Azərbaycan və BMT-nin
Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq
müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli ilə BMT-nin Sivilizasiyalar Alyansının
(UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos arasında ikitərəfli
görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə
BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq
münasibətləri və bu əməkdaşlığın
gələcək inkişaf istiqamətləri ətrafında
fikir mübadiləsi aparılıb. Növbəti il Bakı
şəhərində UNAOC-un tərəfdaşlığı
ilə keçirilməsi planlaşdırılan VII
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun təşkili məsələləri müzakirə
olunub. Eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının XII Qlobal
Forumunun 2027-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünün
UNAOC Dostlar Qrupu ilə birgə müzakirə edilməsi barədə
razılıq əldə edilib.
Tərəflər “Bakı Prosesi” çərçivəsində
formalaşmış tərəfdaşlığın beynəlxalq
mədəniyyətlərarası dialoqun təşviqində
mühüm rol oynadığını vurğulayıblar.
Müzakirələr zamanı Azərbaycanın
UNAOC-la birgə həyata keçirdiyi təşəbbüslər,
o cümlədən əvvəlki illərdə təşkil
olunmuş beynəlxalq forumlar, cari dövrdə keçirilən
tədbirlər və növbəti mərhələdə
planlaşdırılan forumlar barədə fikir mübadiləsi
aparılıb. Bu platformaların multikultural dəyərlərin
təşviqi, dini və mədəni
dözümlülüyün möhkəmləndirilməsi baxımından
əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə, həmçinin qlobal
çağırışlar fonunda mədəni
diplomatiyanın rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığın
genişləndirilməsi və gələcəkdə birgə
layihələrin həyata keçirilməsi imkanları
müzakirə olunub.
Tərəflər Azərbaycan ilə UNAOC arasında əməkdaşlığın
bundan sonra da qarşılıqlı hörmət və ortaq dəyərlər
əsasında inkişaf etdirilməsinin vacibliyini ifadə
ediblər.
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.9.