Ölümsüzləşən qəhrəman
Tariximizin ən şərəfli səhifələrindən
biri olan 44 günlük Vətən müharibəsi Azərbaycan
xalqının həm birliyini, həm də yenilməz ruhunu
bütün dünyaya nümayiş etdirdi. Bu savaşda minlərlə
igid oğullarımız canlarından keçərək illərlə
işğal altında qalan doğma Qarabağımızı
azad etdi, xalqımıza qürur, birlik və Zəfər
sevinci bəxş etdi. Hər biri Vətən torpağı
üçün canından keçməyə hazır olan bu
qəhrəmanlar sırasında Cəlilabadın Üçtəpə
kəndində dünyaya göz açmış Elməddin Vəlişovun
adı xüsusi hörmət və sevgi ilə çəkilir.
Mərdliyi, fədakarlığı və yüksək mənəvi
keyfiyyətləri ilə seçilən Elməddin şəhidlik
zirvəsinə ucalanda cəmi 24 yaşında idi. Onun
qısa, lakin şərəfli ömür yolu
yaşının ölçülərinə sığmayan
bir qəhrəmanlıq məktəbi, gələcək nəsillərə
nümunə olacaq bir igidlik dastanı kimi tarixə
yazıldı.
Vətənə sonsuz sevgi ilə yaşayan Elməddin
Vəlişov ömrünü böyük məqsədlərə
həsr etmişdi. O, həyatının hər anında
torpağa, bayrağa, millətə
bağlılığını davranışı ilə
göstərir, vətənpərvərliyi ilə ətrafındakı
insanlara örnək olurdu. Şəhidimizin "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Qubadlının azad olunmasına görə"
və "Cəsur döyüşçü"
medalları ilə təltif edilməsi onun keçdiyi şərəfli
döyüş yolunun, dönməz iradəsinin və Vətən
sevgisinin rəsmi təsdiqidir. Bu medallar Elməddinin ruhunda
daşıdığı uca dəyərlərin, millətinə
olan sədaqətinin simvoludur.
Uşaqlıqdan saf qəlbli, mehriban, yardımsevər
olan Elməddin həyatı sevir, insanlara yaxşılıq
etməyi bir vəzifə hesab edirdi. O, ordu sıralarında
xidmət etdiyi dövrdən etibarən davranışı, mədəniyyəti
və şücaəti ilə həm əsgərlərin, həm
də zabitlərin dərin hörmətini
qazanmışdı. Snayper kimi fəaliyyət göstərən
Elməddin hərbi təlimlərdə çevikliyi, iti zəkası
və cəsarəti ilə seçilir, qarşıda onu
hansı çətinliklərin gözləməsindən asılı
olmayaraq torpaqlarımızın azadlığı uğrunda
mübarizəyə hazır olduğunu hər zaman
nümayiş etdirirdi.
2016-cı ildə ordudan tərxis olunduqdan sonra da Elməddin
həyatda doğru yoldan ayrılmadı. O, bir müddət
ilahiyyatçı kimi çalışaraq insanlara
dürüstlük, mərhəmət, vəfa, halal
davranış və Vətən sevgisi kimi dəyərləri
aşılayırdı. Cəlilabad rayonunda onun barəsində
yalnız xoş sözlər deyilirdi. Elməddinin təmiz qəlbi,
nurlu siması, geniş ürəyi və səmimiyyəti onu
tanıyan hər bir insanın yaddaşında dərin iz buraxmışdı.
Lakin illər ötüb keçsə də,
Qarabağın nisgili Elməddinin qəlbində bir an belə
sönmədi. Torpaqlarımızın işğal altında
qalması, şəhər və kəndlərimizin viran edilməsi,
minlərlə şəhidin yarımçıq qalmış
arzusu ona rahatlıq vermirdi. 2020-ci ilin Tovuz hadisələri
zamanı Elməddin tərəddüd etmədən yenidən
hərbi səfərbərliyə müraciət etdi və
döyüşlərdə iştirak etmək
üçün könüllü yazıldı. Onun qərarı
düşünülmüş, iradəsi isə sarsılmaz
idi - torpaq azad olunmalı, haqq öz sahibinə qayıtmalı
idi.
İkinci Qarabağ müharibəsi başlanan kimi Elməddin
snayper kimi Füzuli istiqamətində döyüşlərə
qatıldı və düşmənə ilk ağır zərbələrin
endirilməsi prosesində xüsusi rol oynadı. Cəbrayıl
uğrunda gedən çətin və təhlükəli
döyüşlərdə onun göstərdiyi şücaət
komandanlıq tərəfindən yüksək qiymətləndirildi.
Elməddin həmin torpağa üçrəngli
bayrağımızı sancan qəhrəmanlardan biri kimi tarixə
düşdü. Daha sonra Xocavənd istiqamətində gedən
döyüşlərdə də onun cəsarəti
düşmən üçün kabusa çevrilmiş,
snayper kimi dəqiq atışları ilə çoxsaylı canlı
qüvvə və texnikanı sıradan
çıxarmışdı.
Elməddinin son döyüş yolu isə Qubadlı
istiqamətinə uzandı. O, burada da eyni cəsarət, eyni məğrurluq
və eyni sədaqətlə savaşdı. Qələbəyə
yalnız bir addım qalmış, millətimizin taleyində
dönüş nöqtəsi olan həmin anlarda Elməddin
arzusuna - şəhidlik zirvəsinə ucaldı. Onun bu fədakarlığı
Azərbaycan xalqının yaddaşına əbədi həkk
olundu.
Bu gün Elməddin Vəlişovun ömür yolu Azərbaycan
gəncliyi üçün əsl vətənpərvərlik
dərsidir. Onun adı qürurla çəkilir, xatirəsi
ehtiramla yad olunur. Elməddin kimi qəhrəmanların göstərdiyi
şücaət sayəsində xalqımızın
başı dik, bayrağımız isə hər zaman
ucalardadır. O, yalnız ailəsinin deyil, bütün Azərbaycanın
oğlu, bütöv bir millətin qürur mənbəyidir.
Elməddin Vəlişov xalqımızın qəlbində
daim yaşayacaq, onun ruhu isə Vətən göylərində
bir ulduz kimi əbədi parlayacaq.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 23 dekabr (№234).- S.14.