Aİ Azərbaycana və sülhə
qarşı
Avropa İttifaqının (Aİ) və Avropa
Parlamentinin Cənubi Qafqaz siyasəti ilə bağlı son
addımları bu təsisatların regionda dayanıqlı
sülh və sabitliyin, iqtisadi inkişafın əleyhinə
olduqlarını nümayiş etdirdi. Təəssüf
doğuran odur ki, bu qurumlar antiazərbaycan mövqeyindən əl
çəkmək istəmirlər, ölkəmizə
qarşı əsassız iddialar irəli sürürlər.
İndiki həssas məqamda bu cür mövqeyin sərgilənməsi
isə təkcə Azərbaycana deyil, ümumilikdə
regiondakı proseslərə, Azərbaycan-Ermənistan sülh
gündəliyinə qarşı yönəlib və onun irəli
aparılmasının önünü kəsməyə
hesablanıb. Bu isə onu deməyə əsas verir ki, Aİ,
AP həm də Trampın sülh siyasətinin əleyhinə
çıxış edir.
İlk növbədə ondan başlayaq ki, dekabrın
2-də Avropa İttifaqı ilə Ermənistan arasında
"Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı
üçün Strateji Gündəlik" adlı sənəd
qəbul edildi. Burda Bakının narazılığına o səbəb
olub ki, ölkənin maraqlarına, sülh prosesinə
qarşı bəzi məqamlar yer alıb. Azərbaycan Xarici
İşlər Nazirliyi sənədi Azərbaycan-Ermənistan
sülh gündəliyinə zidd addım adlandırıb.
Çünki sənəddə postmünaqişə
dövründə reallıqları təhrif edilib,
bütövlükdə Azərbaycanla Ermənistan arasında
sülh gündəliyini hədəfə alıb.
Orada Qarabağdan könüllü seçim əsasında
çıxmış ermənilər "qaçqın, məcburi
köçkün" kimi qələmə verilir, Azərbaycana
qarşı amansız cinayətlər, terror aktları törətmiş
cinayətkar əsir adlandırılır. Eyni zamanda, ikitərəfli
sənəddə "Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə
istinad edilmir. Görünən odur ki, Aİ daxilində
sorosçu qüvvələr, "voukistlər", liberallar
bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyirlər.
Son dövrdə Ermənistanda qeyri-legitim fəaliyyət
göstərən Avropa İttifaqının Müşahidə
Missiyasının (EUMA) fəallaşması da Aİ-nin
bölgədə sülhə qarşı yürütdüyü
siyasətin tərkib hissəsi sayılır. Bu missiyanın
ilk gündən heç bir rolu olmayıb, yalnız təxribatla,
sülh prosesinə zərər vurmağla məşğul
olub. Baxmayaraq ki, paraflanmış sülh sazişində
üçüncü qüvvənin sərhəddə yerləşdirilməməsi
razılaşdırılıb, İrəvan bu istiqamətdə
addım atmır. Görünən odur ki, Aİ-nin Ermənistanla
birgə fəaliyyətinin əsas məqsədi Vaşinqton
razılaşdırmalarının pozulması, onların Paris
və Brüssel gündəliyi ilə əvəzlənməsidir.
