Yaradanın qoruduğu bəndə
povest
Yaz əvvəli meşələrdə, bağlarda
sanitariya işləri aparan küləklər, budaqların
ucunda fırfıra kimi fırlanan xəzəlləri, ağac
qoğuşlarının ağzında "hədəf dairəsi"ni
xatırladan hörümçək torlarını, ətəkləri
didilib-saçaqlanmış köhnə quş
yuvalarını da, Allah bilir, hansı cəhənnəmə
süpürüb-sovururdu. Azman külək
kasıbçılığın diş
qıcadığı bir vaxtda dam
örtüyümüzün bir dəmirini mıxından
qoparıb, qonşuluqdakı "Kapital bank"ın
divarına pərçimləmişdi. Döşəməyə
çırpılan yağış damcılarının yeknəsəq
çap-çapları əsəbləri
qıcıqlandırırdı. Dəhlizin uzaq künclərində,
çarpayıların altında gizlətdiyimiz ləyənləri,
teştləri, vedrələri, qazanları damcıların
altına düzsək də, dolub-daşan sular, binanın
özülünü yumuşaltmış, küçə tərəfin
divarı çat vermişdi.
Makina arxasında oturub yazılarıma əl gəzdirirdim.
Qapı zərblə açıldı. Aynabəndin
şüşələri səsə düşdü.
İçəri dolan külək tavanda saat kəfkiri kimi
asılmış lampanı ora-bura yellədi. Masanın
üstündəki qəzetlər, əlimin altındakı
qranka vərəqləri də yaralı quş qanadları
kimi çabaladı. Oğlum Tərlandı gələn.
Qırmac götürməyən kəhər kimidi. Danlaq
xoşlamır, öyüd-nəsihətdən zəhləsi
gedirdi. Orta məktəbi çoxdan qurtarmışdı. Ancaq
ali təhsilə həvəs göstərmir, altdan-altdan
özü də "direktorsuz", "naçalniksiz",
amma yaxşı gəlirli iş axtarırdı. Ucaboylu,
gülərüz Tərlan bəzi qızbaj oğlanlar kimi pəncələri
üstə yox, dabanlarını yerə möhkəm
mıxlayıb, inamla addımlayanlardandı. Özül zabaqları
çürümüş parket döşəməni
jığıldada-jığıldada küncdəki
asılqana yaxınlaşdı. Şapkasını
çıxarıb vız duran saçlarını əlinin
içiylə yasdılandırdı. Oturmadı, elə
durduğu yerdə ayaqlarını ora-bura
yırğalayıb, pəncələri ucundakı tufliləri
künclərə çılğaladı.
- Ata, atacan! Vallah, çox sevinəcəksən!
Xoş xəbərlə gəlmişəm. Bu sürprizə
görə tutarlı bir muştuluq alacam səndən.
Çaşdım, özümü itirdim! Qələmi
hara atdım, bilmədim. Bəxtəvər, muştuluqdan dəm
vurur. Xoş xəbər nə vaxt eşitmişik bu evdə...
Oturduğum yerdə əmzik görən uşaq kimi
atılıb-düşdüm. Nəfəsim tıxandı.
Udqunanda hülqumumun şaqqıltısına ayıldım.
- Nədi ki? Noolub? Bəlkə sanballı bir
qulluğa qoyublar səni. Amma pulun yox, adamın da yoxdu. Mən
də qələm sahibiyəm, şairəm. Amma basıb-kəsən,
sözü daşdan keçən, ordenli, rütbəli,
dövlət titullu yazıçılardan olsaydım, səni
yaxşı bir işə qoya bilərdim. Məni sevindirmək
istəyirsən. Buna görə çox sağ ol! "Ya Tərlanın
bəxti" deyib, bir dənə lotereya bileti
almışdım. Bəlkə uduş var? Yaxşı pula
gedən bir xarici maşın udmuşuq? Ya bəlkə əlli
min manat! Evi təmir elətdirərdik. Səni evləndirib
baş-göz yiyəsi eləyərdim!
