Bəzəkli travmalar dövrü
Son dövrlərin tendensiyalarından biri də
insanların ən xırda şeyləri belə travma
halında nümayiş etdirməsi, özünü aciz vəziyyətə
salmasıdır. Müasir dövr insanı ağrını
gizlətmir, əksinə, nümayiş etdirir. Daha dəqiq
desək, onu paylaşır, bəzəyir, çərçivəyə
salır və bəzən hətta seviləsi hala gətirir.
Bir zamanlar travma pıçıltı ilə
danışılan, qapalı qapılar arxasında yaşanan
şəxsi bir təcrübə idisə, bu gün o, sosial
mediada açıq vitrinə çıxarılmış,
sitatlaşdırılmış, estetikləşdirilmiş
bir anlayışa çevrilib. Bu, bir növ "travmanın
romantikləşdirilməsi" təsiri
bağışlayır. Yəni ağrı reallıqdan
qoparılıb emosional, poetik və bəzən də trend
halına salınır.
Bu romantikləşdirmə ilk baxışdan zərərsiz
görünə bilər. Axı insanlar, nəhayət ki,
susmur, danışır, öz yaralarını etiraf edirlər.
Lakin məsələ burasındadır ki, travma haqqında
danışmaqla travmanı cazibədar, seçilən, hətta
arzulanan bir fərqliliyə çevirmək arasında incə,
hətta təhlükəli bir xətt var.
Travma psixoloji mənada insanın emosional və ya fiziki
təhlükə qarşısında qaldığı,
öhdəsindən gəlməkdə çətinlik çəkdiyi
hadisələrin onda buraxdığı mənəvi izdir. Bu
iz bəzən ömür boyu qalır, bəzən isə
uzun və ağrılı bir sağalma prosesindən sonra zəifləyir,
az hallarda tamamilə sağaldığı da müşahidə
oluna bilir. Amma müasir insan travmanı çox vaxt
sağalmalı bir vəziyyət kimi yox, "məni mən
edən fərqlilik" kimi təqdim etməyə
çalışır.
Artıq tez-tez rastlaşdığımız,
eşitdiyimiz "uşaqlıq travmalarım olmasaydı, bu qədər
dərin olmazdım", "məni mən edən
yaşadıqlarımdır", "ağrılarım
olmasaydı, güclü də olmazdım", "əldə
etdiklərimi itirdiklərimə borcluyam" və sair kimi
cümlələr ilk baxışdan özünü dərk
etmə kimi səslənsə də, əslində travmanı
normallaşdır, hətta bir addım da irəli gedərək
onu ideallaşdırır. Sanki ağrı olmadan insanın dəyəri
azalır, sanki sakit və təhlükəsiz həyat
dayazlıq əlamətidir, sanki kimsə əziyyət çəkməyibsə,
o, heç nə əldə edə bilməz, sanki çətinlik
görməyənin yüksəlişə haqqı yoxdur. Beləliklə,
travma artıq arzuolunmaz bir yük, sağalmalı problem deyil,
fərqlilik nişanəsinə çevrilir.
Travmanın romantikləşdirilməsində sosial
medianın rolu danılmazdır. instaqram, TikTok, X (tviter) kimi
platformalarda "mental sağlamlıq" adı altında
paylaşılan minlərlə post ağrını vizual və
emosional baxımdan cəlbedici hala gətirir. Qara-ağ fotolar,
yarımçıq cümlələr, poetik sitatlar, kölgəli
üzlər... Bütün bunlar travmanı real, çətin
və bəzən çirkin tərəflərindən
soyundurub, onu estetik bir obyektə çevirir.
Problem ondadır ki, travma estetikaya çevriləndə
onun ağırlığı itir. Panik atak bir ovqata, depressiya
dərinlik göstəricisinə, emosional laqeydlik isə cəlbedici
davranış tərzinə çevrilir. Bu mərhələdə
artıq sağalmaq yox, travmalı qalmaq daha "mənalı"
kimi təqdim olunur. İnsanlar özlərindəki həqiqi
problemin fərqinə varmır, fərqinə vardıqları
problemin isə həllindən daha çox onunla fəxr eləməyi,
onu sərgilməyi üstün tuturlar.
Ən təhlükəli məqam isə budur ki, bu
cür romantik təqdimatlar real travma yaşayan insanların
üzərində fərqli, hətta bəzən çox təhlükəli
bir təzyiq yaradır. Onlar öz ağrılarının
fotogenik olmadığını, gözəl görünmədiyini,
paylaşılacaq formada olmadığını
düşünərək susa bilərlər. Çünki
onların ağrısı trendə uyğun deyil. Onlar o
ağrını bəzəyə, ondan "özlərini
yenidən yaratmaq üsulu" kimi istifadə edə bilmirlər.
O zaman bu travma daha da dərinləşir, daha eybəcər
görünür və içindən
çıxılmayacaq hal alır.
lll
Travmanın romantikləşdirilməsi təkcə
emosional yox, həm də iqtisadi bir prosesdir. Əslində, deyərdim
ki, bu gün belə bir vəziyyətin yaranmasının,
ümumiyyətlə, "travma" sözünün
lüğətimizə daxil olub, çox sürətlə
ümumişlək sözə çevrilməsinin əsas səbəbkarlarından
biri qeyri-peşəkar psixoloqlar və yaşam
kouçlarıdır. Məhz onların sosial şəbəkə
üzərindən etdikləri "ağıllı"
paylaşımlar, "sağalma seansları" adı
altında keçirilən mənasız tədbirlər nəticəsində
travma kütləviləşdi, sağlam insanlar belə
özlərində travmalar axtarmağa, onu uydurmağa
başladılar.
