Yaradanın qoruduğu bəndə

 

povest

 

(Əvvəli ötən sayımızda)

 

Tərlan ayağının birini götürüb, birini qoyur, gicgahlarında quzu buynuzu kimi burulan cıqqalarını sığallayırdı.

- Atacan, icazə ver, görüşüm Çingiznən! Ona deyin ki, atama yox, mənə, arvad-uşağının, özünün də başından çevirib on min manat versin.

- Oğlum, tutaq ki, mən razılıq verdim. Sən də getdin Çingizə yaxınlaşdın. Xub! Əla! Amma sən bu "başdan çevirmə"nin mənasını başa düşürsənmi?

- Ay atam, nəyimə gərəkdir onun mənası. Pulu versin gedim işimin dalınca da!

Oğlum tutduğu yerdən kəsirdi. Özünü dağa-daşa atır, işini düzəltməyə çalışırdı.

- Hə, atacan, ayaq sürümə! İcazə ver görüşüm Çingiznən.

- Yox! Əsla! Mən buna qol qoya bilmərəm.

- Niyə, ay atam?!

- Belə ona görə ki, pulu başından çevirən, canının azar-bezarını, ağrı-uğrusunu da, o pulnan bir yerdə ötürür ondan pul istəyənə. Çingiz xalqın adət və ənənələrinə səndən, məndən də yaxşı bələddi. O, humanist, insanpərvər yazıçıdı. Özünün, ailəsinin də azar-bezarını başqalarına ötürməsinə razılıq verməz, başına yüz güllə çaxsan da. Mən də rəva görmərəm ki, Çingiz belə əskik işə əl qatsın. Gül ləçəyi vicdanı ağır günahlarla ləkələnsin! Mən də təqsir sahibi olmayım. Əllərimi bir-birinə çırpıb, - Vəssalam, şüt də tamam. Çingiz söhbətini burda qurtardıq! Amma məsələni həll eləməliyik, - dedim.

- Bəs nə sayağ, necə?

- Bunu bilmirəm. Borc alıb, vaxtında qaytara bilməsəm, ağır günaha bataram. Tərlan gözümə zilləndi.

- Ay atam, boğuluram, havam çatmır. Nəfəsindən nəfəs ver! Səxavətini əsirgəmə balandan. Mənə görə, işimin xatirinə bir az günaha batanda dünya dağılar?

Oğlum üzə durdu. Üsyana qalxdı. Gərginliyə az dözdü, çox dözdü, axırda da, heç nə! Partladı!

- Bəli, oğlum, - dedim. - Günaha batsam, yaradanın gözündən düşərəm. Haqqa, ədalətə, insani dəyərlərə xəyanətlə yaşasam, cəmi dünya yox, mənim dünyam dağılar. Mənəvi, ruhi işgəncələr unutqanlıq yaradar. Duyğularım korşalar. Şeir, söz səltənətinin daşları başıma çırpılar.

Atayam, qanadlarımın qırılmasına dözərəm, təki oğlum qanad açıb, ənginlikləri fəth etsin. Mən oğlumun canfəşanlığına haqq qazandırırdım. Burda qəbahətli nə var ki? Tərlan cavan çağında yorğan-döşəyini bir az qalın tutmaq istəyir ki, ahıl vaxtı çarpayısının dəmirləri sümüklərin göynətməsin. İşi düzəlməsə, "direktorsuz", "naçalniksiz" o gözəl həyata qovuşa bilməyəcəkdi.

Əsəbi başda ağıl olmaz! Sözüylə əməli düz gəlməz. Tərlan özünü boğdu. Yumru çənəsi ətli buxağının içində itib-batdı. Səsimə güc verdi.