- Eh! Xırda-xuruşla işimiz yoxdu. Biz qaz vurub, qazan
doldururuq. Qazancımız qlobal olacaq. Canımız qurtaracaq
kasıblıqdan. Pəncərələri dənizə
açılan beşotaqlı mənzil, yağın
içində "Şessotka" maşın! Gəlirim,
qazancım da bəsdi deyən qədər! Bağ evi!
Bağbanlar, aşpazlar, qulluqçular! - deyərək
özümü boğub çiyinlərimi qaldırdı.
Gözüm görə-görə necə də
hündürlənir, ucalanırdı oğlum. Mən də
ona baxıb öyünürdüm. Qürur hissləriylə
ürəyim uçunurdu. Milli Məclisin deputatı olur Tərlanım!
Nazirliklərə irəli çəkirlər. Ad-sanı,
şöhrəti gündən-günə artır. Cavan olsa
da, el içində "ağsaqqal" kimi tanınır!
- Allah ağzından eşitsin, ay bala! Niyyətin hara,
mənzilin də ora. Bu başdan mübarəkdi. Amma bu gəlhagəl
nəyin hesabına olacaq? Bunu ehtiyatla, qorxa-qorxa soruşdum. -
İndi bəzi imkanlılar özəl banklar, firmalar
açır. Bəlkə səni də qanadı altına
alan var?
Əllərini bir-birinə çırpıb: -
Ha...ha...ha şaqqanaq çəkdi oğlum. Qarnını ikiəlli
qucaqlyıb gözləri yaşarınca güldü. Sonra da
dərindən bir köks ötürüb:
- Var! Var! Atam, var! Özü də necə qanad ki! Eh,
ley, sığırçın qanadı yox! "Boinq" təyyarəsinin
qanadı kimi güclü qanaddı, o qanad.
- Üzmə məni. Mətləbə keç!
- Dostum Feyruzgildəydim. Feyruz da kino ulduzu kimi
parıltılı bir oğlandı. Altında
"Şessotka" maşın, gündə
üç-dörd kostyum dəyişir. Qızlar
başına dolanır. Atası Suleyman kişi Rusyətin Perm
şəhərində bizneslə məşğuldu.
Oranın "Dostavka" bazarında bir neçə
polkası var. Əsas işi Permə gələn
iranlılara, ərəblərə meşə materialları,
- parket, taxta-şalban, dirək, girdim, qapı-pəncərə
satmaqdı. Masaya nahar süfrəsi atdılar. Ayağa
qalxdım. Süleyman kişi ətəyimi çəkdi.
Oturdum.
- Neçə vaxtdı göz qoyuram, görürəm
ki, çox diribaş, krutoy, svoy oğlansan, plyus papiros çəkmirsən,
içki içmirsən. Malodes! Səni əlaltım, yəni
zamestitel kimi götürərəm işə.
"Dostavka" bazarında bir-iki polka açdıraram səninçin!
Srazu o polkaları cürbəcür kolbasalarla,
vetçinalarla, bağ-bostan məhsullarıyla doldurarıq.
Satıcıların tərəziyə, ticarətə bələd
arvadlar olacaq. Bazar ki bağlandı, satıcıların
haqqını verəcəksən. No bunlar hələ
hamısı deyil. "Lesnaya" qəsəbəsindəki
mebel kombinatını da işə salarsan. Permin mərkəzində
ofisin, etibarlı sürücün, idarənin dokumentasiya
işlərini görən, evində
yır-yığış edən yaraşıqlı katibə-xanım
da yanında olacaq.
Oğlunun dediklərinə ağzı aralı qulaq
asırdım. "Allah haqqı, taleh haqqı, bu ki belə
başlayıb, mütləq bir yana çıxardacaq
özünü. Subaylıq sultanlıqdır, amma meyvəsi
yox, barı yox! Təcili evləndirərəm. Təzə mənzildə
yaşayarıq. Dəniz qırağında bağımız
olar!" düşünürdüm. Özümü saxlaya
bilmədim:
- Bəs axı, belə vəzifə aparanın ali
savadı olmalıdı. Gərək ingilis dilində
düşünüb, yazıb-pozmağı bacarasan.
Kompüterin dilini biləsən! İqtisadiyyatdan baş
tapasan. Ali təhsil həm də dünyagörüşü
verir insana.
