Bursadan İzmirəcən
Birinci yazı
Hadisələri, səfərləri isti-isti
yazmağı sevirəm. Üstündən zaman keçəndə
istədiyim kimi alınmır. İndi də "soyumuş
kabab"a dönəcəyindən qorxurdum, amma dolmuşdum,
yazmasaydım, uzun zaman içimdə qalan bu
ağırlığın əziyyətini çəkəcəkdim.
Türk yazıçı və şairləri birliyi
ictimai təşkilatlarının dəvəti ilə müxtəlif
türk ölkələrində görüşlər
keçirilir. Bu səfərlərdə söz sənəti
adamlarının yaradıcılıq əlaqələri
genişlənir, həm də türk ölkələrinin
ictimai-siyasi həyatı və ölkə ilə tanış
oluruq. Builki proqramda adları çəkilən şəhərləri
görəndə getmək qərarım qətiləşdi.
Türkiyəyə səfərimiz Qarabağ Zəfərimizin
beş illiyi, Çanaqqala
döyüşlərinin yüz on illiyi və B.Vahabzadənin
anadan olmasının yüz illiyini qeyd etmək məqsədi
daşıyırdı.
İstanbulda - Sabiha Gökçen hava limanında digər
ölkələrdən olan nümayəndələrin də
gəlməsini gözlədik. Hamı
yığışandan sonra Bursaya avtobuslarla yola
düşdük. Artıq çoxumuz bir-birimizi
tanıyırdıq, amma dəstəyə yeni qoşulanlar da
vardı. Xüsusən Qazaxıstan tərəfi tərkibini
çox yeniləmişdi, təzə dostlar çoxdu.
Yamyaşıl, dünya gözəli Bursanın
hündür bir yerində - Uludağa gedən yolun
üstündə "Boyugüzel" otelində yerləşdik.
Burdan Uludağa qalxan yola çıxanda Bursa şəhəri
ovuc içi kimi görünürdü. Türkiyənin
dördüncü böyük şəhəri, üç
milyon əhalisi olan Bursa yaşıllığı ilə məşhurdur.
Yerlilərin bir şüarı var: "Yaşam denince:
yeşil. Yeşil denince: Bursa. Bursa denince: kardeşlik!"
Bursanın yaşıllığı iqlimindəndir, orda
olduğumuz müddətdə bir neçə dəfə
güclü yağış yağdı. Onu deyim ki,
yaşıllığı ilə öyünən Bursada, məsələn,
Şəkidəki, Oğuzdakı, Qəbələdəki
kimi bol yaşıllıq görməzsən. Yalnız
Uludağ tərəfdə, şəhər kənarında bəzi
yerlərdə qismən hiss olunur. Böyük şəhərlər
adətən yaşıllığın qənimidir. Amma
ölkənin şəhərsalma planı əvvəldən
mütərəqqi olsa, məsələn, Moskva kimi nəhəng
aqlomerasiya mərkəzi dirəvi əlli kilometrlik meşə
massivlərindən ibarətdir və bu, şəhər
havasının təmizliyini qoruyur, əhalinin istirahəti
üçün isə gözəl şərait yaradır.
Tədbirin rəsmi açılışı Bursada
Merinos Atatürk Orxan Qazi Mərkəzində
çıxışlar, müxtəlif türk xalqları
nümayəndlərinin rəqs və mahnı ifası ilə
başlandı. Rəsmi açılışdan sonra şəhərin
görməli və tarixi yerlərinə səyahətlər
nəzərdə tutulmuşdu.
Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin
izlərini özündə birləşdirən Bursanın
panoraması Osman Qazi mavzoleyindən baxdıqda çox
möhtəşəm görünür. Yüz otuz il
Osmanlı dövlətinin paytaxtı olmuş şəhərdə
altı sultanın məzarı qorunur. Osmanlıların bəylikdən
dövlətə, dövlətdən imperiyaya keçdiyi
yerin anasıdır Bursa.
Osmanlının tarixi buradan - Bursadan başlanır.
Türkiyəyə səfərlərimdə onların tarixə
bu qədər qayğı ilə yanaşmalarına hər
zaman heyran olmuşam. Bu ölkə başdan-başa daşla
yazılmış tarix kitabıdır, gərək gəzib
oxuyasan. Şəhərin tarixi Friqiya, Bitiniya və Roma
dövrlərinə gedib çıxır. Eramızdan əvvəl
IV əsrdə Bitiniya kralı I Prusias tərəfindən
salınan şəhər onun şərəfinə Prussa
adlanıb. Şəhərin ən şərəfli tarixi
osmanlıların buranı fəthi ilə bağlıdır.
