Döyüşə... Zemfira Məhərrəmli
gedir
Yazıçılığa, ümumən
yaradıcılığa müxtəlif yollarla gəlirlər.
Bəziləri üçün bu yol öncədən,
çox gənc yaşlarından müəyyən edilib. Məşhur
yazarların ailəsində doğulmuş, zəngin mənəvi
mühitdə formalaşmış, özlərini ədəbiyyatdan
kənarda təsəvvür edə bilməyən korifey sənətkarlarımız
Anar, Elçin, Vaqif Səmədoğlu və Yusif Səmədoğlu
kimi. Digərləri yaradıcılığa jurnalistikadan gəlir.
Mediada çalışarkən qazanılan böyük təcrübə,
qarşılaşdıqları insan taleləri və real həyat
hadisələri bədii yaradıcılığa qədəm
qoymaq üçün münbit zəmin, stimul yaradır.
Üçüncü qisim qələm əhli isə ahıl
yaşlarında özündə həvəs, təpər
tapıb, yaradıcılığa başlayır.
İnsanlarda hələ qədim zamanlardan bəri rəsmlər,
mətnlər, melodiyalar vasitəsilə özlərini ifadə
etmək cəhdləri olub. Bundan ötrü Qobustan
qayaüstü rəsmlərinə baxmaq kifayətdir.
Bəziləri üçün
yazıçılıq bir hobbi, digərləri
üçün özünüifadə, yaxud
başqalarından fərqlənmək, ad qazanmaq vasitəsidir.
Kimlərsə yalnız özü üçün yazır və
ərsəyə gətirdiyi əsəri ictimaiyyətə
çatdırmaq üçün cəhd göstərmir. Amma
mənə elə gəlir ki, yazıçının əsas
missiyası insanları anlamaq, başa düşmək,
halına yanmaqdır. Əsl ədəbiyyat insan ruhu ilə
bağlı gerçəkliyi əks etdirməli, güclü
hisslər oyatmalı və oxucuya həyatın mənasını
anlamaqda kömək göstərməlidir. Tanınmış
jurnalist və nasir, povestlər, çoxsaylı hekayə və
hətta pyeslər müəllifi Zemfira Məhərrəmlinin
bir sıra əsərləri məni belə söyləməyə
sövq etdi.
Bir il bundan öncə mən Z.Məhərrəmlinin
yaradıcılığı barədə məlumatsız
idim (o, Azərbaycan dilində yazır, bəzi əsərləri
rus, türk və ingilis dillərinə tərcümə
olunub). Eynilə o da mənim kitablarım haqqında eşitmişdi,
lakin bu əsərlərlə tanış deyildi. Yeri gəlmişkən,
bu, müasir ədəbi prosesin ciddi problemidir: azərbaycandilli
müəlliflər öz kitablarını əsasən ana
dilində, rusdillilər isə daha çox rus dilində nəşr
etdirirlər. Sanki onları görünməz divar
ayırır. Əvvəllər xeyli əsər dövlət
hesabına hər iki dilə çevrilirdi. Bu gün kitab
çap etdirən yazıçılar çətin
durumdadır, necə deyərlər, qələm adamları
öz ixtiyarlarına buraxılıb. Əsərlərinin ana
dilində kiçik tirajla nəşrinə nail olsalar da, tərcümə
üçün lazımi vəsait çatışmır.
Zemfira xanıma gəldikdə isə onun həyat yolu
hələ Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
Jurnalistika fakültəsində oxuyarkən müəyyənləşmişdi.
Ona dərs demiş ustad jurnalist, əfsanəvi Nəsir
İmanquliyevin rəhbərlik etdiyi, o dövrün oxucu
kütləsi arasında olduqca populyar olan "Bakı" və
"Baku" qəzetlərində 1978-ci ildən işə
başlamışdı. Bu mətbuat nümunələri hələ
Sovet dönəmində oxucu kütləsinin, akademikdən
tutmuş sadə evdar qadınlaradək ən çox sevdiyi qəzetlər
idi.
