Daha dəqiq hidrometeoroloji
proqnozların verilməsi istiqamətində görülən
işlər
100 İLİ ƏHATƏ EDƏN
HİDROMETEOROLOJİ MƏLUMATLARIN VAHİD
VERİLƏNLƏR BAZASINA KEÇİRİLMƏSİ
NƏZƏRDƏ TUTULUB
Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin
qorunması sahəsində innovasiyaların tətbiqi fəaliyyətə
yeni və səmərəli elementlərin daxil edilməsinə
imkan verən məqsədyönlü dəyişiklikdir. Bu
tip fəaliyyət müasir formanın, yeni metodların,
texnologiyaların, vasitələrin inkişafı və səmərəsinin
yüksəldilməsinə xidmət edir.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov deyir ki, hazırda ötən 100
ili əhatə edən hidrometeoroloji məlumatların vahid
verilənlər bazasına keçirilməsi və texniki standart
baxımından eyniləşdirilməsi istiqamətində
işlər aparılır. Bundan əlavə, Milli
Hidrometeorologiya Xidməti tərəfindən təhlükəli
hava şəraitinin vaxtında müəyyənləşdirilməsi,
identifikasiyası və onların dəqiq
proqnozlaşdırılması üçün 3 ədəd
dopler radar sistemləri quraşdırılıb. Meteoroloji
radiolokatorlar təhlükəli hadisələrlə
müşayiət olunan konvenktiv buludluq haqqında etibarlı
diaqnostik məlumatlar əldə etməyə imkan verir. Leysan,
dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin
hərəkət trayektoriyasının müəyyənləşdirilməsi,
1-3 saatlıq hava proqnozlarının hazırlanması
üçün ən son texnoloji üsullardan istifadə edir
və milyon sətir məlumatın generasiya və təhlil
olunması kimi funksional imkanlara malikdir: "Növbəti mərhələ
üçün bu böyük həcmli məlumatların da
açıq məlumat dəsti olaraq opendata.az portalında dərc
olunması planlaşdırılır. Həmçinin bu məlumatlardan
daha dəqiq hidrometeoroloji proqnozların verilməsi, eləcə
də növbəti mərhələdə ölkəmizin
sahib olduğu super kompüterlərlə emal olunması istiqamətində
hazırlıq işləri görülür. Eləcə də
kənd təsərrüfatı üçün lazım olan
atmosfer çirklənmələri və təbii mühitin
radiasiya fonu üzrə məlumatların da növbəti ildən
məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi
nəzərdə tutulub".
Son dövrlər qlobal miqyasda müşahidə olunan
iqlim dəyişmələri ölkəmizin ərazisinə də
təsirsiz ötüşməyib. İqlim dəyişmələri
əsasən havanın temperaturunun yüksəlməsi,
yağıntıların azalması, xüsusilə də təhlükəli
hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə
özünü göstərir. Bu da qlobal miqyasda iqlim dəyişmələrinin,
eləcə də təhlükəli atmosfer hadisələrinin
baş verə biləcək fəsadlarının əvvəlcədən
müəyyən edilərək əhaliyə və aidiyyəti
qurumlara çatdırılması sisteminin, yəni erkən xəbərdarlıq
sisteminin inkişaf etdirilməsini ön plana çəkir. Bu
məqsədlə Milli Hidrometeorologiya Xidmətində
müasir müşahidə sistemləri tətbiq olunur,
müşahidə şəbəkəsi modernləşdirilir.
Belə ki, 2020-ci ildən etibarən son 3-4 il ərzində
müşahidə şəbəkəmizdə 40 dəst
avtomat hidroloji, 17 dəst avtomat meteoroloji, 4 dəst avtomat
okeanoloji stansiya alınaraq quraşdırılmış, 2 dəst
radiozond sistemi və 2 dəst dopler hava radarı istifadəyə
verilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,
gözlənilən təhlükəli atmosfer hadisələri
barədə xəbərdarlıqların Milli Hidrometeorologiya
Xidmətində tərtib edilib və müvafiq dövlət və
özəl qurumlara eləcə də əhaliyə
çatdırılır: "Çoxillik müşahidələrin
nəticələri göstərir ki, ölkə ərazisində
ən çox rastlaşdığımız təhlükəli
atmosfer prosesləri güclü küləklər,
qasırğalar hesab olunur. Belə güclü küləklər
əsasən Bakıda və Abşeron yarımadasında,
xüsusilə də Xəzər dənizinin Azərbaycan
Respublikasına aid hissəsində müşahidə edilir.
Müxtəlif dövrlərdə dəniz akvatoriyasında
sürəti 40 metr/saniyəyə çatan güclü
qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat
sahələrinə zərər vurmaqla yanaşı, insan tələfatına
da səbəb olub. Mütəxəssislərimiz təhlükəli
atmosfer hadisələrinin, xüsusilə də güclü
fırtınalara və qasırğalara səbəb olan
atmosfer prosesləri barədə xəbərdarlıqların
tərtib edilməsi və ötürülməsi ilə
bağlı inkişaf etmiş Avropa ölkələrinin, eləcə
də Türkiyənin təcrübəsini öyrəniblər.
Avropanın əksər ölkələrində təhlükəli
atmosfer hadisələrinin "Rəng Xəbərdarlıq
Sistemi" üzrə təsnifatlandırılmasına gəlincə,
ilkin mərhələdə fırtına və
qasırğalara səbəb olan güclü küləklər
barədə xəbərdarlıqların rəng
şkalasına uyğun tərtib edilir. Tərtib olunan xəbərdarlıqların
hansı rəng sisteminə aid olmasının müəyyənləşdirilməsi
məqsədilə mütəxəssislər ölkənin
ayrı-ayrı bölgələrinin, həmçinin Xəzər
dəniz akvatoriyasının iqlim şəraiti və relyefi nəzərə
alınaraq "Boford" şkalası üzrə qiymətləndirilməsini
aparırlar. Beaufort (Boford) şkalası 1963-cü ildə Beynəlxalq
Meteorologiya Təşkilatı (indiki ÜMT) tərəfindən
qəbul edilib.
