Bursadan İzmirəcən

İkinci yazı  

 

 

Yolumuz bu dəfə əfsanəvi Çanaqqalaya idi. Bu şəhərin adı çəkiləndə ehtiram və etiqad hissi insanın bütün varlığına hakim kəsilir. Binə olandan daim başı qovğalar çəkən şəhərin ən qədim tarixi Troya ilə bağlıdır. B.e.ə. 3000-1200 illər arasında mövcud olan Troyanın qalıqları 1870-ci illərdən davam edən arxeoloji qazıntılarla üzə çıxıb. Ardıcıl olaraq Het, Friqiya, Lidiya, Pers, Makedoniya və Roma imperiyasının hakimiyyət sürdüyü şəhər mövcud olduğu coğrafi mövqeyinə görə daim tiranları cəlb edib. 330-1354-cü illər Bizans hakimiyyəti zamanı şəhər və ətraf ərazilər istehkamların tikilməsi ilə tarixdə qalıb. 1354-cü ildən Osmanlı imperiyasının tərkibinə qatılan bölgədə iki böyük müdafiə qalası tikilir: Kilitbahar və Çimenlik qalaları. Çanaqqalanın ən şərəfli tarixi I Dünya müharibəsi döyüşləri ilə bağlıdır. 1915-16-cı illərdə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında baş verən bu döyüş təkcə hərbi əməliyyat olmayıb, bir zamanlar Asiya və Avropanın sahibi olmuş, həmin vaxt isə müstəqil dövlət kimi yalnız Türkiyədə bərqərar olan dünya türklərinin milli qürur, şərəf döyüşü, dövlətin parçalanmaqdan qorunması kimi əlahiddə bir döyüş idi. Bütün dünya müharibələri tarixində bu qədər gərgin, iki dünyanın üz-üzə dayandığı və qeyri-bərabər döyüşdə türkün qalib gəldiyi şanlı, şərəfli döyüş olmayıb. İngiltərə, Fransa  və müstəmləkə dövlətləri Osmanlını parçalamaq, Rusiyanın isti dənizlərə yolunu açmaq, Dardanel boğazını, Aralıq dənizinin Türkiyə sahillərini ələ keçirmək üçün bütün qüvvələrini səfərbər edib hücuma keçmişdilər. Bunları düşündükcə nələri xatırlayıram: yunan döyüşçülərinə kömək üçün İngiltərədən gələn lord Corc Qordon Bayronun burada həlak olması, Yekaterinanın taxta çıxarkən ayaqları altına həkk etdirdiyi türk bayrağının üzərinə ayaq basıb keçməsi, I Pyotrun İstanbulu tutmaq haqda vəsiyyəti, hər yeni seçilən Papanın xristianlara vədi və göstərişləri... Və bunların fonunda dünya imperializminə qarşı cəsarətlə dayanan türkün döyüş ruhu! Sən necə də əzəmətli, enilməz, cəsursan və bu böyük rəşadətinlə düşmənləri belə heyran qoyursan! Tarixin bu gedişini öyrənən hər türkdilli dövlət Turan birliyini yaratmaq əzmini ortaya qoymalıdır.

Avtobusumuz Dardanel boğazı sahili boyunca şütüdükcə sanki o illərə qayıdır, hər qarışına minlərlə giliz səpələnmiş, şəhidlərin qanı tökülmüş müqəddəs torpaq bizi salamlayaraq qarşısında sayğı duruşuna səsləyirdi. Budur, artıq boğazı keçib Çanaqqalaya çatırıq. Möhtəşəm, dördkünc postament üzərində şəhidlərin, döyüşçülərin şərəfinə ucaldılan abidənin üzərində boğazın o tayında batan günəşin şüaları əks edir. Postamentin dayaqları arasından süzən günəş işığı gözümüzü qamaşdırır. Sakit, dinmədən addımlayırıq. İçərisi qırmızı mina ilə rənglənmiş başdaşılar qəbiristanlıqda sıra ilə düzülüb. Demək olar ki, hamısı 16-27 yaşlı gənclərdir. Qarşılarında dayanıb ehtiramla baş əyir, fatihə veririk. Bütün qəbiristanlığı gəzir, sahə kifayət qədər böyük olsa da, abidələrin hamısına baş çəkirik. Burada bütün insanlar eyni duyğu ilə birləşir: sizin vətən üçün etdiklərinizi bəşəriyyət unutmayacaq və dünya tarixində vətənpərvərlik, igidlik və cəsarətin rəmzinə çevrilmisiniz! Tanrı dərgahında məqamınız uca olsun!

