Kölgələrin
oyunu
("İnsan mənzərələri"
silsiləsindən)
Axşam düşür, hava qaralırdı.
Özəl şirkətlərin birində operator
işləyən 28 yaşlı Aytac adlı qız metrodan
çıxanda yağışın sulu qara çevrildiyini
görüb dilxor oldu: çətirini unudub işdə
qoymuşdu və evə çatana qədər əməllicə
islana bilərdi. Yeganə çıxış yolu
addımları yeyinlətmək idi ki, belə də etdi.
Qarşıdakı tinə çatanda yolu qısaldıb kəsə
getmək üçün sağa - dar, köhnə
küçəyə buruldu. Küçə zəif
işıqlandırıldığından əvvəlcə xoflandı və
addımlarını bir az da yeyinlətdi. Qəfildən o biri
səki tərəfdən hənirti səsləri gəldi.
Qeyri-ixtiyari addımlarını yavaşıdıb səs gələn
tərəfə baxdı: sol tərəfdən -
ağacların arxasından gələn maşın
faralarının yolun kənarındakı iri binanın
divarlarına düşən işığında iki
kölgə oynaşırdı. Siluetlərindən,
paltarlarının formasından biri kişi, o biri isə
qadın kölgəsinə bənzəyirdi. Kişi kölgəsi
qadını gah itələyə-itələyə, gah da biləyindən
tutub harasa dartırdı. Silu qarın yaratdığı
toranlıq, səkinin qırağındakı ağacların
silueti oynaşan kölgələrə qarışıb qəribə
effekt yaratmışdı. "Yəqin hansısa filmin
epizodunu çəkirlər"- deyə fikirləşib
yoluna davam etmək istədi. Amma qəfildən dayandı,
plaşının cibindən telefonunu çıxarıb,
kamera düyməsini basdı və həmin kölgələrin
hərəkətlərini videolentə aldı. "Bu
axşam paylaşmağa yaxşı materialım oldu" -
deyə fikirləşərək addımlarını yenidən
yetinlədib tələsik ordan uzaqlaşdı.
Yol boyu bu təsadüfdən əməllicə
sevinir, ürəyi sürətlə döyünürdü.
Necə də sevinməyəydi? Bir azdan evə çatacaq, bu
videonu sosial şəbəkələrdə paylaşacaq və
"bəyəndim" işarələri, tərif dolu rəylər
bir-birinə calanacaqdı.
O, artıq həyat tərzinə çevrilmiş bu mərəzə
nə vaxt tutulduğunu unutmuşdu. Bir də baxıb
görmüşdü ki, maraqlı, qəribə videolar
çəkib paylaşmaq, izləyicilərin diqqət mərkəzində
olmaq onun gündəlik istəyinə, məşğuluyyətinə
çevrilib. Bəlkə də, bu, onun öz həyatındakı
boşluğu doldurmaq, başını qatmaq üçün
tapdığı hobbi kimi bir şey idi. Yaşı 28-i
keçsə də, ailə qurmamışdı, tək
yaşayırdı. Amma bütün qadınlar kimi, o da nə
iləsə diqqət mərkəzində olmaq,
başqalarından seçilmək, təriflənmək istəyirdi
və bunun asan yolunu sosial şəbəkələrdə diqqətçəkən
videolar paylaşmaqda tapmışdı. Hərdən ona elə gəlirdi ki, izləyiciləri
hər axşam gözlərini kompüterin, yaxud telefonun
ekranına dikib səbirsizliklə onun yeni
paylaşımından heyrətlənəcəkləri
anı gözləyirlər. Bu
mənada indi fürsət tapıb çəkdiyi video lap
göydəndüşmə idi.
Evə çatıb paltarını dəyişən
kimi əyləşib videonu redaktə etməyə
başladı: artıq yerlələri kəsdi, təsvirin
ziddiyyət səviyyəsini artırdı və həyəcanlı
musiqi ilə montaj etdi. Sonra yaratdığı klipə ad
axtardı. İki variant arasında qalmışdı -
"Gecənin sirri" və "Kölgələrin
oyunu". Sonda birinci variantı seçdi, sərlövhəli
yazdı və videonu paylaşdı. Yalnız bundan sonra
telefonunu bir kənara qoyub mətbəxə keçdi. Bu, onun
taktikası idi. Bilirdi ki, şam elədiyi müddətdə
xeyli izləyici onun videosunu baxıb bəyənəcək, rəy
yazacaq, onu tərifləyəcək və o da bu rəyləri
oxuya-oxuya özünün növbəti uğuruna sevinəcək,
yeni impuls alacaq.
Təxminən yarım saatdan sonra telefonunu
götürdü. Bu dəfə onu tərifləyib
yaxşı layihəyə başlaması münasibətilə
ilə təbrik edənlər olsa da, videonu ciddiyə alıb
təcili polisə xəbər verməyin vacibliyindən dəm
vuranlar da vardı. Əvvəlcə "Nə polis, canım?
