Parçalanmış
xalqı birləşdirən ədəbiyyat
Güney Azərbaycan ədəbiyyatı müxtəlif
tarixi mərhələlərin çətin sınaqları
içində və ikiqat basqı altında formalaşıb.
1920-ci illərdən üzü bəri Rza şahın
"dil yasağı" siyasəti Azərbaycan türkcəsini
evlərdə gizlədilən bir mədəniyyətə
çevirmişdi. Ancaq gizlədilmiş bu mədəniyyət
güclü köklərə görə yox ola bilmədi. Və
siyasətin bacarmadığı işi ədəbiyyat öhdəsinə
götürmüşdü.
1941-ci ildə sovet qoşunlarının İrana daxil
olması ilə Azərbaycan xalqının tarixi taleyində
yeni bir mərhələ açıldı. Arazın iki tərəfində
uzun illər bir-birindən ayrı düşmüş insanlar
arasında ilk dəfə canlı ünsiyyət
yaranırdı. Bu, sadəcə siyasi hadisə deyildi, həm
də milli yaddaşın oyanışı idi.
1941-46-cı illərdə Demokratik ədəbiyyat mərhələsi
gəldi. Bu dövrdə senzurasız söz, sosial mövzular,
fəhlə və kəndli həyatının bədii
obrazları, ana dilli nəşrlər ön plana
çıxdı. İlk dəfə aşıq ədəbiyyatı
da siyasi çalar aldı. Bu, Güney ədəbiyyatında
azadlıq nəfəsinin qısa, amma dərin iz
buraxdığı bir mərhələ idi.
Pəhləvi dönəmində hüzn, məhrumiyyət,
qorxu, yadlaşma ədəbi üslubun aparıcı
xüsusiyyətlərinə çevrildi. Ancaq məhz bu kədərli
ədəbiyyat Şəhriyar, Məhəmməd Biriya,
Əli Fitrət, Mir Mehdi Etimad, Həbib Sahir, Bulud
Qaraçurlu Səhənd, Həsən Məcidzadə Savalan,
Haşım Tərlan, həmçinin
yüzlərlə adı az tanınan şairin
yaradıcılığında gələcək azadlıq
arzularının toxumlarını qorudu.
Onlar öz poeziyalarında xalqın ikiyə
bölünmüş taleyini ifadə edirdilər və
yaradıcılıqlarında "yarım qalan vətən",
"itirilmiş torpaq", "əsir dil" kimi obrazlar dəfələrlə
təkrarlanırdı.
Üstəlik də, sovet qoşunlarının tərkibində
Güneyə gedən ziyalılar həm təbliğatçı,
həm də mədəni körpü rolunu oynadılar.
Onların fəaliyyəti xalq arasında bir ümid
oyatmışdı: sanki Azərbaycanın
parçalanmış torpaqları yenidən birləşəcəkdi.
Amma bu ümid qısa müddətli bir illüziya idi.
Nə Sovetlər Birliyi ilə İran arasında
bağlanmış müqavilə, nə də beynəlxalq aləmin
maraqları Güney Azərbaycanın siyasi müstəqilliyini
tanıyırdı. Dünya gücləri üçün bu
məsələ milli azadlıq ideyası yox, geosiyasi balans məsələsi
idi. Beləliklə, tarixi reallıq şairlərin romantik
ümidlərinin üstünə sərt bir kölgə
saldı. Ədəbiyyatın üzərinə isə yeni bir
vəzifə düşdü: siyasi müstəqilliyi təmin
edə bilməyən xalqın ruhunda bu ideyanı yaşatmaq.
1946-cı ildə Milli Hökumətin süqutu və
Pişəvərinin faciəli sonluğu Güney ədəbiyyatında
yeni bir mərhələ açdı. Minlərlə
ziyalı, yazıçı və şair Quzeyə - Sovet Azərbaycanına
mühacirət etdi. Bu mühacirət sadəcə siyasi yox, həm
də ədəbi mühitin taleyini dəyişən hadisə
idi.
