El üçün yaşamaq
El üçün yaşanılan hər tale bir
dastandır, əslində. Bu dastanın tarix olduğunu
unutmamaq da el üçün yaşamaqdır. Ömür el
üçün yaşaya-yaşaya el üçün
yaşayanları, yaşamışları unutmamaq fəlsəfəsidi.
Bu fəlsəfə min illərdi xalqın
varlığının dərki kimi düşüncələrdədi.
Unutmadıqlarımız, unudulmayanlar belə ömür
yaşayıb. Musa Müseyib oğlu Cəfərov da belə ömür yaşadı.
Ney səsi kimi yanıqlı, dağlarda çağlayan
bulaqların suyu kimi təmiz, dağların sinəsindən
sürüşüb düşən meh kimi, yel kimi həlim
bir ömür. Sağlığında özü sevildi, son nəfəsindən
sonra ruhu əzizlənməkdədi...
1934-cü ildə Zəngilan rayonunun Tatar kəndində
anadan olmuşdu. Kəndin minlərlə uşağı kimi,
onun da taleyi yoxsulluğun, müharibənin və iztirabın
içindən keçmişdi. On yaşında atasız
qalmışdı, bacıları və anası ilə birlikdə həyatın
ağır yükünü kövrək çiyinlərində
çəkmişdi. Bu yükün
ağırlığına dözə-dözə
böyümüşdü. Anası Göysünaz zəhmətə qatlanmağı
bacaran bir ana idi. Bacıları Sərfinaz və Güllü
ilə birlikdə Musa ailənin bütün
qayğılarını yerinə yetirməklə ailənin dayağı oldu. Bu çətinliklər
ona həm dözüm aşıladı, həm yaşam
uğrunda mübarizə öyrətdi, həm də mətinləşdirdi.
Musa dağlarda vüqar görürdü, bu vüqarla
böyüyürdü, baxa-baxa böyüyürdü,
dağlarda ucalıq görürdü, ucalırdı...
1952-ci ildə orta məktəbi əla qiymətlərlə
bitirmişdi. Ailə durumunun ağırlığı istəyinin
pərsənginə döndü - ali təhsil almaq istəyini
müəyyən müddətə qəlbində saxladı;
sabahlarına aparacaq təhsil yolunu özü bağladı -
aliləsinə görə...
Yaxşı oxumuşdu, rayonda bunu duyanlar vardı, o
biliyi dəyərləndirənlər vardı. Musa Museyib
oğlu 1952-ci ilin oktyabrında Zəngilan rayon
prokurorluğunun katibi kimi işə başladı. Bu, sabahlara
açılan ümid qapısı idi.
Musanın məntiqli danışığı,
aydın nitqi, mülayim, bir o qədər
də prinsipial xarakteri onu qısa zamanda rayon ictimaiyyətinə
tanıda bildi. Prokurorluqda 1956-cı ilin fevralınadək
işlədi. İşləyə-işləyə qəbul
imtahanlarına hazırlaşırdı. 1955-ci ildə
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin
qiyabi şöbəsinə daxil oldu. Həmin vaxtlarda
"Qızıl Zəngilan" qəzetində müxtəlif
janrlarda məqalələri dərc olunurdu. Hər
yazısında torpağın nəfəsi vardı. Bu nəfəs
Musanın həyat dastanının ayaq səsləriydi sanki...
Yazıları bəyənilirdi...
1956-cı ilin fevralında Zəngilan rayon partiya komitəsinin
(RPK-nin) kitabxanasında kitabxanaçı vəzifəsinə
işə qəbul edildi. Bacarıqlı idi, təşəbbüskar
idi, məsuliyyətli idi. 1957-ci ilin iyununda Zəngilan Rayon
Komsomol Komitəsinin (RKK-nin) ikinci katibi, 1957-ci ilin
noyabrından Zəngilan RKK-nin birinci katibi vəzifəsinə
seçildi. Musa Museyib oğlu gəncliyin dostu idi, gənclərin
sirdaşı. Belə xarakter qısa müddətdə Zəngilan
rayon gənclər təşkilatının möhkəmlənməsində
əhəmiyyətli oldu, gənclərin (gəncliyin!) fəaliyyəti
canlandı, istehsalatda da, təhsildə də, həyatın
bütün sahələrində də uğurlar
qazanırdılar. Rayon komsomol komitəsinin yüksək təşkilatçılıq
işi, birinci katibin öz işinə məsuliyyətlə
yanaşması, cəmiyyətdə insanlar arasında
böyük nüfuz, hörmət qazanması Azərbaycan
Komsomolu Mərkəzi Komitəsinin diqqətini cəlb
etmişdi. Ona görə də Musa Cəfərov 1958-ci ilin
oktyabrında Azərbaycan LKGİ Mərkəzi Komitəsinin
komsomol təşkilatları şöbəsinin təlimatçısı
vəzifəsinə irəli çəkildi, bu vəzifədə
1959-cu ilin dekabrınadək işlədi.
