Qarabağın qoruq və
yasaqlıqları bərpa olunur
Zəngilan rayonundakı Bəsitçay Dövlət
Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər
Əliyevin tapşırığı ilə yaradılıb.
Burada 100 hektardan çox sahədə nadir çinar
ağacları dövlət tərəfindən qorunurdu. Bu,
nadir çinar ağacları meşəsi idi.
İşğaldan sonra mənfur düşmən
çinarların böyük hissəsini kəsib,
doğrayıb, talayıb və yandırıb. Bu, erməni
vandalizminin növbəti əlamətidir. Burada kəsilmiş
ağacların yaşı təqribən 200-300 ilə bərabər
idi.
Qoruğa aid olan 85 hektar meşə ilə
örtülü sahəsinin 42 hektardan çox hissəsi
tamamilə məhv edilib. Çox yaşlı, qiymətli
Şərq çinarı ağacları kəsilmiş,
köklərinin itirilməsi üçün müxtəlif
partladıcı maddələrdən istifadə edilmiş, ərazidə
yanğınlar törədilib və Qoruğun inzibati
binası dağıdılıb.
İşğaldan azad edilən ərazilərə
Böyük Qayıdış çərçivəsində
qarşıda duran əsas vəzifələrdən biri də
məhz həmin ərazilərdə təbii və keyfiyyətli
ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə
olan bitki növlərinin bərpa edilərək
sağlamlaşdırılması olub. Bu ərazilərdə
müasir yanaşmaların tətbiqi əsasında unikal
meşə fondunun və mühafizə olunan təbiət
komplekslərinin fəaliyyətinin bərpa edilməsi
bütövlükdə regionun "yaşıl zona"ya
çevrilməsinə şərait yaradacaqdır.
Bu istiqamətdə mühüm addımlar
atılıb və nəticədə Bəsitçay Dövlət
Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət
Yasaqlığının fəaliyyəti bərpa olunub, eləcə
də ərazi və sanitariya-mühafizə zonalarının
xəritələri təsdiq edilib. Hazırda Arazboyu Dövlət
Təbiət Yasaqlığının fəaliyyətinin bərpası
çərçivəsində Yasaqlığın ərazi
xəritəsinin layihəsi aidiyyəti dövlət
qurumları ilə razılaşdırılır.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov
deyib ki, işğaldan azad edilmiş ərazilərdə
bioloji müxtəlifliyin qorunması, o cümlədən
xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət
komplekslərinin mühafizəsi məqsədi ilə Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən
müvafiq işlər aparılır.
Ermənistan 30 ildən çox işğalı
altında saxladığı Qarabağda böyük ekoloji
terror əsdirib. Bu illər ərzində böyük meşə
zolaqları qırılaraq və ya yandırılaraq məhv
edilib. İşğal illərində, xüsusilə Vətən
müharibəsi zamanı mənfur düşmən tərəfindən
meşələrin yandırılması Qarabağın təbiətinə
böyük zərbə vurub. Eyni zamanda, bəzi ərazilərdə
torpaqlarımızın flora ilə zəngin olan üst
qatı yandırılıb və məhv edilib.
İşğaldan azad edilən ərazilərdə
aparılan monitorinq və qiymətləndirmələrə əsasən,
260 311 hektar meşə fondu sahəsində sıx meşə
ilə örtülü 54 327 hektar
yaşıllığın, eləcə də meşə
fondu torpaqlarına aid olmayan ərazilərdə isə 1 milyonadək
müxtəlif cinsli ağac və kolların məhv edildiyi
müəyyən edilib. Məhv edilən meşə və
qeyri-meşə sahələrində aparılmış
monitorinqlər zamanı, ağac cinslərindən əsasən
palıd, çinar, sərv, akasiya, ağcaqayın,
göyrüş, fısdıq, cökə qoz, alma, ərik,
armud, tut və digərlərinə ciddi ziyan dəyib. Ot bitkilərindən
isə İtikənarlı süsən, Kamilla süsəni,
Kuznetsov əsməsi, Komarov birəotu, Qarabağ dağ laləsi,
Sağsağan gülxətmisi, Şoranyer
qarğasoğanı və digər bitkilərə də
böyük həcmdə zərərin vurulduğu müəyyən
edilib.
