Ağdamın Xıdırlı kəndinə
köç
KƏNDƏ QAYIDAN AİLƏLƏRİN SAYI 568-ə
ÇATIB
Xəbər verdiyimiz kimi, bu günlərdə
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti
köç karvanı yola salınıb. Bu mərhələdə
kəndə 13 ailə (48 nəfər)
köçürülüb. Bu köçlə
Xıdırlı kəndinə qayıdan ailələrin
sayı 568-ə (2 min 243 nəfər) çatıb.
Ağdamın mərkəzindən cəmi 3 kilometr
aralıda, şimal-qərb istiqamətində yerləşən
Xıdırlı kəndi bu günlərdə sözün əsl
mənasında dirçəlişin və yenidənqurmanın
simvoluna çevrilib. Uzun illər işğalın
acısını yaşayan bu kənd indi tamamilə yenidən
qurulur, təkcə evlər yox, bir ümid, bir həyat, bir gələcək
inşa edilir.
Ümumi ərazisi 417 hektardan çox olan
Xıdırlı kəndi iki mərhələdə
salınır. Hər şey planlı, mərhələli və
gələcək nəsilləri də nəzərə alaraq
layihələndirilib.
Layihəyə əsasən, birinci və ikinci mərhələ
üzrə ümumilikdə 6 minə yaxın insanın, yəni
1498 ailənin Xıdırlıya köçürülməsi
nəzərdə tutulur.
Hazırda həyata keçirilən birinci mərhələnin
ərazisi 170 44 hektardır. Bu mərhələdə artıq
719 fərdi evin tikintisi başa çatdırılıb. Evlərin
planlaşdırılması da ailələrin ehtiyacları nəzərə
alınaraq həyata keçirilib: 263-ü ikiotaqlı, 332-si
üçotaqlı, 121-i dördotaqlı, və 3-ü isə
beşotaqlıdır. Bu evlər müasir memarlıq
üslubunda, rahatlıq və enerjiyə qənaət prinsipləri
əsasında inşa edilib.
Lakin Xıdırlıda həyata keçirilən
quruculuq təkcə fərdi evlərlə məhdudlaşmır.
Bu kənd müasir kənd modeli kimi qurulur. Burada
çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi,
təcili tibbi yardım bölməsi, həmçinin təhsil
və səhiyyə işçiləri üçün
müvəqqəti qonaq evi, məişət xidməti obyekti,
emalatxana, tam orta məktəb və körpələr
evi-uşaq bağçası da tikilib.
Burada infrastruktur yeni sakinlərin gündəlik həyatını
rahat və təhlükəsiz şəkildə davam etdirməsi
üçün hər cür şərait yaradır. Xidmət
sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların
hamısı yenidən dizayn olunub və müasir standartlara
uyğunlaşdırılıb.
Xıdırlı kəndinin layihəsində ekoloji
tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin
təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu
yaşıl zonalar təkcə kəndin gözəlliyinə
xidmət etmir, eyni zamanda sakinlər üçün istirahət
məkanları və ekoloji sağlam mühit
formalaşdırır. Geniş bulvarlar, ağaclar və bəzək
kolları ilə bəzədilmiş park sahələri kəndin
gələcəyini daha da ümidverici edir. Beləliklə,
Böyük Qayıdışın səsi
Xıdırlıdan gəlir.
Xıdırlı kəndi Qarabağın dirçəliş
strategiyasının canlı nümunəsidir. Hər bir tikilən
ev, hər çəkilən yol, hər əkilən ağac
bu torpaqlarda yenidən həyatın
başladığını, Azərbaycanın doğma
torpaqlarından əl çəkmədiyini və çəkməyəcəyini
göstərir.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə
görə, Ağdam şəhərinin bərpası
üçün çox böyük işlər
görülüb. Yaşayış evləri tikilib, məktəb,
uşaq bağçası eyni zamanda sosial obyeklər inşa
edilir. Ağdam Azərbaycanın musiqi, muğam akademiyası
olduğuna görə burada böyük bir Muğam Mərkəzi
də inşa edilir. Görülən işlər demək
olar ki, tamamlanmaq üzrədir. Bunun özü göstərir
ki, işğaldan azad olunan Ağdam yenidən
özünün əzəmətli görkəmini əldə
edir və ağdamlıların geri qayıdacağı
gün elə də uzaqda deyil: "Prezident keçmiş məcburi
köçkünlərin öz dədə-baba yurduna
qayıtmasının dövlətin əsas prioritet məsələlərindən
biri hesab edir".