Yolda rast gəldiyimiz bir abidə diqqətimizi cəlb edir: ağır minanı qolları üzərinə qaldıran bir döyüşçünün abidəsi. Baxışları məchulluğa deyil, körfəzə baxan döyüşçü belini bir qədər əymiş, irəli atdığı addımı sanki əlindəki minanın ağırlığından indicə qatlanacaqdır, ancaq onun duruşunda, üzünün ifadəsində əyilmək, çökmək yox, insan iradəsi və əzabının son həddi ifadə olunub: bu, Seyid Minbaşının abidəsidir. Rumeli Mecidiye batareyasında gəmiyə atılan mərmi topun lift mexanizmini zədələyir. Bütün daxili gücünü səfərbər edən Seyid Minbaşı 276 kiloluq mərmini inanılmaz bir fövqəladə güclə qaldırıb topa yerləşdirə bilir. Mərmi düşmənin "Ocean" zirehli gəmisini darmadağın edir. Bircə atəş, bir insanın İlahi iradəsilə atılan mərmi bir döyüşün taleyini həll edir. "Seyid Minbaşı olmasaydı, o gün Çanaqqala düşərdi" - deyəndə Seyid Minbaşı demişdi: "Mən bir şey etmədim, gücü verən Allah idi!" Bəli, Azərbaycan döyüçülərinə də Cıdır düzünün sərt qayalıqlarına bellərində ağır çanta ilə dırmaşıb düşməni əzəndə gücü Allah vermişdi. Bizim əsgərlər də bunu etiraf edirdilər: "Elə bil qolumuzdan kimsə tutub qaldırırdı. İnanmırdıq ki, ağır çantayla o uca, sərt qayalara bu cür sürətlə dırmaşa bilərik!" Allah haqq işi uğrunda döyüşənlərə həmişə arxa olub.

Yolboyu Semiha xanımın danışdıqlarını xatırlayıram: "1915-ci ilin aprelindən 1916-cı ilin yanvarınacan gedən döyüşlər türkün şərəf, varolma döyüşü idi. Dənizdə uğursuzluğa məruz qalan  müttəfiqlər Gelibolu yarımadasına qoşun çıxarmağı qərara alırlar. Avstraliya və Yeni Zelandiya qoşunlarının Anzak körfəzinə çıxması ilə başlayan quru döyüşləri çox ağır oldu. Buranın sərt fiziki coğrafiyası onların sürətli irəliləyişini ləngitdi. Sarıbayır, Arıburnu, Conkbayırında gedən döyüşlər insan səbrinin sərhədlərini aşdı. Conkbayırında Mustafa Kamal Atatürk əsgərlərinə əmr verdi: "Mən sizə hücum etməyi deyil, ölməyi əmr edirəm!" Döyüşlərdə çoxlu itki verən Antanta 1916-cı ilin yanvarında geri çəkilməyə məcbur oldu. Avstraliya və Yeni Zelandiyada hər il 25 apreldə  Anzak gününü qeyd edirlər. Çanaqqalada 250-300 min əsgər şəhid oldu. 11 min nəfər itkin düşdü. 97 min nəfər yaralanmışdı".

Çanaqqala döyüşlərində ən ağır fakt orta məktəb və liseylərin iki il məzun verməməsidir. İstanbul Erkek liseyinin bütün yuxarı sinif şagirdləri tam heyətilə həlak olmuşdu. Qalatasaray lisesyi, Vefa liseyi, Kabataş Erkek liseyi, Darüşşafaka liseyi də iki il məzun verə bilməmişdi. Bu yeniyetmələr döyüşə öz qərarları ilə atılmış, məktəbi buraxaraq Çanaqqalaya qaçmışdılar.

