Sözün səxavəti
Nağıllarımızın yaddaşından
süzülüb gəlmiş, sözün sirlərini dilinin
ucunda gəzdirən, bu zəmanənin özünəməxsus
sənətkarı Seyran Səxavət, hələ ədəbiyyata
gəlişinin ilk günlərindən alın
yazısının hökmü ilə tanındı.
Sözün səxavətli övladı, qəlbi Füzulinin
dərdi ilə yoğrulmuş böyük sənətkar
Seyran Səxavət, bu dünyaya gəlişində atası
Əsgər Xanlarovun adını qəlbində saxlasa da, tale
onu görkəmli alim Qasım Qasımzadənin müdrik
xeyir-duası ilə Seyran Səxavət olaraq tanıtdı. O,
hələ 1962-ci ildən ədəbiyyata şeirləri ilə
qədəm qoyub, sonra isə "Hamı elə bilirdi
ki...", "Dar köynək", "Daş evlər",
"Qızıl teşt", "Nekroloq", "Yəhudi əlifbası"
kimi nəsr əsərləri ilə öz töhfəsini
verir, hər bir əsəri bir hadisəyə çevrilir,
sanki hər cümləsi bu torpağın nəfəsini
daşıyır.
Bəli, bəziləri onun dəyərini vaxtında
ala bilməmiş sənətkarlardan olduğunu
düşünür. Lakin onun sözündəki dərinlik,
o dərinlikdəki fəlsəfə zamanın süzgəcindən
keçərək hər zaman anlaşılır. Nəsrə
keçməzdən əvvəl gəncliyin sevimli şairi
kimi qəbul edilsə də, onun poeziyasındakı bədii-fəlsəfi
yük və intellektual dərinlik onu dövrünün ən
orijinal səslərindən birinə çevirir. Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid
vurğulayır ki, gənclər təmiz Azərbaycan dilində
yazmaq istəyirsə, Seyran Səxavəti oxusunlar, bu, təkcə
dilə yox, həm də onun Qarabağ camaatının
şirin danışığını ədəbiyyata gətirmək
məharətinə verilən ən böyük qiymətdir.
Xalq şairi Ramiz Rövşən isə zarafatla deyir ki,
"Şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən
Seyran Səxavət şeirdən nəsrə keçdi",
bu da onun poeziyasının nə qədər güclü
olduğunun etirafıdır.
Şairin 18 yaşında yazdığı "Səxavətli
baharım" şeiri sadəcə bir bahariyyə yox, onun
bütün yaradıcılığının poetik kodu və
ya bədii idrak qalasının açarı kimi dəyərləndirilir.
Yazıçı Vaqif Bəhmənlinin dediyi kimi, Seyran Səxavətin
şeirləri insanda elə dərin iz buraxır ki, sanki bədəndə
"nakolka" (döymə) kimi qalıb pozulmur.
Seyran Səxavətin şeirlərindəki bədii
forma zənginliyi və əlvanlığı onu fərqləndirir.
O, istənilən vəzndə yazsa da, poeziyasında həmişə
həyat, təbiətin və insanın mənəvi aləminin
şeiriyyəti, dərin zəka və fikir ön planda olur.
Şair-tərcüməçi Kamran Nəzirli qeyd edir ki,
şeirdə yenilik təkcə sərbəst şeir yazmaqla
deyil, həm də Seyran Səxavətin örnəyində
olduğu kimi, vəznli-qafiyəli şeirlə dövrün
müasir problemlərini və ən incə
duyğularını poetik formada ortaya qoymaqla
mümkündür.
Bu mənada Seyran Səxavətin poeziyası lirik
duyğuların ən uca zirvəsidir. Onun "Adalar" və
"Mənim planetim" kitablarında yer alan şeirlər
saf eşqin, tənhalığın və daxili mübarizənin
poetik aynasıdır. O, məhəbbətin təkrarsızlığını
belə ifadə edir, sanki eşqin təkrarı yoxdur:
"İnsanlar bir dəfə doğulduğundan, Elə bir dəfə
də sevə bilərmiş..." Bu, sevginin təkrarsız
və əbədi bir hadisə olduğu fikrinin poetik ifadəsidir.
