyyət göstərir. Yəqin
ki, qarşıdakı illər ərzində bu təşəbbüsü
reallaşdırmaq mümkün olacaq. Hər halda belə
ümidlər var, bu addımın özü ümidvericidir,
ona görə də prosesin gedişini izləyək".
Politoloq avqust ayında dövlət
başçılarının Vaşinqtonda keçirilən görüşünə diqqət
çəkərək deyib ki, həmin görüşdə
Azərbaycan və ABŞ arasında bir vacib razılıq əldə
olunub ki, söhbət Strateji Tərəfdaşlıq
Xartiyasından gedir. Deməli, tərəflər yaxın
müddət ərzində strateji münasibətlərlə
bağlı bir saziş bağlamalıdırlar, yəni onun
üzərində iş gedir. Bununla bağlı
açıqlamalar da olub, hətta belə fikir səsləndirilib
ki, bu iş yarım il ərzində başa
çatmalıdır və saziş layihəsinin mətni tərəflərə
təqdim edilməlidir. İndi 907-ci düzəlişlə
bağlı addımın atılması da onu göstərir
ki, proses artıq başlayıb, iş gedir. Əgər
strateji tərəfdaşlıqla bağlı qərar qəbul
olunsa, bu qərar həmin 907-ci düzəliş aradan
qaldırılmadan nə dərəcədə bir-biri ilə
uyğunluq təşkil edə bilər? Yəni 907-ci düzəliş
əslində bu sənədin reallaşmasında böyük
bir əngəl olacaq. Ona görə də bu, nonsesdir. Bir tərəfdən
sən strateji əməkdaşlıqdan danışırsan,
öz maraqlarının regionda təmin olunmasından, hətta
genişləndirilməsindən danışırsan, digər
tərəfdən parlamentində, yaxud Konqresdə belə bir
düzəliş qəbul edilib ki, o da həmin bu sənədi
əngəlləyir. Əlbəttə ki, bu, hüquqi-siyasi
nonsesin aradan qaldırılması üçün tərəfdaşlıqla
bağlı saziş mühüm rol oynaya bilər. Ona görə
yenə təkrar edirəm ki, ümidlər artır,
düşünmək olar ki, yaxın illərdə qərəzli
907-ci düzəliş aradan qaldırılacaq".
Pərvanə
525-ci qəzet .- 2025.- 13 dekabr (№228).- S.5.