Milli Kitabxanada “Xalq
şairi Osman Sarıvəlli - 120” adlı kitab sərgisi
istifadəçilərə təqdim olunub
Milli Kitabxanada Azərbaycan ədəbiyyatının
zəngin xəzinəsində özünəməxsus iz qoyan
Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120
illiyinə həsr olunmuş
“Xalq şairi Osman Sarıvəlli - 120” adlı kitab sərgisi
istifadəçilərə təqdim olunub.
XQ xəbər verir ki, sərigdə şairin
seçilmiş əsərləri, şeirləri,
poemaları, tərcümələri, ön söz
yazdığı, tərtibçi və redaktor olduğu
kitablar, sözlərinə bəstələnmiş musiqi
notları, həyatı, yaradıcılığı və
aşıq sənətinin tədqiqi, poetikası, poeziyası
haqqında xatirələr, müxtəlif illərdə
çap olunmuş məqalələr topluları və s. ədəbiyyatlar
nümayiş olunur.
XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəlli
1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci
Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta
təhsilini Qazax Müəllimlər Seminariyasında
aldıqdan sonra, təhsilini artırmaq məqsədilə
Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya
fakültəsində oxuyub.
Osman Sarıvəlli ədəbi
yaradıcılığına 1933-cü ildə
başlayıb. Həmin ildə "Gənc işçi"
qəzetində "Ayaqsız" adlı ilk şeiri
çap olunub. Onun "Dəmir sətirlərim" adlı
birinci kitabı 1934-cü ildə çapdan
çıxıb.
Şair ömrünün böyük bir hissəsini
poeziyaya həsr edib. Onun “Bənövşə”
(1940), “Şairin hədiyyəsi” (1943), “Gətir, oğlum, gətir”
(1943), “Gənclik eşqi” (1946), “Bahar çiçəkləri”
(1949), “Yeni dünyanın qapısı” (1950), “İqlimdən-iqlimə”
(1963), “Sabahı yaradanlar” (1970), “Hər kim yüz il
yaşamasa” (1976) və s. kimi kitabları Azərbaycan ədəbiyyatında
özünəməxsus yer tutur.
Osman Sarıvəlli həmçinin
xalq yaradıcılığının təbliği,
aşıq sənətinin tədqiqi və tərcüməçiliklə də
məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim
Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun
"Antiqona" faciəsini dilimizə çevirib.
Şairin fəaliyyəti yüksək qiymətləndirilib
və müxtəlif ali orden və mükafatlara layiq
görülüb.
525-ci qəzet .- 2025.- 18 dekabr (¹231).- S.9.