Ana Kür
BİR SƏNƏDLİ FİLMƏ SÖZARDI
- Filmin xronometrajı 70 dəqiqədir dedilər.
Janrı da bilinmir.
- İnsan hekayələridir, ayrı-ayrı
insanların həyat hekayələri.
- Adı - metaforikdir yəni?
- Baxaq görək..
lll
20 il əvvəl "Space"də bərabər
çalışdığımız və illər ötsə
də, əvvəlki dost münasibəti qoruyub
saxladığımız Zulyayla - Üzlifət Qasımova ilə
ön cərgələrdə yerimiz yanaşı
düşür. Tamaşaçılar kinosalona yerləşənə
qədər hər şeydən danışırıq, film
barədə dialoqumuz isə elə bu qədər olur. Sonra?
Sonra sükut. Sonra iri planda Kür. Sonra arxa planda Kür.
Planlar dəyişsə də, Kür dəyişmir. Kür hər
planda var. Çünki bu məqamda Kür (haqqında film) həm
də Mədəniyyət Nazirliyinin iş planının nəticəsi
kimi təqdim olunur. Bu, həmin nazirlikdir ki, birinci şəxsi
ikicə gün əvvəl millətə səslənmişdi
- "Mədəniyyəti inkişaf etdirmək - yalnız nazirliyin öhdəliyi
deyil, mədəniyyət ortaq dəyərimizdir, onu
hamınız qorumalısınız". Xub, qoruyaq, elliklə
qoruyaq.
lll
"Baku Cinema Breeze" Nümayişləri
çərçivəsində təqdim olunan filmin qəhrəmanı
bizim Kürdür, Azərbaycanın şərqindən qərbinə
qədər yol gələn Kür çayı. Ədəbiyyatımızdakı
və kinomuzdakı Dəli Kürdən tam fərqli. Ölməz
İsmayıl Şıxlının gözəl qələmindən
çıxan "Dəli Kür" bir dövrün və
bir coğrafiyanın epopeyası idi. Cahandar ağa
bütöv obraz idi, Kürün sahilində Qazax mahalında
yaşayan bəylərdən biri - ötkəm, özünə
inamlı, sayılan-seçilən bir bəy. Və Cahandar
ağa xarakterinə tam bənzəyən başqa bir
varlıq da vardı romanda - Kür, dəli Kür, həm
coşqun və qəzəbli, həm lal və sakit, həm
sevimli, həm də vahiməli Kür. Kürün
kinomuzdakı ilk obrazı da ədəbiyyatdan ekrana adlayıb.
Hüseyn Seyidzadənin "Dəli Kür" filmindəki
Kür alleqorik obraz kimi romandakından çox da fərqlənmir.
Amma stop. Filmdəki Kürün həm də səsi var.
Cahangir Cahangirovun ölməz bəstəsi və
Gülağa Məmmədovun həzin ifası. Dünənəcən
Kürün ekran assosiasiyası məhz belə idi. Yeni film
artıq daşlaşmış bu stereotipi tamamən dəyişdi.
lll
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Kino Agentliyinin maliyyə dəstəyi,
İctimai Televiziyanın təşkilatçılığı
ilə "OD Media-Production" şirkətində istehsal
olunan filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifləri
Əkbər Nəcəf və Seyran Mahmudoğlu, operatoru Ziya
Babayev, redaktoru Esmira Əyyub, prodüserləri Seyran
Mahmudoğlu, Fariz Əhmədov və Yalçın
Verdiyevdir. Kürün hekayəsini səsləndirən Elxan Cəfərovdur.
lll
"Park Cinema Plame Towers"ə dəvət olunan
publika 70 dəqiqəlik sənədli filmi bir göz
qırpımında seyr etdi. İşıqlar sönəndə
güman edirdik ki, ayrı-ayrı insanların həyat hekayələrinə
tamaşa edəcəyik. O isə bir varlığın,
canlı bir varlığın, coğrafiyamız və
insanımız üçün çox vacib olan bir
varlığın həyat hekayəsi oldu. Bu hekayənin qəhrəmanı
odur - "Kür - çaylar anası".
Azərbaycanın və Qafqazın ən böyük
təbii axar su mənbəyi olan Kür çayının
başlanğıc nöqtəsini axtaran yaradıcı qrup
"Allahu əkbər" deyib də Türkiyədəki
Allahuəkbər dağ silsiləsinə yollanır.
Kürün Türkiyədəki ilk damladan süzülüb
Xəzərdə tamamlanan 1515 kilometrlik nəğməli
nağılı belə başlayır. Və
tamaşaçı suyun hərəkətini addım-addım
izlədikcə Kürün keçdiyi yaşayış məskənlərini
də görür, Kür sahilinin insanlarını da - fərqli
dillərdə danışıb fərqli dinlərə
sitayiş etsələr də, onları eyni bir sevda birləşdirir
- Kür sevdası.
Mən burada Seyran Mahmudoğlunun rejissorluq məharətindən
danışmaq istəyirəm.