Mən Nəsir İmanquliyevi şəxsən
tanıımırdım, amma jurnalist həmkarlarımdan, ədəbiyyatçı
dostlarımdan onun bütün həyatını həsr etdiyi
mühüm işə - qəzetçilik fəaliyyətinə
necə vurğunluqla bağlandığını
eşitmişdim. Onun bu xüsusiyyəti, həqiqətən,
heyranlıq doğururdu, rəhbərlik etdiyi qəzetlər mətbuat
üzərində senzura təzyiqləri olan dövrdə
kifayət qədər riskli tənqidi yazıları dərc
edirdi. O, ədəbi-bədii jurnallarda maneələrlə
qarşılaşan, çap olunmaq üçün məhdudiyyətlərlə
üzləşən gənc qələm sahiblərinin həmin
dönəmdə novatorluq sayılan nəzm və nəsr
nümunələrinə "Bakı" və
"Baku"nun səhifələrində geniş yer verməklə,
Qlavlitin sualtı riflərini və aysberqlərini məharətlə
ötüb keçə bilirdi. Bu qəzetlərin öz dəst-xətti,
üslubu, mövqeyi vardı,
ona görə də bakılıların tezliklə rəğbətini
qazanmışdı. Yaxşı yadımdadır, yeniyetmə
çağlarımda böyük qardaşım ya da atam mənə
bu qəzetləri almağı tapşırardı. Mən isə
yamanca deyinir, narazılığımı bildirirdim,
çünki bu axşam qəzetlərinin yeni sayını
almaq üçün həvəslə, uzun-uzadı növbəyə
düzülən adamlara qoşulmalıydım.
Jurnalistika fakültəsini yenicə bitirmiş Zemfira
Məhərrəmli "Bakı" qəzetində peşəkar
məktəb keçdi, sıravi müxbirlikdən Elm, təhsil
və mədəniyyət şöbəsinin müdiri vəzifəsinədək
yüksəldi. "Bakı"da
çalışdığı 25 il ərzində Zemfira
xanım elm və təhsil, o cümlədən sosial-mənəvi
problemlər mövzusunda yazdığı çoxsaylı
yazıları ilə tanındı və oxucu marağı
qazandı. Onun publisistika sahəsində istedadı 90-cı
illərdə, hərbi mövzuda yazdığı dövrdə daha çox diqqəti
cəlb etdi. Z.Məhərrəmli tez-tez qaynar nöqtələrə
səfər edir, hərbi səhra hospitallarında
yaralılara baş çəkir, qanlı savaşın nəticəsi
olaraq, öz doğma yurd yerlərindən didərgin
düşmüş, çadır şəhərciklərində
ağır şəraitdə yaşayan
soydaşlarımızla görüşür, silsilə
yazılar yazırdı. Onun cəbhə reportajlarında,
habelə yazdığı korrespondensiyalarda, daha sonra bədii-publisistik
oçerklərində Qarabağ müharibəsinin dəhşətlərindən,
qanlı savaşla üz-üzə qalmış
yurddaşlarımızın faciəli taleyindən,
döyüş meydanlarında düşmənə qan udduran
oğul və qızlarımızın rəşadətindən
söz açılırdı. Zemfira xanım rahatlıq və
dinclik bilmədən öz qələm nümunələrində
müharibə qurbanlarının, işğal dövründə
erməni əsirliyində işgəncələrə məruz
qalan, vaxtından əvvəl böyümüş
uşaqların ("Qırxqızın qırxbirincisi"
povestinin kiçik qəhrəmanı Nurlana kimi) acı
taleyini əks etdirmiş, gənc övladı torpaq uğrunda
canından keçmiş şəhid anaları,
saçlarına vaxtsız dən düşmüş şəhid
xanımları ilə birlikdə kədərlənmiş,
eyni zamanda qürur hissi keçirmişdir.
"Qırxqızın qırxbirincisi" povestinin əsas
qəhrəmanı, heysiyyətini, şərəfini hər
şeydən üstün tutan Səma ölümü əsirlikdə
yaşamaqdan əfzəl bilir, saçlarına
taxdığı sancağı vena damarına batıraraq
intihar edir. Arakel adlı erməni qulduru onun iki yaşlı
qızı Nurlananı avtomatın qundağı ilə boyun
nahiyəsinə qəddarcasına zərbələr endirərək
görmə qabiliyyətindən məhrum edir. Zemfira
xanımın yazıçı olaraq yaradıcılıq
saxlancında belə faciəli hadisələrdən söz
açan sənədli hekayələr çoxluğu təşkil
edir. Bu qələm nümunələri sonradan müəllifin
"Döyüşə qızlar gedir", "Qarabağda
savaş var", "Qırx qız dastanı",
"Qarabağ müharibəsi: zərif talelər", "Zəfər
yolçuları" və ona populyarlıq qazandıran digər
kitablarının ərsəyə gəlməsinə səbəb
olmuşdur.
Z.Məhərrəmli yaradıcılıq uğurlarına
görə "Həsən bəy Zərdabi",
"Qızıl qələm" mükafatlarına layiq
görülmüşdür. O, "Araz" Ali Ədəbi
diplomunun, Azərbaycan Yazıçılar Birliyinin Rəsul
Rza mükafatının, habelə Mahmud Kaşğari və
Şahmar Əkbərzadə ödüllərinin sahibidir.
