Əhali niyə pulları
"yastıq altında" saxlayır?
RƏSMİ DÖVRİYYƏDƏN KƏNAR
GƏLİRLƏR BANK SİSTEMİNƏ CƏLB OLUNMUR, BU
PULLAR EVLƏRDƏ SAXLANILIR
"Ölkədə dövriyyədə olan manat
kütləsinin 46 faizi nağd şəkildədir. Bu vəsaitlər
əsasən əhalinin "yastıq altında"
saxladığı pullar və biznesin kassalarıdır. Bu
gün əhali nə az-nə çox, düz 10 milyard
dolları "yastığın altında"
saxlayır".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri
Taleh Kazımov deyib. O bildirib ki, bu amil kapital bazarlarının
inkişafı üçün məhdudlaşdırıcı
faktor hesab olunur. Mərkəzi Bankın sədri əhalini vəsaitləri
evdə saxlamaq əvəzinə banklara, bazara və ya
investisiya vasitələrinə yönəltməyə
çağırıb.
"Yastıq altındakı pullar" ciddi iqtisadi
problemlərə səbəb olur
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki,
"Yasdıqaltı pullar" termini iqtisadiyyatda geniş
yayılan, bir çox məsələləri izah etmək
üçün istifadə edilən deyimdir:
"Yastıqaltı pullar" dedikdə vətəndaşların
pullarını banklarda və ya rəsmi maliyyə alətlərində
deyil, evdə, adətən nağd şəkildə
saxlaması nəzərdə tutulur. Bu anlayış
xüsusilə inkişaf etməkdə olan ölkələrdə
geniş yayılıb və həm fərdi, həm də
ümumi iqtisadiyyat üçün mühüm nəticələr
doğurur. Yastıqaltı pullar qısa müddətdə fərdi
təhlükəsizlik hissi yaratsa da, uzunmüddətli
perspektivdə həm vətəndaş, həm də dövlət
üçün ciddi iqtisadi problemlərə səbəb
olur. Pulların rəsmi maliyyə sisteminə cəlb edilməsi
iqtisadi inkişafın və maliyyə sabitliyinin əsas şərtlərindən
biridir".
İnsanlar öz vəsaitlərini investisiya kimi
banklarda saxlaya bilmirlər
Natiq Cəfərlinin sözlərinə görə, vətəndaşın
pulları yastıq altında saxlamasının əsas səbəbi
bank sisteminə hələ də güvənməməsi, vəsaitini
evində saxlamağa üstünlük verməsidir. Ölkədə
ardıcıl olaraq banklarla bağlı böhran
yaşandı. Nəticədə bir neçə bank
bağlandı. Yəqin ki, həm də insanlar buna görə
öz vəsaitlərini investisiya kimi banklarda saxlaya bilmirlər.
Ümumiyyətlə, ölkədə investisiya şəraiti
yoxdur ki, harasa investisiya qoysunlar, ona görə də
pullarını evdə saxlayırlar: "Vətəndaş
yatırım etməyə alət tapmır, yəni qiymətli
kağızlar bazarı, gəlir alətləri
aşağıdır. Bu gün əlində,
yastığının altında pulu olan vətəndaş
obyekt açmaq, iş qurmaq, yatırım etmək istəmir,
dövlət orqanlarından qorxur. Düşünür ki,
biznes qursa və ya, belə bir cəhd etsə, o vəsaiti itirə
bilər".
Bu pullar adətən evdə saxlanılır
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki,
keçmiş illərdə yaşanan maliyyə
böhranları, bəzi bankların ləğvi və əmanətçilərin
vəsaitlərinə çıxışda çətinliklər
insanların yaddaşında qalaraq riskdən yayınma
davranışı yaradıb: "Bundan əlavə, gəlirlərin
qeyri-sabitliyi də mühüm amildir. Əhali sabit gəlirə
malik olmadıqda, pulunu istənilən an istifadə edə bilmək
üçün onu nağd şəkildə saxlamağa
üstünlük verir. Bank əmanətlərinin müəyyən
müddətə bağlanması isə bu elastikliyi
azaldır. Maliyyə savadlılığının
aşağı səviyyədə olması da bu
tendensiyanı gücləndirir. Bir çox vətəndaş
bank əmanətlərinin, sığortalanma mexanizmlərinin
və digər maliyyə alətlərinin üstünlükləri
barədə yetərli məlumata malik deyil. Digər vacib
faktor isə kölgə iqtisadiyyatının mövcudluğu
və nağd hesablaşmalara üstünlük verilməsidir.