Politoloq Oqtay Qasımov bildirib ki, Ağdamda ən müasir
standartlara cavab verən mehmanxananın inşası sürətlə
dirçəldilən tarixi ərazilərimizin turizm
potensialının inkişafına töhfə verəcək.
Ağdamda yeni yaşayış kompleksinin təməlinin
qoyulmasına da Böyük Qayıdış konsepsiyası
kontekstində yanaşmaq lazımdır. Heydər Əliyev
Fondu tərəfindən Ağdam Cümə məscidində
bərpa restavrasiya işləri həyata keçirilir.
Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin
qoyulması isə işğaldan azad olunmuş ərazilərdə
səhiyyə infrastrukturunun yaradılması deməkdir:
"Prezident ərazilər işğaldan azad olunandan
sonra bölgəyə çoxsaylı səfərlər edib.
Hər səfərində də orada yeni yaşayış
massivlərinin təməli qoyulub, açılışı
edilib. İş yerlərinin açılışı,
infrastruktur layihələrinin həyata keçirilməsi
prosesini yerində izləyib və onların ya təməlini
qoyub, ya da işlərin gedişatı ilə birbaşa
maraqlanıb. Yaxud da, səfərlərdə
görülmüş işlərin və təhvil
verilmiş obyektlərin açılışında
iştirak edib. Bu baxımdan Prezidentin səfəri önəmli
səfərdir".
Millət vəkili Vüqar Rəhimzadənin dediyinə
görə, Qarabağda və Şərqi Zəngəzurda
görülən işlər Azərbaycanın şəhərsalma
təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik
işğal dövründə tamamilə dağıdılan,
yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə
uyğun olaraq yenidən qurulur, bu ərazilərdə
müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik
sisteminin yaradılması təqdir edilir. Azad olunan
bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz
Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə
- "ağıllı şəhər" və
"ağıllı kənd" layihələri üzrə
yenidən qurulur. Qeyd edək ki, "ağıllı kənd"
layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan
rayonunun Ağalı kəndi oldu. İlk "ağıllı
şəhər" isə Ağdam şəhəri olacaq.
Prezident İlham Əliyev sakinlərlə
görüşündəki çıxışında
Ağdam şəhərində görülən işlərin
fonunda ümumilikdə bütün azad edilmiş ərazilərimiz
barədə aydın təsəvvür yaratdı.
Millət vəkili qeyd edib ki, 30 illik işğal
dövründə tamamilə dağıdılan Ağdam
şəhəri, rayonun bütün kəndləri bir daha
düşmənin xislətinin, düşmənçiliyinin
göstəricisidir: "Təsadüfi deyil ki, bəzi xarici
ekspertlər, jurnalistlər Ağdama səfər edərkən
öz təəccübünü və hətta hiddətini
gizlədə bilmirlər" söyləyən dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
Ağdamı "Qafqazın Xirosiması"
adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom
bombası nəticəsində viran qoyulmuşdur,
Ağdamı isə 30 il ərzində oğrular,
talançılar, erməni talançılar sökərək
daşlarını da aparıb müxtəlif yerlərdə
satırdılar. Bu, misli görünməmiş vəhşilikdir.
Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir.
Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində
xüsusi diqqət göstərilən məsələlərdən
biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam
şəhərinin, rayonun kəndlərinin timsalında da
aydın görmək mümkündür. Məktəb
binası, xəstəxana tikilir, böyük sənaye kompleksi
fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə
müəssisə fəaliyyət göstərir ki, bu,
Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən
böyük sənaye kompleksi olacaq. Bir neçə
yaşayış kompleksi inşa edilir, bu il istifadəyə
veriləcək".