Balaş Azəroğlu, Seyid Cəfər Pişəvəri,
Əli Tudə, Mədinə Gülgün, Söhrab Tahir, Məhəmməd
Bi-riya, Qəhrəman Qəhrəmanzadə, Həkimə
Billuri, İsmayıl Cəfərpur, Abbas Pənahi Makulu, Həmid
Məmmədzadə, Qulamhüseyn Beqdeli, Həmzə Fəthi
Xoşginabi, Qasım Cahani, Əbülfəz Hüseyni, Qafar Kəndli,
Mirəli Mənafi, Aşıq Hüseyn Cavan və
başqaları artıq Azərbaycan SSR-də ədəbi
mühitin ayrılmaz hissəsinə çevrildilər.
Onların poeziyası milli həsrətin, qürbətin,
parçalanmanın və eyni zamanda ümidin poeziyası idi.
Güneyli şairlər öz şeirlərində Güney
mövzusunu daim gündəmdə saxladı, onu Quzey oxucusunun
milli yaddaşına çevirdi.
Bu mərhələdə Quzey ədəbiyyatı
ikili məna qazandı: bir tərəfdən sosialist realizminin
çərçivəsində formalaşır, digər tərəfdən
mühacir şairlərin gətirdiyi həsrət, azadlıq
və qovuşma motivləri ilə yeni nəfəs
alırdı. Bu, ədəbiyyatı daha emosional, həm də
daha milli etdi.
Güney ədəbiyyatının ən mühüm
xüsusiyyətlərindən biri - mədəni müqavimət
ədəbiyyatı olmasıdır. Şairlər
üçün yazmaq sadəcə estetik akt deyil, həm də
milli varlığı qoruma vasitəsi idi.
Hər iki məkanda Azərbaycan dili ədəbiyyatın
mərkəzi elementinə çevrildi. Quzeydə artıq rus
dilinin təsiri hiss olunurdu, amma Güneydən gələn
şairlər milli dili qoruyaraq, tarixi və etnoqrafik
çalarları əsərlərində təqdim edirdilər.
Bu, həm dil, həm də milli kimlik üçün möhkəm
bünövrə yaratdı.
Quzey-Güney ədəbiyyatının təmaslarına
gəldikdə Süleyman Rüstəmin "Cənub şeirləri"ndə
nostalji, həsrət və qardaşlıq motivləri ön
plandadır. Səməd Vurğunun poeziyasında Güney məsələsi
daha çox romantik bir amal kimi qaldırılırdı. Rəsul
Rza isə mövzunu bir qədər simvolik və fəlsəfi
üslubda işləyirdi.
Tənqidi baxımından burada bir həqiqət
görünür: müxtəlif üslub fərqlərinə
baxmayaraq, Şimal şairləri milli duyğunu öz
poeziyasına gətirməklə Quzey-Güney arasında mənəvi
bir körpü yaradırdılar.
Bu körpü siyasi baxımdan yarımçıq
idi, amma ədəbiyyat müstəvisində bütöv bir
"milli mənzərə" formalaşdırdı.
Güneydə üsyan və həsrətdən
yazılırdısa, Quzeydə həmrəyliyin poetik sədası
eşidilirdi.
O dövrdə Güney Azərbaycan ədəbiyyatında
baş verən yeniləşmə prosesi yalnız ədəbi
bir mərhələ deyildi; bu, bütöv bir millətin
tarixi özünüdərkinin, mübarizə iradəsinin və
azadlıq idealının sözə çevrildiyi dərin mənəvi
silkələnmə idi. O illərin ictimai-siyasi təlatümləri,
xalqın azadlıq nəfəsinə duyduğu ehtiyac və
maariflənmə arzusu gənc və yetkin qələm sahiblərini
eyni bir hədəfə doğru aparırdı: milli
varlığın qorunması və gələcək nəsillərə
ümidin ötürülməsi. Bu baxımdan 1941-1946-ci illərin
ədəbiyyatı həm sənəd, həm xatirə, həm
də mübarizə manifesti kimi qiymətləndirilə bilər.
Bu mərhələ, bir tərəfdən, İran
daxilində baş verən siyasi dəyişikliklərin
yaratdığı müvəqqəti nisbi azadlıq fonunda
milli mədəniyyətin yenidən qurulmasını təmin
etmiş, digər tərəfdən isə 21 Azər hərəkatının
yüksəliş və süqut prosesinin ədəbi təfəkkürə
birbaşa təsir göstərdiyi tarixi dövr kimi
çıxış etmişdir. Ədəbiyyatın nəsr,
poeziya və mətbuat qollarının paralel inkişafı
janrlararası qarşılıqlı təsirlə
müşayiət olunurdu.
