Gələn il
yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq
Gələn il üçün yaşayış
minimumu 300 manat olacaq. Bu məsələ Milli Məclisin
bugünkü iclasında müzakirə olunan "Azərbaycan
Respublikasında 2026-cı il üçün
yaşayış minimumu haqqında" qanun layihəsində
öz əksini tapıb. Sənədə əsasən,
2026-cı il üçün yaşayış minimumu ölkə
üzrə 300 manat, əmək qabiliyyətli əhali
üçün 317 manat, pensiyaçılar üçün
245 manat, uşaqlar üçün 260 manat məbləğində
müəyyən ediləcək.
Məlumat üçün bildirək ki, 2025-ci il
üçün yaşayış minimumu ölkə üzrə
285 manat, əmək qabiliyyətli əhali üçün
305 manat, pensiyaçılar üçün 232 manat,
uşaqlar üçün 246 manat məbləğində
müəyyən edilib. Bu o deməkdir ki, 2026-cı il
üçün ölkə üzrə yaşayış
minimumunun 15 manat, yəni təxminən 5,26 faiz
artırılması nəzərdə tutulur.
Yaşayış minimumu bir şəxsin gündəlik
zəruri tələbatlarını - ərzaq, geyim, kommunal
xidmətlər, səhiyyə, nəqliyyat və digər əsas
xərcləri qarşılaya bilməsi üçün
lazım olan maddi vəsaitin minimum həddini göstərir.
Yaşayış minimumunun müəyyən edilməsi
dövlətin sosial siyasətində mühüm rol
oynayır. Çünki bu göstərici pensiyalar, sosial
müavinətlər, minimum əməkhaqqı və digər
sosial ödənişlərin hesablanmasında əsas baza kimi
istifadə olunur. Dövlət bu göstəricini müəyyən
etməklə əhalinin sosial müdafiə mexanizmlərini
daha effektiv təşkil etməyə çalışır.
Beləliklə, yaşayış minimumu həm sosial ədalətin
təmin olunmasına, həm də aztəminatlı təbəqələrin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
xidmət edir.
Yaşayış minimumunun artım tempi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri Musa Quliyev hesab edir ki, yaşayış minimumu
insanın yaşaması, sağlamlığı
üçün lazım olan ərzaq, qeyri-ərzaq istehlak mallarının,
xidmətlərin və kommunal ödənişlərin cəmini
özündə ehtiva edən bir normadır. Bunun əsasında
minimum istehlak səbəti formalaşır. Yaşayış
minimumunun artım tempi və ya azalması dövlətin
sosial-iqtisadi inkişafı ilə bağlıdır. Gələn
il yaşayış minimumunun artması, eyni zamanda ehtiyac
meyarının da artmasını şərtləndirib:
"Ehtiyac meyarının artırılması isə aztəminatlı
insanların, xüsusilə ünvanlı sosial yardım alan
insanların sosial müdafiəsinin
yaxşılaşmasına kömək edəcək.
Yaşayış minimumu və ehtiyac meyarının
artırılması dövlətdən ünvanlı
yardım alan şəxslərin həm kateqoriyasının
genişlənməsinə, həm də adambaşına ailədən
düşən dövlət yardımının artmasına
gətirib çıxaracaq".
Yaşayış minimumunun əhali üçün əhəmiyyəti
İqtisadçı ekspert Razi Abbasbəylinin sözlərinə
görə, yaşayış minimumunun hesablanması bir
neçə kriteriya əsasında aparılır. Buraya adətən
ərzaq səbəti - insanın sağlam yaşamı
üçün tələb olunan kalori və qidalanma tələbləri,
qeyri-ərzaq məhsulları - geyim, məişət əşyaları
və xidmətlər - nəqliyyat, kommunal xərclər, təhsil
və s. daxildir. Bu hesablamalar ölkənin iqtisadi vəziyyəti,
inflyasiya səviyyəsi və bölgələr üzrə
qiymət fərqlilikləri nəzərə alınmaqla
hazırlanır. Bütün bu amillər yaşayış
minimumunun daim yenilənməsini zəruri edir:
"Yaşayış minimumunun əhali üçün əhəmiyyəti
böyükdür. Çünki bu göstərici
insanların maddi rifahının real vəziyyətini əks
etdirir. Əgər minimum əməkhaqqı və sosial ödənişlər
yaşayış minimumundan aşağı olarsa, bu, əhalinin
sosial vəziyyətinin ağırlaşmasına, yoxsulluğun
artmasına və həyat keyfiyyətinin aşağı
düşməsinə gətirib çıxara bilər. Bunun
əksinə olaraq, yaşayış minimumunun
artırılması və ona uyğun sosial siyasətin
qurulması əhalinin rifahının yüksəlməsinə
şərait yaradır. Nəticə etibarilə,
yaşayış minimumu sosial siyasətin əsas göstəricilərindən
biri olmaqla, dövlətin iqtisadi və sosial prioritetlərini
müəyyən etməsinə kömək edir. Bu
anlayışın düzgün hesablanması və
davamlı olaraq yenilənməsi cəmiyyətin sosial
müdafiəsinin gücləndirilməsi və insanların
layiqli həyat səviyyəsinin təmin olunması
baxımından mühüm əhəmiyyət kəsb
edir".