Aİ-nin ikili yanaşması beynəlxalq məsələlərdə
də özünü göstərir. Ukraynaya qarşı
apardığı müharibə səbəbindən
Rusiyanı sanksiyalarla üzə-üzə qoyan Avropa
İttifaqı indiyə qədər ona qarşı 20-yə
yaxın qadağa tətbiq edib. Rusiya ilə ticarət edən
bir sıra ölkələrin gəmilərinə sanksiya
qoyulur, digər ölkələr bunu etdiyi halda etiraz
yaratmır. Yaxşı olardı ki, Aİ Azərbaycanın 5
gəmisinə yox, Yunanıstan və Kiprin gəmilərinə
qarşı sanksiya tətbiq edərdi. Aİ-nin əsas
üzvü Almaniya isə ümumiyyətlə sanksiyalara məhəl
qoymur. Məsələn, Rusiyadan hələ də
böyük həcmdə neft alır. Ermənistana
qarşı da eyni mövqe sərgilənir. Ukraynada müharibə
başlayandan bəri Ermənistan Rusiya ilə idxal və ixrac əməliyyatlarında
sanksiya altında olan malların paralel idxal və ixracın əsas
kanallarından birinə çevrilib. Lakin Aİ Ermənistana
qarşı bəyanatlar, sanksiyalar qəbul etmir. Eləcə
də, Avropada istehsal olunan elektronika məhz bu ölkə vasitəsilə
Rusiyaya satılır. Elə Aİ özü də boru kəməri
vasitəsi ilə Rusiyadan qazın alışını azaltsa
da, maye qazın alışını əsaslı
artırıb.
Avropa Parlamenti ümumiyyətlə
antiazərbaycan mövqeyi ilə "məşhurdur". Daim
ölkəmiz əleyhinə qətnamələr qəbul edib,
bəyanatlar verib, işğalçı Ermənistana
qarşı isə sadəcə susub. AP-də Azərbaycanla
bağlı insan haqları üzrə dinləmələrin təşkili
də eyni məqsədə xidmət edir. Bu dinləmələr
bölgədə yaranan sülh prosesinə qarşı təxribatdır
və qərəzli yanaşmanın sistematik xarakter
daşıdığını göstərir. Vətən
müharibəsinə qədər bu qurum bir çox hallarda Azərbaycanın
ərazi bütövlüyünə Gürcüstan, Ukrayna və
Moldova ərazi bütövlüyünə kimi dəstək
vermirdi. Əksinə, Azərbaycana müxtəlif böhtanlar
atırdı. Bu isə açıq şəkildə ikili
standartlar siyasətidir.
Ermənistanda təkcə 2025-ci ildə 10-larla
müxalifətçi, dini xadim, fəal və s. şəxslər
uydurma səbəblərlə həbs edilib. Nə
üçünsə AP bu haqda indiyədək dinləmələr
keçirməyib, hansısa sənəd qəbul etməyib.
Avropa Parlamenti müxtəlif vaxtlarda Azərbaycanı
müharibə cinayətkarlarını azad etməyə
çağırır. Onlardan biri R.Vardanyan Ukraynaya
qarşı müharibəni maliyyələşdirən
oliqarxlardan biridir. Bunu necə anlamaq olar? Aİ yenidən
bölgədə ayırıcı xətlər çəkməyə
çalışır. Belə ki, o, Azərbaycanın artan
nüfuzundan narahatdır
Lakin hamıya məlumdur ki, Aİ zəifləməkdədir
və böyük siyasətdə subyektliyini itirir. Bunu
çoxdan qlobal və regional aktorlar anlayıb. ABŞ-ın
yeni qəbul edilmiş Milli Təhlükəsizlik
Strategiyasında Avropada vüsət almış böhran və
dəyərlərin itirilməsi ideyaları bunu açıq
nümayiş etdirir. Avropanın taleyi indi Ukraynada həll
olunur. Bütün dünyada bu məsələni müzakirə
edir. Bu fonda belə cılız və əhəmiyyət kəsb etməyən
məsələlərin qabardılması AP-nin qərəzini
nümayiş etdirir və ikrah hissi yaradır.
Avropa İttifaqının bölgədə sülh
gündəliyinə zidd fəaliyyəti Azərbaycanı təbii
ki, yolundan döndərməyəcək. Azərbaycan siyasətinin
əsasında milli maraqlar durur və onların
reallaşdırılması da davam edəcək. Aİ
bölgə ilə bağlı tarixdə qalmış
narrativlərdən çıxmayanədək regionda nüfuz
qazana bilməyəcək. Avropa Parlamenti isə islamofob və
türkofob təsisat sayılır və onların hansı isə
müzakirələri və ya qətnamələri bizim
üçün heç bir hüquqi təsir yaratmır.