Rejissorun nəzərində Kürün mənbəyindən
mənsəbinə qədər keçdiyi yol adi yol deyil, həm
əhali üçün ömür yoludur, həm də bu
coğrafiyanın dünənilə sabahı arasındakı
yaddaş, tarixi tale yoludur, zamanlar arası körpü,
bağ, əlaqə. Təbii sərvətlərə
etinasız münasibət üzündən çay bəzən
sakit, rəvan axır, bəzən enişli-yoxuşlu yollardan
keçir, bəzən coşqun selə dönür, bəzən
lal kanala. İnsanla təmasını qırmır amma,
qoruyur, münasibətini diri saxlayır, çaya baş vuran
yeniyetmələrə də, çayı nəsillərin
çörək ağacı sayan balıqçılara da,
qayığı suyun dibinə dirənən səyyahlara da,
çayın böhranlı durumunu şəxsi fəlakəti
hesab edən mütəxəssislərə də,
çayın lap mənbəyində, göz yaşı kimi təmiz
suyu ovuclayıb içən Seyranın özünə də
sevgilə yanaşır Kür. Və o sevgini
tamaşaçı da duyur - zövqlü operator işindən,
dronun quş baxışı mənzərəsindən, iri
plandakı çöhrələrdən, səliqəli
montajdan, ləzzətli interşumdan, məlumatlarla zəngin
kadrarxası mətndən, Elxan Cəfərovun ruha qida olan səsindən,
rejissorun qurduğu və qoruduğu, sonadək eyni nisbətdə
saxladığı insan-Kür paralelindən. Kür bu
coğrafiyada həm dostdur, həm yoldaş, həm gəlir mənbəyidir,
həm həyat eşqi.
"Kür - çaylar anası" Kür
qırağının sakinləri üçün həm də
bir dərs vəsaiti. Çayın, həm də bütün
bölgənin ekoloji problemləri, sənayedəki və kənd
təsərrüfatındakı balanssız bölgü,
iqtisadi rıçaqların işləməməsi və təbii
ki, qlobal istiləşmə problemi üzündən Kür
ciddi bəlalarla üz-üzə. Vəziyət o qədər
ciddi ki, elə olub Xəzərin suyu da axıb Kürə
dolub, o Xəzər ki öz suyu əməlli-başlı
çəkilməkdə, azalmaqdadır, yəni
dünyanın gərdişi bu ki, çərxi fələk tərsinə
dövran edir.. Klassiklərin deyimidir və hələ də
aktualdır. Heyhat.
lll
90-cı illərin ortalarıdı. Ölkənin
dörddə biri işğalda, əhalinin bir qismi
qaçqın-köçkün, didərgin... Kino
İttifaqında nəsə mühüm tədbirdi, dəqiq
xatırlamıram. Gərginlik. Qanqaraçılıq. Tədbir
bitdi və Rüstəm İbrahimbəyov camaatla dilucu sağollaşıb
başının dəstəsini də götürüb
nahara getdi. Rasim Ocaqovsa dilxor, qapqara qaralıb - bıçaq
vursan, qanı çıxmaz. Gördüm dolub,
saqqızını oğurlayıb müsahibə aldım.
Dedi: "Madaqaskarda kino var? Yoxdur. Bizdə də olmasın da.
Nədi? Dünya dağılacaq?"
Dili belə deyirdi, təbii ki, kinayəylə deyirdi.
Ürəyi isə - partlamaq dərəcəsində.
O görüşümüzdən sonra maestro "Hotel
otağı"nı çəkdi, son filmini.
Ay ötdü, il dolandı, o söhbətdən xeyli
vaxt keçdi. Azərbaycan kinosu elə ekosferamız kimi təlatümlü
günlər yaşasa da, məhv olmadı, nümunələr
az olsa da, yox deyil. Seyranın filmi bir daha göstərdi ki, bizdə
hələ kino var, köhnə ənənəsini bu gün
yaşada bilirik, elə çox güman, sabah da kino var olacaq -
Madaqaskardan fərqli olaraq bizdə var olacaq.
lll
Filmin premyerasında mədəniyyət
sferasının rəsmiləri də iştirak edirdilər. Mədəniyyət
nazirinin müavini Səadət Yusifova, ARKA-nın baş
direktoru Rəşad Əzizov, "Azərbaycanfilm"
kinostudiyasının direktoru Qurban Pirimov, Türkiyənin
Ardahan bölgəsindən Turizm və Kültür müdiri
Uğur Dədə, daha kimlər, kimlər. Üz ağardan
işləri ictimaiyyətə təqdim eləmək gözəl
hissdir, eləmi?
lll
Gözəl olan filmin
estetik yükündən başqa, həm də
tamaşaçıya ötürdüyü mesajlar idi. Kürə
sevdalı olanlar bir də əmin oldular ki, tarixin bu qiymətli
mirasını qorumaq lazımdır. Ki axar suyumuz gerçəkdən
qurumasın. Dünyada baş alıb gedən ekoloji fəlakətdən
torpağımız da xilas olsun, çayımız da,
dağımız-dərəmiz də, dənizimiz də.
Adına Təbiət dediyimiz bir bütövün
parçasıdır insan. Dünyanı xətt-xətt, sərhəd-sərhəd
bölsə də, fərqli məkanlarda fərqli bayraqlar
ucaldıb fərqli kimliklər daşısa da, sonucda tək
bir məkanı var Adəm oğlunun - Yer kürəsi.
"Kür çaylar anası" planetin minlərlə qan
damarlarından biri - Kür çayı haqqında
araşdırmadır - peşəkar, səviyyəli, əhatəli,
həm də gözəl, baxımlı, zövq oxşayan
araşdırma. Zəhməti keçənlərə - əhsən!
Lap əvvəldə xatırlatmışdım, mədəniyyət
naziri Adil Kərimli deyib ki, mədəniyyəti inkişaf
etdirmək - yalnız nazirliyin
öhdəliyi deyil, mədəniyyət ortaq dəyərimizdir,
onu hamınız qorumalısınız. Seyran Mahmudoğlu və
onun komandası uğurlu işlə mədəniyyət kisəsinə
öz payını verdi. Sırada daha nələr var? Zaman
göstərəcək.
Afaq VASİFQIZI
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.11.