1960-cı ildə ali təhsilini başa vuran Musa
Müseyib oğlu 1960-cı ilin
yanvarında yenidən Zəngilan RKK-nin birinci katibi
seçildi. İki il bu vəzifədə yüksək əzmkarlıqla
işlədi. Rayon rəhbərliyi onun işini bəyənirdi,
gənclər onun fəaliyyətini dəstəkləyirdi. Bu,
sevgi idi...
Hansı vəzifədə işləməsindən
asılı olmayaraq sözə sevgisinə sədaqətli
idi. Yazırdı, ürəyinin istəyini kağıza
köçürürdü. Bu da bir sevgi idi.
Yaşadılası sevgi, yaşarı sevgi...
O illərdə partiya yaxşı işçini adilərdən
ayırd etməyi bacarırdı...
1962-ci ilin yanvarında Zəngilan rayon partiya komitəsində
(RPK-də) təlimatçı vəzifəsinə irəli
çəkildi. 1962-ci ilin iyunundan Azərbaycan KP MK-nın və
Azərbaycan Nazirlər Sovetinin
Cəbrayıl İstehsalat Birliyi üzrə rayonlararası
"Kolxozçu" qəzetinin Zəngilan və Qubadlı
rayonları üzrə xüsusi müxbiri vəzifəsinə
göndərildi. Yaradıcılığı partiyanın
siyasəti ilə səsləşirdi; Musa müəllim
dürüstlüyün yazarı idi, xalqın istəyinin
yazarı idi, dövlətin siyasətinin yazarı idi. Müxtəlif
mövzularda yazdığı məqalələr maraqla
oxunurdu. Bu məqalələrin əksəriyyəti dövlətin
gənclər siyasətinin söz ifadəsi olurdu...
İşi partiyanın diqqətindəymiş; 1962-ci
ilin sentyabrında Musa Cəfərov ali siyasi təhsil
alması üçün Azərbaycan KP MK-nın yanında
Bakı Ali Partiya Məktəbinə göndərildi.
Ali Partiya Məktəbini müvəffəqiyyətlə
bitirdikdən sonra (1964-cü ilin avqustu) Zəngilan rayon
kolxoz-sovxoz istehsalat idarəsi partiya komitəsində təlimatçı
vəzifəsinə təyin edildi. Obyektivlik, qərəzsizlik,
saf vicdanlılıq kimi yüksək mənəvi keyfiyyətləri
ilə rayon ictimaiyyəti arasında böyük nüfuz
qazanmış Musa Cəfərov
1965-ci ilin yanvarından 1968-ci ilin yanvarınadək Zəngilan
RPK-də siyasi-maarif kabinetinin müdiri, 1968-ci ilin
yanvarından 1975-ci ilin noyabrınadək təbliğat və
təşviqat şöbəsinin müdiri vəzifəsində
işlədi. Partiyanın
ideologiyası sahəsində yüksək biliyə və
hərtərəfli bacarığa malik olan Musa Müseyib
oğlunu rayonun mədəniyyət, maarif, səhiyyə
işçiləri, ümumiyyətlə rayon ictimaiyyəti
yaxşı tanıdı, tanımaq ehtiramdır, Musa Museyib oğlu
ehtiramlarla əhatələndi. 1975-ci ilin noyabrında RPK-nin ikinci katibi vəzifəsinə
seçildi, bu vəzifədə 1985-ci ilin noyabrınadək işlədi.
"Hərə öz sahəsinin əsgəri
olmalıdır. Mən ideoloji cəbhənin əsgəriyəm..."
Hamı ona inanırdı, hörmət edirdi, ehtiram göstərirdi.
Həmişə haqqın tərəfində olduğuna
görə, dürüstlüyünə görə,
heç kimin yanında gözü kölgəli
olmadığına görə. Hərdən
dürüstlük də dedi-qodular yaradarmış: həm
rayonda, həm də Azərbaycan KP MK-da bir qrup paxıl, qərəzkar
ona qarşı əsası olmayan iddialar qaldırırdı,
parlaq gələcəyi olan istedadlı partiya
işçisinin karyerasına son qoymaq istəyirdilər. Nəticədə,
Mərkəzi Komitəyə göndərilən
saysız-hesabsız imzasız məktublar öz işini
gördü. 1985-ci ilin noyabrında keçirilən partiya
konfransında Mərkəzi Komitə Zəngilanla heç bir əlaqəsi
olmayan bir şəxsin işlədiyi rayonda vurulmaması
üçün Musa Cəfərovu vəzifəsindən azad
etdi. Musa Cəfərov RPK-nin ikinci katibi seçilmədi, bir
il işsiz qaldı. Mərkəzi Komitədə yerlərdə
əsas reallıqlardan xəbəri olmayan cavabdeh şəxslər
bacarıqlı və təcrübəli partiya
işçisinin ədalətli müraciətlərinə məhəl
qoymurdu. Bu ədalətsizlik bir
insanın, bir saf əqidə
sahibinin sınağa çəkilməsi idi. Musa Cəfərov
bu sınaqdan da alnıaçıq çıxdı.
Çünki vicdanlı idi. Çünki haqq onunla idi...