Zemfira Məhərrəmli Azərbaycan Respublikası
Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə
"Tərəqqi" medalına, 6 mart 2021-ci il tarixli Sərəncamı
ilə "Əməkdar jurnalist" fəxri adına layiq
görülmüşdür.
lll
Son iyirmi il ərzində Zemfira Məhərrəmli bədii
nəsr sahəsində uğurlar qazanmış, neçə-neçə
povest və hekayələrinin toplandığı kitabları
işıq üzü görmüşdür.
Maraqlıdır ki, gerçək hadisələri və real
insanları əks etdirən sənədli publisistika
yazıçının nəsr əsərlərindəki bədiilik
və belletristika ilə üzvi surətdə uzlaşır.
Belə ki, müəllifin əsərlərində bu iki janr
bir-biri ilə qaynayıb-qarışaraq maraqlı sintez
yaradır. Məsələn, mən Gülər və Salehin
nakam məhəbbətinin faciəli tarixçəsi
haqqında yazdığı hekayəni ("Sevgimi neylədin,
Daşaltı dərəsi?") oxuyarkən Zemfira xanıma
"Bu sənədli, yoxsa bədii əsərdir"
sualını verərkən "Bədii əsərdir"
cavabını aldım. Yəqin ki, həmin üslub onun
jurnalistlik fəaliyyətindən, sənədli hekayələr
və portret oçerklərindən irəli gəlir, həm
də bu tərz onun yazılarının
orijinallığının sübutudur.
Nasir süjet qurmağı məharətlə
bacarır, povest və romanının sonunadək oxucunu gərginlikdə
saxlayır. Mən onun iki irihəcmli əsərini -
"Oyuncaq" povestini və "Arabadakı adam"
romanını maraqla oxudum. Zənnimcə, obrazlarının
sayı qismən məhdud olan əsəri povest də hesab etmək
olar.
"Oyuncaq" povesti Rəsul və Nərgizin saf və
təmiz sevgisindən bəhs edir. Rəsul məhəbbətinin
nişanəsi olan oyuncağı - ağ ayı
balasını Nərgizə hədiyyə edir. Lakin əvvəlcə
Nərgizin valideynləri, sonra isə Rəsul özü bu məhəbbəti
xoşbəxtliyə aparan yolda maneəyə çevirir. Az
sonra Rəsul vərəm xəstəliyinə yoluxaraq
dispanserdə müalicəyə başlayır, burada narkotik
aludəçisi olan Zulya adlı pasiyentlə tanış
olur. Bu tanışlıq həmin gənci məhvə
doğru sürükləyir, o, "ağ
ölüm"ün qurbanlarından birinə çevrilir.
Müəllif həmin mövzunu "Ümid
işığı" pyesində bir qədər də
inkişaf etdirir, pozğun əxlaqlı, narkoman Zulyanın əvəzində
səhnəyə sərxoşluq edən, küçə
dostları ilə kef məclisləri quran yüngül xasiyyətli
Zulyanı çıxarır. Zulya sevgilisindən ayrı
düşən, iztirab içində çabalayan bir gənci
küçə çalğıçılarının, sərsəm
musiqinin və insanı təbii halından çıxaran
şərabın hökm sürdüyü əyyaşlıq
dünyasına cəlb edir.
Bu dramatik əsərləri oxuyarkən fikirləşirsən:
bizim real həyatımızda küçələrdə
dolaşan, ləyaqətli qızlarımızı sevdiyindən
ayıran, gözəl ailələri dağıdan neçə-neçə
Zulyalar var. Bədəninin təbii formasını silikonla dəyişən,
dodaqlarını şişirdərək eybəcər ördəkləri,
sanki bir-birinin təkrarı olan əkiz bacıları
xatırladan belələri ilə hər gün
qarşılaşırıq. Beləliklə, Z.Məhərrəmli
adı çəkilən povestdə bizə bəlli olan
müasir həyatın reallıqlarını əks etdirir. Bəlkə
kimlərsə oxuyub utanar, nəticə çıxarar. Buna
inanmaq istəyirsən. Halbuki əhlikef
oğlan və qızlar hikmətli kitabları oxumurlar, onlar
İnternet və sosial şəbəkə
uşaqlarıdır. Bu vəziyyət isə elə də
ürəkaçan deyil.
