Qarabağa böyük
qayıdış davam edir
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə "Böyük
Qayıdış" davam etdirilir. Bu mərhələdə
Laçın şəhərinə 17 ailə - 69 nəfər,
Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər,
Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər,
Ağdamın Xıdırlı kəndinə isə 16 ailə
- 45 nəfər köçürülüb.
Qeyd edək ki, Laçın şəhərinə,
Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə
və Ağdam rayonunun Xıdırlı kəndinə
köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Politoloq Tural Rzayev deyir ki, torpaqlarımızın azad
olunmasından sonra regionda ciddi bir "Böyük
Qayıdış" və bərpa prosesi davam edir.
Xüsusilə bərpa prosesinin tamamlandığı və ya
qismən tamamlandığı ərazilərə ilkin
köçlər artıq həyata keçirilir.
Onun sözlərinə görə, Qarabağ regionu
iki hissədən ibarətdir: Qarabağ və Şərqi Zəngəzur
iqtisadi zonaları: "Hər iki zonaya əhalinin mərhələli
köçü vacib məsələdir. Torpaqlar
işğaldan azad olunsa da, 30 illik işğalın fəsadlarını
aradan qaldırmaq asan deyil. Bu illər ərzində çox
işlər görülüb, xüsusilə təhlükəsizlik
tədbirləri həyata keçirilib. Ərazilərin
minalardan təmizlənməsi, partlamamış
silah-sursatın zərərsizləşdirilməsi kimi məsələlər
ön plandadır. Ləngimənin əsas səbəbi isə
Ermənistan tərəfinin mina xəritələrini tam təqdim
etməməsidir. Bu da beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılıb. Əhalinin köçürülməsi
də dəqiqlik tələb edir. Çünki oranın
sakinləri və onların varisləri müəyyən
olunmalı, yalnız sonra köç prosesi baş verməlidir.
Təkcə infrastrukturun qurulması kifayət deyil. Orada
iş yerləri də yaradılmalıdır ki, insanlar
köçüb orada yaşamağa maraqlı olsun. Şərqi
Zəngəzur və Qarabağ bölgələrinin iqtisadi,
turizm və logistika baxımından böyük potensialı
var. Gələcəkdə bu regionlara yatırımlar və
investisiyalar cəlb olunacaq. Xüsusilə, turizm,
daşınmaz əmlak və tikinti sahəsində iş
imkanlarının artırılması nəzərdə
tutulur. Güclü iqtisadiyyat ölkənin
dayanıqlığını təmin edir. Prezidentin xarici
ölkələrə səfərləri, iş adamları ilə
görüşləri də bu məqsədə xidmət
edir: ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə
investisiya cəlb etmək. Bu bölgəyə köç edən
vətəndaşların burada işləməyə
maraqlı olmaları üçün təbliğat və təşviqat
kampaniyaları aparılır. Sosial, iqtisadi və siyasi
dayanıqlığın təmin olunması zəncirvari
prosesdir. Bu prosesin hər bir halqası digərini dəstəkləyir
və ümumilikdə ölkənin rifahına xidmət
edir".
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə
görə, Böyük Qayıdışın növbəti
köç mərhələsi Azərbaycanın dövlət
siyasətinin strateji prioritetlərindən biri olaraq həm
sosial, həm iqtisadi, həm də geosiyasi aspektlərdən
böyük əhəmiyyət daşıyır. Bu mərhələnin
uğurla həyata keçirilməsi təkcə əhali geri
qayıdışını təmin etmir, həm də
işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı inkişafın təməlini qoyur. Sosial
prioritetlər bu prosesin əsasını təşkil edir.
Köç edən ailələr üçün təhlükəsiz
yaşayış şəraitinin yaradılması, müasir
təhsil müəssisələrinin, səhiyyə xidmətlərinin
və sosial infrastrukturun bərpası növbəti mərhələnin
əsas hədəflərindəndir. İnsanların öz
doğma yurdlarına adaptasiya prosesinin rahat keçməsi
üçün psixoloji dəstək proqramları, məşğulluq
təşviqləri və icma quruculuğu təşəbbüsləri
mühüm rol oynayır: "İqtisadi məsələ bu
mərhələnin ən həlledici komponentlərindəndir.
Azad olunmuş ərazilərdə yeni istehsal və xidmət
sahələrinin, kənd təsərrüfatı layihələrinin
yaradılması həm yerli məşğulluğu təmin
edəcək, həm də regionu ölkənin ümumi
iqtisadi dövriyyəsinə sürətlə inteqrasiya edəcək.
Bu ərazilərin təbii resurs potensialı, kənd təsərrüfatı
imkanları və turizm perspektivləri növbəti
köç mərhələsini iqtisadi baxımdan daha səmərəli
edir. Dövlət və özəl sektor əməkdaşlığının
genişlənməsi bu prosesdə vacib rol oynayacaq.