Burda polislik nə var ki?" - deyə düşünərək
bu qeydlərə əhəmiyyət vermədi. Amma videonu təkrar
izləyəndə elə bil içində nə isə
qırıldı. Amma tez də özünü ələ
aldı: "Kişi öz arvadını, yaxud
aşnasını dürtmələyir. Burda nə var
ki?" Yenidən gözlərini
ekrana dikdi və yenə də əməlli-başlı sevinə
bilmədi: nəyə görəsə izləyicilər onun
bu paylaşımına gözlədiyi səviyyədə
reaksiya vermirdilər.
İçinə pərtlik qarışıq bir
nigarançılıq çökdü. "Eybi yoxdur, yəqin
sulu qar hamını çaşdırıb. Sabahı gözləyək"
- deyə özünə təskinlik verdi.
lll
Ertəsi gün işdə bir gözü telefonun
ekranında idi. Bəyənmələr onun gözlədiyi
sürətlə artmırdı və bu, onun içindəki
nigarançılığı yavaş-yavaş xofa
çevirirdi.
"Qəribədir, bundan zəif, bəsit
videoçarxlara iki, üç dəfə artıq maraq
göstərirdilər. İndi nə oldu görəsən?"
Hiss edirdi ki, bunun nə isə bir səbəbi var. Amma
onu öyrənmək üçün durub yazmayacaqdı ki,
ay hörmətli izləyicilərim, mənim bu şedevrimə
niyə lazımi diqqət yetirmirsiniz?
O biri gün işin sonuna yaxın operatorların əyləşdiyi
salonda həmişə açıq olan radioda diktor kriminal
xarakterli xəbərləri oxuyanda ürəyi
düşdü. "İki gün əvvəl şəhərin
filan rayonu ərazisində axşamçağı evdən
çıxan qadın bir daha geri qayıtmayıb. Onu görənlərdən
xahiş..."
Ürəyi təkcə sinəsində deyil, həm də
qulaqlarında vurduğundan diktorun son sözlərini eşitmədi.
Həmin "filan" rayon onun yaşadığı ərazi
idi. "Yoxsa çəkdiyim videonun qəhrəmanlarından
olan kölgə ilə yoxa çıxan bu qadın
arasında nə isə bir bağlılıq var?"
Bu sual beynini bir andaca işğal etdi, elə bil
içindən bir cərəyan keçdi və bədənini
soyuq tər basdı.
İşin sonunadək daha telefona baxmadı.
Axşam evə girəndə kimi cumub noutbuku
yandırdı: çəkdiyi videoya geniş formatda baxmaq, tərəddüdlərinin,
şübhələrinin əsassız olduğuna dair nə
isə bir detal, sübut tapmaq istəyirdi.
Amma ekran açılan anda telefonuna gözlənilmədən
qəribə bir mesaj gəldi: "Sən bu videonu
paylaşmamalı idin!"
Göndərilən bu ismarıcın şokundan
çıxmamış növbəti mesaj gəldi:
"İndi sən həm izləyiciyə, həm də
iştirakçıya çevrildin!"
Boğazı qurudu, rəngi qaçdı və həmin
andan etibarən qəribə bir vahimə, qorxu dırnaqdan təpəyədək
bütün varlığına hakim kəsilib
yavaş-yavaş içini gəmirməyə başladı.
Ayaqları əsə-əsə pəncəryə
yaxınlaşdı və çölə baxdı.
Qaranlıqda ora-bura gedə adamlar, hərəkət edən
maşınlar, hətta səkinin kənara əkilmiş
ağaclar belə indi ona tamam başqa qiyafədə,
hansısa bir təhlükənin işarəsi kimi
görünürdü. O, artıq hər şeyi
anlamışdı: çəkdiyi bu "gözəl"
kadr xoşagəlməz bir hadisənin, hətta olsun ki, naməlum
bir cinayətin epizodu imiş və özü də bilmədən
bu epizodu sosial mediada tirajlamışdı.
Qəfildən geri dönüb masaya
yaxınlaşdı, paylaşımını video ilə bir
yerdə ləğv etdi ki, bir az toxtasın. Amma bir neçə
saniyə sonra üçüncü mesaj gəldi: "Təəssüf
ki, çox gecdir!"
Qalxıb dəli kimi otaqda var-gəl eləməyə
başladı. Bəlkə polisə gedib, gördüklərini
danışsın, çəkdiyi videonu təqdim etsin? Amma bu
fikirdən tez də daşındı - onu paylaşmaq belə
sərt əks-reaksiya doğururmuşdusa, gör polisə getsə,
nə həngamə qopardı.
Vahimə içində bilmirdi nə etsin. Ona elə gəlirdi
ki, hər hərəkəti kim tərəfindənsə
gizlincə izlənilir, pəncərələrin pərdələrinin
arxasında kölgələr dolaşır. İçindən
sanki ağır bir daş asılmışdı.