Vüqar Rəhimzadə onu da bildirib ki, bərpa-quruculuq
işlərində hər bir bölgənin turizm imkanları
da nəzərdə tutulur. Bu baxımdan Ağdamda iki mehmanxana
artıq fəaliyyətə başlayıb. Prezident İlham
Əliyev sakinlərlə görüşündə bu
xatırlatmanı da etdi ki, işğaldan sonra ilk dəfə
Ağdamda ağdamlılarla görüşəndə və
yeni şəhərin təməlini qoyanda belə bir
çağırışı etmişdir ki, elə bir şəhər
quracağıq ki, bütün dünya bizə həsəd
aparacaq. Əgər bütövlükdə azad edilmiş
torpaqlarda gedən işləri götürsək, qısa
müddət ərzində bu qədər bərpa işləri
heç bir ölkədə heç vaxt görülməmişdir:
"Sıfırdan qurulan Ağdam şəhəri ölkəmizin
ən gözəl şəhərlərindən birinə
çevriləcək. İkinci Qarabağ müharibəsi nəticəsində
Ağdam şəhəri və o vaxt işğal altında
olan kəndlər bir güllə atılmadan geri
qaytarıldı. Tarixi Zəfərimizdən üç il
sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa
etdik. Ermənistan 30 il ərzində hər vəchlə
çalışırdı ki, bir santimetr torpaq da
qaytarılmasın. Amma Azərbaycan dövlətinin
gücünü, iradəsini, cəsarətini və ordumuzun qəhrəmanlığını
nəzərə almamışdılar. Rəşadətli
ordumuzun qəhrəmanlığı, fədakarlığı
nəticəsində bu gün torpaqlarımız tarixi sahibinə
qovuşub. Yenidən qurulur, soydaşlarımız dogma
yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini
yaşayırlar. Sarıcalı kəndinin birinci mərhələsinin
inşası başa çatdı. Burada hazırda 200-dən
çox ev var. İkinci mərhələ başa
çatdıqdan sonra təqribən evlərin sayı 400-ə
çatacaq. Yaşayış üçün bütün
şərait yaradılıb. Prezident İlham Əliyev bu
çağırışı da etdi ki, bu bölgədə
kənd təsərrüfatı da sahibkarlar tərəfindən
inkişaf etdirilməlidir.
Prezident Qarabağ və Şərqi Zəngəzurun
iqtisadi inkişafının sürətləndirilməsinə
və geri qayıdan əhalinin məşğulluğunun təmin
edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində
artıq rezidentlərin sayına görə ölkənin
ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı
müəssisə fəaliyyətə başlayıb. Sosial
infrastrukturun qurulması istiqamətində aparılan
genişmiqyaslı tədbirlər nəticəsində
Ağdam şəhərində 1 nömrəli tam orta məktəb
və 1 nömrəli körpələr evi-uşaq
bağçası inşa edilib. Prezident İlham Əliyev və
İqtisadi Əməkdaşlıq Təşkilatının
17-ci Zirvə görüşündə iştirak məqsədilə
Azərbaycana səfər edən Qırğız
Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun
Xıdırlı kəndinin 1-ci mərhələsinin
açılışında iştirak ediblər
İşğaldan azad olunmuş ərazilərdə bərpa,
yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində
görülən işlərdən ən önəmlisi təbii
ki, ərazilərin minalardan təmizlənməsi,
yaşayış və həyat üçün vacib olan yeni
infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı
ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin
xidmət, ticarət, tikinti, nəqliyyat və digər
sektorların yaradılması və inkişafı
mühüm əhəmiyyət kəsb edir. Qarabağ və
Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma,
bərpa və şəhərsalma işləri qabaqcıl
urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə xidmət edir. İşğaldan
azad edilmiş ərazilərdə Böyük
Qayıdış Proqramı çərçivəsində
insan kapitalının inkişafı sahəsində sosial xidmətlər
şəbəkəsinin yaradılması və maddi-texniki
bazasının gücləndirilməsi, doğma
torpaqlarına qayıdan əhalinin məşğulluq
imkanlarının artırılması, onların keyfiyyətli
səhiyyə və təhsil xidmətləri ilə təmin
edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası
və yenidən qurulması istiqamətində
genişmiqyaslı işlər görülür.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.15.