Ermənistan seçki məsələsində
Aİ-dən kömək istəyir
“AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN
YARATDIĞI YENİ REGİONAL DÜZƏN ERMƏNİSTAN
ÜÇÜN ALTERNATİV TƏHLÜKƏSİZLİK
İMKANIDIR”
Ermənistan hakimiyyəti seçki ərəfəsində
ciddi narahatdır. Bu narahatlıq həm daxili qüvvələr,
həm də onlara dəstək verən bəzi xarici dairələrlə
əlaqədardır. Paşinyan hakimiyyəti seçki təhdidlərinə,
xarici müdaxilələrin qarşısının
alınmasına görə Avropa İttifaqından (Aİ) dəstək
istəyir. Məlumdur ki, Aİ Ermənistana bu məqsədlə
artıq 15 milyon avro ayırıb.
Avropa İttifaqına üzv ölkələrin xarici
işlər nazirlərinin 15 dekabrda keçirilən
iclasında Ermənistan məsələsi müzakirə
olunub. Aİ-nin xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi, Avropa
Komissiyasının vitse-prezidenti Kaya Kallas iclasdan əvvəl
deyib ki, gələn il Ermənistanda keçiriləcək
seçkilərlə bağlı necə kömək edə
biləcəyimizi müzakirə edəcəyik. Ermənistan
xarici müdaxilələrin qarşısının
alınması mövzusunda bizdən kömək istəyib.
Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək
parlament seçkiləri ərəfəsində Rusiyanın
Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini
də söyləyib.
Çexiyanın Aİ-dəki Daimi nümayəndəliyinin
"X" hesabındakı paylaşımda isə
vurğulanıb ki, Aİ ölkələri Ermənistanın
hibrid və kibertəhdidlərə, eləcə də
dezinformasiyanın yayılmasına qarşı mübarizə
aparmaq imkanlarının gücləndirilməsinə dəstək
verməyə hazır olduqlarını bildiriblər.
Göründüyü kimi, hakimiyyət ciddi
narahatlıq keçirir, seçki yaxınlaşdıqca
xarici müdaxilələrin, təhdidlərin daha da
artacağı istisna deyil.
Politoloq Zaur Məmmədov hesab edir ki, Aİ-nin xarici
siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın
“Ermənistan seçkilərdə xarici müdaxilənin
qarşısının alınması üçün Avropa
İttifaqından yardım istəyib” açıqlaması
onun bağlı qapılar arxasında müzakirə olunan məsələni
açıq müstəviyə çıxarmasıdır.
Paşinyanın belə bir müraciətlə
çıxış etməsi hakimiyyətinin həm daxili, həm
də xarici müstəvidə üzləşdiyi
çağırışları açıq şəkildə
ortaya qoyur.
Onun sözlərinə görə, Kallasın bu bəyanatı
əslində Paşinyana köməkdən daha çox,
yatanın ayıldılması, geosiyasi mübarizənin
şiddətlənməsinin sürətləndirilməsidir:
“Hər halda, Aİ Paşinyana köməyi səssizcə
edə bilər, bunu geniş auditoriyaya çıxarmağa
ehtiyac vardımı? Məlum məsələdir ki,
Paşinyan 2018-ci ildən bəri Moskvanın Ermənistan
üzərində qurduğu klassik patron-vassal modelini tədricən
sarsıtmağa çalışır. KTMT-dən faktiki
uzaqlaşma, Qərblə siyasi dialoqun intensivləşməsi,
Qarabağ məsələsində Rusiyanın “təhlükəsizlik
təminatçısı” rolunun itirilməsi Kremlin Ermənistandakı
təsir rıçaqlarını zəiflədib. Lakin bu
rıçaqlar tam sıradan çıxmayıb. Rusiya ilə
əlaqəli siyasi elita, media resursları, təhlükəsizlik
strukturlarında qalan köhnə şəbəkələr
seçki dövründə informasiya manipulyasiyası,
legitimliyin şübhə altına alınması və
kütləvi etirazların qızışdırılması
üçün hələ də əlverişli alətlərə
malikdir.
