Hadisəyə çevrilə bilməyən
mədəniyyət...
Son illər cəmiyyətimizin sənət
sferasına, mədəni həyatımıza kənardan
baxanda ilk baxışda nikbin mənzərə
görünür. Dolu təqvimlər, sıx afişalar,
sosial şəbəkələrdə tez-tez
rastlaşdığımız "festival", "beynəlxalq
layihə" elanları insanda sevinc və fərəh hissi yaradır.
Bir ay tamam olmamış növbəti ayın proqramı elan
edilir. Musiqi festivalları, teatr həftələri, kino
günləri, poeziya axşamları, kitab sərgiləri və
sair kimi tədbirlərlə mədəni həyat sanki durmadan
hərəkətdə imiş kimi təsir
bağışlayır. Amma bu hərəkətə
yaxınlaşdıqca, baş verən hadisələrin
içinə daxil olduqca orada qəribə bir durğunluq hiss
olunur. Çünki bütün bu tədbirlərin çox
azı doğrudan da hadisəyə çevrilir, yaddaşlarda
və sənət tariximizdə iz qoya bilir.
Hadisə anlayışı burada təsadüfi
söz deyil. Hadisə sadəcə keçirilmiş tədbir
demək deyil. Hadisə zamanın axarında dayanan, yaddaşda
iz buraxan, müzakirə doğuran, insanın baxış
bucağını dəyişən mədəni aktdır.
Bizdə isə çox zaman tədbir keçirilir, amma hadisə
baş vermir. Bu ikisi arasındakı fərq mədəni həyatımızın
əsas probleminə çevrilib.
lll
Məsələnin kökündə duran əsas
problemlərdən biri mədəniyyətin getdikcə "tədbir
mədəniyyəti"nə çevrilməsidir. Yəni mədəni
proses yox, konkret tarixdə baş tutan, şəkli çəkilən,
hesabatda adı keçən akt ön plana çıxır.
Tədbir keçirilir, iştirakçı siyahısı
hazırlanır, açılış nitqləri edilir,
bağlanış mərasimi olur və məsələ
bununla bitir. Ardınca vaxt itirmədən növbəti tədbirə
keçilir.
Bu yanaşmada mədəniyyət canlı proses
olmaqdan çıxır, inzibati mexanizmə bənzəyir.
Sanki mədəniyyət sahəsində əsas məqsəd
"nə qədər tədbir keçirdik?" sualına
cavab verməkdir, "nə yaratdıq?", "nə dəyişdi?",
"kim üçün etdik?", "kim bundan nə
qazandı?" sualları isə ikinci,
üçüncü, hətta bəzən lap sonuncu plana
keçir. Kolxoz dövründən bizə "yadigar"
qalan hesabat psixologiyası yaradıcılıq
düşüncəsini sıxışdırır.
Tədbirlərin sayı artdıqca onların hər
birinin dəyəri azalır. Çünki bolluq diqqəti
parçalayır. Tamaşaçı hər həftə eyni
tipli afişalarla qarşılaşanda, bir müddət sonra
onları fərqləndirməyi də dayandırır.
Festival anlayışı adi bir sözə çevrilir.
Halbuki festival istisna təşkil etməli, gündəliklikdən
çıxış nöqtəsi olmalıdır. Festival bir
şəhərdə, bir ölkədə elə səs
salmalıdır ki, ondan öncəki aylar ona
hazırlaşılmalı, ondan sonrakı aylar isə onun təsirlərindən
danışılmalıdır.
Festival mahiyyət etibarilə bayramdır, estetik hadisədir,
mədəni konsentrasiyadır. Festival zamanı
tamaşaçı gündəlik həyatın ritmindən
çıxır, başqa bir düşüncə rejiminə
keçir. Festival ələ aldığı mövzunu hərtərəfli
və uğurlu şəkildə təqdim etməli, öz
tamaşaçısına mənəvi zövq yaşatmaqla
yanaşı, onu bilgiləndirməli, ona ehtiyacı olanı
qazandırmalıdır. Təəssüf ki, bizdə festival
anlayışı getdikcə öz məsuliyyətini, ciddiyyətini
itirir. Festival artıq "ard-arda düzülmüş tədbirlər
paketi" kimi başa düşülür.
Bir çox festivallar konseptual çərçivədən
məhrumdur. Proqramda nə üçün məhz bu
tamaşalar, bu filmlər, bu musiqiçilər yer alıb, onu
heç kim bilmir, bu sualı ünvanlayanda da, aydın cavab
almaq mümkün olmur. Əgər keçirilən hər
hansı bir festivalın ideyası yoxdursa, o, sadəcə tədbirlər
toplusuna çevrilir. Tamaşaçı isə ideyasız tədbirlərlə
emosional bağ qura bilmir.
Üstəlik, festivalların çoxu bir-birinə bənzəyir.