Yaralı əsgərlərin müalicə olunduğu çadırları gəzirik. Sabiha xanım danışır: "Dərman yox idi, həkim çatışmırdı. Yaralanmış əsgərlərin əl və ayaqlarını anestezi olmadan amputasiya edirdilər. Bu zaman əsgərin ağzına taxta qoyurdular ki, onu sıxsın, dişi sınmasın. Həmin taxtanı sonra götürüb digər yaralıda istifadə edirdilər. Bir dəfə həkim baxır ki, əməliyyat etdiyi əvvəlki xəstənin dişi qopub taxtanın üstündə qalıb.

Çanaqqala döyüşlərində müxtəlif ölkələrdən köməyə gəlmiş türklər də döyüşmüş, həlak olmuşlar. Burda şəhid olan dörd mindən artıq azərbaycanlının da xatirəsinə abidə ucaldılmışdır. Abidənin qarşısında sayğı duruşuna dayanıb qardaş torpağında, qəriblikdə uyuyan şəhidlərimizə fatihə verib rəhmət dilədik.

Çanaqqala döyüşü türkün tarixində, həmçinin dünya tarixində ən şərəfli, möhtəşəm, görünməmiş faktları ilə yadda qalacaq.

Çanaqqalaya əlvida deyib avtobusumuzla birgə boğazı bərə ilə Didimə keçdik. Aydın vilayətinə daxil olan Didim Ege sahilində sakit, qədim və gözəl bir şəhərdir. Buranın şəfalı havası və suyunu dərman deyirlər. Dünyanın yeddi möcüzəsindən biri sayılan Apollon məbədi burdadır. Bir zamanlar Milet şəhər-dövlətinə aid olan Didim böyük dini mərkəz olmuşdur. Pers imperiyasına qarşı İon şəhərləri, həmçinin Milet üsyan edəndə Didim strateji əhəmiyyət daşyan şəhər kimi məşhurdu. Farslar b.e.əvvəl 494-cü ildə Didimi ələ keçirdilər, Apollon məbədini yandırdılar. Strabon yazırdı, onlar məbədin xəzinəsini talan edib kahinləri sürgünə göndərdilər. Makedoniyalı İsgəndərin miladdan öncə 334-323-cü illərdə hərbi yürüşləri zamanı Apollon məbədi yenidən tikildi, kahinlər burda fəaliyyətə başladılar. Roma dövlətinin möhkəmlənməsi zamanı Didim imperatorların himayəsi altına keçdi. Şəhər dini statusunu qoruyub saxlaya bilmişdi. IV-XI əsrlərdə Bizansın hakimiyyətinə tabe olan Didim tez-tez ərəb-Bizans müharibələrinin döyüş meydanına çevrilirdi. XI əsrin sonlarına yaxın şəhərdə Səlcuqların hakimiyyəti bərqərar olur. Yunan əhalisi şəhəri tədricən tərk edir, türk köçəri tayfalarının Didimdə məskunlaşması güclənir. 1450-ci illərdə Didim tamamilə Osmanlı nəzarətinə tabe olur. XIX əsrin əvvəllərinə qədər Osmanlı torpağı olan Didimi 1919-1922-ci illərdə yunanlar işğal etdi. 1922-ci ildə türklər bölgəni yunanlardan geri aldılar. Hal-hazırda Türkiyənin ən gözəl turist mərkəzlərindən biri olan Didimə dünyanın hər yerindən turistlər axışıb gəlir. Burda eşitdik ki, ingilislər Didimdə iki mindən artıq ev alıblar. İki il əvvəl Şimali Kiprdə olanda da ordan yəhudilərin külli miqdarda torpaq sahələrini almasını eşitdik. Bu, əsla xoşa gələn iş deyil. Dövlət bir ailə kimidir. Orda başqalarının gəlib məskunlaşması dövlətə içəridən ciddi problemlər yarada bilər. Türkiyə dövlətinin buna göz yummasına təəccüblənirəm. Daxili işləri olsa da, nəticə adamı narahat edir, təki yaxşı olsun. Onuz da nəhəng korporasiyaların əksəriyyətini əlində cəmləşdirən xarici sərmayədarlar dövlətin maddi gəlirini daşıyıb aparır. Qlobal dünyanın bu siyasi xəttindən uğurla yaxa qurtaran dövlətlər ölkəsinin əsas istehsal sahələrini öz əlində saxlayır. Didimin torpaqları yalnız türklərindir - Didim üçün tarix boyu savaşıb onu diri saxlayan türklərin.