Rayon komsomol komitəsində şöbə müdiri
işlədiyim illərdə RPK-nin
ilk partiya təşkilatında qeydiyyatda olduğuma
görə səmimi insan olan Musa Cəfərovla tədbirlərdə
və partiya təşkilatının iclaslarında
görüşər, ünsiyyətdə olardıq. Hər
görüşdə onun hikmətli sözlərini
eşidirdim, məsləhətlərini dinləyirdim, belə
bir insanla həmsöhbət olmaqdan qürur duyurdum. Partiya fəallarının
yığıncaqlarında, toplanışlarında
maraqlı və yaddaqalan çıxışları
insanların diqqətini partiya məsuliyyətinin yüksəldilməsinə
və qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsinə istiqamətləndirir, onlarda yüksək əzmkarlıq
hissi yaradırdı.
1984-cü il idi. Füzuli rayonunda təbliğatçıların
zona seminarı keçirilirdi. Mən də müşavirədə
gənc təbliğatçı və mühazirəçi
kim iştirak edirdim. Müşavirədə Musa Cəfərov
da çıxış etdi. Onun dərin məzmunlu, məntiqli,
sinədəftər çıxışı tədbir
iştirakçılarının diqqətini cəlb etdi,
zalda xoş ab-hava yaratdı. Mərkəzi Komitənin məsul
işçisi yekun çıxışında müasir
ideoloji işçinin Musa müəllim kimi
olmağını arzuladı. Tədbirdən sonra qonşu
rayonların rəhbər işçiləri Musa müəllimə
yaxınlaşıb maraqlı çıxışına
görə onu təbrik etdilər...
1986-cı ilin noyabrında kənd təsərrüfatı
işçiləri həmkarlar komitəsinin sədri
seçilən Musa Cəfərov yeniliyi sevdiyinə görə
həmkarlar təşkilatlarının fəaliyyətinin
yenidən qurulmasında, iri təsərrüfatlarda həmkarlar
komitəsinin yaradılmasında, həmkarlar təşkilatları
üzvlərinin hüquqlarının qorunmasında və
müdafiə edilməsində nəzərəçarpacaq
işlər gördü. Onun səyi və təşəbbüsü
ilə yüzlərlə kəndli, əməkçi, fəhlə
kurortlara müalicəyə və istirahət evlərinə
göndərilirdi, sağlamlıq və sosial təminat məsələlərində
böyük irəliləyişlər əldə olunurdu.
1993-cü il oktyabrın 29-da Zəngilanın
işğalından sonra Bakıda məskunlaşan Musa Cəfərov
1993-cü ilin dekabrından 1996-cı ilin martınadək Zəngilan
rayon icra hakimiyyəti başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini
işlədi. Bu müddətdə yurd-yuvasından didərgin
düşmüş məcburu köçkünlərin
problemlərinin həlli ilə əlaqədar bacardığı bütün
köməklikləri göstərirdi. İnsanlar onu bir rəhbərdən
çox, bir insan kimi güvənc yeri bilirdilər.
Rayonun ictimai-siyası həyatında uzun illər səmərəli
fəaliyyət göstərən Musa Cəfərov zəngin
dünyagörüşü ilə
çalışdığı bütün sahələrdə
yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq
qabiliyyəti ilə fərqlənmişdi. Uzun illər rayon
partiya komitəsinin plenum və büro üzvü, rayon
sovetinin deputatı olub.
Belə fəaliyyətlərinə görə 3
oktyabr 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı,
1970-ci il oktyabrın 12-də "Rəşadətli əməyə
görə V.İ.Leninin anadan olmasının 100 illiyi
yubiley" medalı, 1982-ci ildə "Şərəf
nişanı" ordeni və çoxlu sayda fəxri fərmanlarla
təltif edilib. Amma ən böyük mükafatı xalqın
qəlbində qalan təmiz adı, xoş xatirəsi, tükənməz
və unulmaz sevgisi idi.
Mənəvi cəhətdən təmiz və saf olan
bənzərsiz şəxsiyyət, dəyərli ziyalı və
gözəl insan Musa Cəfərov 1999-cu ilin iyunun 20-də qəfildən
dünyasını dəyişdi. Parlaq xatirəsi onu
tanıyanların qəlbində və yaddaşlarda həmişə
yaşayacaq. Onun həyatı təkcə bir insanın deyil, bir elin mücadiləsinin,
sabaha ümidlə baxan
baxışlarının parlaq aynası idi.
O, bir qocaman çinar kimi kölgə saldı Zəngilanın
torpağına. O çinarın kökləri dərin,
kölgəsi geniş idi - arzulayanlar bu kölgəliyi
özünə doğma bilirdi, bu kölgəliyə yad yellər
əsmirdi. Bəd niyyətlərdən, zamanın sərt
küləklərindən zərrəcə təntimirdi,
sınmırdı, əyilmirdi. Hər dəfə Musa müəllimi
xatırlayanda Mirzə Ələkbər Sabirin bir
misrasını xatırlayıram: "Bənzərəm bir
qocaman dağa ki, dəryada durar".
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 17 dekabr (¹230).- S.15.