İşğal dövründə məhv edilmiş
yaşıllıqların və meşə sahələrinin
bərpası məqsədilə mina təhlükəsizliyi məsələləri
nəzərə alınmaqla, nazirlik tərəfindən ilkin
mərhələdə 2022-2026-cı illərdə 1400 hektara
yaxın ərazidə yeni yaşıllıqların
salınması və meşəbərpa tədbirlərinin həyata
keçirilməsi planlaşdırılıb.
Bəsitçay Dövlət Təbiət
Qoruğu Azərbaycanın cənub-qərbində,
Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində
yerləşir. Qoruq ərazisinin landşaft kompleksini,
xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə
təşkil edilib.
Qoruğun adı dərəsində yerləşdiyi
çayın adı ilə bağlıdır. Bəsitçayın
adı isə monqol mənşəli olub, beysut
tayfasının adını daşıyır.
Görünür, həmin regionda vaxtilə beysut tayfası məskunlaşıb.
Qoruğun yerləşdiyi ərazi əsasən
dağlıq olub, dəniz səviyyəsindən
hündürlüyü 600-800 m-ə qədərdir. Sağ
sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən
ibarətdir. Əsasən Üçüncü dövr
çöküntüləri yayılıb. Çay dərəsi
boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı
dağlar Bəsitçayın qolları ilə xeyli
parçalanıb.
Qoruq ərazisi qışı quraq keçən
mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması
səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik
yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim
şəraiti çinar meşəliyinin təbii bərpası
və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun
ərazisində əsasən allüvial-meşə
torpaqları yayılıb. İşğaldan əvvəl
qoruqda əsasən bir meşə tipi - müxtəlif otlu
çinar meşələri formalaşmışdır.
Çay dərələrinin yamaclarında, qoruğun ətraf
sahələrində qəhvəyi dağ-meşə
torpaqları inkişaf etmişdir. Çayın yatağı
boyu və kiçik terraslarda inkişaf etmiş allüvial
torpaqlar əsasən çinar meşələri
altındadır. Burada daşlı-çınqıllı
(yüksək skeletli) ərazilər də müəyyən
sahəni tutur. Bunların hamısında çinar bitir və
inkişaf edir. Çünki o, torpağa tələbkar deyil.
Lakin çinar meşələri gillicəli, yaxşı
su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa
və bonitetə malikdir.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda
isə onun yalnız bir növü - şərq
çinarı inkişaf edir. Şərq çinarının
çoxsahəli əhəmiyyətini, dünyada az
yayılmasını, nadir bitki olmasını və son əsrlərdə
xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın
"Qırmızı Kitabı"na yazılıb.
İşğaldan öncə Bəsitçay Dövlət
Təbiət Qoruğunun 100 hektarını çinar meşələri
tutur. Onlar Bəsitçayın və onun qolu
Şıxauzçayın dərəsində yerləşir.
Burada həm təmiz, həm də qarışıq
çinar meşəliyi yayılmışdır.
Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut,
söyüd, qovaq, və s. ağac, yemişan, itburnu,
murdarça, qaratikan və s. kollar inkişaf edib. Qoruqdakı
çinar ağaclarının orta yaşı 165 il, orta
hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də
özündə canavar, çöl donuzu, porsuq, cüyür,
dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə,
kəklik, turac, göyərçin və sair quşlara rast gəlinib.
