Çarə
Esse
Yayın ilk günü olsa da, yağmurlu havaydı.
Sabir pəncərənin qabağında durub küçənin
ortasındakı gölməçəyə düşərək
çiçək kimi pardaqlanan damlalara baxıb xoş
müjdəli günləri xatırlayırdı.
Onda da yayın ilk günü idi. Amma onda
yağış yağmırdı, Sabirin indiki kimi beş
oğlu bir qızı yox, dörd oğlu, qızı var idi,
başqa sözlə, sonbeşiyi hələ dünyaya gəlməmişdi,
nəinki gəlməmişdi, heç uzaq gələcəkdə
də nəzərdə tutulmurdu.
Ümumiyyətlə, Sabir evlənəndə belə
düşünürdü ki, bir qız, bir oğlandan
artıq lazım deyil, əlavə övlad, əlavə
başağrısıdır. Düşünürdü,
lakin hər şey düşündüyünün əksinə
oldu. İlk gecədən etibarən həyat yoldaşı Səbinə
ilə birləşib həmin yayın ilk gününə qədər
dünyaya ard-arda beş, o gündən sonra isə yenə məcburiyyət
qarşısında qalıb birini də əlavə edərək
altı övlad gətirdilər.
İkinci uşaqdan sonra doğulan uşaqların
doğulmasının çeşidli, ancaq
qarşısıalınmaz səbəbləri var idi.
Bu səbəblərdən söz açana qədər,
həmin gün baş verən hadisədən danışsaq,
sözarası üçüncü, dördüncü və
beşinci uşağın dünyaya gəlməsinə səbəb
olan faktlar da açıqlanacaq.
O zaman sonbeşik bildikləri beşinci uşaq iki
yaşına çatar-çatmaz qəflətən iməkləməkdən
imtina edib, tarixə qədərki çağlarda olduğu
kimi, iki ayağı üstə qalxaraq büdrəyə-büdrəyə
yeriməyə başladı. Yeriməyə başladığı
gün ayaqqabı ehtiyacı da yarandı.
Otaqda ayaqyalın, çarpayıdan, divandan tuta-tuta,
qalxa-yıxıla xeyli gəzəndən sonra ana ürəyi
dözmədi, düşündü, ələ fürsət
düşən kimi gedib uşağa ayaqqabı alsın. Sən
demə, həmin an atanın könlündən də həmin
şey keçirmiş:
- Səbinə, bu uşağa ayaqqabı almaq
lazımdır.
- Sabir, mən də o fikirdəyəm, yaxşı
endirimlər var, maaş olan kimi gedib alacam.
Bir neçə gündən sonra maaş oldu. Sabir son
qəpiyə qədər gətirib arvadına verdi.
O gün gec idi. Səbinə səhər kiçikləri
böyük qıza tapşırıb sonbeşiyə
ayaqqabı almağa getdi.
Yubamnadan alıb qayıtdı. Sonra bir də gedib bir də
qayıtdı.
- Uşağa ayaqqabı aldın? - axşam Sabir
işdən qayıdanda evə girən kimi birinci
soruşduğu bu oldu.
- Aldım. - Səbinə bikefcəsinə cavab verdi.
Sabir, otağın ortasında büdrəyə-büdrəyə
dolaşan uşağın ayaqlarına zilləndi:
- Bəs niyə geyindirməmisən, niyə yenə də
yalınayaqdır.
- Ayağına olmadı. Bunu deyib Səbinə də
uşağın toppuş ayaqlarına baxdı.
- Olmadı?
- Olmadı.
- Onda apar, bir az yekə "razmerə" dəyişdir.
- Aparmışdım, yoxdur.
- Yoxdur, geri qaytar.
- Endirimdir deyə, qaytarmırlar.
Araya sükut çökdü. Sükutu Sabir pozdu:
- Gətir görüm o ayaqqabıları.
