Azərbaycan-Özbəkistan mədəni
əlaqələri
Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin
çoxəsrlik, zəngin tarixi var. Bu əlaqələrin
yaranıb genişlənməsində ədiblərin, mütəfəkkir
şairlərin böyük rolu olub. XII əsrdə
yazıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin
əsərləri XV əsrdə yaşamış özbək
şairi Əlişir Nəvainin
yaradıcılığına böyük təsir göstərmişdi.
Əlişir Nəvai Nizami Gəncəvi ədəbi ənənəsinin
davamçısı sayılırdı. XV əsrdən sonra
isə Nəvainin əsərlərinin Azərbaycan ədəbiyyatına,
o cümlədən Füzuli, Kişvəri kimi nəhəng
Azərbaycan klassiklərinin yaradıcılığına
ciddi təsiri olub.
Bakıda, İçərişəhərdə yerləşən
XV əsrə aid tarixi memarlıq abidəsi "Buxara karvansarası"
da Azərbaycanla Özbəkistan arasındakı mədəni,
ticari əlaqələrin tarixi köklərinin qədimliyindən
xəbər verir.
İki qardaş xalq arasında əlaqələr
yaxın keçmişdə də intensiv olub. 1930-cu illərin
repressiyaları zamanı on minlərlə azərbaycanlı
Özbəkistana sığınıb və orada yeni həyata
başlayıb. Bu yaxınlaşma hər iki xalqın mənəvi
bağlılığını daha da gücləndirib.
Sovet dönəmində Azərbaycan
Yazıçılar İttifaqının tərcümə
bölməsində çalışan şair və
yazıçıların yaradıcı səyləri ilə
Azərbaycan ədəbiyyatının bir çox nümunələri
özbək dilinə çevrilib.
1979-1980-ci illərdə Azərbaycanda keçirilən
Özbəkistan ədəbiyyatı və incəsənəti
günləri, eləcə də Özbəkistandakı Azərbaycan
ədəbiyyatı və incəsənəti
ongünlüyü qarşılıqlı olaraq bu
xalqların mədəniyyətinə böyük töhfələr
verib.
70-ci illərdə Azərbaycan Xalq rəssamları
Tahir Salahovun, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun
və digərlərinin sərgiləri Daşkənddə
nümayiş etdirilib.
Özbəkistanın Xalq artisti Fərrux Zakirov tərəfindən
yaradılmış "Yalla" vokal-instrumental ansamblı Azərbaycanda
həmişə çox populyar olub. "Yalla" rupu Bakıda dəfələrlə
böyük anşlaqla konsertlər verib. Qrupun repertuarında
Azərbaycan milli musiqisinin nümunələri də yer
alıb.
Sovetlər İttifaqı dağıldıqdan
sonra Azərbaycan Respublikası Mərkəzi
Asiyanın müstəqil türk respublikaları ilə
iqtisadi, siyasi və mədəni əlaqələr yaratdı.
Bunu milli ənənələrimiz, dil birliyimiz, mədəniyyətimiz,
tariximiz labüd edirdi. Azərbaycanla Özbəkistan
arasında əlaqələr 1995-ci ildə quruldu. 1996-cı
ildə Azərbaycanın Daşkənddə, 1998-ci ildə isə
Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə
başladı. Azərbaycanın Özbəkistanla ikitərəfli
və çoxtərəfli əlaqələri, o cümlədən
mədəni əməkdaşlığı bu gün də
uğurla davam etdirilir.