Artıq heç kimə sirr deyil ki, 2026-cı il
seçkiləri bu dəfə sadəcə hakimiyyət
uğrunda mübarizə deyil, Ermənistanın hansı
geosiyasi məkanın bir hissəsi olacağına dair
"referendum" xarakteri daşıyır. Xarici müdaxilə
ehtimalı isə bu seçimi Ermənistan cəmiyyətinin
deyil, xarici güclərin iradəsinə tabe edə bilər.
Ona görə də, mövcud hakimiyyət erməni vətəndaşları
qarşısında bu şüarı qoymalıdır -
"Ermənistan üçün əsas sual artıq
“Paşinyan qalacaqmı?” deyil. Əsas sual budur: Ermənistan
seçkilər vasitəsilə suveren qərar verə biləcək,
yoxsa yenidən kənar qüvvələrin siyasi ssenarilərinin
obyekti olacaq? Hər halda, hadisələr göstərir ki,
2026-cı il təkcə seçkilərə qədər yox,
seçkilərdən sonra da qaynar keçəcək və hər
bir gün Paşinyan üçün
çağırışların dəf edilməsi
üçün mübarizə kimi yadda qalacaq.
Gürcüstanda illər əvvəl baş verənləri
unutmamalıyıq”.
Politoloq əlavə edib ki, Cənubi Qafqazda real təhlükəsizlik
arxitekturası artıq kağız üzərindəki
alyanslar deyil, faktiki güc və məsuliyyət
daşıyan aktorlar üzərində formalaşır. Bu
kontekstdə Azərbaycan və Türkiyə bölgədə
təhlükəsizliyin əsas qarantları kimi
çıxış edirlər: “Azərbaycan regionda
status-kvonun dəyişdirilməsində həlledici rol oynayan
dövlətdir. Uzun illər davam edən qeyri-müəyyənlik,
“dondurulmuş münaqişə” adı altında
saxlanılan xaos məhz təhlükəsizliyin əsas mənbəyi
idi. 2020-ci ildən sonra Bakı göstərdi ki, təhlükəsizlik
yalnız güc balansını bərpa etməklə və
beynəlxalq hüquqa əsaslanan reallıq yaratmaqla
mümkündür. Bu baxımdan Azərbaycan regional nizamı
pozan yox, əksinə, onu formalaşdıran aktora
çevrildi. Azərbaycan-Türkiyə tandemi bölgədə
təhlükəsizliyin təminatçısı kimi
çıxış edərkən fərqli model təqdim
edir. Bu model nə Rusiyanın postsovet “nəzarət və
asılılıq” yanaşmasına, nə də Qərbin
uzaqdan normativ tövsiyələrinə bənzəyir. Burada əsas
prinsip sadədir: suverenlik, sərhədlərin
toxunulmazlığı və kommunikasiya xətlərinin təhlükəsizliyi.
Məhz bu prinsiplər regionda davamlı sabitliyin əsasını
təşkil edir.
Ermənistan üçün də bu
reallığın əhəmiyyəti böyükdür. Paşinyan
hökuməti gec də olsa, bəlkə də anlamağa
başlayır ki, ölkənin təhlükəsizliyi
artıq üçüncü tərəflərin qeyri-müəyyən
“zəmanətləri” üzərində qurula bilməz. Ermənistanın
real təhlükəsizliyi qonşularla münasibətlərin
normallaşmasından, regional layihələrə
qoşulmasından və hərbi-siyasi avantüralardan imtina
etməsindən keçir. Bu mənada Azərbaycan və
Türkiyənin yaratdığı yeni regional düzən Ermənistan
üçün təhdid yox, alternativ təhlükəsizlik
imkanıdır”.
Pərvanə
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.6.