80 yaşlı
Ter-Petrosyan yenidən siyasi səhnədə: Onun hansı
ambisiyası var?
Ermənistanda parlament seçkilərinin
yaxınlaşması siyasi səhnədə gərginliyi
artırmaqdadır. Xüsusilə ölkəyə rəhbərlik
etmiş sabiqlər yenidən fəallaşmağa
başlayıblar. Seçkilər yaxınlaşdıqca gərginliyin
pik həddə çatacağı istisna edilmir. Din xadimlərinin
siyasi proseslərə qatılması, müxalifət adı
ilə revanşistlərin, sabiq cinayətkar xunta rəhbərlərinin
meydanda olması onu deməyə əsas verir ki, onlar həm də
bəzi xarici dairələrin göstərişlərini yerinə
yetirirlər.
Vaxtilə siyasətdən çəkildiyini bəyan
etmiş birinci prezident Levon Ter-Petrosyan da iddialı
görünür. O, 1991-1998-ci illərdə Ermənistan
prezidenti olub. 80 yaşlı Ter-Petrosyan bir neçə gün
əvvəl Ermənistan Milli Konqresinin (EMK) sədri
seçilib. Qurultay nümayəndələri onun siyasi
qüvvənin lideri kimi qalmasını dəstəkləyərək,
EMK-nın sədri kimi səlahiyyətlərini təsdiqləyiblər.
Ermənistan Milli Konqresi 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi
altında 13 müxalifət partiyasının bloku kimi
yaradılıb, 2013-cü ildə isə vahid partiyaya
çevrilib.
Son aylar ərzində Levon Ter-Petrosyanın Rusiyanın
Ermənistandakı səfiri Sergey Kopırkinlə
görüşləri də suallar yaradır. Ötən həftə
sonu birinci prezident şəxsi iqamətgahında səfirlə
görüş keçirib. Ter-Petrosyanın mətbuat katibi
Arman Musinyan bildirib ki, söhbət zamanı Ermənistan-Rusiya
münasibətlərinin hazırkı vəziyyəti və
onların inkişafı və möhkəmlənməsi
perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb. Bundan əvvəl isə Ter-Petrosyan sentyabrda
Rusiya səfiri ilə görüşüb.
Siyasi müşahidəçilər bu cür
görüşlərin keçirilməsini Ermənistanın
Moskvanın təsir dairəsinə qaytarılması, Moldova
ssenarisinin təkrarlana biləcəyi ehtimalı ilə izah
edirlər.
Onu da qeyd edək ki, hələ sentyabrda Paşinyanla
Ter-Petrosyan arasında davam edən gərginlik fonunda Baş
nazir Nikol Paşinyan sosial media hesabında birinci prezidenti siyasi
arenada ardıcıl mövqe sərgiləməməkdə
ittiham edib: "Hörmətli Levon Ter-Petrosyan! 1996-cı ildə
seçkilərin nəticələrindən, 1998-ci ildə
hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən
qaçdınız. İndi isə anlayıram ki, yenə də
harasa getmək istəyirsiniz, lakin artıq qaçmağa yer
tapa bilmirsiniz. Əslində, buna ehtiyac da yoxdur. Sadəcə
olaraq, sakitləşin və Ermənistanda bərqərar
olmuş dinc həyatınızdan zövq alın.
Hamımıza xoş gün arzulayıram".
EMK lideri digər sabiq həmkarları - Köçəryan-Sarkisyan
cütlüyü ilə də gərgin münasibətlərə
malikdir. O, vaxtilə açıqlamalarının birində
deyib: "Koçaryan-Serj rejiminin idarəçiliyinin nəticəsi
Ermənistandan 1 milyon adamın mühacirətinə səbəb
olub. Dünyadan "erməni soyqırımı"nı
tanımağı tələb edən insanlar öz ölkələrində
soyqırımı həyata keçirirlər. Xahiş edirəm
diqqət yetirəsiniz ki, bunu mən yox, Serj Sarkisyanın təyin
etdiyi fövqəladə və səlahiyyətli səfir
Şarl Aznavur deyib. Rejimin fəaliyyətinin mühacirlikdən
başqa daha bir nəticəsi korrupsiyadır... Ermənistanın hazırkı
hakimiyyətinin daha bir cinayəti ölkə vətəndaşlarının
müdafiəsiz qalmasıdır. Problemlər yarandıqda,
insanlar polisə və ya məhkəməyə müraciət
etməkdən çəkinirlər".
