Yaradanın qoruduğu bəndə

                    

(Əvvəli ötən sayımızda)

 

Ali məktəb tələbəsiydim. Stipendiyalar gecikirdi hərdən. Aclığın təhdisi məni qılınca çapdırırdı bəzən. Neynək? Allah o gülərüz, xeyirxah qohumumuzun canına dəyməsin! Hüquq-mühafizə orqanlarında "Qozdəstə Baladdaş" təxəllüsüylə tanınan o qohumun qapısını ərklə açırdım. Arvadı Kəlnican xala altdan-altdan gülə-gülə - Tələbə ac yaxşıdı. Dərsini əla oxuyar - deyib ləbələb dolu şorba boşqabını qabağıma qoyurdu. - Yoxsa mənimki kimi. Oğlumuz çox xürrəmdi. Maşınla dərsə gedir, dərsdən də gecə klublarına, kazinolara. Pula-pul demir. Kəlnican xala dünyasını tez dəyişdi. Kişinin aman-zaman o xürrəm oğlu bir çəngiyə qoşulub Almaniyaya qaçdı. - Fikir yoxdu, xörəyimi bişirirəm, paltarlarımı yuyuram - deyəndə gözləri yaşardı Baladadaş əminin. Baxanı, can yandıranı yoxuydu. Biganə qalsaydım, evində kəsdiyim çörək gözümü tutardı. Tez-tez baş çəkirdim ona. İki-üç günlük meyvəsini, çörəyini, suyunu da əlçantasına yığırdım. Bronxlarının iltihabı gündən-günə güclənirdi. Təngnəfəslik əldən salırdı qocanı. Boğula-boğula, qırıq-qırıq danışır, gileylənirdi. - Oğlum fərsiz, avara çıxdı. Tüfeyli həyat onu tez bezdirəcək.

Bakı apteklərində qəhətə çıxan dərmanını Qubadan gətirtmişdim. "Yupiyer"in qutusu şalvarımın arxa cibindəydi. Dərmanı qocaya tez çatdırıb, sevindirməyə tələsirdim.

Beşinci çörək zavodunun tinində yolun o biri tərəfinə necə keçəcəyimi götür-qoy eləyirdim. Qabağımı kəsən bu maşın divarını aşa bilməzdim. Onu yıxmağa da gücüm çatmazdı. İndi yəqin ki, boğulmadan əziyyət çəkən o qoca, şişman gözlərini qapıdan çəkmir, qollarını ora-bura çırpır, yorğan-döşəyi qamarlayır, amma mən də hələ buralardayam. Günün günortasıydı. Amma Musabəy yoxuşunun başında burnu görünən maşınlar faralarını yandırırdılar. Sürücülərin dilində bu da o deməkdi ki, "ehtiyatlı ol, tələsmə, intervalı gözlə". Qırmızı, sarı, narıncı, çəhrayı maşınlar yoxuş başından üzüaşağı çay ləngəriylə irəliləyirdilər. Amma bu nədi? Başım gicəllənir, nəfəsim çatmır. Gözlərimi ovuşdurub, yolu bir də yoxladım. Maşınların karbiratorlarından ilan kimi qıvrıla-qıvrıla çıxan zəhərli tüstü zolaqları, yolun asfaltından qalxan qara-qonur buxar topalarına qarışır, uğultusu qulaq batıran bu axıntı mənə vulkan lavasını xatırladırdı. Udduğum hava boğazımı göynədir, mən boğulurdum. Amma neyləməli? Yüyürən yıxılmaqdan qorxmaz! Özümü camüstəki qocaya təcili çatdırmasam, atamın oğlu yox, haramzadə olaram. Məni aparacaq avtobus qarşıdakı duracağa yaxınlaşırdı. Düşünməyə, götür-qoya vaxt yoxdu. Maşınlar dabanbasdı gedirdilər. Amma çiyni çantalı məktəblilər maşınlararası boşluqlarda ora-bura tullanır, əyilir, düzəlir, o taya keçirdilər. Bəs mənə çər dəyib? O uşaqlardan acizəm? Sol tərəfə boylandım. Sürətlə gələn "Cip"in burnu xeyli yuxarı qalxmışdı. Qabaq təkərləri yerə dəymir, havada fırlanırdı. Bir addım atdım. Vay dədə! "Cip" yanımdadı. Geri çəkilmək istədim. Arxamdakı yük maşını tərpəndi. Yolum bağlandı. Bəs dərman, xəstə! Nə olar-olar deyib irəli atıldım.