Z.Məhərrəmlinin bədii əsərləri ənənəvi
üslubda yazılıb, fantastikadan və modernist
axtarışlardan uzaqdır. Eyni zamanda onun nəsri
bütünlüklə qadın nəsridir. Halbuki o, adətən,
birinci şəxsin dilindən, həm də çox vaxt
kişi obrazların dilindən danışır. Müəllifin
nəsri lirizmi və pozitiv ruhu ilə fərqlidir. Onun hər
hansı əsərini oxuyarkən bu bədii mətnləri məhz
qadın yazıçının yazdığına
inanırsan. Düşünürəm ki, zərif cinsə
ünvanlanan, ana və bacılarımızı çətin
situasiyalarda müdafiə edən, onlara gələcəyə
ümid və inam aşılayan qadın nəsri olduqca əhəmiyyətlidir.
Zemfira Məhərrəmlinin nəsr əsərlərinin
böyük əksəriyyəti məhz bu ruhdadır.
Məsələn, "Arabadakı adam" romanı
dramatik, hətta faciəvi əsərdir. Bu romanda qanlı
müharibə ilə, həyatın çətinlikləri,
sevdiklərinin xəyanəti ilə üzləşən
insanların taleyindən bəhs olunur. Əsərin,
nağıllarda olduğu kimi, xoşbəxt sonluqla bitməsinə,
ilk öncə, inanmaq istəmirsən. Üzücü hadisələrlə
göz-gözə qalan Seymur onun həyatını
yaxşılığa doğru bütünlüklə dəyişən,
özündən yaşca böyük, lakin müdrik bir
insanla ? 44 günlük Zəfər savaşımızın
qaliblərindən olan, cəbhədə bir ayağını
itirmiş qazi Kənanla qarşılaşır. Onun
bacısı, könül verdiyi gənc tərəfindən
aldadılan, namusuna təcavüz edilən Ləman heysiyyətini,
şərəfini hər şeydən üstün tutaraq həmin
şəxsi qətlə yetirdiyi üçün on il çəkən
məhbəs həyatını başa vuraraq azadlığa
çıxır. Sonra isə ona evlilik təklif edən həmin
qazi ilə ailə həyatı qurur. Bir-birini əvəz edən
xoşbəxt hadisələr Seymurun həyata inamını
artırır. Əsərdə cəmiyyətin qadın
zümrəsinin arzusunda olduğu əsl melodramla
qarşılaşırıq.
Bu bədii mətni Zemfira, dediyim kimi, gözəl
sonluqla bitirib, amma təəssüf
ki, həyatda çox vaxt belə olmur. Çətinliklərlə
üzləşənləri daha çox dramatik sonluq gözləyir.
Əsəri oxuduqdan sonra adam özünü yüngül və
rahat hiss edir. Adını çəkdiyim romanla
tanışlıq oxucularda
yaşamaq və maneələrlə mübarizə aparmaq
şövqü, əzmi yaradacaq.
Görünür, Zemfira Məhərrəmli
müharibə zamanı qadınların, əsirlikdə olan ana və
bacılarımızın faciəli taleləri haqqında o qədər
çox yazıb ki, indi oxucularına heç olmasa, bir az
ümid, işıq və sevinc bəxş etmək istəyib.
Və buna da nail olub.
Onun hekayələrinin dili olduqca sadə və şəffafdır,
asanlıqla oxunur. Zemfira
aydın və hər bir oxucu üçün
anlaşılan dildə yazır, süni bəzək-düzəkdən,
ağır, uzun, mürəkkəb cümlələrdən
qaçır. Belə yazı tərzi onun jurnalist
keçmişindən qalan "irs"dir, nişanədir.
Axı, redaksiyalarda bizə qısa və sadə
yazmağı öyrədirdilər ki, aktual məqalə
mümkün qədər çox oxucuya çatsın və
rahat qavranılsın. Çünki Zemfira xanımın, elə
mənim də o vaxtlar
çalışdığım qəzetlər
böyük tirajla çıxırdı, bu mətbuat
nümunələrini həm
ziyalılar, həm də sadə fəhlələr oxuyurdu. Elə
buna uyğun olaraq, əksər hallarda Zemfiranın sevimli qəhrəmanları
da sadə peşə
adamlarıdır. Onlar doğma torpaq, Vətən
üçün çətin anlarda, nə qədər
pafoslu səslənsə də,
sağlamlıqlarını, çox vaxt isə gənc
həyatlarını qurban verərək həqiqi qəhrəmanlığa
ucalan insanlardır. Məhz bu insanlar, sevimli qəhrəmanları
naminə əlində avtomat yox, qələm olan Zemfira Məhərrəmli
yenidən növbəti döyüşə... atılır.
Əlamətdar yubileyi münasibətilə mən
Zemfiraya ? bu mehriban, gülərüz xanıma möhkəm
cansağlığı, ailə səadəti və yeni yaradıcılıq
üfüqləri arzulayıram. Yubileyin mübarək, əziz
həmkarım!
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 19 dekabr (¹232).- S.12;13.