Azadlıq və milli kimlik ideyalarının ədəbiyyata
daxil olması təsadüfi deyildi. 1940-cı illərdən
etibarən Güney Azərbaycan mətbuatı - xüsusilə
"Azərbaycan" qəzeti - yeni ədəbi prosesin əsas
tribunasına çevrildi. Qəzetin səhifələrində
dövrün ədəbi mühitinə rəhbərlik edən
gənc və istedadlı qələm sahiblərinin
çıxışları cəmiyyətə həm mənəvi
stimul verir, həm də düşüncə sərhədlərini
genişləndirirdi. Bu yazılarda "millət",
"azadlıq", "maarif", "kimlik" kimi
anlayışların işlədilməsi o dövr
üçün cəsarətli addım idi. S.C.Pişəvərinin
yazdığı bir məqalədə işlətdiyi
"Xalq öz sabahının memarıdır. Millətin
sabahını qaranlıqdan işığa çıxaracaq
yol yenə millətin öz əlindədir" fikri sadə
siyasi çağırış deyil, həm də millətin
psixoloji dirənişini gücləndirən mədəni
manifest idi. Bu kimi fikirlər cəmiyyətə yalnız siyasi
mesaj deyil, həm də böyük bir mənəvi dəstək
verirdi.
Mətbuat ədəbi prosesin təkcə yayım
vasitəsi deyil, həm də ideoloji laboratoriyası rolunu
oynayırdı.
Bu tarixi şəraitdə formalaşmış yeni
yazıçı nəsli milli ədəbiyyatın
simasını dəyişdi. Əli Fitrət,
Çavuşoğlu, Niknam, Balaş Azəroğlu, Əli Tudə,
Hökumə Billuri, Mədinə Gülgün kimi sənətkarlar
azadlıq ideyasını yalnız poetik obrazlarla deyil, həm
də ictimai düşüncənin dərin qatları ilə
əlaqələndirərək təqdim edirdilər.
Onların əsərlərində xalqın
yaşadığı tarixi təlatümlər fərdi talelərin
prizmasından keçir və bədii ümumiləşməyə
çevrilirdi.
O dövrdə yetişən yeni nəsil
yazıçı və şairlər öz mövqeləri
ilə ədəbiyyatı ictimai proseslərin mərkəzinə
gətirdilər. Balaş Azəroğlunun bir şeirində
yer alan "Azadlığın səsi küçəmizdən
keçmədi, amma ürəyimizdən heç
çıxmadı" misrası həmin dövr
insanının ruh halını olduqca aydın şəkildə
ifadə edirdi. Əli Tudə, Hökumə Billuri, Söhrab
Tahir, Mədinə Gülgün kimi sənətkarlar isə
bir tərəfdən xalqın sevinc və sədaqətini,
digər tərəfdən onun çəkdiyi məhrumiyyətləri
sənətkarlıqla təsvir edirdilər. Çox sonralar bu
əsərlər həm Güneydə, həm də
Şimalda milli yaddaşın formalaşmasına güclü
təsir göstərdi.
Bu dövrün mühüm hadisələrindən
biri də xatirə ədəbiyyatının geniş
yayılması idi. Xatirələr yalnız şəxsi təcrübələrin
toplusu deyil, eyni zamanda tarixi proseslərin daxildən
görünüşünü əks etdirən mənbələr
idi. Səttərxanla bağlı yazılan xatirələrdə
müəlliflər bəzən gizli keçirilən
iclaslardan, bəzən də qadağan olunmuş bir kitabı əldə
etmək üçün insanların gecəyarısı
küçələrdə bir-birinə
pıçıldaşmasından söz
açırdılar. S.C.Pişəvərinin "Zindan xatirələrində"
rast gəlinən "şeirimi dəftərə yazmağa cəsarət
etmədim, çörək kağızına
köçürüb palto ciblərimdə gəzdirirdim"
kimi qeydlər həmin dövr əhvalının həm
dramatizmini, həm də dirəniş gücünü üzə
çıxarır. Bu mətnlər ədəbi-tarixi
yaddaşın əsas komponentlərindən biri idi.