Hər bir vətəndaşın gündəlik
istehlak xərcləri - 10 manat
Razi Abbasbəyli bildirib ki, yaşayış minimumunun
təyin edilməsi vətəndaşın bir aylıq istehlak
tələbatının ödənilməsi üçün
tələb olunan məbləğin müəyyən
olunması deməkdir: "Düzdür, 15 manatlıq
artım böyük olmasa da, bütün hallarda vətəndaşların
aylıq gəlirlərinin bir günlük hissəsinin
artması deməkdir. Təqvim ayının 30 gündən
ibarət olduğunu nəzərə alsaq, nəticə
etibarilə hər bir vətəndaşın gündəlik
istehlak xərclərinin qarşılanması
üçün orta hesabla 10 manat müəyyən edilib.
Əmək pensiyalarının baza hissəsinin
artırılması və yanvardan etibarən qanunvericiliyin tələblərinə
uyğun olaraq identifikasiyasının həyata keçirilməsi
nəticəsində həm pensiyanın baza hissəsində,
həm də minimum pensiyanın məbləğində
artım müşahidə olunur. Bütün bunlar dövlətin
sosial siyasətinin müsbət xarakter
daşıdığını göstərir".
Ölkədə bir insanın minimal
yaşayışı üçün bu məbləğ tələb
olunur
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki,
yaşayış minimumunun məqsədi hökumətin sosial
siyasətində minimal həddi müəyyənləşdirməkdir.
Hökumət bunu üç kateqoriyaya bölüb və
yaşayış minimumu haqqında qanunda təsbit edib:
"Ölkədə bir insanın minimal
yaşayışı üçün bu məbləğ tələb
olunur və bu rəqəm sosial yardımın
hesablanmasında əsas götürülür. Yəni əgər
ailənin və ya fərdin gəliri bu həddən
aşağıdırsa, dövlət həmin fərqi
kompensasiya edir. Məsələn, 4 nəfərlik bir ailənin
minimal aylıq gəliri 1200 manat olmalıdır. Hesablamada bu rəqəm
aşağı çıxarsa, dövlət fərqi ödəyir.
Məsələn, ailənin gəliri 1000 manatdırsa, 4 nəfərə
görə 300 manat dövlət tərəfindən verilir.
Keçən il bu rəqəm 265 manat idi, bu il isə 300
manata qaldırılıb. Minimum istehlak səbəti isə
üç hissədən ibarətdir: ərzaq məhsulları,
qeyri-ərzaq məhsulları və xidmətlər. Bu
komponentlərin hər biri üçün minimal istehlak
normaları mövcuddur. Yəni bir insanın normal
qidalanması, sağlam yaşaması və fiziki
balansını qoruması üçün müəyyən
illik normativlər müəyyən edilib - məsələn,
ildə nə qədər yumurta, nə qədər ət və
digər məhsullar istehlak etməli olduğu kimi. Bu məhsulların
orta qiymətləri hesablanır, normativlərlə vurulur və
nəticədə yaşayış minimumu müəyyən
edilir. 15 manatlıq artımın real yaşayış səviyyəsini
yüksəldib-yüksəltməyəcəyinə gəlincə,
bəli, kifayət edəcək. Nazirlər Kabineti
hesablayıb ki, bu məbləğ yetərlidir".