Qeyd edək ki, əksər meteoroloji parametrlərdə
olduğu kimi, küləyin sürətinin də təhlükəli
həddi əraziyə uyğun olaraq müəyyənləşdirilir.
Respublikamızın rayonları üçün (Abşeron
yarımadası və dəniz akvatoriyası istisna olmaqla)
sarı xəbərdarlıqlar - küləyin sürətinin
7-8 bala, narıncı xəbərdarlıq - küləyin
sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq
isə - küləyin sürətinin 11-12 bala
çatacağı halda tərtib olunur. Bakı şəhəri,
Abşeron rayonu və dəniz akvatoriyasında isə
güclü küləklərin tez-tez təkrarlandığını
nəzərə alaraq, sarı xəbərdarlıqlar -
küləyin sürətinin 8-9 bala, narıncı xəbərdarlıq
- küləyin sürətinin 10-11 bala, qırmızı xəbərdarlıq
isə - küləyin sürətinin 12 bala
çatacağı halda verilir. 7-8 balla qiymətləndirilən
küləyin gücü saniyədə 14-20 metr, 9-10 balda
20-28 metr, 11-12 balda isə 32 metrə bərabərdir.
Təhlükəli küləklərlə
bağlı xəbərdarlıqlar rəng şkalası
üzrə interaktiv xəritə üzərində verilir. Xəritə
Xidmətin internet saytında yerləşdirilir və mütəmadi
olaraq yenilənməsi təmin olunur. Türkiyə təcrübəsinə
uyğun olaraq fəlakətli hava şəraiti olan və
maksimal sürəti təhlükəli həddə
çatmayan küləkli ərazilər xəritədə
açıq yaşıl rənglə, sürəti 8-9 bala
çatan küləkli ərazilər sarı, küləklərin
sürəti 10-11 bal intervalında olan ərazilər
narıncı, maksimal sürəti 12 ballıq şkala ilə
maksimuma çatan qasırğaların gözlənildiyi ərazilər
isə qırmızı rəngdə göstərilir.
Məlumat üçün bildirək ki,
"Meteo.az" mobil tətbiqini istifadə edən hər kəs
olduğu ərazi üzrə hava durumu haqqında mütəmadi
məlumat ala bilir. Sözügedən tətbiq vasitəsilə
əhaliyə hava hadisələri barədə xəbərdarlıqlar
daha öncədən bildirilir. Hazırda hava hadisəsinin
hansı bölgədə baş verməsi haqqında məlumat
verilir. Lakin yeni sistem imkan yaradır ki, əhalini konkret
hansı ərazidə dolu, leysan, şimşək, sel və
daşqın hadisələri olacağını əvvəlcədən
məlumatlandırıla bilsin. Eyni zamanda, Şuşada
quraşdırılması nəzərdə tutulan radar sistemi
vasitəsilə Qarabağ ərazisində də baş verəcək
hidrometeoroloji hadisələr Situasiya Mərkəzində
vizuallaşır. Yeni tətbiq ediləcək "Rəng xəbərdarlıq
sistemi" şkalası ilə küləyin sürəti
haqqında qiymətləndirmə hər kəsə mütəmadi
göndərilir. Küləklə bağlı tətbiq edilən
bu vasitə gələcəkdə digər təhlükəli
meteoroloji hadisələr üçün də sistemləşdirilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,
hazırda işğaldan azad olunmuş ərazilərdə
müşahidə şəbəkəsinin bərpası və
yenidən qurulması tədbirləri davam etdirilir. Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində
onlarla hidroloji stansiya artıq bərpa olunub. Bunlar Araz, Bərgüşad,
Tərtərçay, Oxçuçay, Həkəriçay,
Tutqunçay, Zabux, Quruçay, Bəsitçay, Köndələnçay
çayları üzərində hidroloji avtomatik sensorlar
quraşdırılıb. 4 transsərhəd çay - Araz, Bərgüşad,
Bəsitçay, Oxçuçay üzərində isə
keyfiyyət sensorları yerləşdirilib. Bu sensorlar vasitəsilə
suyun kəmiyyət və keyfiyyət göstəriciləri
izlənilir: "2022-ci ildə "İşğaldan azad
olunmuş ərazilərdə Böyük
Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində
beş dəst bütün lazımi sensorlarla təchiz
olunmuş yeni nəsil avtomat meteoroloji stansiyalar Kəlbəcər,
Ağdam, Zəngilan, Füzuli və Şuşa şəhərlərində
quraşdırılıb. Bu stansiyalar ərazinin meteoroloji
şəraitini öyrənməyə, buludluluq,
görünüş məsafəsi, havanın və
torpağın temperaturu, rütubəti, yağıntı,
küləyin sürəti və istiqaməti və s.
meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan
verir. İstifadədə olan bütün avtomat
stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya
Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində
vizuallaşır. Dövlət proqramı çərçivəsində
bu il də işlərin davam etdirilməsi nəzərdə
tutulur. Belə ki, Şuşa şəhərində bir dəst
dopler radar sisteminin, həmçinin Laçın, Qubadlı,
Ağdərə, Xocavənd rayonlarında, eləcə də
Xankəndi şəhərində daha beş ədəd
müasir standartlara cavab verən avtomat meteoroloji stansiyaların
da quraşdırılması istiqamətində işlər
davam etdirilir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.14.