Gözümü açmışdım. Dumanlı görürdüm hər şeyi. Təzəcə bellənib, sulanmış güldanlıqdaydım. Çənəsi xeyli irəli çıxan oğlan üstümə əyilmişdi. Köynəyimin döş cibində vurnuxurdu. Dumbul gözləri ora-bura qaçırdı. Qaynar, turşumuş çaxır qoxulu nəfəsi ağız-burnuma dolur, mən boğulurdum.

- Alə Cığan, bu hərifin döş cibində ruçka var. Yazı-pozu adamıdı - donquldandı saçlarını boks vurduran oğlan.

- Hə! Noolsun? - deyə köntöy cavab verdi, burnunu tutsan, canı çıxan yeniyetmə.

- Noolsun deyirsən? Belə canına azar olsun. Bəlkə şəkil çəkəni var? Sonra pişiyimizi ağaca dırmaşdırar. Barmaqlarını çıxart ordan. "Şmon" eləmə! Üç rəngdə yazan ruçkanı da qaytar sanc yerinə. Hələ ölməyib! Kələmərdi mürd nə soxtə! Yuxulu adamın xorultulu səsiylə təpindi Cığana saçlarını "boksu" vurduran oğlan. -Allah saxlayıb onu! Yaradanın nəzəri üstündədi! Yoxsa xosunbay olardı. Gözlərini qırpmadan dostunu dinləyən Ciqan: - Hə, hə! Ətağa cəddi. Çox güclü nəzərdi o nəzər. Görəsən, necə, yaxşı bir iş görüb ki, xudabəndi aləm də onu xata-baladan qoruyur! - deyib üçrəngli ruçkanı döş cibimə sancdı. - Güllə kimi gələn o maşın traktora dəysəydi, əncirə dönərdi traktor. Yaradanın istəkli bəndəsidi ki, heç burnu da qanamayıb. - Bəs laylay bilirsənsə, yat, yuxula da. Yaradanın istəkli bəndəsi deməyin nədi, sonra ciblərini axtarmağın nə? Bəs qorxmursan Allah qənim olar bizə? Gəl, başından, ayağından götürüb qoyaq onu maşına.

Özümə gələndə avtomobilin arxa oturacağında gördüm özümü. Bu nədi? Heç yerim ağrımır? Əllərim cızılmayıb, ağzım-burnum da qanamayıb. Amma sol ombamda bir ötəri sancı var. Baş barmağımı basdım o sızıltının üstünə. Ciddi bir şey olsaydı, qışqırığım qulaq batırardı. Maşının altından sağ-salamat çıxmağıma inanmırdım. -Adını da bilmirəm, ay şofer qardaş.

- Adım Zülfüqardı - dedi, başı çiyinlərinə batdığından bədəniylə mənə tərəf çevrilən oğlan. - Hə, əmi - dedi Zülfüqar, - narahat olma! Səni özüm sağaldacam. Qorxa-qorxa qollarımı yanlara açdım. Sancı-filan olmadı. Topuqlarımı sıxdım. Ağrı yoxdu! Bəh, bəh! Nə yaxşı! Nə gözəl! Dizdən aşağı əzələlərimi ovucladım, sinə taxtama bir neçə yumruq atdım, boynumu hərləyib, çiyinlərimi ovxaladım. Anadangəlmə salamat idi hər yerim. Başımı qaldırdım. Çənəmi ovcumdan keçirib bir salavat çevirdim. Sükan arxasındakı Zülfüqar arıq, cılız bir yeniyetməydi. Başı çiyinlərinə batan sürücü üzünü yana çevirmək istəyəndə qurşaqdan yuxarısıyla fırlanırdı. Qoğalsifət oğlanın üzündəki sarı çillər xaş-xaş dənələrini xatırladırdı. Sağında oturan tosqun qadın tez-tez qurcuxur, əlləriylə qarnını qamarlayır, inildəyirdi. Zülfüqar - Bir qurtum su verək bu əmiyə - deyib əlini bardaçoka uzatdı. Ancaq qadının şişman qarnı bardaçokun qapısına dirəndi. Zülfüqar əlini geri çəkdi.