Onun üçün sevdiyi varlıq öz canından, ürəyindən
belə əzizdir, bu eşqin fədakarlığını
göstərir: "Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan..." Tənhalığını
isə o, dünyanın fərqli dillərini öyrənməyə
hazır olmaqla, öz həqiqət dilini tapa bilmədiyini
söyləyir: "Burda tənhalıqdan lap iyrənmişəm,
Gedib yetmiş iki dil öyrənmişəm, Hələ
tapmamışam dilini sənin..." Tərcüməçi
Kamran Nəzirli qeyd edir ki, şairin bu cür misralarını
tərcümə etmək belə, hər iki dilin və mədəniyyətin
ruhunu dərindən bilməyi tələb edir.
Nəsrə gəldikdə isə, Seyran Səxavət
xalqın ruhunu qəhrəmanlarının dilinə
köçürür. Rəşad Məcid qeyd edir ki, onun əsərlərinin
qəhrəmanları - poçtalyon Qədir, yaxud
"Qaçhaqaç"dakı Yusif Səmədoğlu və
Zakir Fəxri kimi simalar - bizim tanıdığımız, həyatda
gördüyümüz insanlardır.
Seyran Səxavət nəsrinin dərinliyini anlamaq
üçün "Kişi salonu" hekayəsindəki dil-ədəbiyyat
müəllimi Səlimin faciəvi obrazını xatırlamaq
lazımdır. Səlimin gecələr dəlləkxanaların
lövhələrini çəkiclə sındırması,
polisin belə izinə düşə bilmədiyi tənha bir
etirazdır. Bu, sadəcə bir vandalizm deyil, işğalla
barışmayan, kütləvi riyakarlığa dözə
bilməyən bir vicdanın
qışqırığıdır: "Qarabağsız
kişi olmaz!" Bu etiraz həm də Səlimin daxili
yarasını, müəllimə hörmətin, "şəxsiyyət"
anlayışının ucuzlaşmasına qarşı
çıxan bir ziyalının dərdini daşıyır.
Onun dərdini heç kimə açmaması, Kamran Nəzirlinin
qeyd etdiyi kimi, iç yarasını gizlətməsi, sənətkarın
cəmiyyət içindəki tənhalığının ən
kədərli ifadəsidir.
Seyran Səxavət Azərbaycanın ədəbi
mühitində özünəməxsus yer tutmaqla
yanaşı, Nüsrət Kəsəmənli, aktyor Fuad
Poladov və yazıçı Yusif Səmədoğlu kimi
görkəmli sənətkarlarla sarsılmaz dostluq əlaqələri
ilə də seçilir. Fuad Poladov onu ən ağır
anlarında mənəvi güc aldığı bir ziyalı
olduğunu daim vurğulayırdı.
Kinorejissor Tahir Əliyev Seyran Səxavətin
"Karusel" hekayəsinin ssenariyə çevrilməsi
planlarının, hətta bu mövzunun dünya şöhrətli
rejissor Kşiştof Zanussi ilə müzakirə olunduğunu
xatırladır. Bu, Seyran Səxavət nəsrinin hələ
də güclü vizual və dramaturji dəyərə malik
olduğunu göstərir.
Yazıçı-tərcüməçi Kamran Nəzirli
isə sənətkarı təkcə yazıçı kimi
yox, həm də dil mütəxəssisi kimi təhlil edir. O,
Seyran Səxavətin xalq dilini zənginləşdirərək,
ona əlavə "sərvət" gətirməsini və
poetik, şairanə roman dili yaratmasını onun ən
böyük novatorluğu sayır. Kamran Nəzirli onu bir şəxsiyyət
kimi də sevir, çünki Seyran Səxavət qürur, məğrurluq
və sərtliklə yanaşı, mülayimliyi, həlimliyi
cəmləşdirərək, özündə harmoniya
yaratmağı bacarır.
Bəli, biz bu böyük sənətkarın
yaradıcılığının yalnız bir hissəsini
işıqlandıra bilirik, amma verdiyi ədəbi səxavət
o qədər böyükdür ki, onun haqqında nə qədər
danışılsa da, hələ deyilməyən, hələ
kəşf edilməmiş sirləri qalır.
Seyran Səxavət ədəbiyyata gətirdiyi dil
şirinliyi, xalq dilinin incəlikləri, dərin fəlsəfəsi
və sosial problemlərə həssas yanaşması ilə
Azərbaycan sənətində özünəməxsus iz
buraxmışdır. Onun yaradıcılığı gələcək
nəsillər üçün də saflıq, həqiqət
və vətənpərvərlik dərsi olaraq qalacaqdır.
Şəmsi QOCA
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.13.