Adlar dəyişir, loqolar yenilənir, amma mahiyyət eyni
qalır. Eyni sənətçilər, eyni repertuar, eyni
mövzular, eyni qonaqlar, eyni suallar, eyni performanslar dövr edir.
Bu isə mədəniyyətdə təkrarçılığı
dərinləşdirir. Artıq ən sadə insan belə
keçiriləcək festivalın proqramını az-çox
təxmin edə bilir, nəinki incəsənət xadimi, mədəniyyət
yazarı. Bu təkrarçılığa hadisə demək
düzgün olarmı?!
lll
Hadisəyə çevrilə bilməyən tədbirlərin
ən xarakterik cəhətlərindən biri riskdən
qorxmaqdır. On illərdir keçirilən az qala bütün
tədbirlərdə təhlükəsiz mövzulara
üstünlük verilir. Heç kimi narahat etməyən,
mübahisə yaratmayan, "hamının razı qala biləcəyi"
işlər seçilir, heç kimin etiraz etməyəcəyi,
daha doğrusu, etiraza gərək duymayacağı mövzular
seçilir. Axı bütün bunlarla yanaşı, onu da nəzərə
almaq lazımdır ki, mədəniyyətin tədbiətində
dialoq var. Fikir ayrılığı olmadan dialoqa nail olmaq isə
qətiyyən mümkün deyil.
Əsl mədəni hadisə insanı rahatlıq
zonasından çıxarır. O, tamaşaçını
düşünməyə, bəzən etiraz etməyə, bəzən
öz mövqeyini yenidən nəzərdən keçirməyə
vadar edir. Tamaşaçı ən azından baş verən
hadisəni sorğulayır, oradan nə qazandığı ilə
bağlı daxili müzakirə aparır. Bizdə isə
çox vaxt mədəni tədbirlər "xoş təsir
bağışlamaq" məqsədi daşıyır.
Tamaşaçı tədbirdən çıxanda sadəcə
"pis deyildi" deyirsə, bu, artıq təhlükəli
siqnaldır.
Riskdən qaçmaq təkcə mövzularla
bağlı deyil, həm də formalardadır. Eksperimental
işlərə az yer verilir. Yeni adlar, yeni dillər, yeni
estetik axtarışlar çox zaman kənarda qalır.
Çünki sınaq uğursuzluq riski daşıyır.
Lakin onu da nəzərə almaq lazımdır ki,
uğursuzluqdan qorxan mədəniyyət inkişaf edə bilməz.
lll
Bir başqa ciddi məsələ auditoriya ilə
bağlıdır. Mədəniyyət tədbirlərinin, sənət
görüşlərinin böyük hissəsi konkret
auditoriya təsəvvürü olmadan təşkil olunur.
"Hamı üçün" anlayışı isə əslində
heç kim üçün deməkdir. Nəticədə tədbirlərin
tamaşaçı dairəsi daralır və eyni simalar bir tədbirdən
digərinə keçid edir.
Mədəniyyət cəmiyyətin müxtəlif təbəqələri
ilə dialoq qurmağı bacarmalıdır. Bu dialoq isə
planlı şəkildə
formalaşdırılmalıdır. Gənclər
üçün ayrıca dil, peşəkarlar
üçün ayrıca yanaşma, geniş ictimaiyyət
üçün başqa formatlar tapmaq bu işin ən vacib, ən
önəmli şərtlərindən biridir. Bizim mədəni
tədbirlərimizdə isə çox vaxt bütün
auditoriyalar üçün eyni format seçilir. Bu isə
heç bir auditoriyanı tam qane etmir.
Tamaşaçı ilə münasibət yalnız
bilet satmaqla bitmir. Tamaşaçıya düşünmək
üçün zəmin yaratmaq, onu prosesə cəlb etmək
lazımdır. Əks halda tamaşaçı passiv
müşahidəçiyə çevrilir ki, passiv
müşahidəçi də hadisənin
iştirakçısı deyil. Bütün bu proses nəticədə
bilet satışına da təsir edir. Eyni tədbirə dəfələrlə
baxan tamaşaçı bir yerdən sonra bilet almaqdan imtina
edir və ona artıq maraqlı olmur. Çünki o bu
proqramı, ya da buna çox bənzərini daha öncə dəfələrlə
görüb.
lll
Hadisəyə çevrilməyən tədbirlərin
bir başqa ortaq xüsusiyyəti mediada zəif təmsil olunmasıdır.
Daha doğrusu, mətbuatda xəbər var, amma iz yoxdur. Rəsmi,
quru, 3-4 cümləlik press-relizlər paylaşılır,
açılışdan şəkillər yayımlanır, rəsmi
sitatlar verilir və məsələ bununla da bitmiş hesab
olunur. Günlərlə, bəlkə aylarla
hazırlaşılan, külli miqdarda vəsait hesabına
araya-ərsəyə gələn tədbir sonra 3-4 cümləlik
adi xəbər mətni səviyyəsində qalır, mədəni
diskurs yarada bilmir.
