70 yaşın söz hədiyyəsi
Kamil Arazla tanışlığımız
kitabları ilə başlayıb. Hər dəfə
uşaqlar üçün yeni kitabı işıq
üzü görəndə radioda - "Ədəbiyyat
saatı" proqramında qonağım olub.
Yazdığı şeirləri birgə oxumuşuq,
tapmacaları o oxuyub, mən cavabını tapmağa
çalışmışam. Hər dəfə "Ədəbiyyat
saatı"nın dinləyicilərini uşaq
dünyalarına qonaq aparmışıq. Kamil Arazın qələmindən
süzülən uşaq şeirlərindən xüsusi bir
zövq alıram. Hərdən əlimin altında olan
kitabları vərəqləyib "Kəpənəklər"in
qanadında uçuram:
Çəmənlikdə göstərir
Kəpənəklər tamaşa.
Bir-ikisi tək uçur,
Qalanı qoşa-qoşa.
Onlar nəyə bənzəyir? -
Soruşan olsa məndən.
Deyərdim gül-çiçəkdir,
Yel qoparıb çəməndən.
Görürsünüzmü, misralarda
ağırlıq yoxdur, insanı yormur, kəpənək
qanadı kimi yüngül, incə, zərifdir, yaddaşa tez
hopur, bənzətmə isə çox gözəldir.
Kamil müəllim hər bir əşyanı,
canlını, təbiəti uşaq gözü ilə görən,
gördüklərini uşaq dililə, uşaq təfəkkürü
ilə oxucuya çatdıran şairdir. Azərbaycan uşaq ədəbiyyatının
tanımadığım, oxumadığım nümayəndəsi
çox az olar. Oxuduqca, hansı şeir uşaq
dünyasına daha yaxındır deyə, bir-birilə
müqayisə etməyə çalışmışam.
Kamil müəllimin yazdığı hər misra, hər bənd-bütöv
yaradıcılığı uşaqlar üçün, elə
böyüklər üçün də yeni, daha uşaqdilli
olması ilə diqqətimizi cəlb edir.
"Xəzinə"ni vərəqləyirəm.
Kitab 1959-cu ildən ömrünün sonuna kimi ana dili
proqramlarının tərtibçisi, redaktoru, 1963-cü ildən
"Əlifba" dərsliyinin müəllifi olmuş mərhum
professor Yəhya Kərimovun redaktorluğu ilə
uşaqların ixtiyarına verilib. Yəhya müəllim bu
şeirləri oxuyub, sevib, Kamil müəllimə bu yolda
uğurlar arzulayıb.
Bəzən iş otağımızda boş vaxtlarda
Kamil müəllimin şeirlərini oxuyuruq. Hər kəs
öz münasibətini bildirir. Sonda bir fikirdə oluruq: əsl
uşaq şeiridir.
Baxaq:
Səhər tezdən dururam,
Etmişəm adət bunu.
Əl-üzümü yuyanda
Unutmuram sabunu.
Aynamızın önündə
Daraq alıb əlimə,
Bağlayıram bantımı
Sığal verib telimə.
Ayaqqabım tərtəmiz,
Silmişəm dünən axşam.
Dəftər, kitab, qələmi
Çantama da yığmışam.
Anama qalır, desin:
- Hazırdı çayın, bala.
Mən yeyim, anam öpsün,
Məktəbə salsın yola.
Dörd bəndlik şeirdə sevgi var.
Uşağın dərsinə, məktəbinə, geyiminə,
səliqəsinə sevgi, bir də ailə dəyəri, ailə
sevgisi. Necə də doğma gəlir insana.
"Xəzinə"də başqa bir xəzinə
tapıram. Unudulmuş, kənd yerlərində az-az işlənən
əşyalar var ki, onların adını, hazırlanma,
işlənmə qaydasını çoxları bilmir. Məsələn:
Babam söyüddən
Şivləri yığdı.
Bir şey toxudu
Dedi ki, çığdı.
Dedim, neynirik
Çığı, de görək.
Dedi üstündə
Sulanır çörək.
Sən demə, babam
Bir xəzinədir.
Öyrəndim ondan
Çığ sözü nədir?
Onu da deyim ki bəzi bölgələrdə
çığa "irəfətə" də deyilir.
Kamil Arazın uşaqlara həsr etdiyi
yaradıcılığının əsas hissəsini beş
yüzdən artıq bir-birindən maraqlı tapmacaları təşkil
edir. Bu tapmacalarda insana - uşaqlara xoş gələn,
onları düşündürən hər şey var - məntiq,
sual, yumor, sevgi, yaddaş və sair. Bilirik ki, tapmaca
uşaqların zehni qabiliyyətini artıran, nitqini inkişaf
etdirən, ən əsası düşündürən
söz oyunu, qədim folklor nümunəsidir.