Bəzi rəvayətlərə görə, Osman Qazi oğlu
Orhan Qaziyə vəsiyyət edib ki, onu Bursanın ən
hündür yerində dəfn etsin. 1326-cı ildə
Bursanı fəth edən Orhan Qazi atasının vəsiyyətini
yerinə yetirərək onu şəhərin ən
hündür yerində dəfn edir və özü də vəfat
edəndən sonra atasının yanında dəfn olunur. Bu
mavzoley indi Bursaya gələn hər bir turistin ziyarət yerinə
çevrilib. Həmin ərazidən baxanda Bursa gözəl
naxışlarla bəzənmiş xalı kimi göz
önünə sərilir. Mavzoleyin giriş qapısı tərəfdə-yolun
o tayında hündür qala divarları
görünürdü.
Şəhərin mərkəzində Osmanlı
imperiyasının qurucusu Osman Qazinin əzəmətli heykəli
ucalır. Əsas ticarət obyektlərinin olduğu yerdə,
kapalı çarşının yanında Ulu Came yerləşir.
1396-1399-cu illərdə inşa edilən bu camenin tikintisi əslən Təbrizdən olan
memar Məhəmməd Əbdüləzizoğlunun adı ilə
bağlıdır. Mahir memar şagirdləri ilə birgə
camenin bəzədilməsində astronomik və islami bilgilərdən
məharətlə istifadə edib. Camenin minbərini bəzəyən
naxışlarda 6666 ağac parçasından istifadə
olunub ki, bu rəqəm "Quran"dakı ayələrin
sayına bərabərdir. Came haqda maraqlı rəvayət
mövcuddur. Deyirlər, Xızır peyğəmbər hər
gün burda gözə görünmədən gəlib namaz
qılır. Ümumiyyətlə, Türkiyədə hər
addımda bir məscidin tikilməsi bütün milləti
kütləvi ibadətə, Tanrının qulluğuna səsləyir,
həm də, məncə, mövcud vəziyyətə
şükür etmək və itaətkar psixologiyanı
aşılayırlar. Zöhr namazı vaxtı camelərdə
gördüyüm dəstəmaz üçün növbəyə
dayanan, qaynaşan müsəlmanlar maraqlı təsir
bağışlayırdı. Həmin vaxt bu adamların
hamısının üzündə bir nur, ümid
işığını görməmək mümkün
deyildi. Özüm də ibadət adamıyam. Namaz mənim
üçün Tanrı ilə danışmaq,
bölüşmək, sağlam bədən və sağlam
ruh deməkdir. Bütün əsassız, fanatik bilgilərə
qarşıyam.
Bursa bir çox şəhərlərin artıq "əlvida"
dediyi tramvayları ilə də məşhurdur. Burda
insanları daşıyan qırmızı tramvaylar elə
Bursanın özündə istehsal olunur. Səfər
zamanı Kapalı çarşını dolaşmaq
üçün bir gün vaxtımız vardı. Başqa
ölkələrdə dükan və bazarları
dolaşmağa çox da maraq göstərmirəm, öz
ölkəmdən almağa üstünlük verirəm.
Çox sevdiyim muzey və tarixi yerlərə səyahətdir.
Çarşıya çıxan kimi yoldaşlar iki
bir-üç bir ayrılıb gəzməyə
başladılar. Nəvəmə və anama hədiyyə
almaq üçün bir-iki mağazaya baş çəkdim.
Azərbaycan türkcəsində danışırdım, təəccübümə
rəğmən, satıcıların əksəriyyəti
bizim dildəki çox işlək adi sözlərin mənasını
bilmirdilər. Onlara Azərbaycan dilində heç olmasa
gündəlik işlənən və satıcıları cəlb
etmək üçün satışla bağlı söz
öyrətmədən keçmək olmazdı. Sevindim ki,
satıcılar həvəslə sözləri təkrar edir,
yadda saxlamağa çalşırdılar. Bizim sözlərin
tələffüzündə çətinlik çəkənlər
də olurdu, o birilər tez düzəliş verirdilər. Gənc
satıcı qızlar, oğlanlar daha çox maraq göstərirdilər.
