Azərbaycan-Ermənistan:
Yekun sülh artıq çox yaxında
"Sülh sazişi imzalamazdan əvvəl əmin
olmalıyıq ki, İrəvanın rəsmi ideologiyası
işğalçı, anneksiya ideologiyası deyil"
Bu ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və
Ermənistan arasında sülhün əldə olunması
istiqamətində mühüm razılaşmalar əldə
edildi. Həmin tarixdən keçən vaxt ərzində
sülhün təkcə kağız üzərində
qalmadığını, praktiki addımların
atıldığını müşahidə edirik.
Görünən odur ki, ABŞ-nin vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan liderlərinin
imzaladığı Birgə Bəyannamə, xarici işlər
nazirləri tərəfindən sülh sazişinin mətninin
paraflanması regionda yeni bir səhifə açıb. Ötən
müddət ərzində bir sıra ikitərəfli
görüşlər baş tutub, həmin görüşlərdə
normallaşma prosesi ilə bağlı irəliləyişlərə
nail olunub. Eyni zamanda, Azərbaycan Ermənistana tranzit məhdudiyyətini
aradan qaldırıb. Qazaxıstan taxılının Azərbaycan
üzərindən Ermənistana çatdırılması həyata
keçirilir. Həmçinin Gürcüstan vasitəsilə
Azərbaycan neftinin də Ermənistana
çatdırılması gündəmdədir. Bu günlərdə
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyi bəyan etdi ki, 5 dekabrda hökumət Azərbaycandan
Ermənistana neft məhsullarının birdəfəlik
tranzitini həyata keçirmək üçün
adıçəkilən ölkələrdən sorğu
alıb: "Baş nazir İrakli Kobaxidzenin məsələ
ilə əlaqədar qərarına əsasən,
Gürcüstan Dəmir Yollarına dəmir yolu üzrə
yük daşımalarını dərhal və tamamilə
pulsuz həyata keçirmək tapşırığı
verilib".
Bütün bunlar Cənubi Qafqazda etibarlı,
dayanıqlı sülhü təmin edir. Eyni zamanda, təhlükəsizliyi
şərtləndirir.
Məlumatda həmçinin vurğulanıb ki, rəsmi
Tbilisi Bakı və İrəvanın strateji, etibarlı tərəfdaşı
qismində regionda sülh və sabitliyi dəstəkləyir.
Azərbaycan və Ermənistan arasında sülh
istiqamətində pozitiv proseslər özünü vətəndaş
cəmiyyəti nümayəndələrinin
görüşündə də göstərir. Sülh
üçün cəmiyyətlər arasında müzakirələr,
əlaqələrin yaradılması mühüm amillərdən
biridir. Bütün bunlar isə tərəfləri yekun
sülhə yaxınlaşdırır.
Yeri gəlmişkən, bir neçə gün əvvəl
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan
etdi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini
imzalamağa yaxındırlar. Türkiyə lideri deyib ki, Azərbaycanla
dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma
prosesini də irəlilədirlər. Ərdoğan onu da
bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən
etibarən bir neçə simvolik addım atacaqlar.
Aydındır ki, Türkiyə-Ermənistan münasibətləri
Azərbaycan-Ermənistan normallaşma prosesindən
asılıdır. Prezident Ərdoğan bir daha bəyan edib
ki, Türkiyə Azərbaycanla koordinasiyalı və dialoq yolu
ilə Ermənistanla münasibətlərin
normallaşdırılması prosesini davam etdirir. Türkiyə
liderinin sözlərinə görə, illərdir sabit
sülhdən məhrum olan Cənubi Qafqaz hazırda tarixi bir mərhələ
ilə üz-üzədir.
Ankaranın İrəvanla münasibətlərinin
normallaşması, sərhədlərin açılması
Azərbaycanla sülh sazişinin imzalanmasımdan sonra baş
verəcək.
Məlumdur ki, yekun sazişin imzalanması
üçün Ermənistan öz konstitusiyasını dəyişməlidir,
çünki orda Azərbaycana qarşı ərazi
iddiaları yer alıb. Bu isə artıq gələn il, Ermənistanda
seçkilərdən sonra baş verə bilər.
Çünki indi Paşinyanın əsas hədəfi
seçkiləri yenidən qazanmasıdır. Azərbaycanla əldə
edilmiş razılaşmalar, atılan bir sıra praktiki
addımlar heç şübhəsiz ki, Paşinyanın əlini
daha da möhkəmləndirir.
Keçmiş xarici işlər naziri Tofiq
Zülfüqarov mözvu ilə bağlı "525"ə
şərhində deyib ki, bəzən Ermənistan tərəfi
və bir sıra müşahidəçilər Azərbaycanın
bu tələbini, yəni Ermənistan konstitusiyasının dəyişilməsini
düzgün başa düşmürlər. Hesab edirlər
ki, təkcə bir sətirlik ifadə nəzərdə
tutulur. Amma söhbət daha geniş bir məsələdən
gedir.