İnfrastruktur quruculuğu Böyük Qayıdışın
mühüm tərkib hissəsidir. Artıq icra olunan
genişmiqyaslı yol, tunel, elektrik təsərrüfatı,
su və kanalizasiya xətləri, eləcə də
"ağıllı kənd" və "ağıllı
şəhər" layihələri növbəti
köç mərhələsinin daha sistemli şəkildə
həyata keçirilməsinə şərait yaradır. Rəqəmsal
infrastrukturun qurulması isə həm dövlət xidmətlərinin
əlçatanlığı, həm də investisiya cəlbediciliyi
baxımından strateji əhəmiyyət kəsb edir. Bu mərhələ
Azərbaycanın milli təhlükəsizlik və regional
mövqeyini gücləndirən amillərdən biridir. Köç
prosesinin ardıcıl aparılması demoqrafik balansın bərpası
ilə yanaşı, azad olunmuş ərazilərdə
sabitliyin möhkəmlənməsinə və dövlət
suverenliyinin daha qəti şəkildə təsdiqlənməsinə
xidmət edir. Regionda həyatın canlanması Ermənistanla
sərhədyanı ərazilərdə təhlükəsizlik
dinamikasına da müsbət təsir göstərir.
Böyük Qayıdışın növbəti köç
mərhələsi Azərbaycan üçün sadəcə
humanitar məsələ deyil, milli inkişaf
strategiyasının mühüm hissəsidir. Sosial rifahın
yaxşılaşması, iqtisadi aktivliyin artması və
müasir infrastrukturun qurulması ölkənin uzunmüddətli
təhlükəsizliyi və dayanıqlı inkişafı
baxımından həlledici rol oynayır. Bu mərhələ
bölgənin tam dirçəlişinə, ölkənin isə
strateji gücünün daha da artmasına şərait
yaradacaq".
Millət vəkili Jalə Əliyeva qeyd edib ki, 2020-ci
ildən 2025-ci ilə qədər həyata keçirilən
"Böyük Qayıdış" prosesi Azərbaycanın
müasir tarixində ən mühüm və strateji mərhələlərdən
biridir. Bu beşillik dövr təkcə işğaldan azad
edilmiş ərazilərin yenidən qurulması ilə deyil, həm
də Azərbaycanın dövlətçilik fəlsəfəsinin,
milli birliyinin və təhlükəsizlik strategiyasının
tamamilə yeni müstəviyə keçməsi ilə
xarakterizə olunur.
Onun dediyinə görə, "Böyük
Qayıdış" proqramı Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən ardıcıl, planlı və
sistemli fəaliyyətin nəticəsidir: "2020-ci ildə
Qarabağ Zəfərindən sonra qarşıya qoyulan əsas
məqsəd təkcə ərazilərin bərpası deyil,
həm də orada davamlı həyatın bərqərar
olunması idi. Bu baxımdan, 2020-2025-ci illər ərzində
yolların, körpülərin, elektrik və su xətlərinin,
hava limanlarının tikintisi, kənd və şəhərlərin
yenidən salınması, "ağıllı kənd" və
"ağıllı şəhər"
konsepsiyalarının tətbiqi Azərbaycanın dövlət
idarəçiliyi və regional inkişaf modelində keyfiyyətcə
yeni mərhələ açdı. Bu proses təkcə infrastrukturun
bərpası deyil, həm də sosial ədalətin bərpasıdır.
Çünki 30 il doğma torpaqlarından didərgin
düşmüş məcburi köçkünlərin yenidən
yurdlarına qayıtması milli həmrəyliyin, vətəndaş
həmrəyliyinin ən parlaq təzahürüdür.
2023-cü ildən etibarən ilk köç
dalğasının başlaması, Zəngilanın
Ağalı kəndinin sakinlərinin geri dönməsi,
Füzuli, Cəbrayıl və Laçında bərpa işlərinin
sürətlə aparılması bu istiqamətdə əldə
olunan real nəticələrdir.