- Atacan! Perm də, o gözəl gələcək də dəysin Süleyman kişinin başına! Mən heç yana getməyəcəm. Səni də günaha batmağa qoymaram. Ancaq ulu Peyğəmbərimiz, xalqın başında duran imamlarımız da əlsizlərə əl yetirib, gücsüzlərə arxa-dayaq olub, xeyirxah əməlləriylə suvab qazanıblar! Aclıqdı. Ehtiyac göz açmağa qoymur. Suvaçalda yaşayan xalamoğlu Həmzəli taxıl-dəni çuvallarla, kartofu, soğanı da kisələrlə gətirir bizə. Sən də bizə gətirilənlərdən şəhid ailələrinə, qazilərə paylayarsan. Mənim Perm məsələmi həll eləsən, bol-bol suvab qazanarsan, günahların da yuyular.

Süleyman kişiyə istədiyi məbləği çatdıra bilməsəm, Tərlanımın üzünə baxa bilməyəcəm ömrüm boyu. Üzüqara olacam Tərlanımın yanında. Ancaq hardasa bir çıxış yolu olmalıdı. Hanı? Hardadı o yol? Düşünür, ümidlərimi ələk-xəlbir eləyir, mərdiməzar əkini kimi seyrək saqqalını didişdirir, yoluşdururdum.

- Sən razı olarsanmı mən ona-buna əl açıb, dilənim küçələrdə?! O pulu toplayım?!

Divarlar dilə gəldi, oğlumdan səsə çıxmadı. Nə "Hə", nə "Yox". Tərlan odla su arasında yox, odla od arasında qalmışdı.

Oğluma elə gəlirdi ki, o, zirvəyə aparan pilləkənin başındadı. Ayağını sonuncu pilləyə qoysa, xoşbəxtlik tax-tacında rahat oturacaq. Amma sonuncu pillə yerində yox idi, qırılmışdı. "Ah, kaş, noolaydı, atam o sonuncu pillənin boşluğunu öz cismi-canımla dolduraydı" düşünürdü bəlkə də oğlum.

- Dilənçilik?! Yox, yox! Allah göstərməsin! Sonra mənə dilənçi oğlu deyərlər. Yuxarıdan aşağı baxarlar. Adam yerinə qoymazlar, saya saymazlar məni. Sevdiyim qızı da "dilənçi oğludu" deyib, verməzlər mənə! Halalca şair oğluyam. Atamın şöhrətindən mənə də pay düşür. Bəli! "Şair oğlu" gör necə də gur səslənir.

- Yox, yox, atam! Dilənçilik yox! - deyib, əlini başı üstündə tovlayıb, nəhs fikirləri qovalamağa çalışdı! Bu vaxta kimi uşaq olmuşam. Gicliyim tutub, "Şessotka" maşınımla küçələrdə min bir oyun çıxardıb fors verərdim qızlara! Amma indi başım daşa dəydi. Kişinin yatırımı olmalıdı altında. Bəsdi acizlik. Xalaoğlum Həmzəli traktorçudu Suvaçal kəndində. Sovxozlar dağılanda o traktorunu çıxdaş elətdirib keçirdib öz adına! Onun-bununçun işləyir gecə-gündüz. Yaxşı zəhmət haqqı alır. İkimərtəbəli ev tikdirib, həyətyanı torpağından yaxşı məhsul götürür. Kənddə ona "multi mülkədar" deyirlər. Paxıllığım tutur xalam oğluna.

- Ay atam - dedi Tərlan. - Mən niyə bu qədər aciz olmuşam. Kişiliyim çatar, bir qaşıq zəhəri içərdim. Perm söhbətini atardım başımdan! Suvaçala gedərdim. Amma axı, Perm variantı çox sərfəlidi. Bir də, tüpürdüyümü yalamaq mənə ağır gəlir. Geri çəkilmək mübarizədən qaçmaq deməkdi. Məğlub olmaq, basılmaq istəmirəm, atacan! Gəl hələ Süleyman kişidən əlimizi üzməyək! "Allahdan buyruq, ağzıma quyruq" - deyib oturmayaq! İki böcək nağılını eşitmisən?

