Azərbaycanlı rejissorun filmi
Türkiyədə mükafata layiq görüldü
Azərbaycanlı rejissor İlqar Safatın
tammetrajlı “Doğma torpaq” bədii filmi İstanbulda
keçirilən “5.Goldenhorn IFF” beynəlxalq film festivalında
iki mükafat qazanıb.
Kulis.az xəbər verir ki, “Fotofilm Culture and Arts” təşkilatı
tərəfindən İstanbul Aydın Universitetinin
Kommunikasiya fakültəsi ilə əməkdaşlıq
çərçivəsində keçirilən “5.Goldenhorn
IFF” festivalı dekabrın 10-12-də İstanbulda baş tutub.
“Qızıl buynuz” mükafatı uğrunda 30 ölkədən
44 tammetrajlı bədii, sənədli, tələbə filmi
animasiya və eksperimental kateqoriyalar üzrə
yarışıb.
İstanbul Aydın Universitetində keçirilən
mükafatlandırma mərasimində peşəkar münsiflər
heyətinin qərarı ilə Azərbaycanın “Doğma
torpaq” filmi iki mükafata layiq görülüb. Belə ki,
film kinematoqrafik əsərləri texniki və nəzəri
xüsusiyyətlərinə görə qiymətləndirən,
elmi və uzunmüddətli töhfə məqsədi
daşıyan və əsas kinematoqrafik struktura riayət edilməsi
şərti ilə akademiklər tərəfindən təqdim
edilən “Best Feature Fiction Academic Award” nominasiyasında qalib
olub.
Bundan əlavə, “Best Director of Photography”
nominasiyasında filmin operatoru Konstantin (Mindia) Esadzenin işi
yüksək qiymətləndirilib.
“Doğma torpaq” ekran əsəri “Nərimanfilm”
kinostudiyasında istehsal olunub və Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində çəkilən
ilk bədii film olub. Filmin baş prodüseri Nəriman Məmmədovdur.
Baş rolları Rüstəm Cəbrayılov və Alina
Vorontsova ifa ediblər.
Qeyd edək ki, film oktyabr ayında Qazaxıstanın
Aktau şəhərində keçirilən Türk
dünyasının “Qorqud Ata” beynəlxalq film festivalında
da nümayiş olunub.
525-ci qəzet .- 2025.- 18 dekabr (¹231).- S.9.