Onun sözlərinə görə, Azərbaycanın məqsədi davamlı və sabit
sülhü əldə etməkdir: "Ermənistanın
anneksiya ideologiyası, qonşu ölkələrin ərazisinə
iddiaları bu münaqişənin yaranmasına səbəb
oldu. Hərbi təcavüz təkcə hərbi əməliyyatlardan
ibarət deyil. Onu təmin edən həm hüquqi, həm
ideoloji, təbliğati, iqtisadi müstəvilər var. Bu məsələlərin
aradan götürülməsi ardıcıl şəkildə
baş verib. Hərbi əməliyyatların nəticəsi
aradan qaldırılıb. Amma ideologiya, təbliğat hələ
də qalmaqdadır. Biz görürük ki, hələ də
müxtəlif qüvvələr, Ermənistan ictimaiyyəti
köhnə ideologiyanın təsiri altındadırlar və
Azərbaycan sülh sazişi imzalamazdan əvvəl əmin
olmalıdır ki, artıq bu dövlətin rəsmi
ideologiyası işğalçı, anneksiya ideologiyası
deyil. Azərbaycan və Türkiyə ərazilərinə
iddiaları yoxdur. Biz başa düşürük ki,
konstitusiyanın dəyişməsindən əvvəl
referendum keçirilməlidir. Referendum isə geniş təbliğat
kampaniyasını nəzərdə tutur. Bunun nəticəsində
bizə aydın olacaq ki, erməni cəmiyyəti o xəstəlikdən
azad olub, ya yox. Onlar sadəcə olaraq bu və digər
sazişi istifadə edib gələcəkdə
işğalçı ideologiyasını təbliğ edəcəklər.
Biz konstitusiya tələbimizi ona görə saxlayırıq
ki, başa düşürük ki, onlarda geniş diskussiyalar
aparılmalıdır. Bəzən Nikol Paşinyan bu diskussiyalar
üçün ortaya tezislər atır. Ara-sıra real Ermənistan
konsepsiyası və s. barədə danışır. Ermənistan
müstəqillik qazanan vaxt dövlətin ideoloji əsasları
fərqli idi. Yəni "böyük Ermənistan"
ideologiyası. Paşinyan isə cəmiyyətə yeni bir
konsepsiya təqdim edir - real Ermənistan. Bu baxımdan daxili siyasi müzakirələr
mütləq və mütləq sülh prosesi
üçün lazımdır. Biz hansısa sənədə
görə tələsməli deyilik. Sənədə imza
atılması birbaşa və dərhal sülhün bərqərar
olması demək deyil. İctimai rəyin dəyişməsi
çox uzun və mürəkkəb bir prosesdir. Bizim təzyiqimiz
ilə istəyirik ki, Ermənistanda bu, baş versin".
Paşinyan hakimiyyətinin həqiqətən sülhdə
maraqlı olması, cəmiyyətin fikrini dəyişməyə
yönəlik iradəsinə gəlincə, sabiq XİN
başçısı hesab edir ki, gərək illüziyaya
qapılmayaq: "Bu həmin Paşinyandır ki, illər əvvəl
Şuşada bəyan etmişdir ki, "Qarabağ Ermənistandır
və nöqtə". Onun səmimi olub-olmaması iknci dərəcəli
məsələdir. Gərək üzərinə düşən
öhdəliklərini tamamlasın. Referendum vasitəsilə
biz onların cəmiyyətinin sağlam düşüncədə
olub-olmadığını görəcəyik. Bu gün
hakimiyyətdə Paşinyandır, sabah başqası olacaq.
Başqası gələndə bəyəm o ayrı siyasət
həyata keçirəcək. Paşinyan da gücü nəyə
çatırsa, millətçilik ideologiyasına uyğun
olaraq addımlar atır. Sadəcə olaraq onların Azərbaycanla
döyüşməyə gücləri çatmadı. Bir
çox tərəflərdən dəstək görmədilər,
onların əvəzinə ruslar hərbi əməliyyatlarda
iştirak etmək istəmədilər, yəni amillər
çoxdur. Onları özbaşına buraxsan, Köçəryandan,
Levon Ter-Petrosyandan betər olarlar".
Keçmiş XİN başçısı bəyan
edib ki, siyasətdə siyasi iradə və güc amili Azərbaycanın
tərəfindədir: "Və məhz bu, onları düz
yolla getməyə vadar edir. Bu, əsas amildir. Paşinyan
bunları edəcəkmi, kimsə onun yerinə gəlsə,
bir az vaxtı ləngidə bilər və s. kimi suallar var.
Amma istənilən halda gec və ya tez reallıq əsasında
addımlar atmağa məcbur olacaqlar".
Pərvanə
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.5.