- Adı mənə tanış gəlir. Hə, hə, böcəklər haqda bir şeir yazmışam!

- Bizim indiki vəziyyətimizə aiddi. Hə, ata, iki böcək cücü-mücü dalınca ora-bura uçmaqdan yorulur, axırda süd dolu sərincə qonurlar. Böcəklərin tənbəli qanadlarını sinəsinə yığıb - "Ah! Hər şey qurtardı. Burdan çıxmaq mümkün olmayacaq" - deyib qabın dibinə çökür. Ancaq o biri - zirək, diribaş böcək: - Noolsun? Hələ yaşamalıyam! Həyat mübarizədir, - dedi. Böcək əlləşdi - vuruşdu, qanadlarını çırpdı, çabaladı, südün üzündə bir yağ topası yarandı. Qəhrəman böcək qalxıb, o topanın üstündə oturdu. Sonra da qanadlarını çırpıb azadlığa uçdu qəhrəman böcək!

- Sən mənim əsərimi söyləyirsən mənə - dedim. - Amma harda oxumusan?

Barmağını gicgahına dayayıb, fikrə getdi oğlum.

- "Ədəbiyyat müntəxabatı" kitabından. Ata sənin o dörd kupletlik şeirindəki qələbəyə inam Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərindəkindən daha güclüdür. Gəl, biz də o qəhrəman böcək kimi bu ağır vəziyyətdən qurtaraq özümüzü. Ata, sən şairsən, ancaq evi dolandırmaqçün gəmilərdə mexanik işləmisən. İki romanın qəhrəmanı Seyid Sakitlə can bir, ürək bir dostsan. Deyirlər dənizçi dostluğu dənizdəki dalğa zənciri kimi qırılmaz olur. Seyid Sakit sənin ad günlərinə qucağı dolu gül-çiçəklə gəlir. Atacan, moryaklar qürurlu olurlar, lovğalığı, özündən deməyi sevməzlər. Lap haracan desən, səninlə getməyə hazırdı Seyid Sakit, eləmi?

- Elədi, oğlum! Sədaqətli dostundu. Kasıbyana yaşayır. Aldığı zəhmət haqqını oğlunun, qızının, bir də öz ailəsi arasında ata malı kimi bölür.

- Deməli, səliqə-səhmanlı adamdı. Noolar, ay ata, bəlkə ona bir ağız açasan?!

- Əlbəttə! Dost bəs nə gündə lazımdı? Ona ağız açardım, lap o yana da keçərdim...

- Bəs indi noolub ki? Tərlan udquna-udquna danışırdı. Mən istəyirdim ki, o kömək eləsin bizə. Problemimizi həll eləyək.

- Həll eləyək! Amma elə yolnan ki, Allaha da xoş gəlsin, bəndələrə də ziyan dəyməsin.

- Seyid Sakit bişmiş, təcrübəli oğlandı.

- Hə, çox bilən quş dimdiyindən düşər tora! O Seyid Sakit hardansa, kimdənsə eşidib ki, əlimyandıdayam, on min manata ehtiyacım var. Neyləsə yaxşıdı? Mənə gənəşmədən, özbaşınalıq eləyib, tez, təcili "Muğan Bankdan" on min manat kredit götürüb, gətirib mənə verməyə!

- Bizə də elə bu lazımdı da!

- Tələsmə! Sözünü ağzında bişir, sonra çıxart! Bizə pul lazımdı, amma böyük bir qəbilənin, ağır nəslin, qohum-qardaşın göz yaşları hesabına yox. Gətirdiyi o pulu qoltuğuna yerləşdirib, dedim apar qaytar banka. Qaytarmasaydım, bilirsən nə olacaqdı?