Rəsmi dövriyyədən kənar gəlirlər bank
sisteminə cəlb olunmur və bu pullar adətən evdə
saxlanılır. Nəhayət, inflyasiya və valyuta riskləri
də əhalinin davranışına təsir edir. İnsanlar
bəzən pullarını bankda saxlamaqdansa, nağd şəkildə
və ya xarici valyutada saxlamağı daha təhlükəsiz
hesab edirlər".
Bu pulların banklar vasitəsi ilə iqtisadiyyata
yönəldilməsi mümkündür
Millət vəkili Vüqar Bayramov hesab edir ki,
"Yastıq altında" böyük həcmdə nağd
pulun saxlanılması real sektorun maliyyələşdirilməsi
baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin
pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata
yönəldilməsi mümkündür. "Evlərdə
saxlanılan nağd pulun həcminin çox olması banklara
inamın artırılması istiqamətində işlərin
daha da sürətləndirilməsini prioritetləşdirir. Bu
kontekstdən, zəif bankların bağlanması deyil,
onların konsolidasiyası, yəni birləşdirilməsi
mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi
ilə real sektora yönəlməsinə gətirib
çıxara bilər. İnsanlar iqtisadi qeyri-müəyyənliyə
qarşı cox həssas və ehtiyatlı yanaşırlar.
Ona görə də bankların ləğvetmə prosesində
qeydə alınan nöqsanlar aradan
qaldırılmalıdır ki, sağlamlaşdırma tədbirləri
görülərkən belə banklara və bank sektoruna inam
sarsılmasın".
Qəfildən qapını döyüb pulların mənbəyi
ilə maraqlana bilərlər
İqtisadçı ekspert Əkrəm Həsənovun
dediyinə görə, bəzi vətəndaşlar
pullarının bir hissəsini banklarda saxlasalar da, əksər
hissəsini "yastıq altı"nda gizlədirlər. Vətəndaşlar
qorxurlar. Qəfildən qapını döyüb pulların mənbəyi
ilə maraqlana bilərlər. Onlardan soruşa bilərlər
ki, bu qədər pulu hardan qazanmısan? Buna görə də
vətəndaş pullarını banka qoymaqdan çəkinir.
Bu qorxu əsasən gəlirlərin bir hissəsinin rəsmi
sənədlərlə təsdiqlənməməsi ilə bağlıdır.
Xüsusilə qeyri-rəsmi məşğulluq, gündəlik
qazanc, ailədaxili pul dövriyyəsi və ya illər ərzində
yığılan nağd vəsaitlər bank sisteminə daxil
edilərkən vətəndaş özünü risk
altında hiss edir.
Digər tərəfdən, vergi və maliyyə nəzarəti
mexanizmləri ilə bağlı yanlış təsəvvürlər
də bu narahatlığı artırır. Vətəndaş
düşünür ki, banka yatırdığı vəsait
avtomatik olaraq vergi orqanlarının diqqətini cəlb edəcək
və əlavə yoxlamalara səbəb olacaq.
Əslində bankların əsas məqsədi vəsaitin
çirkli pulların yuyulmasına qarşı qanunvericiliyə
uyğunluğunu təmin etməkdir və bu sorğular adi vətəndaş
üçün birbaşa cəza riski yaratmır. Lakin bu
mexanizmlər barədə ictimaiyyətə yetərli izahat
verilmədiyi üçün psixoloji baryer formalaşır.
Bu qorxunun aradan qaldırılması üçün
dövlət qurumları və banklar tərəfindən daha
açıq kommunikasiya aparılmalı, vətəndaşlara
hansı hallarda və nə səbəbdən izahat tələb
oluna biləcəyi aydın şəkildə izah edilməlidir.
Bu, yastıqaltı pulların bank sisteminə cəlb
olunmasına ciddi töhfə verə bilər.
Ekspert vurğulayıb ki, bu gün banklara etibar edilən
pullarla bağlı 3 təhlükə var. Birincisi, bank
bağlana bilər, ikincisi, müəyyən dairələrdən
gəlib pulun hesabını soruşacaqlar,
üçüncüsü, evdə qalsa da, təhlükə
daha çoxdur, oğrular apara bilər.