Milli Məclisin deputatı Asim Mollazadə "525"ə
deyib ki, Avropa İttifaqının fəaliyyətində
korrupsiyanın izləri danılmazdır: "Onlar zəngin
erməni lobbisi tərəfindən maliyyələşdirilir
və ifadə etdikləri fikirlər məhz erməni
lobbisinin fikirləri və istəkləridir. Məqsəd
ondan ibarətdir ki, münaqişə bitməsin, Ermənistan
hər zaman problemlərlə üzləşsin, bunlar da
öz fəaliyyətlərini davam etdirməyə bir səbəb
tapsınlar. Avropa İttifaqı da onların istəklərini
müvafiq sənədlərlə ifadə edir. Bilirsiniz ki, dəfələrlə
Aİ-də, Avropa Parlamentində, Avropa Şurasında müəyyən
korrupsiya qalmaqaları olub, korrupsiyanın mövcudluğu
ifşa edilib. İndi bizə qarşı qəbul olunan
bütün sənədlərin arxasında da məhz
korrupsiya amili dayanır".
Deputat deyib ki, Azərbaycan Avropa İttifaqı
üçün daha əhəmiyyətli tərəfdaşdır,
amma bu amili ona görə nəzərə almırlar ki,
qurumda konkret şəxsi maraqlar Aİ-nin maraqlarını
üstələyir: "Korrupsiya maraqları Avropa
maraqlarından, dəyərlərindən dəfələrlə
üstündür. Bəli, Azərbaycan, ölkəmizin həyata
keçirdiyi layihələr Avropa ölkələri, Avropa
İttifaqı üçün çox önəmlidir, amma
korrupsionerlər üçün erməni diasporundan alınan
maliyyə daha önəmlidir, nəinki Avropa dəyərləri.
Onların dəyərləri yoxdur, onların dəyərləri
ancaq imkan daxilində nəyi sata bilirlərsə,
satsınlardır".
Avropa Parlamentində insan haqları il bağlı dinləmələrə
gəlincə, A.Mollazadə vurğulayıb ki, bunda da məqsəd
eynidir: "Biz eyni siyasəti, eyni oyunları
görürük. Aİ-nin müşahidə missiyası regionda
qalmağa davam edir, bu, əlbəttə ki, proseslərə mənfi
təsir göstərir. Məqsəd isə məhz gərginliyin
artırılmasıdır. Yenə də qayıdırıq
bundan əvvəl dediyim sözlərə və fikirlərə".
Aİ və AP-nin addımlarının sülh prosesinə
təsirinə gəlincə, deputat bildirib ki, onlar çox səs
çıxarsalar da, əslində zəifdirlər. ABŞ ilə
rəqabətdə demək olar ki, mövcud deyillər.
Onların təsir imkanları, əməkdaşlığı
Rusiya ilə, İranla erməni lobbisinin pulları ilə bağlıdır, amma real siyasətdə
və real işlərdə imkanları çox məhduddur.
Deputat Arzuxan Əlizadə isə "525"ə
deyib ki, bu, növbəti dəfə
qarşılaşdığımız çox təəssüfedici
haldır. Ona görə ki, Azərbaycan torpaqları 30 il ərzində
işğal altında olanda Aİ ölkələri, o
cümlədən həmin vaxt keçmiş Minsk qrupunun həmsədri
olmuş Fransa, Avropa Parlamenti
işğal faktına göz yumurdular. Azərbaycanın
israrlı təkidindən sonra yalnız AŞPA da bir qətnamə
qəbul edildi: "İşğalçıya sanksiyalar tətbiq
edilmirdi, Azərbaycana dəstək verilmirdi. Azərbaycan
öz gücünə, öz imkanları hesabına ərazi
bütövlüyünü, suverenliyini bərpa etdi deyə,
ölkəmizin üzərinə gəldilər. Biz İkinci
Qarabağ müharibəsi dönəmində də
gördük ki, dəfələrlə Azərbaycanla
bağlı ədalətsiz qərarlar, AP-də qətnamələr qəbul etdilər, faktiki olaraq beynəlxalq
hüququn norma və prinsiplərini biz özümüz bərpa
etdiyimiz, BMT qətnamələrini özümüz icra
etdiyimiz halda Azərbaycanın üzərinə gəlirdilər.
Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa etməklə əslində beynəlxalq
hüququn norma və pinsiplərini də bərpa etmiş
oldu. Regionda yeni reallıqlar yaratdı və Avropa Parlamentinin
guya Ermənistana dəstək verən həmin o qüvvələri
fərqində deyillər ki, bu gün Azərbaycan Ermənistanın
özü üçün də münbit şərait
yaradıb. Tək öz suverenliyini bərpa etməyib, eyni
zamanda, Ermənistanın da suverenliyə çatmaq,
Rusiyanın boyunduruğundan çıxması
üçün imkanlarını genişləndirib. Bunun fərqində
deyillər, əsassız iddialar irəli sürürlər,
insan haqları, "siyasi məhbus" kimi oyunları ortaya
atırlar, təkcə Azərbaycana qarşı deyil,
ümumiyyətlə bəşəriyyətə,
insanlığa qarşı cinayətlər törətdikləri
və cinayətlərini açıq məhkəmədə
özlərinin də etiraf etdikləri, çoxsayda
sübutlar, dəlillərin olduğu halda, bütün
bunarı kənara qoyaraq onları "əsir" kimi qələmə
vermək istəyirlər. Öz xoşları ilə Azərbaycanı
tərk edən ermənilər guya qovulublar deyə mövqe sərgiləyirlər,
halbuki Qərbi Azərbaycandan 100 minlərlə
insanımız deportasiyaya məruz qalıb. Bir dəfə də
olsun onların taleyi ilə maraqlanmayan həmin o Avropa
qurumları bu gün növbəti dəfə belə
mövqe sərgiləyir. Bu, xristian təəssübkeşliyidir,
İslam dünyasına, türk dünyasına qarşı
mövqenin sərgilənməsidir. Belə ədalətsiz
mövqe əslində bölgədə dayanıqlı
sülhə və sabitliyə olduqca ciddi təhdid törədir.
Ermənistanın daxilindəki revanşist qüvvələri
ruhlandırmaqla növbəti eskalasiyaya yol açır.
Bütün bu addımlar şiddətlə
qınanmalıdır".
Deputat deyib ki, istənilən halda Azərbaycan
artıq bu bölgədə reallıqları dəyişib,
Azərbaycan və Türkiyənin dominantlığı ilə
regionda, Cənubi Qafqazda dayanıqlı sülhə nail
olacağıq, bu proses davam edəcək, onu önləmək
heç bir halda mümkün olmayacaq: "Avropa Parlamenti, digər
Avropa təsisatları bundan sonra yüzlərlə
kağız parçası da qəbul etsələr, elə
zibilliyə atılacaq, heç bir halda bizim mövqelərimizə
təsir etməyəcək.
Sülh prosesi geridönməz xarakter alıb, ABŞ bu
prosesin içindədir, Ermənistan da fərqindədir ki,
regiondan kənar qüvvələrə arxalanmaqla nəyəsə
nail ola bilməz. Yalnız regionda Azərbaycanla və
Türkiyə ilə münasibətləri
normallaşdırmalıdır ki, özünün dövlətçilik
mövqeyini qoruyub saxlasın, iqtisadi inkişafa nail olsun,
tranzit ölkəyə çevrilsin, sərhədlər
açılsın".
Pərvanə
525-ci qəzet .- 2025.- 19 dekabr (№232).- S.5.