Göründüyü kimi, Ermənistanda siyasi ziddiyyətlər
dərinləşir. Bəs Levon Ter-Petrosyanın birdən-birə
yenidən fəallaşması, Rusiya səfiri ilə aktiv təmasları
nədən isəli gəlir? Ter-Petrosyan hakimiyyətə
iddialıdır və onun belə bir şansı var?
Milli Məclisin deputatı Rasim Musabəyov
"525"ə şərhində deyib ki, Levon Ter-Petrosyan
kimi yaşı 80-ə çatan şəxsin hakimiyyətə
qayıdışı qeyri-mümkündür: "Sadəcə
olaraq onun partiyası seçkilərdə parlamentə
keçməyə çalışacaq. İndi partiyaya real rəhbərlik
edən şəxs vaxtilə Ter-Petrosyanın köməkçisi
olmuş və ən yaxın adamı Levon Zurabyandır.
Parlamentdə yer əldə etmək istəyirlər, amma
Ter-Petrosyanın aktiv siyasətə qayıdışı
düşünürəm ki, qeyri-mümkündür. Yaş
amili həlledicidir, həmçinin Ter-Petrosyan onu da yaxşı
anlayır ki, reytinqi siyasətdə gəlib söz sahibinə
çevrilmək üçün kifayət deyil. Reytinqi bir
neçə faiz arasındadır".
Ermənistanın birinci prezidentinin seçkilərdə
kimə dəstək verə bilməsinə gəlincə,
R.Musabəyov deyib: "Ter-Petrosyanın vəziyyətinin
çətinliyi ondan ibarətdir ki, nə Paşinyana dəstək
vermək istəyindədir, onun tənqidçisidir, nə də
Sarkisyan və Köçəryanla da tərəfdaş kimi
çıxış etməsi məqbul deyil. Ona görə də
həmişə kənarda qalır. Ümumiyyətlə,
parlamentə keçmək ehtimalları çox cüzidir.
Ortaya Köçəryana və Paşinyana yaxın olmayan
hansısa bir koalisiya çıxsa, Ter-Petrosyan tərəfdarlarını
özlərinə qatmaq istəyində olsalar, bəlkə də
hansısa şans əldə edə bilərlər. Blok
çərçivəsində keçmək
üçün gərək 7 faiz səs toplayasan, təkbaşına
partiya kimi isə 5 faiz tələb olunur. Onlar 5 faiz səs
yığa bilmirlər. Amma indi kimləsə koalisya şəklində
seçkiyə getdiyi halda, 7 fazilik barajı keçmək
lazımdır. O da
müşkül bir məsələdir".
Ter-Perosyanla Rusiya səfirinin görüşünə
gəlincə, deputat hesab edir ki, Rusiya səfiri
çalışır bütün siyasi mənzərini əhatə
etsin: "Ter-Petrosyan erməni siyasi səhnəsində
nüfuzlu bir şəxsdir, çəkisi həlledici olmasa
belə, amma sözü eşidilir, müəyyən təsirə
malikdir, ona görə Rusiya səfirliyi bu görüşləri
keçirir. Anlayırlar ki, gedib Köçəryanla,
Sarkisyanla görüşəndə Nikol Paşinyan hökumətində
böyük qıcıq yaradır, hakimiyyət
Ter-Petrosyanı özünə elə də təhlükə
yaradan rəqib kimi görmür. Ona görə də bu
cür görüşlərə göz yumurlar".
