Professor İbadulla Ağayevin anadan
olmasının 75 illiyi qeyd edilib
“Dədə Ələsgər Ocağı” İctimai
Birliyinin təşkilatçılığı ilə Rəşid
Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında
görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar
müəllim, tibb elmləri doktoru, professor İbadulla
Ağayevin 75 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca
professor İbadulla Ağayevin zəngin həyat və elmi fəaliyyətinə
həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə
çıxış edən “Dədə Ələsgər
Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli
professor İbadulla Ağayevin təkcə tibb elminə deyil, həm
də milli-mənəvi dəyərlərimizin qorunması və
təbliğinə verdiyi töhfələri xüsusi
vurğulayıb.
Sonra yubilyar professor İbadulla Ağayev
çıxış edərək tədbirin təşkilatçısı
olan “Dədə Ələsgər Ocağı” İctimai
Birliyinə və iştirakçılara minnətdarlığını
bildirib. Uzun illər davam edən elmi və pedaqoji fəaliyyətinin
əsas məqsədinin Azərbaycan səhiyyəsinə fayda
vermək olduğunu qeyd edib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Həsən Həsənov,
Azərbaycan Tibb Universitetinin (ATU) professoru, şair Paşa Qəlbinur,
ATU-nun onkologiya kafedrasının dosenti Nəsimi Qasımov,
daxili xəstəliklər kafedrasının dosenti, tibb və
filologiya üzrə fəlsəfə doktoru Nağdəli
Zamanov, Türk Ağsaqqalları Birliyinin sədri, tibb elmləri
doktoru, professor Sudeyf İmamverdiyev, tibb elmləri doktoru,
professor Fatma Hacıyeva, professor Hacı Xalid Bəşər,
şair Yusif Ağbulaqlı, şair-publisist Məlahət
İsmayılqızı çıxış edərək
professor İbadulla Ağayevin elmi, pedaqoji və ictimai fəaliyyətindən
söz açıblar. Yarım əsri əhatə edən
elmi və pedaqoji fəaliyyət yolunu yüksək dəyərləndirmiş,
onun epidemiologiya elminin inkişafına verdiyi fundamental töhfələrdən,
yoluxucu xəstəliklərin öyrənilməsi və
profilaktikası sahəsində apardığı tədqiqatlardan
bəhs olunub.
Qeyd edilib ki, professor İbadulla Ağayev yarım əsrdən
artıq elmi-pedaqoji fəaliyyəti dövründə
epidemiologiya elminin inkişafına mühüm töhfələr
verib, 40 namizədlik və 5 doktorluq dissertasiyasına rəhbərlik
edib, yüzlərlə elmi əsərin müəllifidir. O,
eyni zamanda Azərbaycan aşıq poeziyasının,
xüsusilə Dədə Ələsgər irsinin təbliği
sahəsində göstərdiyi xidmətlərə görə
2024-cü ildə “Aşıq Ələsgər – 200” yubiley
medalı ilə təltif olunub.
Tədbir bədii proqramla davam edib.
525-ci qəzet .- 2025.- 18 dekabr (¹231).- S.9.