2018-ci ildə nəşr olunan "Tapmacalar" kitabının
geniş izahını AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun icraçı direktoru, folklorşünas alim,
filologiya üzrə fəlsəfə doktoru, şair-publisist
Elxan Yurdoğlu verib. O qeyd edir ki, " ...burada verilən 200-dən
çox tapmacanı seçim etmədən belə istənilən
nümunəni götürüb orta məktəbdə ibtidai
sinif dərsliklərinə salmaq olar".
Mən də həmkarımın fikri ilə tamamilə
razıyam. Kamil Araz yaradıcılığı həqiqətən
uşaqların diqqətinə
çatdırılmalıdır. Bir neçə nümunə
gətirmək istəyirəm:
Yazıdakı hərflər
Ağızda dönər səsə.
Badam adam olacaq,
Hansı səs deyilməsə?
("B hərfi)
Divardayam, qoldayam,
Mən həmişə yoldayam.
(Saat)
İki aypara
Durub üz-üzə.
Aydınlıq verir
Mətləbə, sözə.
(Mötərizə)
Başda yetişir,
Ürəkdə yatır.
Ağızdan düşür,
Qulağa çatır.
(Söz)
Şair sonuncuda "söz" ün tapmaca şəkli
ilə uşaqları tanış edir.
Kamil Arazın doqquzuncu, hələlik sonuncu kitabı
olan "Hamısı tapmacadır" kitabının ön
söz müəllifi Milli Məclisin deputatı, filologiya elmləri
doktoru, tənqidçi ədəbiyyatşünas Elnarə
Akimovadır. Elnarə xanım "İşarəni
tapmacalardan gözləyin" adlı mətndə Kamil
Arazın yaradıcılıq manerasını elə gözəl
təhlil edir ki, kitabı oxumadan keçə bilmirsən. Bu
tapmacalar mənim üçün də maraqlıdır - nəvələrimə,
şagirdlərimə öyrətmək üçün.
Özüm də düşünürəm, cavaba baxmadan
tapmağa çalışıram:
Dildəki hər deyimin
Var anlamı, var payı.
Deyimi bilən bilər,
Topuqdan olan çayı.
(Kür çayı)
Müəllif burada oxucuya həm tapmaca təqdim edir, həm
də el arasında məşhur olan bir deyimi cavab kimi qoyur.
"Araz aşığındandı, Kür topuğundan"
- bu deyim dünyanı vecinə almayan, əhli-kef adamlar
üçün deyilib.
Dəyər təyini üçün
Ehtiyac olub sözə.
Bir deyimdə lor ilə
Nə qoyulub üz-üzə?
(Şor)
Yaxşı ilə pisə fərq qoymaq
üçün söylənən deyimi belə ustalıqla
tapmacaya gətirib, sadə dillə təqdim etmək ancaq Kamil
Araz qələminə məxsusdur. Yadınızdadırsa, o
deyim belədir: - "Lor ilə şora fərq yoxdur".
Kimə məxsus olması
Şübhəsizdir, bəllidir.
Aşıq köksünə sıxar,
Təyini də "tellidir".
( Saz)
Bu tapmacada folklorumuzun bir parçası olan telli saza
işarə vurulur. Həm də Azərbaycan dilinin qrammatik tərkibi
olan təyini söz birləşmələrini bizə
xatırladır.
Qırx dörd gün oldu döyüş,
Bir gün vermədi ara.
Atam necə adlanır,
Davada alıb yara?
( Qazi)
Kamil Arazın vətənpərvərlik mövzusunda
onlarla şeiri var. Amma mövzunu tapmacalarında da davam etdirir.
Uşaqlarımız unutmasın, yaddaşlarında
yaşatsın deyə onlara şəhid, qazi adını
tapmaq üçün suallı tapmaca verir.
Tariximizi, qədim Azərbaycan dövlətləri olan
Ağqoyunlu və qaraqoyunluları da uşaqlara
xatırlatmağı unutmur şair.
Adları gəlir
Tayfa boyundan.
Bir cüt dövlətin
Yarlığı yundan.
(Ağqoyunlu, Qaraqoyunlu)
Onu da qeyd edim ki, kitabdakı hər tapmaca haqqında
yetərincə açıqlamalar, təhlillər vermək
olar. Çünki hamısı uşaqların maraq dairəsinə
xitab edən folklor nümunəsidir:
Cırtdan qayıdır evə,
Nağıl sona yetişir.
Qalib gəlir o divə,
Göydən üç alma düşür.
Bu dekabr ayında dəyərli şairimizin 70
yaşı tamam olur. Kamil müəllim, sizin oxucunuz olaraq,
sıfırı yeddinin yanından götürürük.
Çünki siz, elə 6-7 yaşlı uşaq təbiətində
olub, yaradıcılığı ilə o yaşda olan
uşaqların nəbzini tutan, ruhunu oxşayan söz xiridarısınız.
Hələ yazıb-yaratmaq üçün zaman da var, həvəs
də. Sizə bu yolda bol-bol yaradıcılıq
uğurları arzu edirik. 70 illik yubileyiniz mübarək!
Təranə ARİFQIZI
525-ci qəzet .- 2025.- 18 dekabr (¹231).- S.14;15.