Oğlum bir addım irəli gəldi. Dodaqları kip
qapanmış, uşaq maçalkası bığları titrəyirdi,
Benqal şimşəkləri kimi çılqamlanan gözləri
bir az da böyüdü:
- Atacan! Qurban olum sənə! Ayağının
altında ölərəm, lap elə burda! Ancaq necə eləyim!
İşimin düzəlhadüzəl vaxtında Süleyman
kişiyə deyim ki, məni bağışla, ay kişi,
gedirəm ali təhsil almağa? Lap elə getdim girdim Tibb
Universitetinə. Kitab-dəftərə, yaxşı
geyinib-kecinməyə pul lazımdı. Leksiyaların biri
Alatava hospitalında, o biri İçərişəhərdə,
üçüncüsü Qaraşəhərdədir. Hər
gün bir neçə manat xərclənməlidi bu yollara.
İmtahan götürən müəllimlərə hər
imtahana görə "şirinlik" verilməlidi. Evimiz
xarabalığa çevrilir. Toz-torpaq başımıza
tökülür. Bu ağır vəziyyətdən mən
çıxartmalıyam hamımızı. Sənin
kitabların çap olunmur! Anamın xəstəlikləri
güclənir, dərman almağa pul tapmırıq. Bəs mən
necə oğulam? Sənin sözünü yerə salmaram,
qiyabi oxuyaram. Ancaq Süleyman kişi məni başa saldı
ki, bir az maya qoymalısan bu işdən ötrü.
Əl-ayağım sustaldı.
- Maya, yəni pul istəyir də? Ay oğlum, nə qədər?
Yüz manat, iki yüz manat? Boğazımızdan kəsib,
toplayıb sonra verərdik də!
- Sonrası yoxdu, ata! On min manatı bu başdan, elə
indi verməliyik!
- Eh! "Ay daş atan bəxtəvər, daşın
da bir vaxtı var" elə bu yerdə deyiblər. Anası
ağlar qalsın bu müharibənin - deyib, köks
ötürdüm. - Erməni vəhşiləri şəhərlərimizi
bombalayır, kəndlərimizi yandırır. Milyondan
artıq adamımız qaçqın düşüb
yurd-yuvasından! Aclıq, xəstəlik də ilan olub
sarılıb boynumuza. Qəpik-quruş yığıb kitab
çıxartdırmışam. Bir neçəsini əlimdə
tutub Dəmiryol vağzalının qabağında
dolandım. Alan yoxdu. Kitab gicitkan kimi dalayır kitabsevərlərin
əlini. "İti görüm, qurdu görüm, amma
kitabı görməyim" deyir məktəblilər.
İngilis dramaturqu Vilyams Şekspirin bir kəlamı dilimin
ucundadı: "Ehtiyac qapıdan girəndə, mədəniyyət
bacadan çıxıb qaçır". İki manat qazanan
ailə başçısı o pulu kitaba vermir, çörək
alıb uşağına yedizdirir. Oğlum mənə
ağız açır. Başımda papaq gəzdirirəm.
O pulu yerin deşiyindən çıxardıb oğlumu
razı salmalıyam. Qoy heç Tərlan olmasın, belə
köməyə ehtiyacı olan hər kəsə əl yetirmək
insanlıq borcumdur. "Əl tutmaq Əlidən qalıb"
zərbməsəli Həzrət Əlinin xeyirxah, humanist əməlləriylə
bağlıdır. İki oğlunu, - İmam Həsəni və
İmam Hüseyni ulu Məhəmməd peyğəmbərimizin
əqidəsi yolunda qurban verdi. Həzrət Əli peyğəmbərimizin
əlindən tutdu. İslam dünyasının qaranlıq
yollarında iki ulduz kimi parladı Həzrət Əlinin
övladları. Amma mən hey ölçüb biçirəm,
atıb-tuturam, görürəm ki, gücüm çatan
daş deyil bu daş.
- Bizdə o qədər pul hardandı, ay oğlum?
- Bəlkə varlı-karlı bir dostuna ağız
açasan? Mən uzağı on, on beş günə
borcumuzu qaytararam.
- Kasıbın dostu da kasıb olur! Burda söhbət
qurtara bilərdi. Amma oğlum iki ayağını bir
başmağa dürtdü.
