Azərbaycan
42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil
olunur
İstanbul, Türkiyə – 13–16 dekabr 2025 — Azərbaycan
Respublikası 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində
uğurla iştirak edir. Qeyd edək ki, Azərbaycan ötən
il bu mötəbər tədbirdə “Fəxri qonaq ölkə”
statusu ilə təmsil olunub. TÜYAP Sərgi və Konqres Mərkəzində
təşkil edilən sərgi Azərbaycan–Türkiyə ədəbi
və mədəni əlaqələrinin daha da inkişaf
etdirilməsi baxımından da mühüm hadisə kimi dəyərləndirilir.
525.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
qurulan milli pavilyonda azərbaycanlı yazıçılar, nəşriyyatlar
və mədəniyyət sahəsinin nümayəndələri
iştirak edirlər. Pavilyonda klassik və müasir Azərbaycan
ədəbiyyatına aid nəşrlər, eləcə də
son illərdə çap olunmuş kitablar nümayiş
etdirilir.
Sərgi çərçivəsində Azərbaycan
stendində müxtəlif ədəbi və mədəni
proqramlar həyata keçirilir, kitab təqdimatları, panel
müzakirələri və imza günləri təşkil
olunur. Bu tədbirlər ziyarətçilərin Azərbaycan ədəbiyyatı
və mədəni irsi ilə daha yaxından tanış
olmalarına şərait yaradır.
Sərgi çərçivəsində Azərbaycan
stendində “Azərbaycan ədəbiyyatı və ortaq
türk dili” mövzusunda panel müzakirəsi təşkil
olunub.
Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri
Samir Abbasov, “Azərbaycan Nəşriyyatları
Assosiasiyası”nın rəhbəri Şəmil Sadiq və əsəbiyyatşünas,
tərcüməçi, Azərbaycan Yazıçılar
Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin
baş redaktoru Seyfəddin Hüseynlinin
çıxışçı olduqları paneldə
tanınmış şairlər, ədəbiyyatşünaslar,
yazıçılar, nəşriyyat nümayəndələri
və mədəniyyət sahəsinin mütəxəssisləri
iştirak ediblər.
Panel müzakirəsində Azərbaycan ədəbiyyatının
ümumtürk ədəbi məkanında tutduğu yer, ortaq
türk dilinin formalaşması və inkişafında klassik
və müasir Azərbaycan ədəbiyyatının rolu, eləcə
də türk xalqları arasında ədəbi əlaqələrin
gücləndirilməsinin əhəmiyyəti ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Çıxışçılar dil birliyinin mədəni
inteqrasiyanın əsas dayaqlarından biri olduğunu
vurğulamış, ortaq terminologiya, qarşılıqlı
tərcümə fəaliyyəti və nəşriyyat əməkdaşlığının
genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
Sərgi günlərində Azərbaycan nümayəndə
heyəti Türkiyənin müvafiq dövlət
qurumlarının, nəşriyyat evlərinin və mədəniyyət
təşkilatlarının nümayəndələri ilə
görüşlər keçirir, kitab sənayesi və ədəbi
əməkdaşlıq sahəsində mövcud imkanlar və
gələcək perspektivlər ətrafında fikir
mübadiləsi aparır.
Azərbaycanın 17 dekabradək davam edəcək
42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində uğurlu
iştirakı milli ədəbiyyatın beynəlxalq müstəvidə
tanıdılması, mədəni diplomatiyanın gücləndirilməsi
və Azərbaycan–Türkiyə arasında ədəbi əlaqələrin
daha da möhkəmləndirilməsi baxımından xüsusi
önəm daşıyır.
525-ci qəzet .- 2025.- 16 dekabr (¹229).- S.9.