Bu arada qeyd edək ki, Ermənistan gələn il
keçiriləcək parlament seçkilərində xarici
müdaxilənin qarşısının alınması
üçün Avropa İttifaqından yardım istəyib.
Avropa İttifaqı artıq Ermənistana qonşu ölkələrdən
dezinformasiya və müdaxilə kampaniyalarının
qarşısını almaq üçün 15 milyon avro
ayırıb.
R.Musabəyov Ermənistanda mümkün seçki təhdidləri
ilə bağlı bildirib ki, Moldovada bu hal müşahidə
edildi, Rusiyadan bir şəbəkə yaradılmşdı, həmin
şəbəkə vasitəsilə eyni zamanda pulla
seçiciləri ələ alaraq Maya Sandu hökumətinə
qarşı səsverməyə sövq etmişdilər:
"Bunun müqabilində Avropa İttifaqı nəzərə
aldı ki, bir çox Moldova vətəndaşı
Avropadadır, maliyyə ayırdı. Hökumət bunu edə
bilmirdi, amma Aİ öz maliyyəsi ilə seçki məntəqələri
yaratdı və xaricdə olan Moldova vətəndaşlarının
səsvermə hüquqlarından faydalanmalarını təmin
etdi. Nəticə isə belə oldu ki, Sandu öz ərazisində
seçkiləri uduzdu, amma xarici səslər hesabına
seçkiləri uddu və bununla da parlamentdə
çoxluğu saxlaya bildi. Eyni zamanda, ruspərəst qüvvələr
hansılar ki, pulla camaatı ələ almaq istəyirdilər,
Moldovada onların da qarşısı xeyli alındı.
İndi də bilirlər ki, Rusiya milyarderləri diasporanı fəallaşdıraraq
öz məqsədlərinə çatmaq istəyirlər.
Ermənistanda seçicilərin 60 faizi heç bir siyasi
qüvvəyə dəstək vermək istəyində deyil.
İndi onlar 200-300 min nəfərin pul müqabilində
seçkilərə gətirib, Rusiyanın istədiyi
partiyalara səs vermələrini təmin etməklə
seçkilərin nəticəsini dəyişə bilərlər.
Adambaşı 100 dollardan 200-300 min səs 30 milyon dollar pul
edir. Elə də böyük vəsait deyil. Sadəcə
olaraq o pulları çatdırmaq məsələsi var. Elə
bir şəbəkə qurulmalıdır ki, onun vasitəsilə
həm pul çatsın, həm də istədikləri nəticəni
əldə etsinlər. Hiss olunur ki, bunun üçün daha
çox dini şəbəkədən istifadə etməyə
çalışırlar. Onsuz da hər bir kənddə bir
keşiş var, o keşiş daim insanlarla əlaqədədir,
yoxsullara yardımlar çatdırır, kimlərsə
yardım gətirirsə, o da kilsə vasitəsilə
çatdırılır. Onların gedib kimlərəsə
"filankəsə seçkidə dəstək ver, əvəzində
pul, yaxud ərzaq yardımı alacaqsan" demələri ilə
seçkilərin nəticələrinə təsir etmələri
mümkündür. Ona görə də Paşinyan milyarderləri
həbs edib, keşişlərin də başın o dərəcədə
öz problemlərinə qatır ki, onlar bu cür şəbəkə
yaradıb, seçkilərə qoşulmağı
ağıllarından çıxarsınlar. Mübarizə
gedir, hər tərəf öz imkanlarından istifadə etmək
istəyir, amma Avropa İttifaqı o cümlədən
Rusiyadan həm təbliğatı, həm maliyyə
imkanlarından istifadə edərək seçkilərə təsir
imkanlarının qarşısını almaq
üçün Paşinyana maliyyə dəstəyi də verə
bilər. Artıq bu məqsədlə də 15 milyon avro
ayrılıb".
Pərvanə
525-ci qəzet .- 2025.- 16 dekabr (№229).- S.5.