Növbəti humanizm
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti
İlham Əliyev növbəti dəfə amnistiya elan edilməsi
təşəbbüsünü irəli sürüb. Bu, bir
daha humanizm, mərhəmət prinsiplərinin, vətəndaşa
qayğının dövlət başçısının
fəaliyyətində əsas yer tutduğunu göstərir.
Prezidentin bu təşəbbüsü “Konstitusiya və
Suverenlik İli”ndə insanlarımıza böyük bir hədiyyədir.
Dövlət başçısı suverenliyimizin bərpasının,
Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin
bütün ərazilərində bərqərar
olunmasının xalqımızın ən böyük tarixi
qələbəsi olduğunu nəzərə alaraq, humanizm və
mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan
azad etmənin tərbiyəvi əhəmiyyətinə
inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara
dönmədən əməl edəcəklərinə və
dövlətimizin inkişafına öz töhfələrini
verəcəklərinə ümid edərək amnistiya elan
edilməsi təşəbbüsünü irəli
sürüb. Amnistiya aktının layihəsinə əsasən,
Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda aparılan döyüş əməliyyatlarında,
o cümlədən Vətən müharibəsində və
2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror
əməliyyatında iştirak etmiş şəxslərin,
eləcə də bu əməliyyatlarda həlak olmuş və
ya xəbərsiz itkin düşmüş şəxslərin
yaxın qohumlarının, Ermənistan Respublikasının
mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində
əlil olmuş şəxslərin, habelə
qadınların, 60 yaşına çatmış şəxslərin,
cinayət törədərkən yetkinlik yaşına
çatmayanların və digər şəxslərin cəzadan
və ya cinayət məsuliyyətindən azad edilmələri
nəzərdə tutulur.
Bununla yanaşı, böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət, habelə
ehtiyatsızlıqdan cinayət törətdiklərinə
görə azadlıqdan məhrumetmə cəzasına məhkum
olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək
və ya cəzalarının çəkilməmiş hissəsi
azaldılacaqdır.
Bu, amnistiya aktının tətbiq ediləcəyi
şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə
cəzasından azad ediləcək məhkumların sayına
görə ən böyük amnistiya olacağı ehtimal
edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən
çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum
olunmuş 3 mindən artıq şəxsin cəzasının
azaldılacağı, 7 mindən çox məhkumun
azadlığın məhdudlaşdırılması cəzasından,
4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə
bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq
edilmiş cəzalardan, habelə mindən çox şəxsin
cinayət məsuliyyətindən azad ediləcəyi
proqnozlaşdırılır.
İndiyə qədər imzalanan əfv sərəncamları
və tətbiq edilən amnistiya aktları ilə çox
sayda insanlar azadlığa çıxıb, öz ailələrinə
qovuşub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində
də humanizm xüsusi yer tutur. Mehriban Əliyeva Milli Məclisin
deputatı olarkən onun təşəbbüsü ilə
2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları
qəbul edilib.
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il ərəfəsində dövlət
başçısı tərəfindən növbəti
amnistiya təşəbbüsünün irəli
sürülməsi 20 mindən çox şəxsə,
onların ailələrinə misilsiz sevinc bəxş edəcək.
Bundan əvvəl 2021-ci il 8 Noyabr – Zəfər
Günü münasibətilə imzalanmış amnistiya 17
min 200-dən artıq şəxsə şamil edilib. Həmin
amnistiya aktı da Vətən müharibəsində və Azərbaycan
Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan
digər döyüş əməliyyatlarında iştirak
etmiş şəxslərə, habelə bu müharibədə
və döyüş əməliyyatlarında həlak
olmuş və ya xəbərsiz itkin düşmüş
şəxslərin yaxın qohumlarına, Vətən
müharibəsində və Azərbaycanın suverenliyinin və
ərazi bütövlüyünün qorunması uğrunda
aparılan digər döyüş əməliyyatlarında
iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə
görə orden və medalları ilə təltif olunmuş
şəxslərə, Vətən müharibəsi
dövründə mülki əhaliyə qarşı Ermənistanın
hərbi təxribatı nəticəsində əlil olmuş
şəxslər və ya həlak
olmuş şəxslərin yaxın qohumlarına, Xocalı
soyqırımında əlil olmuş şəxslər, həlak
olmuş və ya xəbərsiz itkin düşmüş
şəxslərin yaxın qohumlarına, 1948-1953-cü və
1988-1992-ci illərdə etnik təmizləmə,
terrorçuluq və soyqırımı siyasəti nəticəsində
Ermənistandan deportasiya olunmuş şəxslər,
1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin
Ermənistan tərəfindən işğalı nəticəsində
öz doğma torpaqlarından məcburi köçkün
düşmüş şəxslər, 1990-cı il 20 Yanvar
faciəsində əlil olmuş şəxslər və ya
şəhid olmuş şəxslərin yaxın qohumlarına,
eyni zamanda, sülhməramlı əməliyyatlarda iştirak
etmiş şəxslərə, habelə qadınlara, 60
yaşına çatmış şəxslərə, cinayət
törədərkən yetkinlik yaşına çatmayanlara və
digərlərinə şamil edilib.
Azərbaycanın Şanlı qələbəsinin
birinci ildönümü ilə bağlı tətbiq edilən
“Zəfər amnistiya”sının əhatə dairəsi kifayət
qədər geniş olub.
D.Əliyeva adına Qadın Hüquqlarının
Müdafiəsi Komitəsinin sədri, hüquq müdafiəçisi
Novella Cəfəroğlu mövzu ilə bağlı “525”ə
deyib ki, Azərbaycan dövləti tərəfindən hər
zaman əfv və amnistiya ilə bağlı təşəbbüslər
göstərilir və bunlar humanist addımlardır: “Mən
bu təşəbbüsün irəli sürülməsindən
çox şadam. Biz bunu gözləyir, arzulayırdıq.
Bayramlar ərəfəsində belə qərarın verilməsi
əlbəttə ki, insanlarımız üçün ikiqat,
üçqat bayram əhval-ruhiyyəsi yaradacaq”.
Hüquq müdafiəçisi amnistiya təşəbbüsünün
əhatə dairəsinin geniş olmasına diqqət çəkərək,
bunun azadlıqda görmək istədiyi bir sıra məhbuslara
da şamil olunacağına inandığını deyib: “Hər
bir halda bu, humanist addım çox gözəl təşəbbüsdür”.
N.Cəfəroğlu hesab edir ki, belə addımlar cəmiyyətdə
həmrəyliyi, birliyi daha da gücləndirir: “Hazırda
dünya özünün ən mürəkkəb
dövrünü yaşayır. Hər yerdə müharibələr,
münaqişələr, qarşıdurmalar davam edir.
Qonşularımız, Türkiyə istisna olmaqla, bizi istəmirlər,
ona görə də daxildə bir olmağımız,
bir-birimizə dayaq durmağımız, birləşməyimiz
çox vacibdir. Dövlətimizi qorumaq bizim borcumuzdur, dövlətimiz
daha da güclü olmalıdır ki, kənar təhdidlərə
qarşı daha möhkəm dayansın, heç kim bizə təsir
edə, söz deyə bilməsin. Bəzi dairələr, o
cümlədən Avropada bəhanə axtarırlar ki, bizə
qarşı hansısa addımlar atsınlar. İstərdik
ki, bunların heç biri olmasın”.
Pərvanə
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.5.