Mədəniyyət haqqında tənqid, analiz, polemika
azdır. Tədbirlər müzakirə olunmur, yalnız elan
edilir. Halbuki hadisə məhz müzakirə zamanı
formalaşır. Bir tamaşa haqqında fərqli fikirlər
yaranırsa, bir sərgi haqqında ziddiyyətli
baxışlar varsa, bu, artıq mədəni prosesdir. Deməli,
həqiqətən də hərəkət var, nəyisə dəyişmək,
nəyisə daha yaxşı edə bilmək naminə
atılan addımlar var.
Son zamanlar cəmiyyətimizdə tənqid qorxulu
sözə çevrilib. Sanki tənqid mədəniyyətə
zərər verərmiş kimi qəbul olunur. Halbuki tənqid
inkişafın əsas şərtidir. Tənqidsiz mədəniyyət
öz-özünü təkrarlamağa məhkumdur.
lll
Gündən-günə müasirləşən,
gözəlləşən, hər gün bir festivala, bir tədbirə,
bir beynəlxalq layihəyə ev sahibliyi edən
Bakımızda bir əlin barmaq sayını keçməyəcək
qədər məkan var ki, mədəni tədbirlərin əksəriyyəti
həmin o eyni məkanlarda keçirilir. Bu, bir tərəfdən
praktikdir, amma digər tərəfdən mədəniyyətin
məkanla dialoqunu zəiflədir. Axı məkan təkcə
fiziki yer deyil, o həm də simvolik məna daşıyır.
Hadisə məkanla uyğunlaşanda onun mahiyyəti daha da
artır, genişlənir, güclənir.
Təsadüfi seçilmiş məkanlar tədbirin təsir
gücünü azaldır. Mədəniyyət məkanı
düşünülmüş seçim tələb edir.
Festival şəhərin ritminə qarışmalıdır,
şəhəri dəyişməlidir. Amma bizdə çox
vaxt mədəniyyət şəhərin kənarında,
öz qapalı dünyasında qalır.
Bütün bu problemlərin fonunda əsas sual dəyişmir:
niyə bu qədər çox tədbirin içərisində
hadisə az yaranır? Çünki diqqət kəmiyyətə
yönəlib. Daha çox tədbir, daha çox proqram, daha
çox ad... Unutmaq olmaz ki, mədəniyyət riyaziyyat deyil.
Burada çoxluq həmişə üstünlük demək
deyil.
Bəlkə də ildə onlarla festival keçirməkdənsə,
bir neçə konseptual, dərin
düşünülmüş tədbir təşkil etmək
daha effektli olardı. Bəlkə də hər layihəni
"beynəlxalq" adlandırmaq əvəzinə, onu yerli
kontekstlə daha dürüst əlaqələndirmək
lazımdır. Çünki mədəniyyət qlobal olmaq
üçün əvvəlcə lokal olmalıdır.
lll
Hadisə planla tam idarə olunan şey deyil. Amma onun
yaranması üçün şərait və imkanları təşkil
etmək olar. Bunun üçün cəsarət,
dürüstlük, kreativlik və uzunmüddətli
düşüncə lazımdır. Hadisə yalnız bir
günlə məhdudlaşmır. O, əvvəlcədən
suallar yaradır, sonra isə cavabları müzakirəyə
açır.
Əsl hadisə tamaşaçını dəyişdirir.
O, tədbirdən çıxanda əvvəlki kimi qalmır.
Bu dəyişiklik çox az, çox kiçik də ola bilər,
amma hiss olunması kifayətdir. Mədəniyyətin əsas
gücü də hiss olunan həmin o dəyişiklikdir.
Fikrimcə, festival bolluğu içində itib-batan mədəniyyət
yox, az, amma mənalı, cəsarətli, kreativ
düşüncə doğuran tədbirlərə daha
çox ehtiyacımız var.
Mədəniyyət vitrin deyil, güzgüdür. O
güzgüdə cəmiyyət hətta bəzən
xoşuna gəlməyən tərəfləri ilə belə
özünü görməlidir. Hadisəyə çevrilməyən
mədəniyyət tədbirləri isə bu
güzgünü bulanıq saxlayır. O bulanıqlıq
içərisində nə özünü görə bilirsən,
nə cəmiyyətini, nə də gələcəyini.
Əgər mədəniyyət həqiqətən
yaşamalıdırsa, o, səs-küy salmaq üçün
yox, iz buraxmaq üçün çalışmalıdır.
Özündən sonra iz buraxmağın əsas yolu isə
bir işi ələ alarkən "biz bunu niyə edirik və
kim üçün edirik?" sualını ortaya qoymaq və
hər şeyi məhz bu sual ətrafında
hazırlamaqdır. Bu sual olmadıqca, yenə də tədbir
çox, hadisə də yox olaraq qalacaq...
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.10.