Səbinə içində ayaqqabılar olan qutunu gətirib
masanın üstünə qoydu. Sabir uşağı dizinin
üstündə oturdub toppuş, yumşaq ayaqları
xırda ayaqqabıların içinə pərçimləmək
istədi, fəqət faydasız. Uşağın ağlamağından
bəlli oldu ki, ata uğursuz cəhdlərində onun
ayağını ağrıdıb.
Sabir uşağı yerə qoyub ayaqqabıları
qutuya qaytardı:
- Olmur.
- Sənə dedim axı, olmur.
Ayağının ağrısı hələ də
keçməyən uşağın iməkləyə-iməklənə
mızıldanaraq ağlamsınmasını nəzərə
almasaq, araya gərgin sükut çökdü.
- Bəs neynəyək? Sabir qutuya qanlı-qanlı
baxaraq soruşdu.
- Nə bilim, - deyə Səbinə bu vəziyyətdən
çıxış yolu görmədiyini bildirdi.
- Bəlkə qonşularda kiminsə körpəsi var,
təklif elə, alan olsa, öz qiymətinə ver getsin.
- Günayın körpəsi var.
- Var? - Sabirin gözlərində ümid
işığı yandı, - ona sat... Aldığın qiymətəcə
ver, üstümüzdə qalmasın...
- Deyir təzə almışıq, əlavə ayaqqabıya
ehtiyac yoxdur.
- Birini də alsınlar, sonra geyinər.
- Dedim, deyir, ona qədər uşağın
ayağı yekələnir.
Araya, əvvəlki iki sükutdan daha gərgin
sükut çökdü. Sükutu bu dəfə Səbinə
pozdu:
- Gərək almayaydım.
- Ta almısan... Çəmini tapmalıyıq.
- Nə çəmi var, nə çarəsi.
- Var! - ani pauzadan sonra Sabir gözləri parlayaraq dedi,
- gəl, dünyaya bir uşaq da gətirək, elə təməlini
bu gecə qoyaq!
- Ciddi sözündür?
- Ciddi sözümdür! Bir az böyüyən kimi
geyinər.
- Dəli olmusan, nədir?! Beş uşağa güc-bəla
ilə baxırıq...
- Bəs neynəyək?! Deyirsən, bu ayaqqabılar
üstümüzdə qalsın!? - inşallah,
yaşyarımında olan kimi geyinər...
- Yenə bir uşaq?!.
- Sən üçüncü uşaqda da etiraz
edirdin, - Səbinənin azca süyüldüyünü hiss
edən Sabir dəlillər gətirməyə cəhd etdi, -
üç təkərli velosiped qalmışdı
ortalıqda, nə sata bilirdik, nə də atmağa
qıyırdıq. Onda da çarəsini mən tapdım...
Gördün, Əlidən sonra Vəli, Vəlidən sonra da
Pirvəli sürdü. Hələ bir az böyüyəndə
Məmmədəli də sürə bilər.
Səbinənin tərəddüd içində udqunduğunu
görən Sabir sözünə daha əzmlə davam edərək
fikrini yeni dəlillə əsaslandırdı:
- Səbinə, yadındadır, Vəlinin
şalvarı gödəlmişdi, belinə də gəlmirdi.
Sən zibilə atmaq istədin, mən qoymadım, dedim, hər
şeyin çarəsi var... Sonra onu Pirvəli iki il geyindi.
Beləliklə, Sabir Səkinəni həmişə
olduğu kimi, bu dəfə də inandırdı. Darboğaz
ayaqqabılarının çarəsi də həmin gecə
tapıldı...
...Yayın ilk günü olsa da, yağmurlu havaydı.
Sabir pəncərənin qabağında durub küçənin
ortasındakı gölməçəyə düşərək
çiçək kimi pardaqlanan damlalara baxıb xoş
müjdəli günləri xatırlayırdı. Onda da
yayın ilk günü idi, amma onda yağış
yağmırdı.
İmir Məmmədli
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.14.