Bu iş çox vaxt apardı. Bir də ayıldım ki, bizim
görüş saatımızın zamanı keçib.
Çarşıdan camenin qarşısına
çıxdım. Avtobuslarımız artıq getmişdi.
Yolun kənarında dayanmış uniformalı gəncdən
adını soruşdum: "İsmayıldır", - dedi. Vəziyyəti
başa saldım, otelin adını deyib yardım istədim.
O, telefonla danışdı, oteldə qeydiyyatda olduğumu
öyrənib avtobus sürücüləri və qrup rəhbərimizlə
əlaqə yaratdı. Budur, on beş dəqiqəyə
maşın qarşımda dayanmışdı. Bu gənc
türk "arkadaşıma" təşəkkür edib mənim
üçün gələn Hayrettin Yazıcı və Adilə
Nəzər xanımla özümüzü Uludağın ətəyində
bizimkilərə çatdırdıq. Hərə bir tərəfdən
narahatlığını bildirib:
- Hardaydın? Dedik, ta Bursada itirdik səni, - dedilər.
- Satıcılara Azərbaycan dilini öyrədirdim, -
dedim.
Gözlənilməz cavabdan çaşıb
qaldılar. Sonra çəkilən şəkillərə
baxanda qrupa yazdım, bəs mən niyə yoxam bu şəkillərdə?
Otaq yoldaşım Elmira xanım:
- Müəllimə, sən satıcılara dil öyrədəndə
çəkdirmişik şəkilləri. Səni
tapırdıq ki, şəkil də çəkdirək, -
dedi.
Uludağa qalxan yolun kənarında
saysız-hesabsız mağazalarda turistlərə cürbəcür
mallar təklif edilir. Burda qara tutun bəhməzi, tut şirəsi,
müxtəlif şirniyyatlar, suvenirlər satılır. Onu
deyim ki, məsələn, bizdə nar şirəsi göz
önündə tərtəmiz sıxılır,
alıcılara təqdim olunur. Tərkibində meyvənin
miqdarı az, şəkəri qat-qat çox olan tut bəhməzi
və tut şirəsində tutun dadı tamam itir.
Satış isə sanki səyyar mağazalar kimi primitiv şəkildə
quraşdırılmış tikililərdə fəaliyyət
göstərir.
Bursa şəhəri həmçinin çox qədimdən
termal sular şəhəridir. Qaldığımız otel də
bu su vannaları ilə müştərilərə xidmət
göstərirmiş, təəssüf bundan xəbərim
olmadı. Xəstəxanalarda da müalicə məqsədilə
termal sulardan istifadə olunur. Dünyanın hər yerindən
insanlar müalicə və müayinə olunmaq, istirahət
etmək üçün Bursanı seçirlər.
Osmanlı imperatorluğunun ilk xəstəxanası və tibb
fakültəsi də Bursada qurulub.
Coğrafi mövqeyinə görə İpək yolu
üzərində yerləşən Bursa turist şəhəri
olmaqla bərabər, həmçinin ticarət, sənaye və
mədəniyyət şəhəri kimi tanınır. Burda
toxuculuq sektorunun tarixi 1500 il əvvələ gedib
çıxır. Osmanlı imperiyası zamanında da ipəkçilik,
toxuculuq mərkəzi olmaqda davam edən şəhər
Türkiyənin toxuculuq paytaxtıdır.
Çarşılarda, mağazalarda yerli fabriklərin
istehsalı olan cürbəcür, gözoxşayan, həmçinin
yüksək keyfiyyətli tekstil mallar satılır. Bursadan
toxuculuq malları almadan geri dönən sonra mütləq
peşman olur. Ona görə hədiyyə almadan dönmək
istəmədim, bir neçə qəşəng krujeva
hörməli dəsmal, süfrə və büllur aksesuar
aldım.