Didimdə Doğanbəy köyünə də maraqlı səyahətimiz oldu. Bizim bəzi kəndlər kimi, Doğanbəydə də insanların, demək olar ki, hamısı köçüb gedib, ancaq evlər qorunub saxlanır. Burda rast gəldiyim dörd nəfər gənc türk xanımı ilə maraqlı söhbətim oldu. Azərbaycandan Türkiyə cümhuriyyəti gününü bayram etməyə gəldiyimizi eşidən xanımlar çox mütəəssir oldular. Onlarla da Azərbaycan haqda xeyli söhbət etdim, Qarabağdan danışdım, ölkəmizə dəvət etdim.

Mendeles çayının Egeyə töküldüyü yerdə Dilek yarımadasındakı heyvanat parkına səyahətimiz də proqramın bir hissəsi idi. Böyük sahəsi olan qoruqda onlarla heyvan, quş növü qorunub saxlanır. Burda həmçinin parka aid heyvan və quşların maketinin nümayiş olunduğu muzey fəaliyyət göstərir.

Növbəti səfərimiz yolüstü Türkiyənin ən gözəl turist şəhəri Kuşadasını keçməklə İzmirə idi. Kuşadasında avtobuslardan endik. Şəhəri gəzməyə bir neçə saat vaxtımız vardı. Kuşadası əsl turist şəhəridir. Burda dolaşan müxtəlif millətlərdən olan insanlar arasında azərbaycanlılara da rast gəldik. Təəssüf ki, Kuşadasında qalmağa vaxtımız çox olmadı. Dənizə, gəmilərə, şəhərin sahil mənzərəsinə baxdıq, mağazalara baş çəkdik, "balıkekmek" yeyib yolumuza davam etdik. Qarşıda bizi əfsanəvi İzmir gözləyirdi.

Kapadokiya səfərində İqdırdan İstanbulacan keçdiyim şəhərlərin tarixini araşdırıb yazmışdım. Bu səfərdə daha çox maraqlandığım Bursa, Çanaqqala və İzmrin tarixi idi. İzmir Egenin sahilində qədim və müasirliyin sintezini özündə birləşdirən göyçək, unikal bir şəhərdir. Konak meydanında 1901-ci ildə inşa edilən Saat Qülləsi İzmirin simvoludur. Ege ilə şəhərin qucaqlaşdığı yer - Kordonboyu bulvarında memarlıq üslubu ilə fərqlənən müxtəlif abidələr var. Rast gəldyimiz abidələrin qarşısında çoxlu şəkillər çəkdirdik. Antik Efes şəhəri, şərabları ilə məşhur olan Şirince, fərqli arxitekturası ilə tanınan Çeşme və Alaçatı İzmirə yaxın məşhur şəhərlərdir.

Beş min illik tarixə malik olan İzmirdə qədim Smirna şəhərinin qalıqlarının tapılması burda insan yaşayışının necə qədim olduğunu sübut edir. Eramızdan əvvəl VII əsrdə inkişaf etmiş yunan şəhəri olan Smirna Lidiya kralı Aliattın dövründə zəbt edilərək dağıdılmışdır. Rəvayətə görə, Makedoniyalı İsgəndər Kadifekale yaxınlığında yuxuda görür ki, mələklər əmr edir, şəhəri yenidən tikdirsin. Böyük İsgəndər şəhəri bərpa etməklə ona ikinci həyat bəxş edir. Smirna Roma imperiyası dövründə Asiyada ən möhtəşəm şəhərlərdən biri olur. Lakin Bizansların (395-1081) hakimiyyəti altına keçdikdə şəhərin əvvəlki statusu xeyli zəifləyir. Səlcuqların dövründə Smirna yenidən dirçəldi, mühüm liman şəhəri oldu, bura türk-müsəlman mədəniyyəti daxil oldu. Osmanlı (1425-1922) dövlətinin tərkibinə daxil olduqdan sonra şəhərin yüksəliş dövrü sürətlənir. XVIII-XIX əsrlərdə İzmir Osmanlı imperiyasının ən kosmopolit və zəngin şəhəri olub. 1919-cu ildə Türkiyənin digər bir neçə bölgəsi kimi, İzmir də yunanlar tərəfindən işğal olundu. Düşmən şəhəri tamamilə yandırdı. Nəhayət, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin orduları tərəfindən azad olunan İzmir özünün ən gözəl günlərini yaşayır. Şəhər gözəldir, insanları mehriban, gülərüz və qonaqpərvərdirlər. Şəhəri bir qədər dolaşdım. O qədər doğma və məhrəm gəldi ki, sanki öz yurdumda idim. Bir qədər lokum və meyvə alıb otelə qayıtdıq.