Praktikada hər şey başqa qanun və qaydalarla tənzimlənir
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
yaşayış minimumu sosial müavinətlərin təyinatında
önəmli rol oynayır: "Yaşayış minimumun 300
manat olması o deməkdir ki, ölkəmizdə iş qabiliyyətli
insanların aylıq minimum xərcləri bu qədərdir.
Ən əsası sosial müavinətlər, hansısa
yardımlar və minimum əmək haqqı, minimum pensiya
hesablanarkən bu göstərici nəzərə alınacaq.
Nəzəri olaraq bunlar bir-birinə bağlı olan məsələlərdir.
Lakin praktikada hər şey başqa qanun və qaydalarla tənzimlənir.
Məsələn, minimum əmək haqqı və yaxud minimum
pensiya nə qədər artacaqsa, bunlar artıq ayrı qərarla
tənzimlənəcək. Amma yaşayış minimumu sosial
müavinətlərin təyinatında istinad edilə biləcək
bir məsələdir".
İqtisadçının sözlərinə görə,
əsas məqsəd ondan ibarətdir ki, dövlət tərəfindən
ödənilən vəsaitlər yaşayış minimumundan
aşağı olmasın: "Yəni bu göstəricilər
müəyyən sosial standart kimi qəbul edilir və ödənişlər
həmin standarta uyğun qaydada tənzimlənir. Buna görə
də yaşayış minimumu və ehtiyac meyarının
artırılması, gələn ilin dövlət büdcəsində
nəzərdə tutulmuş bəzi sosial ödənişlərin
artmasına da zəmin yaradacaq. Bununla belə, maaş və
pensiyaların artımına birbaşa təsir göstərməsə
də, dolayı yolla sosial müavinətlərin artmasına təsiri
olacaq".
Yaşayış minimumu yalnız iqtisadi göstərici
deyil, həm də ölkədə sosial rifahın səviyyəsini
müəyyən edən mühüm sosial meyardır. Bu
göstəricinin düzgün hesablanması dövlətin
sosial siyasətinin effektivliyi üçün əsas şərtdir.
Yaşayış minimumu real bazar qiymətlərinə
uyğun olmalıdır ki, əhalinin gündəlik tələbatlarının
ödənməsi üçün tələb olunan minimum vəsaiti
dəqiq əks etdirsin.
Təcrübə göstərir ki, yaşayış
minimumunun artırılması əhalinin alıcılıq
qabiliyyətinə, sosial təminat sisteminə və minimum əməkhaqqının
müəyyən edilməsinə birbaşa təsir edir.
Əgər yaşayış minimumu mövcud iqtisadi vəziyyətə
adekvat təyin olunmazsa, sosial ödənişlər real
ehtiyacları qarşılamaq gücündə olmur və bu,
aztəminatlı təbəqənin yaşayış səviyyəsində
problemlər yaradır.
Hazırda bir çox ölkələrdə
yaşayış minimumu yalnız ərzaq səbətinə əsaslanmır,
həm də sosial-mədəni tələbatların ödənilməsini
özündə ehtiva edir. Bu yanaşma insanların minimum həyat
standardı ilə deyil, layiqli yaşayış səviyyəsi
ilə təmin olunmasına yönəlib. Buna görə də
yaşayış minimumunun müəyyənləşdirilməsi
mütəmadi olaraq yenilənməli və inflyasiya səviyyəsinə
uyğunlaşdırılmalıdır.
Bir çox xərclərin həcminin hesablanmasında
ehtiyac meyarı bir alət kimi istifadə olunur
İqtisadçı ekspertin dediyinə görə, hər
dəfə büdcə layihəsi çərçivəsində
növbəti il üçün yaşayış minimumu və
ehtiyac meyarına yenidən baxılması təbiidir:
"Cari illə müqayisədə gələn ildə bu
göstəricinin 5,3 faiz artımı mövcud olan
infilyasiyanın yaratdığı əlavə xərclərin
bir hissəsinin bu yolla kompensasiya edilməsi anlamına gəlməlidir.
Bu göstəricinin məbləğinin artırılması
büdcədən maliyyələşən digər
müvafiq sosial xərclərin də həcminin artmasına gətirib
çıxarır. Çünki bir çox belə xərclərin
həcminin hesablanmasında ehtiyac meyarı bir alət kimi istifadə
olunur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.8.