- Ata, bir fenomen romançı da var - dedi. - Bu saat
çox moddadı - Çingiz Abdullayev! Əsərləri əl-əl
gəzir xarici ölkələrdə. Atası yaxşı
var-dövlət qoyub onunçün. Özü də kalan
qazanır. Tanıyırsan onu?
- Çox əla! Çingiz gözümüzün
qabağında böyüyüb. Qələmi çox iti
yazardı. Onun Drozdov familiyalı bir ədəbi qəhrəmanı
"Dronqo" ləqəbiylə məşhurdu oxucular
arasında. Yazıçılar Birliyinin birinci katibidi.
Oğlum əlimdən tutub çiyinlərini oynatdı.
- Yaxşı da, ata! Kor nə istər - iki göz,
biri əyri, biri düz! Deməli, şans var da! Hə, hə!
O Çingiz çox əlaçıq adamdı. Bir neçə
şəhid uşağını xarici ölkələrdə
öz şotuna oxutdurur. Hər ilin başında
"Qaçqınkom"a xeyli vəsait göndərir. Rəhmətlik
atasının yaxın dostlarını bir samalyotda aparıb
Almaniyaya, "Stat Berlin Hotel"də qonaqları yaxşı
qarşılayıblar. Veymarda yazıçı-filosof Hotenin
ev-muzeyində dahi Nizaminin, Ömər Xəyyamın əlyazmalarını
ehtiyatla varaqlayıblar, Drezden qallereyasının baş
salonunda maraqlı bir hadisə baş verib. Çingiz
özüylə gətirdiyi Səttar Bəhlulzadənin
"Quba mənzərəsi" əsərini eksponatlar
arasında əsaslı yerləşdirib. Onun bu jesti
tamaşaçılar və muzey əməkdaşları tərəfindən
hərarətlə alqışlanıb.
- Atasının fərli övladıdır
Çingiz - dedi oğlum. - Uşaqlıq dostlarının
xatirəsində atası Akif müəllimin ömrünü
uzadır Çingiz müəllim. Bəs mən necə
oğulam? O Çingizdən yüz arşın irəlidə
getməliyəm, - dedi Tərlan. -Birinci qazancıma sənin
külliyyatını çap etdirəcəm. Əməkdar
incəsənət xadimisən. Bu, azdı. Amma mən Xalq
şairinin oğlu olmaq istərdim.
- Milli qürur çox güclüdü Çingizdə
- dedim. - Rusdilli olsa da, gəlini azərbaycanlı, kürəkəni
də bizim millətdəndi. Dəhlizlərdə tez-tez
qarşılaşırıq. Gülə-gülə qoluma
girib: "Sizin yaşınıza çatmaq, sizin kimi
qıvraq olmaq ən böyük arzumdu" - deyir.
- Hə? Nə yaxşı, nə gözəl! Deməli,
sənə yaxınlıq eləyir, doğmalıq göstərir!
Noolar, ay atam, sənin də ona ərkin çatsın da.
Sözündən çıxmaz. On min nə puldu
onunçün. Bəlkə mən görüşüm o
Çingiznən!
Divara dirəyirdi oğlum məni!
- Əlbəttə! Bir ötəri adımı
çəksən, istədiyin məbləği verər.
"Verər"i eşidən oğlum iki ağız
"Urra, urra" bağırıb boynumdan asıldı.
Qaynar öpüşləri üz-gözümü isidir,
körpəliyimi yadıma salırdı.
- Qurtardı da! Məsələ həll olundu da! Daha mən
nəyi gözləyirəm? Getdim! Ayaqqabılarını pəncələrinin
ucuyla yaxına çəkib geyindi. Qolundan tutdum:
- Tələsmə!
Oğlum tərs-tərs üzümə baxdı.
- Məni gecikdirmə, ata! Gəl bu şansı
buraxmayaq əlimizdən.
- Oğlum, - dedim - Borcu ki aldın, onu qaytarmağa bir
yerdən alacağın olmalıdı! Heç yerdən
alacağım yoxdu. Mən borca girə bilmərəm.
(Ardı var)
Yusif Həsənbəy
Əməkdar incəsənət xadimi
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.14.