Anar yaradıcılığında
milli özünütəsdiq və milli oyanış
"Kitabi-Dədə Qorqud" Azərbaycan ictimaiyyəti,
kütlə, xalq üçün tanınmalıdır. Mən
bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək
istəyirəm. Mənə belə gəlir ki, biz bu gün
müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki
axtarışlarına, xidmətlərinə daha da yüksək
qiymət verməliyik".
Ümummilli lider Heydər Əliyev
"Hər hansı xalq - ədəbi irsi nə qədər
zəngin olsa da, bir, ya iki əsas kitaba, təməl kitaba, Ana
kitaba malikdir. Belə baş kitab xalqın
varlığını ən dolğun və bitkin şəkildə
əks etdirir... Xalqımızın şah əsəri, Ana
kitabı Dədə Qorqud dastanıdır".
Anar
2025-ci il 23 iyul Şuşa şəhəri. Vaqif
poeziya günləri. Xan sarayının qarşısında tədbir
yenicə başlayırdı ki, mənə 10-12
yaşlarında olan bir oğlan uşağı
yaxınlaşdı. Təəccüblə soruşdu: "O,
yazıçı Anardır?" Mən cavab verdim: "Bəli,
zəmanəmizin dahisi Anardır!
Sənin adın nədir?" soruşduğumda
oğlan: "Yusifdir", - dedi. "Mən Anarın
bütün əsərlərini oxumuşam. Anarı görmək
mənim həyatda ən böyük arzumdur" - söylədi
Yusif. Anar müəllimlə Yusifi
görüşdürdük və bu anı əbədiləşdirdik.
Mən soruşdum: "Yusif, sənin telefonun var?" O dedi ki,
mənim telefonum yoxdur, mən kitab oxuyuram, mən Anarı
oxuyuram!
Anar müəllim ona təqdimatı orada keçirilən
yeni kitabını imzalı hədiyyə etdi.
Yusif sevincindən qanad alıb uçurdu. Anar müəllim
uşaqdan böyüyədək hər kəs tərəfindən
sevilən yazardır. Anar müəllimə möhkəm
cansağlığı, uğurlar arzu edirəm.
Anar böyük yazarlarımız Rəsul Rza və
Nigar Rəfibəylinin ailəsində dünyaya göz
açıb. Nigar xanımın babası Ələkbər bəy
Rəfibəyli "Difai" partiyasının
qurucularından biri idi. Nigar xanımın atası Xudadat bəy
Rəfibəyli AXC-nin səhiyyə naziri olmuşdu. Nigar
xanımın qardaşı Kamil bəy AXC-nin süqutundan
sonra Türkiyəyə mühacirət etmişdi. Anar
müsahibələrindən birində belə deyir:
"Köklərimizə və türkçülüyə
meylim ailəmdən qaynaqlanmışdır. İlk dinlədiyim Nigar
xanımın söylədiyi "Koroğlu" dastanı və
N.Hikmətin "Günəşi içənlərin
türküsü" əsərləri olmuşdur".
Əlbəttə ki, bu əsərlər Anarın
düşüncəsində dərin iz buraxmışdı.
XX əsrin 70-ci illərindən Azərbaycan nəsrində
"Dədə Qorqud" motivləri əsasında yeni bir
tendensiya da özünü göstərməyə
başlayır. Bu, eposun obraz və ideyalarından milli
özünütəsdiq vasitəsi kimi istifadə edilməsi
idi. Həmin istiqamətin əsası görkəmli Azərbaycan
yazıçısı Anarın
yaradıcılığında qoyulur. Onun 1969-1972-ci illərdə
yazdığı "Dədə Qorqud" povesti ilə
"Kitabi-Dədə Qorqud" milli ədəbi
düşüncədə milli özünütəsdiq, milli
oyanış və dirçəliş qaynağı kimi tərənnüm
olunur. Anarın yaradıcılığı milli ədəbiyyatımızın
xüsusi səhifəsi olduğu kimi, "Kitabi-Dədə
Qorqud" eposu da Anar yaradıcılığının
xüsusi səhifəsidir. Anar "Kitabi-Dədə
Qorqud" dastanlarına bağlanmasının bir səbəbini
də belə açıqlayır: "Dastanı ilk
oxuduğumda 13-14 yaşım olardı. Mən bu əsəri
bir film kimi qavradım. O zamanlar kino ilə
maraqlanacağımı, bu yöndə təhsil alacağımı,
film çəkəcəyimi ağlıma belə gətirə
bilməzdim. O ucsuz-bucaqsız çölləri,
bozkırları, atları, çadırları bir film kimi
gözlərim önündə canlandırırdım".
