Firudin Qurbanov: “Təhsil sistemi gənclərin dini
dünyagörüşünün düzgün
formalaşmasında həlledici rol oynayır”
Təhsil sistemi gənclərin dini
dünyagörüşünün düzgün
formalaşmasında həlledici rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil
nazirinin müavini Firudin Qurbanov dekabrın 15-də Elm və Təhsil
Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin birgə təşkilatçılığı
ilə keçirilən “Dini düşüncə mədəniyyəti:
pedaqoji perspektivlər” mövzusunda konfransda
çıxışı zamanı bildirib.
Nazir müavini vurğulayıb ki, təhsil prosesinin əsas
məsuliyyəti yalnız bilik və bacarıqların verilməsi
ilə məhdudlaşmır, eyni zamanda, milli-mənəvi dəyərlərin
gənc nəslin dünyagörüşünə sistemli
şəkildə daxil edilməsini tələb edir. Onun
sözlərinə görə, dinin düzgün təqdim
olunması cəmiyyətin sağlam inkişafı
üçün vacib məqamlardandır: “Dini zorla təbliğ
etmək olmaz. Əsas məqsəd onu düzgün təqdim
etmək, mənəvi dəyərlərin tədris prosesində
sağlam şəkildə formalaşdırılmasına
şərait yaratmaqdır”.
Firudin Qurbanov müasir informasiya mühitində dini
kontentin çox zaman məqsədyönlü manipulyasiyaya məruz
qaldığını diqqətə çatdırıb.
Sosial şəbəkələrdə yanlış, xurafat və
radikal düşüncələrə söykənən məlumatların
gənclər üçün risk yaratdığını
qeyd edən nazir müavini bildirib ki, təhsilin rolu burada
xüsusilə əhəmiyyətlidir: “Qloballaşma və rəqəmsallaşma
həm insan kapitalının inkişafına müsbət təsir
edir, həm də yanlış dini narrativlərin
yayılması üçün zəmin yaradır. Bu səbəbdən
təhsil sistemi dini mədəniyyətin doğru təqdim
edilməsində etibarlı platforma kimi çıxış
etməlidir”.
Onun sözlərinə görə, orta və ali təhsil
müəssisələrinin dərs proqramlarında dini
komponentə xüsusi diqqət ayrılıb. “Təhsil müəssisələrində
diqqət təkcə dini ənənələrin maddi
nümunələrinə yönəlmir. Əsas vurğu mənəvi-əxlaqi
dəyərlərin tədrisinin gücləndirilməsinə,
nəsildən-nəslə ötürülən dəyərlərin
elmi-metodik çərçivədə şagirdlərə
çatdırılmasına edilir”.
Firudin Qurbanov çıxışının sonunda
qeyd edib ki, pedaqoji yanaşmaların yenilənməsi və
dini düşüncə mədəniyyətinin təhsil
sistemi vasitəsilə sağlam formada təbliği cəmiyyətin
ideoloji təhlükəsizliyinin mühüm tərkib hissəsidir:
“Bugünkü konfrans bu istiqamətdə yeni perspektivlər
açır və təhsil sisteminin bu sahədə rolunun
daha da gücləndirilməsi üçün mühüm
platforma yaradır”.
525-ci qəzet .- 2025.- 16 dekabr (¹229).- S.4.