Cavab gözləmədim. Özüm verdim cavabını - Dedim, oğlum - sabah-o biri gün istilər düşəndə Seyid Sakitin Bakıda yaşayan bacıları, qardaşları öz uşaqlarını götürüb gələcəklər ata ocaqlarına dincəlməyə. Ancaq Seyid Sakit aldığı kreditləri qaytara bilməyib. Qapılarda da kirvəngəlik açar asılıb. Açarın üzərində də məhkəmənin surçuçlu möhrü.

- Nolar ki, pıçıldadı oğlum. - Qoy o qohumlar çıxış yolu tapsınlar. Tərlanın qollarını nə vaxt, necə qamarladığımı bilmədim. Dirsəkdən yuxarı əzələlərini ovuclayıb sığdım. Mənə elə gəldi ki, barmaqlarım muskulların bu üzündən girib o biri üzündən çıxdı. - O dediyini təkrar eləyə bilirsənmi? Soruşdum. Cavab vermədi. Əlimdən çıxmağa cəhd göstərdi. Yırğalananda dirsəyi termonun güzgüsünə çırpıldı. Bədəni yarpaq kimi əsirdi.

- Oğlum, o bayaq dediyini bir də təkrar eləyə bilərsənmi?

- Qələt eləmişəm. Heç bilmədim necə çıxdı ağzımdan "o çıxış yolu". Məni bağışla, atacan, deyib, sifətini sinəmə söykədi. Göz yaşları biləklərimi qızdırırdı. Əllərini qopara bilmədim boynumdan, oğlum için-için ağlayırdı. Mən də nə qədər əlləşsəm də, özümü saxlaya bilmədim. Ata-bala iç ata-ata ağlayırdıq.

- Mən sənin küliyyatını çap etdirib, səni şan-şöhrətə çatdıracam. Ürəyindən əməliyyat olunan anamı fəsadlardan qurtaracam - deyə sızıldayırdı. Əslində oğlumun Perm səfərinin səbəbkarı biziydik. Oğlumun belə dəridən-qabıqdan çıxmasına, anasını sağ-salamat, məni də yazıçı kimi sayılıb-seçilən görmək istəyindən irəli gəlirdi. O, ilanı Seyid Əhmədin əliylə yox, gah Çingiz Abdullayevin, gah da Seyid Sakitin əliylə tutmağa çalışırdı. Ancaq bıçaq sümüyə dirənmişdi. Süleyman kişinin tələb etdiyi məbləği yerin deşiyindən çıxartmalıydım. Oğlum cavandı, dəliqanlıdı. Bu istəyini yoluna qoymasam, Allah uzaq eləsin, bank yaranlara qoşular, iynəyə qurşanar! Zindanlarda zay-may olar oğlum!

Mən Yazbaharın termosu qabağında bir-iki dəfə irəli-geri getdim. Tərlan hələ dünyaya gəlməmişdi. Yazbaharın ürək sancıları get-gedə güclənirdi. Əməliyyata razılıq verdi. Amma elə bu əməliyyatdan sonra da arvadım xırdaçıl, dığ-dığçı olmuşdu. Heçin-puçun üstündə əsəbləşir, dava-qiyamət salırdı.

Bir dəfə də işdən qaş-qabaqlı gəldi. Sumkasını çarpayıya atıb üzümə dirəndi.

- Çörək yemisən?

- Gözlədim ki, gələsən, bir yerdə şam eləyək.

- Bəhanədi. Yalan danışırsan. Bişirdiyimi bəyənmirsən. Axır vaxtlar soyumusan ev-eşikdən. Nə demək istəyirsən? Mən xortdana oxşayıram?

Qucaqlayıb bağrıma basmaq istədim.

- Çəkil, mənə əl vurma - deyib əlimdən çıxdı. Mələk kimi incə Yazbahar məni tez-tez sancır, ilan kimi çalırdı. Ona əl qaldırsaydım, ürəyim qübar eləyər, əlim quruyardı. Bir sözünü iki eləsəydim, xəcalət yükündən belim əyilər, üzünə baxa bilməzdim. Tibb elmindən xəbərdar idim. Başına gələn başmaqçı olmuşdum. Bütün bunlar şizofreniya xəstəliyinin simptomlarıydı. Bir dəfə həkim dostumla bu barədə danışdım.