Eposu "Azərbaycan xalqının şah əsəri,
Ana kitabı" adlandıran yazıçı
üçün "Dədə Qorqud" dastanı, əslində,
sirli-sehrli bir dünyadır. Anarın "Kitabi-Dədə
Qorqud" eposuna elmi marağı ilə bədii marağı
məzmun və ideya baxımından qovuşuqdur. Eposa
başdan-başa milli ideyalarla süslənmiş möhtəşəm
abidə kimi yanaşan Anar onu öz bədii
yaradıcılığına gətirməklə, əslində,
dastandan milli düşüncələrinin ifadə vasitəsi
kimi istifadə edib.
Mühiti ilk növbədə silkələyən əsərə
qoyulmuş epiqraf idi: "Öz eli olan xalq idim, elim indi
hanı? Öz xaqanı olan xalq idim, xaqanım hanı? Orxon
yazıları. "Gültəkin abidəsi". Türk tarixinin
ulu həqiqətini ifadə edən bu epiqraf bir tərəfdən
Azərbaycan dövlətinin müstəqilliyinin əlindən
alınmasının açıq-aşkar bəyanı idisə,
o biri tərəfdən əsərin məzmununun
xalqımızın tapdanan, təhrif edilən ulu tarixi həqiqətləri
ilə bağlı olduğunu bildirirdi.
Anar yazır: "Kitabi-Dədə Qorqud" Azərbaycan
ədəbiyyatının, xalqımızın yaradıcı
dühasının ən böyük və ilkin ifadəsidir.
"Kitabi-Dədə Qorqud" xalq həyatının ən
erkən dövrlərini saysız-hesabsız təfərrüatı,
ayrıntıları, çalarları ilə əks etdirən
bilgilər toplusudur, bütöv bir dövrün heyranedici zənginliyə
malik ensiklopediyasıdır. Ən çılğın
ehtirasların və incə hisslərin, ən xəfif
duyğuların, ziddiyyətli insan münasibətlərinin və
zərif təbiət təsvirlərinin, igidliyin və comərdliyin,
xəyanətin və satqınlığın, məhəbbətin
və ölümün, qəzəbin və
gülüşün, şadlığın və ələmin
qaynayıb-qarışdığı bir dünyadır Dədə
Qorqud dünyası".
Artıq ömrünün müdriklik dövrünə
qədəm qoymuş Anarın "Dədə Qorqud"
yaradıcılığı, əslində, onun "Dədə
Qorqud" düşüncələrindən başlanır.
Bu düşüncələr isə bir möhtəşəm
"an"la bağlıdır. Həmin "an"
yazıçı Anarın "Kitabi-Dədə Qorqud"
eposu ilə ilk tanışlıq anıdır: "Xanım
hey. Bu ilk sözləri oxuyan gündən Dədə Qorqud
dünyasına daxil oldum. O uzaq illərdən bəri Dədə
Qorqud məni ovsunlayıb və heç vaxt bu əfsundan,
sehrdən, tilsimdən çıxa bilməyəcəm. Hər
beş-altı ildən bir dastanın Azərbaycan, türk nəşrlərini
oxuyuram və hər dəfə o, mənimlə mənim
yaşımda olan adam kimi danışır, hər dəfə
ondan indiyənəcən eşitmədiyim sözləri
eşidirəm, hər dəfə "Kitab"da bunacan
görmədiyim, duymadığım gözəlliklər, dərinliklər,
dəyərlər tapıram".
Anarın "Dədə Qorqud dünyası" əsərində
Azərbaycan xalqının minillər boyu
yaşadığı doğma torpağında "yad",
"gəlmə" olduğunu əsaslandıran "rəsmi
tarixi" məhz "Kitabi-Dədə Qorqud"
dastanının milli həqiqətləri ilə ifşa və
inkar olunur. "Kitabi-Dədə Qorqud" tariximizin təməl
məsələsi - Azərbaycan xalqının mənşəyi
və məskəni məsələsiylə birbaşa
bağlıdır, daha doğrusu, bu məsələlərin
tam dəqiqliyi ilə açılması üçün ən
etibarlı mənbə və məxəzdir" - deyə bəyan
edən müəllif eposun Azərbaycan tarixi üçün
iki mühüm və taleyüklü əhəmiyyətini
göstərir:
1. "Kitabi-Dədə Qorqud" Azərbaycan
oğuzlarının əsəridir və Dədə Qorqud
oğuzları Azərbaycan ərazisində məskun olan azərbaycanlılardır.
"Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi
üçün ən böyük, ən əsas və ən
birinci xidməti bundan ibarətdir.
2. "Kitab"ın ikinci xidməti isə ondan ibarətdir
ki, Dədə Qorqud oğuzlarının, yəni Azərbaycan
ərazisində yaşayan oğuzların qədimliyi,
başqa sözlə desək, "Kitabi-Dədə
Qorqud"un qədimliyi" - bu torpaqda yaşayan azərbaycanlıların
bu torpaqda yaşamalarının çox uzaq tarixinə ən
tutarlı dəlildir". Alim Anarın sonralar (1985-ci ildə)
"Dədə Qorqud dünyası" adlı elmi əsərində
tarixi dəlillərlə ortaya qoyulan milli özünütəsdiq
həqiqətləri ondan daha öncə (1970-1973-cü illər)
yazıçı Anarın "Dədə Qorqud"
povestinin bədii ruhunu təşkil edirdi.
Dastanda Dədə Qorqud - müəllif-obrazdır.
Eposun obrazlar sistemi "Bütün obrazlar + Müəllif-obraz
Dədə Qorqud" kimi ikiqatlı prinsiplə
qurulmuşdursa, povestin obrazlar sistemi isə üçqatlı
quruluşa malikdir: "Bütün obrazlar + Müəllif-obraz
Dədə Qorqud + Müəllif-obraz Anar". Anar "müəllif-obraz"
Dədə Qorqudun eposdakı funksional strukturunu povestdə
olduğu kimi saxlamışdır. Dədə Qorqud həm
süjetin içində, həm də fövqündədir.
Anar özü də povestin mətnində iştirak edir. Lakin
onun iştirakı mətnin quruluşunun süjet qatında
deyil, ümumi mətn səviyyəsindədir: Dədə
Qorqud həm süjetin içində, həm də
fövqündə olduğu kimi, Anar da həm mətnin
içində, həm də fövqündədir. Onun mətnin
quruluşunu təşkil edən elementlərin hamısı
kimi öz "məna yükü" var. Başqa sözlə,
yazıçı Anarın ilk baxışda "Kitabi-Dədə
Qorqud" eposunun sadəcə bədiiləşdirilməsi təsirini
bağışlayan povestinin ən əsas və
başlıca özəlliyi ondan ibarətdir ki, burada "mətnin
müəllifi" Anar eyni zamanda mətnin poetik qurumunun
struktur elementi - obrazıdır.
Anar povestdə milli tale yükünün 3
qatını müəyyənləşdirmişdir:
1. "Kitabi-Dədə Qorqud" eposundan gələn
Oğuz milli tarixi;
2. Oğuz tarixinin də onun içərisinə
bütövlükdə daxil olduğu ümumtürk milli
tarixi;
3. Oğuz-Türk taleyinin içində olan Azərbaycan
milli tarixi.
"Kitabi-Dədə
Qorqud" dastanları həmişə Türklüyə və
Türkçülüyə meyl olaraq dəyərləndirilmişdir.
Anar "Dədə Qorqud" povestini, ssenarini -
özünün də adlandırdığı kimi
kino-dastanı yaratdı. Anar "Dədə Qorqud" filmini
1975-ci ildə çəkmişdi. Bu o zaman idi ki, Sovetlər
Birliyi özünün möhtəşəm, xoşbəxt
çağlarını yaşayırdı. Dimdik ayaqda idi. Bu
film çəkilənə qədər "Kitabi-Dədə
Qorqud"u sadəcə alimlər bilirdi. Anara bu filmin çəkilməsində
əngəl yaradan qüvvələr var idi. Dastanı akad.
H.Araslı 1939-cu ildə nəşr etdirmişdi. Sonra
"Kitabi-Dədə Qorqud"a mürtəce abidə kimi
qadağa qoyulmuşdu. Böyük insan, böyük alim, Dədə
Qorqudla bağlı böyük işlər görən alim
H.Araslı Anarın yazdığı ssenariyə müsbət
rəy verdikdən sonra Anar "Dədə Qorqud" filmini
çəkə bilmişdi. Dədə Qorqudla bağlı
böyük işlər görmüş bütün alimlərimizi:
Əmin Abid, H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib,
Samət Əlizadə, Fərhad Zeynalov, Şamil Cəmşidov,
Tofiq Hacıyev və adını çəkmədiyim digər
alimlərimizi hörmət və rəhmətlə yada salmaq
istəyirəm. Moskvada yaşayan türkoloq Xalıq
Koroğlu da Anarın kitabına gözəl bir ön söz
yazmışdı.