Azadlıq ruhu ilə yazılan bu əsərlər
yalnız həmin dövrün deyil, sonrakı nəsillərin
də mənəvi təcrübəsini
formalaşdırdı. 1950-70-ci illər ədibləri öz
yaradıcılıqlarında tez-tez əvvəlki nəslin
qoyub getdiyi mirasa istinad edir, həmin ənənəni davam
etdirirdilər. Şair Əli Tudə Milli Hökumət
dövrü ilə yazdığı "Öz gözlərimlə"
adlı xatirə kitabında belə yazırdı: "Bizim qələmimizdəki
güc özümüzün gücü deyildi; o, bizdən əvvəl
susanların üsyanından gəlirdi".
Bu ədəbi prosesin mühüm cəhətlərindən
biri də Şimal və Güney arasındakı ədəbi
əlaqələrin güclənməsi idi. Quzeyə
mühacirət edən sənətkarlar burada yeni ədəbi
mühitlə qarşılaşır, eyni zamanda özləri ilə Güney ədəbiyyatının
demokratik ruhunu gətirirdilər. Onlar həm Şimal ədəbiyyatını
zənginləşdirir, həm də Güneyin milli dərdini
və azadlıq mübarizəsini daha geniş coğrafiyaya
çatdırırdılar. Bu əlaqələr Azərbaycan
ədəbiyyatında vahid milli xəttin formalaşmasına
ciddi təkan verdi.
Həmin dövrün ədəbi mühiti
ümumilikdə bir ümid üzərində qurulmuşdu. Bu
ümid nə qədər çətinliklər olsa da, gələcəyi
dəyişə biləcəyinə inanan bir xalqın
psixoloji dayaq nöqtəsinə çevrilmişdi. Bu ədəbi
xətt 1950-60-70-ci illər nəsli tərəfindən davam
etdirildi və Güney Azərbaycan ədəbiyyatının
70 ildən çox inkişaf proqramına çevrildi. Bu
davamlılıq ədəbiyyatın təkcə
dövrün məhsulu olmadığını, həm də
tarixi proseslərin hərəkətverici qüvvəsinə
çevrildiyini göstərir.
1941-1946-cı illər Güney Azərbaycan ədəbiyyatı
azadlıq ideyalarının formalaşdığı, milli
özünüdərk prosesinin gücləndiyi və yeni ədəbi
cərəyanların meydana çıxdığı bir mərhələ
olaraq yalnız həmin dövrün deyil, bütün
sonrakı nəsillərin mədəni yaddaşının təməllərindən
birini təşkil edir. Bu ədəbiyyat həm tarixi həqiqətləri
bədii dillə danışan salnamə, həm də milli
ruhu dirçəldən mənəvi məktəb idi və
bu xüsusiyyətləri ilə bu gün də öz elmi və
mənəvi aktuallığını qorumaqdadır
Beləliklə, bu ədəbi istiqamət yalnız
bir ədəbi məktəb yaratmadı, həm də
Güney Azərbaycan xalqının 70 ildən çox davam edən
milli özünüdərk prosesinə güclü təkan
verdi. Bu əsərlər xalqın yaddaşını bir məqsəddə
birləşdirdi: azadlıq arzusu, milli kimlik duyğusu və gələcək
nəsillərə ümid. Onlar həm sənət nümunəsi,
həm tarixi salnamə, həm də mənəvi dirəniş
kitabəsi kimi bu gün də öz aktuallığını
qorumaqdadır.
Viktor Hüqonun dediyi kimi, hər siyasi inqilabın
arxasında mədəni inqilab dayanır. Azərbaycan
xalqının siyasi tarixi bəzən məğlubiyyətlərlə,
yarımçıq qalan hərəkatlarla
yaddaşımıza yazılsa da, mədəni inqilab - yəni
ədəbiyyat - xalqın ruhunu qorudu. Bu gün də Güney
və Quzey ədəbiyyatı bir-birini tamamlayan iki qanad kimi
bütöv milli mədəniyyətin uçuşunu təmin
edir.
Professor Yaşar Qarayevin haqlı olaraq qeyd etdiyi kimi, bu
milləti bu günə qədər siyasi şüarlar deyil,
poeziya birləşdirib. Araz çayı torpaqları
ayırsa da, poeziya ürəklərin arasındakı Araza
çevrilməyə imkan vermədi. Bir xalqın iflici məhz
bu ədəbi damarların kəsilməsi ilə baş verə
bilərdi. Lakin o damar yaşadı.
Pərvanə MƏMMƏDLİ
525-ci qəzet .- 2025.- 18 dekabr (№231).- S.11.