Böyüklər bəs deyilmiş kimi, bu travma bəlası
uşaqlara da sirayət etməyə başladı. Hər
şeyin kökünü uşaqlıqda axtaran və elə
orada da "tapan" "mütəxəssislər" saxta
SOS siqnalları ilə gənc valideynləri qorxutmağa
başladılar. "Uşağa onu demə, travma alar",
"belə davranma, travmalı olar" və sair kimi cümlələr
sosial dünyanın bəzəyinə çevrildi. Artıq
evdə valideyn uşağına söz deməyə,
qadağa qoymağa, hətta ondan bir stəkan su belə istəməyə
qorxar hala gəlib çıxdı.
Bu gün travma üzərindən kontent istehsal olunur,
izləyici toplanır, kitablar yazılır, seminarlar
keçirilir, "şəxsi inkişaf" paketləri
satılır. İnsanların ən həssas nöqtələri
bəzən şüurlu, bəzən şüursuz şəkildə
bazar predmetinə çevrilir.
Bu nöqtədə sual yaranır: travma
paylaşımı həqiqətən sağaltmaq
üçündür, yoxsa diqqət toplamaq
üçün? Əlbəttə, hər
paylaşımı manipulyativ adlandırmaq haqsızlıq
olar. Amma ağrının da performansa çevrildiyi bir
mühitdə səmimiyyətlə nümayiş arasında sərhədlər
bulanıqlaşır.
İnsan bir müddət sonra öz travmasını
danışmadan yaşaya bilməz hala gəlir. Sanki
ağrı səssiz yaşansa, mövcudluğunu itirəcək.
Beləliklə, travma insanın həyatında
keçilmiş bir mərhələ olmaq əvəzinə,
daim yenidən istehsal olunan, "dönüb-dolaşıb
qayıtmağa can atdığımız" bir mərkəzə
çevrilir.
Travmanın romantikləşdirilməsi qurban
psixologiyasını da cazibədar edir. Axı qurban olmaq məsuliyyəti
azaldır, edilən səhvlərə, yol verilən
yanlışlara izah verir, hətta ona bəraət
qazandırır. "Beləyəm, çünki travmam
var" cümləsi bəzən dəyişmək,
sağalmaq və üzərində işləmək
ehtiyacını arxa plana atır, qəbullanmaq instinktini
gücləndirir. İnsan nəyisə düzəltmək
üçün mübarizə aparmaq əvəzinə, bəzən
olmayan, özündən uydurduğu bir travmanın
qarşısında təslimiyyət bayrağını
qaldırır.
Bu, travmanın inkarı deyil, əksinə, onun
yanlış istifadəsidir. Travmanı anlamaq, qəbul etmək,
əgər özündə mənəvi güc hiss edirsənsə,
ondan qurtulmaq üçün çalışmaq sağlam
prosesdir. Amma onun arxasında gizlənmək, hər
davranışı onunla əsaslandırmaq insanı passivləşdirir,
gizli şəkildə ruhdan salır, həyatdan zövq
almasına ciddi şəkildə mane olur. Beləliklə,
travma insanın keçmişi yox, taleyi kimi təqdim olunur
Sağalma isə sakit bir prosesdir. O, fotogenik deyil.
Gündəlik kiçik addımlardan, fərqindəlikdən,
yorucu təkrarlardan ibarətdir. Sağalan insan dramatik hekayələr
danışmır, çünki onun hekayəsi tədricən
adiləşir. Bu adilik isə sosial medianın işinə
yaramır, onun şişirdilmiş dünyasına
sığmır və nəticədə dəyərsiz
qalır.
Biz dramatik hekayələri sevirik.
Qırılmaları, çöküşləri, göz yaşlarını
izləmək daha maraqlıdır. Sağalan insan isə diqqət
mərkəzindən çıxır. Buna görə də
travmanın özü yox, onun sağalmayan forması daha
çox görünür.
Burada əsas məsələ travma haqqında
danışmaqdan qaçmaq, susmaq deyil, onu dürüst və
məsuliyyətli şəkildə ifadə etməkdir. Travma
haqqında danışmaq deyəndə əlbəttə ki,
onu gözəlləşdirmək, dərinlik nişanəsi
kimi göstərməkdən danışmırıq.
Əksinə, onun çətinliyini, yoruculuğunu, bəzən
də insanı necə sıradan
çıxardığını qəbul etməyi nəzərdə
tuturuq.
Travma insanı güclü də edə bilər,
sındıra da bilər. Bunun hər ikisi normaldır. Hər
ağrıdan qəhrəmanlıq çıxarmaq, hər
travma qarşısında güclü dayanmaq məcburiyyəti
yoxdur.
Travma nə müqəddəsdir, nə də romantik.
O, sadə, təbii prosesdir, psixoloji haldır. Biz onu idealizə
etdikcə, sağalmaqdan uzaqlaşırıq.
Ağrını estetik obyektə çevirdikcə, onu
yaşayan insanı, onun çəkdiklərini, hiss etdiklərini
unuduruq.
Bəlkə də əsas məsələ travmanı
"məni mən edən şey" kimi yox,
"keçdiyim bir mərhələ" kimi görməkdir.
Çünki insan yalnız ağrıları ilə yox,
sağalma cəhdləri ilə də formalaşır. Ən
böyük cəsarət isə travmanı bəzəmək,
gözəlləşdirmək deyil, ondan sakitcə, amma
güclü və qərarlı bir şəkildə
qurtulmaqdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 19 dekabr (№232).- S.13.