Bütün səyahət boyu məni izləyən macəralar burda da yaxaladı. Ömrümdə qrip virusuna yoluxmamışam, amma Didimdə bərk soyuqladığım üçün birdən-birə vəziyyətim ağırlaşdı. Səyahət yoldaşlarım sağ olsunlar (Əkbər qardaşım, Çingiz doktor, Lalə xanım, Elmira xanım və b.) dərman gətirdilər, vəziyyətim bir qədər yüngülləşdi. Ancaq İzmirdə hələ də xəstəliyin simptomları qalırdı. Halsız olsam da, xeyli dolaşdım və axşam tez yatdım. Gecəyarısı üzümə düşən gur işığa gözümü açdım. Və təəccübdən donub qaldım: göydə beş ədəd işıqlı ay doğmuşdu. Gözlərimi ovuşdurub bir də baxdım: bunlar, həqiqətən, dosdoğru beş ədəd ay idi. Əvvəl elə düşündüm ki, ayın şəkli pəncərədə əks olunub, sınan əkslər beş yerdə görünür. Qalxıb çarpayıdan ayaqlarımı salladım, gözlərim "aylara" ilişikli qalıb, nəzərimi çəkmirəm. O dəqiqə ağlıma gəldi, dünyanın axırıdır, qiyamət günü gəlib çatıb. İlahi, gör qiyaməti harda qarşılayıram! Ayaqlarım tutuldu, bütün bədənim gizildəyir, qorxudan əsirəm. "Quran"dan qiyamətin nişanələrini oxumuşdum, dəqiq yadımda, orda 5 ədəd aydan heç nə yazılmayıb, amma bu, niyə ağlıma gəldi, özüm də bilmirəm. Astaca otaq yoldaşımı səslədim:

- Elmira, Emma xanım, oyan e, dünyanın axırıdır.

O, yavaşca mızıldandı, amma oyanmadı. Dəqiqləşdirmək üçün əsə-əsə yerimdən qalxıb pəncərəyə yaxınlaşdım, pərdəni yana çəkib bir də baxdım: göyün üzündə işıqları saxlayan kranın qollarını və gövdəsini indi gördüm. Bir dəli gülmək tutub məni. O qorxu ilə bu gülməyin arasında girinc olan ruhum, sən həmişə kreativ və gözəlsən! Bax belə. Siz çaşmayın, axirətə çox var hələ...

Səhər bunları Elmira xanıma danışdım. Uğunub getdi:

- Ay qız, bəs demirsən, qorxumdan elə yerimdəcə ölərəm. Gecə vaxtı adama elə bəd xəbər verərlər?!

...Artıq səfər başa çatmaq üzrə idi. Səhəri gün təyyarə ilə İstanbula gəldik, İstanbuldan isə doğma Bakımıza. Qazaxıstan nümayəndələri də bizimlə birlikdə Bakıya gəldilər. Onlar Bakını təyyarə limanından da olsa, görəcəklərinə çox sevinirdilər. Biz də sevinirdik: on günlük səfərdən sonra darıxdığımız Vətənə, doğma Bakıya sağ-salamat qayıdırdıq...

 

HƏCƏR

525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.10;11.