Fəaliyyəti bərpa olunan Daşaltı Dövlət
Təbiət Yasaqlığı 1988-ci ildə Şuşa
şəhərinin ətrafında yaradılıb. Sahəsi
450 hektar olub. Şuşa şəhəri
və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən
səfalı və füsunkar təbiətli, zəngin tarixi
abidəli sahələrindən biridir. Onların
qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət
və tarixi baxımdan mühüm əhəmiyyəti
vardır. Yasaqlığın ərazisi zəngin meşə,
kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd
(Quercus), vələs (Carpinus), ağcaqayın (Acer), cökə
(Tilia), göyrüş (Fraxinus), yemişan (Crataegus), itburnu
(Rosa), zoğal (Cornus), əzgil (Mespilus), alma (Malus), armud
(Pyrus), alça (Prunus) və s. ağac və kol bitkiləri
inkişaf edir. Ərazi endemik və nadir bitkilərlə, həmçinin
dərman əhəmiyyətli bitkilərlə zəngindir.
Burada Avropa cüyürü (Capreolus capreolus),
çöl donuzu (Sus scrofa), daşlıq dələsi (Martes
foina), boz dovşan (Lepus europaeus), boz canavar (Canis lupus), adi
çaqqal (Canis aureus) və müxtəlif quş növləri
məskunlaşıb.
İşğal dövründə Daşaltı
Dövlət Təbiət Yasaqlığının ərazisi
mənfur ermənilər tərəfindən
dağıdılıb, məhv edilib. 2020-ci il noyabrın 8-də
Şuşa şəhəri erməni işğalından azad
edilmişdir. 30 ilədək işğal dövründə
erməni işğalçıları tərəfindən ərazinin
təbii sərvətlərinə və təbii mühitinə
ciddi ziyan vurulub, meşələr qırılıb, təbii
ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz
yaşayış areallarını tamamilə itirib.
İşğaldan azad edilmiş ərazilərdə
bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi
məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyində yaradılmış İşçi qrupun fəaliyyəti
çərçivəsində həmin ərazilərdə
fauna və flora aləminin növ tərkibinin yenidən
öyrənilməsi və təbiət abidələrinin
invertarlaşdırılması istiqamətində monitorinq
işləri aparılıb. Yasaqlığın yenidən bərpa
edilməsi istiqamətində mühüm addımlar
atılıb. Daşaltı Dövlət Təbiət
Yasaqlığının fəaliyyəti Nazirlər Kabinetinin
2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı
ilə bərpa edilib. Əsasnaməsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Kollegiyasının 2024-cü il 21 avqust tarixli 4/01
nömrəli Qərarı ilə təsdiq edilib.
Vüqar Kərimov bildirib ki, Azərbaycan ərazilərinin
30 illik işğalı dövründə həmin torpaqlarda
ekoloji problemlər yaranmış, biomüxtəlifliyə
ciddi ziyan dəyib, yaşıllıqlar vəhşicəsinə
məhv edilib, yandırılıb, yaxud təbii sərvətlərimiz
qəddarcasına talan edilib. Azərbaycan ərazilərində
törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi,
transsərhəd çayların qabağının kəsilməsi
və çirkləndirilməsi, su anbarlarının
baxımsızlıqdan qəza vəziyyətinə
düşməsi ilə ətrafdakı yaşayış məntəqələri
və yüz minlərlə əhalinin təhlükə
altında qalması Ermənistanın ölkəmizə
qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi
sayəsində işğaldan azad edilən bütün Azərbaycan
torpaqlarında təbii ekostemin bərpası da bu gün
dövlətimiz qarşısında duran təxirə
salınmaz vəzifələrdən biridir: Azad edilən ərazilərdə
həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma prosesində ətraf mühitin qorunması
prioritetdir: "Azərbaycanın 2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri
"Təmiz ətraf mühit və yaşıl artım
ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə
uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların bərpası və
artırılması, su ehtiyatlarından və dayanıqlı
enerji mənbələrindən səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır. Təsadüfi deyildir ki, işğaldan azad
edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə
də Naxçıvan Muxtar Respublikası yaşıl enerji
zonası elan olunub".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.12.