- Qorxulu heç nə yoxdu - dedi. - Bir-iki iynəynən canını alarıq o xəstəliyin. Birini vurdurarsan. Las toyuq kimi oturduğu yerdə oturub qalar günlərlə. Aqressivlik eləsə, ikincisini vurdur. Otağın bir küncündə un çuvalı kimi qalsın. "Elə sənin başın üçün" dedim ürəyimdə. Nə qədər ki, sağam, nazlarına dözəcəm, dava-dalaşına fikir verməyəcəm. Sancılarını kəsməyə çalışacam. Bir sözünü iki eləməyəcəm. Onu gözüm üstə saxlayacam. Əlbəttə, məni yandırıb yaxacaq təhnə-töhmələri. Dözəcəm. Ancaq gözüm üstündə olacaq daima. Tərlan da, mən də onun qulluğunda durmalıyıq. Evimizə gətirdiyimiz gəlin də ona "ana" deyər. Orda otur, burda oturma deyib başına dolanacağıq. Mən treymonun qabağında bir-iki dəfə irəli-geri getdim. İndi bizi bu çətin vəziyyətdən ancaq onun daş-qaşları çıxara bilərdi.

Hardan gəldi bu güc-qüvvə bilmədim. Əl tutanımı qamarlayıb, masanın daxilini yuvasından çıxartdım. Qızıl bilərziklər, ilan kimi qıvrılan qolbağlar, "buynuz", "ilbiz" barmaqcıqlar, brilyant daşlarla işlənmiş medalyon gözümü qamaşdırdı. Daxılı Tərlanın qucağına qoydum.

- Burdakı daş-qaşları salafan kisəciyə doldur. Tez-təcili çatdır Süleyman kişiyə!

- Yox! Aparmayacam - deyib, üzünü turşutdu oğlum. - Hələ cavandı anam! Toylara, nişanlara yetim kimi getsin?

- Əlbəttə! Bütün qadınlar kimi o da gözəl görünmək istəyir! Amma gözəllik ondursa, doqquzu dondur. Bəzək-düzək əşyaları da o doqquzu gücləndirir. Hər bir qadın istər ki, ağız-burun bəhəm eləyən, daşdan pul çıxaran, yaxşı qazanıb, yerində, qədərində xərcləməyi bacaran kişilər onun dərdindən Məcnuna dönsünlər.

- Anama qurban olaram. O bilsə ki, bu daş-qaşları da bir xeyir işə görə hədiyyə verirəm Süleyman kişiyə, ağzını açmaz! Mənim yolumda canından da keçər anam.

- Ay oğlum, bizim varımız-yoxumuz da sənsən. Anan da, mən də bir boyunduruqda kotan kəlləriyik. Torpaq dəmyədir. Sümük kimidir. Alnımızdan süzülən damcılarla dəmyəni yumşaldırıq. Amma kotanın bıçaqları qayalara ilişəndə, Allah-Təala dizimizə qüvvət verir, kotanı sürüyüb aparırıq. Darıxma, oğlum, özünü üzmə! Aşığı aşıq-aşıq oynamağa yığırlar. Qızıl, brilyant, hər cür daş-qaş da dar gündə dayaq olmalıdı sahibinə - dedim. Oğlum başını razılıqla tərpətdi. Düyünçəni şalvarının yan cibinə dürtdü.

- Allah qoysa, uzağı lap bir aya dolları paçka-paçka atacam ayağınızın altına. Brilyantları ovuc-ovuc səpəcəm anamın başına - deyib tuflisini ayağına keçirib, qapıdan güllə kimi çıxdı.

 

(Ardı var)

Yusif HƏSƏNBƏY

525-ci qəzet .- 2025.- 17 dekabr (№230).- S.12.