Səbəb inamsızlıqdır
İqtisadçı-ekspert Rəşad Həsənov
hesab edir ki, banklardankənar pul kütləsinin artması
arzuolunan hal deyil: "İki il öncə bir neçə
bankın bağlanması qərarları banklara olan inamın
nisbətən azalmasına, əmanətlərin həcminin
artma sürətinin düşməsinə gətirib
çıxarıb. İnsanlar bu gün banklara pul qoymağa
ehtiyat edir və pulunu evində saxlamağı üstün
tutur. Bunun səbəbi inamsızlıqdır".
Ekspertin sözlərinə əsasən, əmanətlərin
artım sürətindəki zəiflik bankların əllərində
olan likvid vəsaitləri yerləşdirməyə şərait
olmamasından irəli gəlir: "Uzun müddət boyunca
banklar malik olduqları yüksək həcmdə likvid vəsaitləri
yerləşdirməyə çətinlik çəkdilər.
Bankların əllərində likvid vəsait varsa, nədən
stimullaşdırıcı vasitələrlə əlavə əmanətlər
cəlb etsinlər ki? Mərkəzi Bank bu izafi likvidliyi aradan
qaldırmaq üçün xeyli addımlar atdı, nəticədə
bu ilin əvvəlindən bank əmanətlərinin cəlbediciliyi
artdı. Lakin hesab edirəm ki, burada əsas
stimullaşdırıcı real iqtisadiyyatın
artımıdır. Real iqtisadiyyat inkişaf edərsə,
banklar likvid vəsaitləri rahatlıqla və güvənlə
yerləşdirə bilərsə, onda əmanət şərtləri
getdikcə daha cəlbedici olacaq, beləliklə də,
nağd pul kütləsi azalacaq. Burada həmçinin bank
sektorunun özündə sağlam rəqabət mühitinin
formalaşdırılması amili də mühüm rol
oynayır".
Əhali əlinə keçən pulu niyə evdə
saxlayır?
İqtisadçı-ekspert Pərviz Heydərovun
fikrincə, əhalinin öz pullarını banklara əmanət
etməsinə nail olmaq üçün bır sıra işlər
görülməlidir: "Bu gün banklara əmanət yerləşdirilməsi
sahəsində stimullaşdırıcı amillər qənaətbəxş
səviyyədə deyil. Ölkədə bank sektoruna əhalinin
inamı və etibarı tələb olunan səviyyədə
deyil. Son illər ərzində bu sahədə vəziyyət
hələ xeyli yaxşılaşıb. Bununla belə,
sektorda həddindən artıq təmərküzləşmə,
ölkədə fəaliyyət göstərən
bankların 5-6-sı istisna olmaqla, hər an bağlanma təhlükəsinin
olması və sair, etibarı azaldır. Bundan əlavə,
manatın dəyərinə də inam möhkəm deyil,
devalvasiya gözləntisi həmişə söhbət
mövzusu sayılır bizdə. Hərçənd son illər
ərzində manatın dəyərinə də inam xeyli dərəcədə
yaxşılaşıb. Ancaq bu inam kövrək xarakter
daşıyır. İkincisi, inflyasiyanı da nəzərə
almaq lazımdır. Manatın alıcılıq qabiliyyətinin
ildən-ilə enməsi də banklara vəsait yerləşdirilməsinə
maraqsızlıq yaradan səbəblər sırasındadır.
Şərt o deyil ki, devalvasiya baş versin. Bank depozitləri də
inflyasiyaya uğrayır. Yəni demək istədiyim odur ki,
banklardan kənarda olan manatın həcminin artmasında bunun
da rolu var".
Bank sektorunda real və azad rəqabət mühitinin
yaradılmasına ehtiyac var
Ekspert qeyd edib ki, banklar dollarla əmanətlərə
çox az faiz təklif edir: "Buna görə də əhali
əlinə keçən pulu dollara çevirib evdə
saxlamağı, yaxud daşınmaz əmlaka
yatırmağı daha üstün tutur. Bu vəziyyəti dəyişmək
üçün həssas davranış tələb olunur:
bir tərəfdən əmanət faizlərini artırmaq
kredit faizlərini də artıracaq, digər tərəfdən,
dollarla əmanətləri stimullaşdırmaq başqa bir təhlükə
yaradacaq. Bu baxımdan, bankların bağlanmasını
dayandırıb, onların fəaliyyətinin
sağlamlaşdırılmasına, bank sektorunda real və
azad rəqabət mühitinin yaradılmasına ehtiyac
var".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.8.