Politoloq Elşad Həsənov bildirib ki,
"Böyük Qayıdış" həm də regionun
siyasi və iqtisadi xəritəsini dəyişdirir. Azərbaycan
bu proqramla Cənubi Qafqazda yeni inkişaf mərkəzi
formalaşdırır, enerji, nəqliyyat və logistika layihələri
vasitəsilə beynəlxalq tərəfdaşlığını
gücləndirir. Bu gün Qarabağ və Şərqi Zəngəzur
iqtisadi zonalarında həyata keçirilən layihələr
regionun gələcək 20-30 ili üçün strateji baza
rolunu oynayır. 2025-ci ildən sonrakı mərhələdə
əsas vəzifə köç prosesinin genişləndirilməsi,
yeni sosial infrastrukturun - məktəblərin, tibb müəssisələrinin,
sənaye zonalarının və turizm mərkəzlərinin
tam şəkildə fəaliyyətə başlaması
olacaq. Bununla yanaşı, azad edilmiş ərazilərdə
demoqrafik sabitliyin təmin olunması, təhlükəsizliyin
möhkəmləndirilməsi və iqtisadi özünütəmin
mexanizmlərinin formalaşması prioritet istiqamətlər
kimi qalacaq. "Böyük Qayıdış" sadəcə
bir layihə deyil, bu, Azərbaycanın gələcək
onilliklər üçün milli dirçəliş
konsepsiyasıdır. Bu proses Azərbaycanın dövlətçilik
tarixində "Zəfərdən quruculuğa"
keçidin simvoluna çevrilib və 2025-ci ildən sonra da
ölkənin strateji inkişaf yolunu müəyyən edən
əsas istiqamət olaraq qalacaq.
O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda
son illərdə həyata keçirilən yol və nəqliyyat
infrastrukturu layihələri təkcə bərpa prosesinin
mühüm mərhələsi deyil, həm də Azərbaycanın
uzunmüddətli strateji inkişaf konsepsiyasının
ayrılmaz hissəsidir. Bu infrastrukturun sürətli və
keyfiyyətli şəkildə qurulması regionun iqtisadi təhlükəsizliyini
möhkəmləndirməklə yanaşı, onun gələcəkdə
Cənubi Qafqazın əsas nəqliyyat-logistika
qovşaqlarından birinə çevrilməsinə şərait
yaradır: "Yol infrastrukturu əhalinin məskunlaşması
prosesini stimullaşdırır. Çünki nəqliyyat əlçatanlığı
olmadan sosial-iqtisadi həyatın bərpası mümkün
deyil: "Hazırda inşa edilən magistral yollar, avtomobil
tunelləri, körpülər və hava limanları bölgəyə
həm təhlükəsiz hərəkəti təmin edir, həm
də kənd təsərrüfatı, turizm və sənaye
kimi sahələrin inkişafı üçün
dayanıqlı baza formalaşdırır. Bu, Qarabağ və
Şərqi Zəngəzurda iqtisadi həyatın bərpası
ilə yanaşı, bölgəyə köç prosesinin intensivləşməsinə
də şərait yaradır. Bölgədə inşa edilən
nəqliyyat xətləri Azərbaycanın tranzit
potensialını artırır. Zəngəzur bölgəsində
həyata keçirilən layihələr ölkənin
regional və beynəlxalq nəqliyyat sisteminə
inteqrasiyasını gücləndirir. Bu infrastruktur Türkiyə,
Orta Asiya, Rusiya və İranla yeni ticarət
marşrutlarının formalaşmasına imkan yaradır və
Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. Eyni
zamanda Zəngəzur və Qarabağ üzərindən
keçən alternativ nəqliyyat yolları regionda yeni
logistika mərkəzlərinin yaradılmasına şərait
yaradır ki, bu da ölkəyə əlavə iqtisadi dividendlər
gətirəcək. Regionda aparılan infrastruktur quruculuğu
xarici investorlar üçün ciddi iqtisadi cəlbedicilik
yaradır. İnfrastrukturun mövcudluğu və təhlükəsiz
mühitin təmin edilməsi investorlar üçün əsas
şərtlərdən biridir. Enerji xətləri, yollar, dəmir
yolları və hava limanları artıq
formalaşdığı üçün yaxın illərdə
Qarabağ və Şərqi Zəngəzurda aqrar sənaye
zonaları, logistika mərkəzləri və istehsal müəssisələrinin
qurulması gözlənilir. Bu isə həm məşğulluğun
artmasına, həm də ixrac imkanlarının genişlənməsinə
gətirib çıxaracaq. Bütün bu proseslər Azərbaycanın
iqtisadi təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsinə
xidmət edir. İnfrastrukturun dövlət nəzarətində
və strateji şəkildə planlaşdırılması
regionda uzunmüddətli sabitliyin təminatçısıdır.
Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi
mahiyyət daşıyır, çünki Azərbaycan bu
yolla bölgədə sülhü, inkişafı və
inteqrasiya proseslərini təşviq edir. Beləliklə,
Qarabağ və Şərqi Zəngəzurda aparılan
infrastruktur işləri yalnız bu günün
ehtiyaclarına cavab vermir, həm də regionu gələcəkdə
Cənubi Qafqazın ən mühüm iqtisadi və logistika mərkəzinə
çevrilmə perspektivi ilə təmin edir. Bu proses Azərbaycan
dövlətinin strateji baxışının və regional
liderliyinin əyani göstəricisidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 19 dekabr (№232).- S.15.