- Ay əmi, nigaran olma heç! Biz ölməmişik ki! Zülfüqar çiyinlərini şaxlandırsa da, qamətini dikəldə bilmədi. - Anamın qırxını verməlidi atam. Bu avariya da yaxaladı bizi. Qəhər boğdu oğlanı. Kəlməni kəlməyə calaya bilmirdi. Qırıq-qırıq danışdı. - Qarabağ qaçqınıyıq dayna biz. Günümüz göy əskiyə bükülüdü. Atam əlimdə - ovcumda olanı verib komonxoz evində bir otaq alıb. Onu satıb səni yaxşı-yaxşı sağaldarıq. İndi hansı bolnitsaya aparaq səni? Ay əmi, qorxma, pulumuz olacaq. Ən güclü həkimlər hansı xəstəxanada olur? Yerini de, aparım səni ora. Amma maşınımda avariyaya düşdüyünü bilsələr, atamı yandırarlar. Mənim heç pravam da yoxdu.

- O yanında oturan gəlin kimdi bəs?

- Bacımdı, dayna! İkicanlıdı yazıq. Sancı güc gələndə zarıyır. Onu doğum evinə aparırdım. Maşını da sürətnən sürürdüm ki, onu tez çatdırım həkimə. - Bəs niyə yubanırsan bu yollarda?! Mənə də nağıllar danışırsan. Tələs bir az! O gəlini doğum çarpayısına çatdır - dedim. Başım gicəllənir, get-gedə süstləşirdim. Soyuq tər basırdı məni. Güclü stress qanımda hemoqlabini çoxaltmış, qan təzyiqi enoqeyə qalxmışdı.

- Sən narahat olma, ay əmi. Bacım sağlamdı. Ağrılara dözə bilər. Əmi, indi səni hara aparım? Hospitalın adını de!

- Heç nə eşitmək istəmirəm. Burda saxla maşını. Bir taksiyə oturmağa kömək elə. Bacımı təcili doğum evinə çatdır:

- Ay əmi, sınıqlar, çatıqlar isti-isti özünü bildirmir. Əvvəl səni aparım hara desən!

- Saxla maşını. Çox danışma. Məni bir taksiyə mindir. Kimsəsiz bir qocanın dərmanı cibimdədi. Mən onun evinə gedəcəm.

- Ünvanımı, telefonunun, maşının nömrəsini də yazıb verim sizə?

- Heç nə lazım deyil!

Taksi sürücüsü Sədrəddin Ali məhkəməylə üzbəüzdəki dalanın qabağında saxladı maşını. Təptəzə bir onluğu cibinə dürtdüm.

- Əl saxla! Dayan - dedi o. - Heylə yox! Pul da, daş-qaş da ürək, can yonqarıdı. O pulu canıma, ürəyimə yaxın qoymalıyam ki, cibgirin, xuliqanın əli çatmasın, deyib, onluğu köynəyinin döş cibinə qoydu. "Bəs Tərlan? Necə əvam olduq Tərlan da, mən də! Ürəyimdən bir üşütmə keçdi. Axı, Tərlan daş-qaş düyünçəsini şalvarının yan cibinə dürtmüşdü. Yan cib də ağzıaçıqdı həmişə. Necə olacaq görəsən? Ya rəbbim, xata-bəladan sən özün qoru Tərlanımı. Maşından düşdüm. -Məni beş-altı dəqiqə burada gözlə. Sonra evimizə apararsan - dedim. Üçüncü mərtəbəyə birnəfəsə qalxdım. Qapının kəndarında inək gözü kimi ağaran düyməni basdım. Cingilti dəhlizi başına götürdü. Nəhayət, cəftə şaqqıldadı. Qapının içindəki orta yaşlı kişi əl-üz dəsmalını başına çalma kimi dolamışdı. Çalmasını açdı. Qıvrım tükləri quzu qırpımı. Gözləri dəyib sulanmış ağ şanı gilələridi sanki. Dirsəyə qədər çırmanmış qollarını önlüyünün ətəyiylə quruda-quruda. - Kimi istəyirsiniz? - soruşdu.

- Baladadaş əmi bir dərman axtarırdı. Görə bilərəmmi o əmini?

- Qocalar evinə aparıblar.

- Kim?

- Nazirlikdəki iş yoldaşları. O qutunu mənə verin! Paltarları qurudub, ütüləyib birazdan onu gətirəcəm evə.

- Siz qonşususunuz yəqin ki!

- Yox, oğluyam.

Ayaqlarım yerə yapışdı. Təəccüb və heyrət dolu gözümdə sevinc yaşları gilələnirdi.

