Hörmətli
yazıçı Yusif Həsənbəy!
Etiraf edim ki, Rəşad Məcidin təklifi ilə
"Yaradanın qoruduğu bəndə" povestinizi
oxumağa bir az ürəksiz başladım, nədən ki,
sizin nəsr əsərinizi ilk dəfə oxumalıydım,
ilk tanışlıq isə bir az çətin olur.
İkincisi, ehtiyat edirdim ki, nasirlər yaşlananda şeirə
uğursuz keçid elədikləri kimi, bu povest də 93
yaşlı bir şairin "qocalıqda yorğalıq"
janrında nəsr cəhdidir. Povestin optimist ruhla, canlı dillə
yazılmış bir neçə səhifəsi bu
önyarğımı alt-üst elədi və sözün
yaxşı anlamında təəccübləndim. Neçə
illərdən bəri bir yerdə işləsək də,
sizi sanki ilk dəfə gördüm, tanıdım.
Bir ziyalının, yazıçının çətin
sosial durumunda üzləşdiyi mənəvi ağrılar
kimi aktual mövzuya həsr olunması, maraqlı, dinamik,
adamı intizarda qoyan süjet, xalq dilindən gələn və
bütün əsər boyu mətnin altından keçərək
tez-tez oxucuya göz vuran ikibaşlı ironiya və avtoironiya,
maddi-məişət çətinliklərinin
yaratdığı gərginliyə baxmayaraq, son dərəcə
zərif, həssas, kövrək insan münasibətləri, ən
başlıcası, əsərin əsas ideya pafosunu müəyyən
edən Allah sevgisi, haqqa, ilahi ədalətə inam povestinizi
qiymətli edən cəhətlərdir. Sadəcə, əsas
qəhrəmanın dostları ilə göl kənarında
istirahətə getdiyi bir neçə səhifə süjetin
dinamizmini bir az ləngidir və hətta naşı oxucunu
povestin mütaliəsini yarımçıq qoymağa vadar edə
bilər. Məncə, bu problem yüngülvari redaktə vasitəsiylə
asanlıqla aradan qaldırıla bilər.
Ən başlıcası odur ki, optimist ruhlu povestiniz
insanı hətta ən çətin durumda belə ümidini
itirməməyə, Allahın kəndirindən bərk
yapışmağa, yaşamağa, sevməyə, sevilməyə
səsləyir. Ömrünün artıq onuncu
dekadasını yaşayan bir yazıçıda bu qədər
həyat eşqi alqışa layiqdir. Sizə bundan sonra da
yaradıcılıq və həyat eşqi ilə dolu mənalı
illər arzulayıram.
Dərin sayğılarla Əsəd Cahangir
05.12.2025
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.14.