Radio jurnalistikasına dair yeni kitab
Xüsusilə son zamanlar bu fikirləri tez-tez
eşidirdim: "Radio jurnalistikası sıradan
çıxır", "Daha radioya qulaq asan yoxdur",
"Diktorlar işsiz qalacaq" və s. Ələlxüsus,
süni intellektin jurnalistikaya sürətlə nüfuz etdiyi,
yeni trendlər yaratdığı bir dövrdə bu fikirlərə
şübhə ilə yanaşır və bəzən də
düşünürdüm ki, deyilənlərdə həqiqət
var. Amma bir neçə dəqiqə qabaq tanış olub
bitirdiyim "Radio jurnalistikası" dərsliyindəki
mövzular, ümumiyyətlə, toxunulan məqamlar, ortaya
qoyulan elmi əsaslar fikirlərimi xeyli dərəcədə dəyişdi.
Əsərin müəllifləri BDU-nun Jurnalistika fakültəsinin
iki müəllimi - Yeni Media və Kommunikasiya Nəzəriyyələri
kafedrasının müdiri Xatirə Hüseynova və Beynəlxalq
jurnalistika və informasiya siyasəti kafedrasının
müdiri Aynur Nəsirovadır. Əslində kitabın
uğurlu alınacağına əmin idim. Çünki
müəllifləri çoxdan tanııyıram. Aynur
xanım mənə auditoriyada dərs deyib. Xatirə xanım
- kafedra müdirim isə dərs deməsə də, ondan
öyrəndiklərim o qədər çoxdur ki...
Mətləbdən bir az kənara çıxaraq deyim
ki, Xatirə xanım magistraturanın birinci kursunda oxuyandan bəri
çoxları kimi mənə də dəstək olur, düz
yolu göstərməyə çalışır. Və bəlkə
də, ən vacibi - inanır.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl
xarici dillər üzrə fəlsəfə doktoru
imtahanından uğurla nəticə ilə çıxandan
sonra ilk ona zəng etdim. Təkcə cavabı gözlədiyini
bildiyimə görə yox. Həm də məhz inamı,
etimadına görə...
Bəzən pedaqoji fəaliyyətimlə bağlı
dilemma qarşısında onunla məsləhətləşirəm
və ya öz-özümə düşünürəm: nə
etsəm Xatirə xanımın inamını doğruldaram? Dəstəyi,
inamı, doğrudan da, əvəzolunmazdır.
Onu da deyim ki, iki alim əslində çox
yaxşı tandem yaradıblar. Bildiyimə görə, uzun illərdir
yanaşı addımlayırlar - hələ tələbəlik
illərindən. Və bu, onların ilk birgə əsəri
deyil. Xatirə Hüseynova ilə Aynur Nəsirova əvvəllər
də fərqli kitablar ərsəyə gətiriblər.
"Radio jurnalistikası" dərsliyinə gəldiksə
isə qeyd edə bilərik ki, müəlliflər
qarşıya qoyduqları məqsədə
çatmağı bacarıblar: radio jurnalistikanın bir qolu
kimi araşdırılmaqla yanaşı, radionun ifadə vasitələri,
xəbər, musiqi, informasiya və sair ilə bərabər,
radiotexnika ilə tanışlıq, səsyazma, musiqi tərtibatı,
montaj, redaktə barədə oxuculara ətraflı məlumat
verilir. Dərslikdə "radiojurnalist" hansı vərdişlərə
yiyələnməlidir?" sualına aydın cavab verilir. Həmçinin
müasir dövrün tələblərinə uyğun olaraq
onlayn radioproqramın yaradılması və sayta yüklənməsi
yolları göstərilir, praktik vərdişlər
aşılanır.
Məhz bu baxımdan deyə bilərik ki, dərslik təkcə
tələbələr üçün deyil, gənc jurnalistlər
və ümumilikdə media ilə maraqlananlar üçün
ideal vasitədir. Belə ki, dərsliyi mənimsəyən tələbə
radionun mahiyyəti, ifadə vasitələrinin funksiyaları,
radioda jurnalist işinin əsasları, dinləyici
auditoriyası haqqında ətraflı təsəvvürə
yiyələnir. Ona radioxəbər yazmağın incəlikləri,
radioreportajın, xəbər bülletenlərinin
hazırlanması, canlı efirdə işləməyin özəlliyi,
montaj barədə vacib məlumatlar verilir.
Müəlliflər kitabın ilk səhifələrində
yazırlar: "Radio emosional vəziyyətin yaradılması
baxımından əlverişli media orqanıdır". Təkcə
bu fikrin özü belə, radionun cəmiyyət həyatındakı,
radio jurnalistikanın isə media mühitindəki yeri və
rolundan xəbər verir.
Kitab ümumilikdə 15 mövzudan ibarətdir.
Onların hər birində radio jurnalistikasınnı fərqli
məsələlərinə toxunulub. Məsələn,
"Radiopaket", "Radioda podkast", "Radioda
aparıcı işi" kimi mövzularda konkret başlıq
üzrə məsələlər ətraflı
araşdırılıb və dolğun məlumat verilib.
Əsərin özəlliklərindən biri
kitabın sonunda tədqiq olunan mövzular barədə
sualların təqdim olunmasıdır. Sözsüz ki, bu
suallar oxucuların, o cümlədən tələbələrin
mövzuları daha yaxşı mənimsəmələrinə
şərait yaradır.
Verilmiş ədəbiyyat siyahısından da
görünür ki, müəlliflər kitabı
hazırlayarkən kifayət qədər ciddi mənbələrdən
müraciət edib, sanballı müəlliflərə
müraciət ediblər. Bu əsərin
orijinallığını artırmaqla yanaşı, elmi
aktullağına da töhfə verir.
Çox sevdiyim bir aforizmdə deyilir: "Kitablar da
dost kimidir, az fəqət yaxşı seçilmiş
olmalıdır". Ölkədə radio jurnalistikasına və
mediaya dair yazılmış elmi əsərlərin keyfiyyət
və elmi yeniliyi baxımından heç də eyni səviyyədə
olmaması aydındır. Onların sayınının nə
qədər arzuolunan olması da mübahisəlidir. Lakin bu, dəqiqdir:
İki alimin, media mütəxəssisinin və bəlkə də,
müasir Azərbaycan jurnalistikasının uğurlu tandemlərindən
biri adlandıra biləcəyimiz Xatirə xanımla Aynur
xanımın "Radio jurnalistikası" dərsliyinin ən
yaxşı, ən sadiq dostumuz olması üçün
heç bir əngəl yoxdur. Bizə bu dostu
qazandırdığınız üçün çox
sağ olun, müəlliflər. Çox sağ olun, müəllimlərim!
Kənan NOVRUZOV
525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.13.