Londonda Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə həsr olunmuş konsert
keçirilib
Londonda Britaniya Azərbaycanlıları Assosiasiyası
tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən assosiasiyanın sədri Hafiz
Baxşəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün milli birlik və həmrəyliyimizin rəmzi
olduğunu qeyd edib. O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların
birliyi, bir-birinə dəstəyi və milli dəyərlərə
bağlılığı Azərbaycanın güclənməsində
mühüm rol oynayır. H.Baxşəliyev vurğulayıb
ki, diaspor təşkilatlarının əsas məqsədi azərbaycanlıları
bir araya gətirmək, milli kimliyi qorumaq və gələcək
nəsillərə ötürməkdir.
Tədbirdə çıxış edən Azərbaycanın
Böyük Britaniyadakı səfiri Elin Süleymanov isə
qeyd edib ki, bu gün Azərbaycan regionda və beynəlxalq
arenada sürətlə güclənən, nüfuzu artan bir
dövlətdir. O vurğulayıb ki, Prezident İlham
Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində
ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə
mühüm nailiyyətlər əldə edib. E.Süleymanov əlavə
edib ki, Azərbaycan mədəniyyətinin inkişafı və
onun xaricdə layiqincə təqdim olunması ölkəmizin
beynəlxalq nüfuzunun möhkəmlənməsində
mühüm rol oynayır və bu baxımdan diaspor təşkilatlarının
fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə istedadlı musiqiçi, 2018-ci il
Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi
Aisel (Aysel Məmmədova) konsert proqramı ilə
çıxış edib. Sənətçi milli musiqilərimizlə
yanaşı, müasir pop janrında ifa etdiyi mahnılarla tədbirə
xüsusi rəng qatıb.
Aiselin yüksək peşəkarlıqla təqdim
etdiyi səhnə performansı və canlı ifaları diaspor
nümayəndələri tərəfindən böyük
maraq və alqışlarla qarşılanıb. Onun
repertuarı həm milli-mədəni dəyərlərimizin təbliği,
həm də müasir Azərbaycan musiqisinin beynəlxalq səviyyədə
təqdimatını özündə əks etdirib.
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.9.