Küçədə hərəkət edən maşınların
səsindən tutmuş masanın üstündəki
saatın tıqqıtısına qədər hər şey əsəblərinə
toxunur, onu həyacanlandırırdı.
Mənzilin işıqlarını söndürmədən
elə paltarlı halda çarpayıya uzandı ki, azca
çimir edib sonra açıq beyinlə fikirləşsin,
bir çıxış yolu tapsın.
Nə vaxt yuxuya getdiyindən xəbəri olmadı.
Amma yuxulamasaydı daha yaxşı olardı, çünki
yuxuda gördükləri dəhşət filmlərində
gördüyü kabusa bənzəyirdi. Gördü ki,
notbukunun və telefonunun ekranından çıxıb
otağa doluşan kölgələr dörd tərəfdən
əllərini havada oynada-oynada ona tərəf gəlirlər
və onların atdıqları hər addımda nəfəsi
daralır, əzaları keyləşirdi. Hiss edirdi ki,
yavaş-yavaş boğulur. Amma tərpənə,
qışqırıb köməyə çağıra
bilmirdi. Kölgələr lap yaxına gəlib əllərini
ona tərəf uzadanda axır ki, son gücünü
toplayıb dəhşətlə bağırdı... öz
bağırtısı ayıldı.
Səhəri diri gözlü açdı. Yerindən
qalxan kimi birinci işi notbuku yandırmaq oldu. Yuxusuzluqdan
qızarmış gözlərini monitora zillədi. Ekranın
küncündə sanki ön kamera ilə çəkilmiş
bir görüntü canlandı - görüntüdəki
özü idi: kresloda əyləşib, ekrana baxırdı. Təəccübdən
gözləri bərəldi. Başa düşdü ki, onun
cihazı, olduğu məkan artıq öz nəzarətində
deyil, virtual dünya ilə reallıq arasındakı sərhəd
itib. Bədəni sustaldı. Elə o an qulağına
pıçıltı ilə deyilən səs gəldi:
"İndi çəkmək növbəsi mənim,
çəkilmək növbəsi sənindir..."
Gücü ona çatdı ki, əlini uzadıb
noutbuku söndürsün. Ruhu sarsılmışdı, iradəsi
iflic olmuşdu. Belə vəziyyətdə işə getməyin
mənası yox idi. Zəng vurub bildirdi ki, xəstədir,
işə gəlməyəcək. Sonra telefonunu
söndürdü, pəncərələrin pərdələrini
çəkdi və ...yenidən notbukun qabağında
oturdu... Üç gündən sonra həm qonşular, həm
də iş yoldaşları onun yoxa çıxması barədə
polisə xəbər verdilər. Polislər tökülüb
gəldilər, qonşuların şahidliyi ilə
qapını açdılar. Amma
mənzildə ins-cins yox idi. Qəribə olan bu idi ki,
yanılı və internetə qoşulu vəziyyətdə
olan noutbuk canlı yayım
rejimində qalmışdı.
Ekranda üç gün əvvəl Aytacın əyləşdiyi
kreslo görünürdü, amma indi o, boş idi.
Noutbuku polis idarəsinə aparandan sonra məlum oldu
ki, bu canlı yayım üç gün, üç gecə
davam edib. Hər gecə minlərlə baxış, hər gecə
yeni şərhlər: "Bu performansdır?", "Kiminsə
ucuz oyunudur", "Hara yox olub o qız?" Bəziləri
iddia edirdi ki, kadrların arxasından
nəfəs səsi eşidilir; başqaları isə
kreclonun arxasında qəribə bir kölgənin hərəkət
etdiyini yazırdı.
Qızın bu sayaq müəmmalı taleyi ilə
bağlı şayiələr tezliklə sosial şəbəkələri
zəbt etdi. Bəzi versiyalara görə, o, qorxudan
sarsılıb intihar etmişdi. Amma harada - bilən yoxdur. Bir qisim adamlar iddia edirdilər ki,
olsun ki, onu başqa planetdən gələnlər
oğurlayıblar. Yalnız bir nəfər yazmışdı
ki, heç bir intihar, oğurlama faktından söz gedə
bilməz - qızı virtual geçəklik udub yoxa
çıxardıb.
Bu versiyalardan hansının doğru olduğunu
söyləmək çətin idi. Amma bu qəribə hadisədən
sonra sosial şəbəkələrdə yeni bir simvol peyda
oldu: internetin müxtəlif guşələrində ortaya
çıxan profil - @ - "İzləyicisiz göz".
Profil şəkli eyni idi: o kreslo, o otaq, o səssizlik.
Və o profilin altınnda yazılmışdı:
"Yoxsa yenə baxırsan?.."
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 19 dekabr (¹232).- S.14.