Bursada qida sənayesi ilə bağlı fəaliyyət
göstərən firmalar da çoxdur. "Bidfood
Türkiye" ölkənin iri distribusiya ictmaiyyətindən
biridir. Bu firma bir sıra dünya səviyyəli premium qida və
içki markalarının Türkiyə distribütorudur. Onun
portfelində "İlly" - italyan espresso qəhvəsi, "S.Pelleqrino" - İtaliya
mineral suları, "Perrier"-Frabsa mineral suyu, "Monin"
- fransız şirniyyatı, şirələr, içkilər
"Lambveston" - fast-food (restoran sektoru üçün) və
s. brendlər var. Türkiyə kimi çoxmilyonlu ölkənin
qida sektorunun normal və keyfiyyətli fəaliyyətini təmin
etmək üçün daha böyük, yeni və operativ
işləyən ciddi layihələrə həmişə
ehtiyac duyulur. Televiziyada rast gəldiyim bəzi kortəbii fəaliyyət
göstərən fermer təsərrüfatlarının məhsullarının
sahələrdə tökülüb qalması, alıcı
üzündən xarab olması məyusluq doğurur. İri
firmalar bundan öz xeyirləri üçün istifadə etsə,
kiçik fermerlər də ziyan çəkməz, əməyin
məhsulu zay olmaz, qida sektorumuz çeşidli məhsullarla təmin
olunardı.
...Ümummilli liderimiz Heydər Əliyevin adını
daşıyan park Bursa sakinlərinin sevimli istirahət yeridir.
Azərbaycan-Türkiyə dostluq parkında Nilufər bələdiyyəsinin
qonaqlar üçün təşkil etdiyi şirniyyat süfrəsi
hər birimizin ürəyincə oldu. Yüksəklikdə
yerləşən parkdan baxanda qarşıda dərin
ovalığa enən böyük sahənin qarşı tərəfində
yüksələn yaşıl təpəliklər çox
gözəl bir mənzərə yaradır. Sanki suyu
sovulmuş böyük bir gölün sahilində dayanıb
onun mənzərəsinə baxırsan. Parkda həmçinin
pişiklər üçün tikilmiş xüsusi barınma
evi çox maraq doğurdu. Bundan sonra Polad Həşimov
adına parkı ziyarət etdik. Mərkəzi yolun kənarında
yerləşən parkda daş sütunda Polad Həşimov haqda
məlumat yazılmışdı. Könül istərdi, orda
qəhrəman generalımızın gözəl bir abidəsi
ucalaydı. Yəqin ki, bu arzumuz yaxın zamanda
özünü doğruldar.
Tarixi Sögütlüyə səfər xüsusilə
maraq doğurdu. Türkiyəli qardaşlarımızın
tarixlərinə ehtiram və qayğısı hər
addımda hiss olunur. Burda Ərtoğrul Qazinin möhtəşəm
türbəsini ziyarət etdik. Türbə önündə
gözətçilik növbəsi dəyişən milli
geyimli, qədim silahlı ucaboy, boqatır görkəmli gənclərin
bir-birinə ciddi və ehtiramla qədim sultanların
zamanında olduğu kimi müraciəti, hərbi raportu
çox ecazkar təsir bağışlayırdı.
Bursa şəhəri əfsanəvi Uludağı ilə
də məşhurdur. Ta Bizans dövründən zahidlərin
və yüksək təbəqənin istirahət mərkəzi
və bitki aləmi ilə zəngin olan Uludağ Bursaya
çox yaxındır. Şəhər kənarında
olması bitki aləminin qorunmasına şərait yaradıb.
Bir zamanlar Osmanlıların Keşiş dağı dedikləri,
indi isə "Qar cənnəti" adlandırılan
Uludağda dağ turizmi və dincəlmək
üçün əla şərait var. Özcan Dənizin
baş rolda çəkildiyi "İstanbullu gəlin "
filmindən tanıdığım Uludağı gedib görmək
xoşbəxtliyinə görə Tanrıya təşəkkürümü
bildirdim.
Gəzinti zamanı bir sürücü dedi ki, bir
zamanlar mərkəzi yoldan aşağı bütün sahələr
şaftalı bağları olub. Sonra şəhər
böyüdükcə bağların yerində məskunlaşma
genişlənib. Yeri gəlmişkən, otelin
qarşısındakı mağazadan hazır
qablaşdırılmış meyvələrdən aldıq.
Penoplast qabların üzəri şəffaf örtüklə
bağlandığı üçün alarkən meyvənin
necəliyini bilmədik. Otağımıza gələndə
aldığımız iki kiloqram meyvədən yalnız azca
üzüm yeyə bildik. Gavalı daş kimi bərk,
dadsız və içi çürük kimiydi,
şaftalı da onun kimi. Üzdən çox gözəl
görünən meyvələrin bu cür olması təəccüblüdür.
Yadıma bizim meyvələr düşdü: bal kimi dadlı,
qiyməti də münasib.