- Axı, bəs siz Almaniyada yaşayırdız.

- Yaşayırdım. Atamın mənə bağışladığı yüz əlli qramlıq      qızıl saatımı satıb, pulunu xərclədik. Məni o yerlərə aparan rəqqasə xanım restoranlarda kişiləri əyləndirir, yaxşı qazanırdı. Qısqanc təbiətim başıma bəla açdı. Arvadım məni atıb getdi. Çətinliyim bir az da artdı. Bir gün də bəxtimə gün doğdu... Bakıya uçdum...

Məni gətirən taksi hələ də dalanın qabağındaydı. Heyrət məni çulğaladı. Yerimdə donub qaldım. Sədrəddin pulunu artıqlamasıyla almışdı. Maşını sürüb rahat gedə bilərdi. Amma yox! Gözləyirdi. İndiki qarışıq vaxtlarda çıraqla axtarsan tapılmayan nüsxələrdəndi. Bu, mənim qələbəmdir. O, etimadımı doğrultmuşdu. Belə "insanların" sayı artsa, necə də gözəlləşər dünya. İnsanlar bir-birinə inansalar, bir-birinin etimadını doğrultsalar, qapılarda kilidlər olmaz. Yalançının, fırıldaqçının, korrupsiyaçının, rüşvətxorun kökü kəsilər. Mən vəhşi cəngəllikdə, yolsuzluqda bir cığır açmışdım. Tinləri bıçaq kimi kəsən daşlar ayaqlarımı doğram-doğram eləsə də, nə qəm?! Bilirəm ki, ardımca gələn təzə nəsil Spartaklar, Don-Kixotlar bu cığırı böyük magistrala çevirəcək. Deməli, bir nəfəri imana, dinə gətirə bilmişəm. Məni görən Sədrəddin əlindəki salafan paketi iki parça elədi. Şahmat damalı köynəyi sağa-sola çırpıb qırışlarını açdı.

- Müəllim bax, bu təzə saroçkanı əynindəki palçıqlı köynəyin üstündən geyin - dedi.

- Başa düşmədim! Köynəyim palçıqlıdı?

- Elə bil güləşmisən kiminləsə. Sportzalda, matın üstündə yoxey. Palçıqlıqda, toz-torpağın içində.

- Yox, yox, pəhləvanlıq yoxdu məndə. Küçənin o tayına keçmək istəyirdim. Güllə kimi gələn "Cip" ayağımı yerdən üzüb, təzəcə sulanmış güldanlığa atıb məni.

- Zarafat eləyirsən? Sədrəddin iri albalı gözlərini büzüb, məni təpədən dırnağa süzdü. - Nə vaxt?

- Yarım saat bundan qabaq!

- İnanan daşa dönsün! Ay balam, mən də uşaq deyiləm. Neçə ilin şoferiyəm. Bilirəm avariya nə deyən şeydi. "Cip"in altından çıxanın ayağı sınar, qolu çıxar, baş-gözü partdıyar. Maşallah, dumbul kimisən. Səni maşın vurub? Bişmiş toyuğun gülməyi gələr, vallah! Belə çıxır ki, hökmünə, əməlinə qurban olduğum Allah qoruyub səni. Elə o avariya vaxtı yaradanın nəzəri üstündə olub. Gərək bir heyvan kəsdirib paylayasan kasıb-kusuba.

Cibindən bir onluq çıxartdım.

- O nədi belə?

- Təzə köynək almısan!

- Pulu çatıb, çatıb! Odnarazıvıdı. Ucuzdu. Bayağ verdiyin onluğun içindədi yol haqqı, köynəkhaqqı da!

- Allaha qurban olum. O yaradanın nəzəri, mehri məni neçə dəfə qurtarar xata-bəladan, ay qardaş? "Şirin göldə" batıb boğulurdum! Ətrafımda bir saman da yox idi ki, onu tutub xilas olaydım. Möcüzə yarandı göl sahilində! Məni ölümdən qurtardı.

Sədrəddinin gözləri kəlləsinə çıxdı. - Necə? - Necə? Yaradan möcüzə yaradıb? Maraqlıdı çox. Danış sən Allah, o möcüzəni xırdala mənimçün. Yola nərdivanı qoyaq. Mən də yorulmaram...

 

Yusif HƏSƏNBƏY

 

525-ci qəzet.- 2025.- 18 dekabr (¹231).- S.13.