2023-cü il avqustun 2-də Bakıda Özbəkistan mədəniyyəti
günləri keçirildi. Tədbir çərçivəsində
Azərbaycan Milli Kitabxanasında "Özbək ədəbiyyatı
guşəsi" açıldı və Azərbaycan Milli
Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın
ölkəmizdəki səfirliyinin əməkdaşlığı
ilə nəşr olunmuş yeni kitab təqdim olundu. Bu, XX əsr
klassik özbək yazıçısı Abdulla Qədirinin
"Ötən günlər" əsərinin Azərbaycan
dilində yeni nəşri idi. Abdulla Qədiri müasir özbək
ədəbiyyatının bədii səviyyəsinin yüksəlməsində
xüsusi xidmətləri olan sənətkardır. Nəşriyyat
evi olaraq bu tədbirin təşkil edilməsində bizim də
payımız oldu. Abdulla Qədirinin "Ötən günlər"
əsərinin yeni nəşrinin çapı nəşriyyatımıza
həvalə edilmişdi. Biz kitabın poliqrafik tərtibatının
və çapının yüksək səviyyədə
olması üçün imkanlarımızı əsirgəmədik.
Tədbirdə çıxış edən Azərbaycan Milli
Kitabxanasının direktoru, professor Kərim Tahirov iki
qardaş ölkənin milli kitabxanaları arasında daim
sıx əməkdaşlığın mövcud olduğunu
qeyd etdi. Bu tədbirə cavab olaraq 2024-cü ildə Daşkənddə
Azərbaycan mədəniyyəti günləri keçirildi.
Ölkələrimiz arasında bütün sahələri
əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq
getdikcə dərinləşir. Özbəkistanın Milli
İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"Bu gün Azərbaycan ilə Özbəkistan arasında
münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir".
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan
Prezidenti İlham Əliyev arasında yaranan şəxsi etimad
və dostluq iki ölkə arasındakı münasibətlərin
inkişafına müsbət təsir edən əhəmiyyətli
amildir. Qardaş Özbəkistan işğaldan azad edilən
Qarabağ bölgəsinin yenidən qurulmasına yardım
göstərmək təşəbbüsünü irəli
sürən ilk ölkədir. Azad edilmiş Füzulidə
Özbəkistan tərəfindən böyük özbək
alimi Mirzə Uluqbəyin adını daşıyan məktəb
tikilib istifadəyə verilib. Azərbaycan Prezidenti İlham
Əliyev bu nəcib təşəbbüsə görə
qardaş ölkəyə minnətdarlığını
aşağıdakı sözlərlə ifadə edib:
"Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz
və xalqlarımız arasında həmrəylik, dostluq və
qardaşlıq jesti kimi qəbul edəcəyik".
Ənənə bu gün də uğurla davam etdirilir.
2025-ci il dekabrın 14-də Azərbaycanda Özbəkistan mədəniyyəti
günləri başlayıb. Tədbir dekabrın 20-dək
davam edəcək. Bu münasibətlə qardaş ölkənin
Mədəniyyət Nazirliyinin rəhbər heyəti, incəsənət
nümayəndələri və bədii kollektivləri Azərbaycana
səfərə gəlib.
"Təhsil" nəşriyyatı
da Azərbaycan-Özbəkistan dostluğunun təntənəsinə
öz töhfəsini verir. 2024-cü ildə nəşriyyatımızda
özbək yazar Qüdrətülla Rəfiqovun
"Şavkat Mirziyoyev fenomeni" kitabı işıq
üzü görüb. Azərbaycan dilində, geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuş nəfis
tərtibatlı bu kitab Şavkat Mirziyoyev şəxsiyyətinin
təhlilinə həsr olunub. Məmnunluq hissi ilə təqdim
etdiyimiz digər kitabı isə 2025-ci ildə özbək
dilində çap etmişik. Bu, Azərbaycanın Xalq
yazıçısı Maqsud İbrahimbəyovun "Qara
paltarlı qadın" əsəridir.
İnanırıq ki, ölkələrimiz və
xalqlarımız arasındakı qarşılıqlı
etimada söykənən və əsrlər boyu davam edən
dostluq və qardaşlıq əlaqələri bundan sonra da
yüksələn xətlə inkişaf edəcək. Bir nəşriyyat
evi olaraq biz də bu əlaqələrin möhkəmlənməsinə
daim öz töhfəmizi verəcəyik.
Tural AXUNDOV
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin
baş direktoru,
"Azərbaycan Kitab,
Maarif və
Poliqrafçılar" İctimai Birliyinin sədri
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.10.