Fürsət düşdükcə axşam gəzintisinə
çıxırdıq. Həm təmiz hava alır, həm də
Uludağa qalxan dolama yollardan şəhərə
baxmağın zövqünü yaşayırdıq. Bizim
sevimli, nazlı xanım Lalə Mədətova xahiş etdi,
yolun kənarında - meymunalması ağacı var, onun meyvələrindən
bir neçəsini gətirək, dərman düzəltmək
üçün lazımdır. Geri qayıdanda alma boyda meyvələrdən
tapıb götürdük. Otelə az qalmış birdən
üç ədəd böyük it üstümüzə
cumdu. Düzü, mən heç vaxt itdən çəkinməmiş,
qorxmamışam, yanımdan sakit keçib gediblər. Burda isə
bərk qorxdum, çünki yad yerin itinin adamı
tutmağı bir macəralı hay-küyə səbəb
olar, həmçinin səhhətimizdə problem ola bilərdi.
Meymunalmalarını əlimizdə daş atmaq istəyən
adam kimi sazlayıb müdafiə olunmaq istədik. İncəvara,
itlər elə bil qonaq olduğumuzu başa düşdülər,
tez əl çəkdilər. Bu da dil öyrətmək cəhdindən
sonra yaşadığım ikinci macəra.
Üçüncü macəramız isə lap gözlənilməz
oldu. Bursadan ayrılmamıza bir gün qalmışdı. Gecə
gənclər otelin birinci mərtəbəsində şənliyə
yığışmışdılar, biz isə otaqda
gündüz gəzintisinin yorğunluğunu
çıxarırdıq. Birdən otaq yoldaşım Elmira
xanım:
- Vay, zəlzələ, - deyə həyəcanla bildirdi. Baxdım, televizor yerində
rəqs edir, tefal çaydan yırğalanır, divarlardan, pəncərədən
səs gəlir. Yerimdən dik atıldım, pəncərəni
açdım, əgər çox davam etsəydi, ikinci mərtəbədən
restoranın üstünə atılacaqdım. Kahramanmaraş
zəlzələsindən gözümüz qorub axı.
Yaxşı ki, silkələnmə tez ötdü. Sonra Elmira
xanım dedi, pəncərədən atılsaydın,
buraları zəlzələdən betər
dağıdardın. Restoranın nazik plastik tavanı
qırıq-qırıq olardı, zəlzələdən xəbəri
olmadan rəqs edən camaatın başına düşsəydin,
qiyamət qopardı. Daim yumorla danışan Elmira xanım hər
sözü ilə üzümü güldürürdü.
Sonra məlumatda oxuduq ki, 6 bal gücündə zəlzələ
olubmuş.
Hər il türk ölkələrinə səyahətləri,
gəzintiləri təşkil edən Dünya Türkləri
Koordinasiya Mərkəzinin başqanı İlqar
Türkoğlu bu səfərdə də
iştirakçıların rahatlığı
üçün, səyahətlərin daha gözəl
keçməsi üçün əlindən gələni əsirgəmədi.
Bu tədbirlərin ən yaddaqalan hissəsi türk dövlətlərindən
gəlmiş şair və yazıçıların, bəstəkar
və müğənnilərin çıxışları
idi. Qazaxıstan, Özbəkistan, Çuvaşiya,
Qırğızıstan, Kərkük və başqa türk
dövlətlərindən gəlmiş şairlər: Utkirbek
Muhamedov, Gülnar Rahimcan, Börübek Orazimbet, Ardak
İqenova, bəstəkar-müğənni Yasira
Zaxanqızı, Bolat Kurmanqajul, Amankul Bekşorayeva, Ayşa
Turmaqanbetova, Kulyaş Abişeva, Nurjamal Kubayeva,
Çuvaşıstan Xalq şairi Raisa xanım Sabri, şairlər
Alevtina, İrina xanım, Tatyana xanım, Gülmira Abikeeva, Riyaz Demirci,
Hüsameddin Debbağ, Adnan Uryan, bədii qiraətçi Arzu
Yılmaz Dağdemir, hərbçi xanımlarımız Aida
Şirinova, Əntiqə Qonaq, şair Hayrettin Yazıcı və
başqaları yaddaqalan çıxışları ilə səfərlərimizə
gözəllik qatırdılar. AHB TV-nin rəhbəri Rüfət
Muradlı, şairlər Cahit bəy Günay, Savaş bəy
Sarıkaya təbirləri mətbuatda
işıqlandırırdılar.
HƏCƏR
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.12;13.