Sözün bitdiyi
yerdə başlayan musiqi
Esse
Dil insanlar arasında ən mühüm ünsiyyət
vasitəsidir. Doğrudur, danışırıq, izah edirik,
adlandırırıq, bölüşürük. Məhz
dilin vasitəsi ilə dünyanı mənalandırır,
özümüzü başqalarına tanıdır, öz
düşüncə və duyğularımızı
paylaşırıq. Amma həyatın elə anları var ki,
sözlər orada ya artıqdır, ya da tamamilə aciz. Həmin
anlarda insan danışmaq istəmir, danışa bilmir. Məhz
o nöqtədə ruhun qidası dediyimiz musiqi köməyimizə
çatır.
Söz çox zaman ağlın nəzarətindədir.
Cümlə qurmaq üçün sözləri seçirik,
ölçürük, redaktə edirik. Danışmadan
öncə dəfələrlə düşünürük
ki, bunu demək olar, bunu demək olmaz. Dil sosial məsuliyyət
daşıdığı üçün qarşı tərəfin
anlayacağı formaya salınmalıdır. Musiqinin isə
belə bir yükü yoxdur. O, nəyisə izah etməyə
çalışmır, sadəcə var olur. Bəlkə də
buna görədir ki, sözün tükəndiyi yerdə
musiqi daha səmimi səslənir.
İnsan hisslərini sözlə ifadə etməyə
çalışdıqca mütləq nəsə itirir. Sevinc
cümləyə çevriləndə zəifləyir, kədər
çox danışıldıqca səthiləşir.
Çünki dil hissin özü deyil, onun təsviridir. Musiqi
isə təsvir etmir, birbaşa hissin özünü
yaradır. Melodiya bizə kədərlənməyi demir, kədərin
özünü yaşadır. Ya da gülümsəməyi
tapşırmır, şən duyğuları ruhumuza
köçürür. Bu, çox fərqli bir ünsiyyət
formasıdır.
Sözlər çox vaxt bizi qoruyur. Onların
arxasında gizlənmək mümkündür. Axı nahaqdan
deməyiblər, insan dilinin arxasında gizlənib. İnsan
rol oynaya, özünü daha güclü, daha sakit, daha laqeyd
göstərə bilər. Amma musiqidə bu maska asanlıqla
düşür. Çünki melodiyanın yalanı yoxdur. O,
sənin içində nə varsa, onu səsləndirir. Elə
buna görə də bəzi insanlar özlərini gizləməkdən
bezəndə, özləri ilə baş-başa qalmaq istəyəndə
danışmaqdan qaçıb musiqiyə
sığınırlar.
Sözsüz musiqinin gücü ondadır ki, onun tərcüməyə
ehtiyacı yoxdur, o, hamıya eyni anda toxuna bilir.
Dünyadakı tək ortaq dil də məhz musiqidir. Dil isə
fərqlidir, sözlər mədəniyyətə,
coğrafiyaya, təhsilə bağlıdır. Bir fortepiano
musiqisi Tokio ilə Bakını eyni hissdə birləşdirə
bilir. Çünki orada izah yoxdur, yalnız duyğu var. Bu,
insanları ən bərabər nöqtədə, hissdə
görüşdürən nadir vasitələrdən biridir.
Çox məşhur əhvalatlardan biridir. Belə ki,
vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən,
dünya şöhrətli Çarli Çaplin gələnlərin
Azərbaycandan olduğunu biləndə piano arxasına
keçib "Cücələrim" mahnısını ifa
edir və qonaqlara üzünü tutaraq deyir: "Demək,
siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər
bəstəkara salam yetirin!"
Çaplin Azərbaycan dilini bilmirdi, amma musiqinin ruhunu
duyurdu. O, "Cücələrim" mahnısını
sözlərindən daha çox melodiyası ilə
anlamış və sevmişdi.
Musiqi insanın özünü səslərlə ifadə
etdiyi bir sənətdir. Musiqi adamı canlandırır, sakitləşdirir
və insani keyfiyyətlərini zənginləşdirir. Musiqi
dinləyən insan cəmiyyət içində daha xoşbəxt
fərd olur. Bir çox insan özünü və
duyğularını musiqi ilə daha yaxşı ifadə edə
bilir. Bu səbəbdən musiqidən ünsiyyət məqsədi
ilə istifadə edilir.
Həmçinin, əsrlərdən bəridir
duyğuları və qəlbi oxşayan musiqi növlərindən
müalicə məqsədi ilə də istifadə edilir. Bu,
təkcə psixoloji müalicə deyil. Araşdırmalar
göstərir ki, dünyanın bir çox yerində ən
ağır xəstəliklər belə musiqi ilə müalicə
oluna bilir. 1950-ci illərdən etibarən psixiatrik xəstəliklərdə
musiqi terapiyasından istifadə edilir. XX əsrin ortalarında
musiqi ilə müalicəni kəşf edən Qərb
dünyası isə onu alternativ müalicə üsulu deyil, ənənəvi
tibbə uyğun və elmi müalicə üsulu olaraq qəbul
edib. Bu gün Qərbdə xəstəxana, klinika, məktəb,
maddə asılılığı mərkəzi kimi yerlərdə
minlərlə mütəxəssis musiqi terapiyası tətbiq
edirlər.
Musiqi həm də susqunluğun səsidir. Bu
susqunluğun içərisində hiss var, duyğu var, sözə
tökülə bilməyən yaşanmışlıqlar
var. Bu sükut insanı qorxutmur, əksinə, onu özünə
yaxınlaşdırır, hissləri ilə baş-başa
qoyur.
Bu o demək deyil ki, söz lazımsızdır.
Əksinə, dil insanın düşünmə qabiliyyətinin
əsas dayağıdır. Amma hər şey dilə
sığmır. Bəzi duyğular var ki, onları ifadə
etmək yox, yaşamaq lazımdır. Bunu edən isə yenə
də musiqidir.
Bəlkə də buna görə həyatımızda
musiqi həmişə var. Sevinəndə, kədərlənəndə,
tək qalanda, düşünəndə, sevəndə,
ayrılanda... Çünki insan təkcə danışan
varlıq deyil, həm də hiss edən, susan, dinləyən
varlıqdır. Bəzən isə ən doğru ünsiyyət
forması məhz sözsüz olandır.
Sözün bitdiyi yerdə musiqi başlayır. Amma
bu, sözün məğlubiyyəti deyil. Bu, insanın
özünü daha dərin, daha səmimi bir dildə ifadə
etmək ehtiyacıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.13.