Əməkdar incəsənət xadimi İmruz Əfəndiyevanın
90 illiyi münasibətilə kitab sərgisi hazırlanıb
Milli Kitabxanada Əməkdar incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor,
musiqişünas alim İmruz Əfəndiyevanın 90 illik
yubileyi münasibətilə “Əməkdar incəsənət
xadimi İmruz Əfəndiyeva – 90” adlı kitab sərgisi
istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin əsərləri,
Azərbaycan bəstəkarlarının
yaradıcılığına həsr edilmiş tədqiqat
işləri, elmi-tədqiqat və publisistik məqalələrin
toplusu, tərtibçi, rəyçi və elmi redaktor
olduğu Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,
dövri mətbuat materialları nümayiş edilir.
İmruz Məmməd Sadıx qızı Əfəndiyeva
1935-ci il dekabrın 16-da Bakıda anadan olub. O,
musiqişünas və pedaqoq kimi 1960-cı ildən
başlayan fəaliyyəti ilə musiqi sənətinə və
musiqi elminə bir çox dəyərli töhfələr
verib. O, musiqişünas kimi musiqinin bir sıra janrları
üzərində tədqiqatlar aparıb, öz elmi əsərləri
və axtarışları sayəsində 300-dən artıq
qəzet və jurnal məqaləsinin, populyar oçerklərin,
tədqiqatların, dərsliklərin, kitab və
monoqrafiyaların müəllifidir.
Professorun müxtəlif illərdə Azərbaycan bəstəkarlarının
yaradıcılığına həsr edilmiş tədqiqat
işləri, o cümlədən, "Bəstəkar Telman
Hacıyev", "Sevda İbrahimovanın
yaradıcılığında uşaq musiqisi", eləcə
də Tofiq Quliyev, Emin Sabitoğlu, Tofiq Bakıxanov, Oqtay Rəcəbovun
yaradıcılıq portretləri və s. 2005 - ci ildə
uğurla müdafiə etdiyi "Vasif Adıgözəlovun
yaradıcılığı milli ənənələr
kontekstində" adlı doktorluq dissertasiyası xüsusilə
diqqətəlayiqdir.
Professor İmruz Əfəndiyevanın rəhbərliyi
altında bir neçə alimlər yetişib.
O, 2008-ci ildə Əməkdar incəsənət
xadimi fəxri adına layiq görülüb, 2019-cu ildən
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.9.