Anar bütün yaradıcılığı boyu bir
prinsipə sadiq qalıb. Əsla başqalarını təkrar
etməmək. Hətta öz yazdıqları nə qədər
məşhurlaşıbsa belə, o əsərləri də
bir daha təkrar etməyib. "Beşmərtəbəli evin
altıncı mərtəbəsi" böyük oxucu
kütləsi tərəfindən sevilib, məşhurlaşıb,
dəfələrlə nəşr olunub. Amma Anar o əsərin
davamı olacaq belə bir əsər yazmayıb. Anar
özünü belə təkrar etməyib. Daima yeni mövzularla
oxucularının qarşısına çıxıb. Məncə,
bir oxucu deyə bilməz ki, Anarın əvvəlki əsəri
bundan daha yaxşı, daha maraqlı idi. Anar "oxucum az olsun,
amma səviyyəli, məni anlayacaq olsun" düşüncəsində
olan bir yazardır. Anarın bu düşüncəsini mən
də çox bəyənirəm.
Gerçəklik çox geniş bir
anlayışdır. Anarın əsərlərində 1-ci hər
gün gördüyümüz gerçəklik var, 2-ci
Anarın xəyallarının yaratdığı gerçəklik
var.
Anar klassiklərimizi gənc nəslə tanıtmaqla
misilsiz xidmətlər göstərmişdir. Mirzə Cəlillə
bağlı "Anlamaq dərdi" əsəri, "Qəm
pəncərəsi" filmi, "Nigarançılıq"
pyesi, Ü.Hacıbəyli dühasını, şəxsiyyətini,
sənətkarlığını, dahiliyini əks etdirən
"Üzeyir ömrü" və ya "Uzun ömrün
son akkordları", dahi H.Cavidə həsr olunmuş
"Cavid ömrü" filmlərinin müəllifidir.
Anar publisistik yazıları ilə hər zaman diqqət
mərkəzindədir. Məsələn, "Dilimizi
yaşadanlar", "Üç Leyli, üç Məcnun",
"Türkçülüyün banisi M.Kaşğarlı
haqqında, Yusif Balasaqunlunun "Kutadqu Bilik" əsəri
ilə bağlı "Xoşbəxtliyin açarı" məqalələri
ilə ədəbiyyata töhfələrini verir.
SSRİ dağıldıqdan sonra Türkiyə də
daxil olmaqla Türk dünyasının hər yerində
qürur duyacağımız aydınlar içində
Anarın adı xüsusi minnətdarlıqla çəkilir.
Anar Türk dünyası yazarları, şairlər və elm
adamları arasında birləşdirici, bütünləşdirici
bir missiya daşıyır. Anar 1500 ilin "Oğuz
şeiri" antologiyasını hazırladıqdan sonra
türk şairi Atilla İlhana təqdim edəndə Atilla
İlhan Anara "Siz bizdən daha fazla
türksünüz" demişdi. 2018-ci il 29 martda Türk
Ədəbiyyat Vəqfi tərəfindən Anara həsr
olunmuş möhtəşəm tədbirdə mən də
iştirak edirdim. O zaman mən İstanbul Universitetində dərs
deyirdim. Dəvətnamə mənə İstanbul Universitetinin
Ədəbiyyat fakültəsi tərəfindən
verilmişdi. Anar Dədə Qorqudla bağlı
yazdıqlarına görə, türkcənin, həm də
Türk dünyası problemlərini zaman-zaman
qaldırdığına görə, Türk dünyasına
böyük xidmətlərinə görə, "Yaşayan
Dədə Qorqud" ödülünə layiq
görüldü. Bu ödül Türk dünyasında ilk
olaraq Anara təqdim edilmişdi. Bu, Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə verilən böyük ödül idi.
Anarın "Dədə Qorqud"
yaradıcılığnı araşdıran bir alim kimi, əlbəttə
ki, mənim sevincimin həddi-hüdudu yox idi.
Məqaləni Dədə Qorquddan yumla bitirmək istəyirəm:
"Evdə yanan çırağınız daim
yansın.
Allah heç kəsi namərdə möhtac etməsin".
Yeganə İSMAYILOVA
Filologiya elmləri doktoru, professor
yegane-n@mail.ru
525-ci qəzet .- 2025.- 19 dekabr (№232).- S.8;9.