Amnistiya təşəbbüsü
Azərbaycan Respublikasında hüquqi dövlət
quruculuğu, milli suverenliyin möhkəmləndirilməsi və
insan hüquqlarının etibarlı təmin olunması
istiqamətində həyata keçirilən ardıcıl və
məqsədyönlü siyasət müasir dövlətçilik
modelimizin əsas göstəricilərindəndir. Prezident cənab
İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”
münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü
də bu strateji siyasi xəttin məntiqi davamı olmaqla
yanaşı, ölkəmizin hüquqi, siyasi və ictimai həyatında
mühüm əhəmiyyət kəsb edən hadisə kimi
qiymətləndirilir.
Müstəqil Azərbaycan dövlətinin möhkəm
və sarsılmaz təməli Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi, uzaqgörən dövlətçilik
konsepsiyası və xilaskarlıq missiyası nəticəsində
formalaşmışdır. XX əsrin sonlarında mürəkkəb
geosiyasi şəraitdə Ulu öndərin rəhbərliyi ilə
həyata keçirilən sistemli islahatlar Azərbaycan dövlətinin
dağılmaq təhlükəsindən xilas edilməsinə,
müstəqilliyin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə
xidmət etmişdir. Məhz bu siyasi kursun mühüm nəticələrindən
biri kimi qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını
təşkil etmiş, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunun konseptual çərçivəsini
müəyyənləşdirmişdir.
Konstitusiya yalnız hüquqi norma və mexanizmlər
toplusu deyil, eyni zamanda dövlət-vətəndaş
münasibətlərinin fəlsəfi və ideoloji əsaslarını
müəyyən edən ali sənəddir. Bu baxımdan
Konstitusiyanın müddəalarının ölkənin
bütün ərazilərində tam və birmənalı
şəkildə tətbiq olunması suveren dövlət
anlayışının əsas şərtidir. Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə aparılan
uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi tam bərpa
edilmiş, Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin
bütün ərazilərində təmin olunmuşdur. Bu
tarixi nailiyyətlər “Konstitusiya və Suverenlik İli”nin məzmununu
daha da dərinləşdirir və onun ictimai-siyasi əhəmiyyətini
artırır.
Prezident cənab İlham Əliyevin həyata
keçirdiyi dövlət siyasətinin əsas ideoloji
dayaqlarından biri humanizmdir. Dövlət
başçısının siyasi fəaliyyətinin mərkəzində
insan amili, vətəndaşların hüquq və
azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi,
ədalət və mərhəmət prinsipləri dayanır.
Bu humanist yanaşma yalnız sosial və iqtisadi sahələrdə
deyil, eyni zamanda hüquq-mühafizə və cinayət-hüquq
siyasətində də öz aydın ifadəsini tapır.
Cinayətə görə cəzanın yalnız cəzalandırma
deyil, həm də islah və tərbiyə məqsədi
daşıması müasir hüquqi dövlət
anlayışının əsas tələblərindən
biridir.
Bu kontekstdə ölkə
başçısının 15 dekabr 2025-ci il tarixində amnistiya
elan edilməsi təşəbbüsü ümumbəşəri
humanizm dəyərlərinə sadiqliyin, hüquqi balansın
və sosial məsuliyyətin bariz nümunəsidir. Dövlət
başçısı bu təşəbbüslə cəmiyyətə
açıq mesaj verir ki, Azərbaycan dövləti öz
gücünü yalnız sərt hüquqi mexanizmlərdə
deyil, eyni zamanda mərhəmət, etimad və sosial ədalət
prinsiplərində görür. Amnistiya cəzadan azad etmənin
tərbiyəvi əhəmiyyətinə inanmaqla
yanaşı, insanın islah olunmasına və yenidən cəmiyyətə
inteqrasiyasına verilən yüksək dəyərin ifadəsidir.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan
Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan
döyüş əməliyyatlarında, o cümlədən
44 günlük Vətən müharibəsində və
2023-cü il sentyabrın 19-20-də həyata
keçirilmiş antiterror əməliyyatlarında iştirak
etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak
olmuş və ya itkin düşmüş şəxslərin
yaxın qohumları amnistiyanın əsas şamil olunduğu
kateqoriyalar sırasındadır. Bununla yanaşı, Ermənistan
Respublikasının hərbi təxribatları nəticəsində
mülki əhali arasında sağlamlığını
itirmiş şəxslər, qadınlar, 60 yaşına
çatmış şəxslər, cinayət törədərkən
yetkinlik yaşına çatmayanlar və digər sosial həssas
qruplar da bu humanist qərardan yararlanacaqlar.
Eyni zamanda, böyük ictimai təhlükə törətməyən,
az ağır və ya ehtiyatsızlıqdan törədilmiş
cinayətlərə görə azadlıqdan məhrum etmə
cəzasına məhkum olunmuş bir sıra şəxslərin
cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş
hissəsinin azaldılması nəzərdə tutulur. Bu
yanaşma cəzanın fərdiləşdirilməsi
prinsipinin və hüquqi ədalətin təmin
olunmasının mühüm mexanizmi kimi
çıxış edir.
Qeyd edilməlidir ki, bu amnistiya aktı müstəqil
Azərbaycanın tarixində miqyasına görə ən
böyük amnistiya olacaqdır. İlkin proqnozlara əsasən,
ümumilikdə 20 mindən çox şəxs amnistiya
aktının təsiri altına düşəcək, onlardan
5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından
tam azad ediləcək, minlərlə şəxsin isə cəzası
azaldılacaq və ya cinayət məsuliyyətindən azad
olunacaqdır. Bu statistika Azərbaycan dövlətinin humanist
mahiyyətini və hüquqi islahatlara sadiqliyini açıq
şəkildə nümayiş etdirir.
Azərbaycanın müasir tarixində amnistiya və əfv
institutları ardıcıl və sistemli şəkildə tətbiq
olunmuşdur. 1995-ci ildən etibarən qəbul edilən 12
amnistiya aktı 130 mindən artıq şəxsə şamil
edilmiş, 71 əfv fərmanı və sərəncamı ilə
on minlərlə məhkum əfv olunmuşdur. Ümummilli
lider Heydər Əliyev tərəfindən imzalanmış əfv
fərmanları və qəbul edilmiş amnistiya aktları bu
humanist ənənənin əsasını qoymuş, Prezident
cənab İlham Əliyev tərəfindən isə bu siyasət
müasir dövrün tələblərinə uyğun şəkildə
davam etdirilmişdir. Eyni zamanda Mehriban xanım Əliyevanın
Milli Məclisin deputatı olduğu dövrdə irəli
sürdüyü amnistiya təşəbbüsləri bu
humanist xəttin institusional davamlılığını təsdiqləyir.
Nəticə etibarilə, cənab İlham Əliyevin
“Konstitusiya və Suverenlik İli” münasibətilə irəli
sürdüyü amnistiya təşəbbüsü Azərbaycan
dövlətinin hüquqi dövlət prinsiplərinə,
milli suverenliyə və ümumbəşəri humanizm dəyərlərinə
sadiqliyinin parlaq ifadəsidir. Bu təşəbbüs dövlət-vətəndaş
münasibətlərində etimadın möhkəmləndirilməsinə,
sosial ədalətin təmininə və cəmiyyətin
sağlam əsaslar üzərində inkişafına xidmət
edən mühüm siyasi-hüquqi addım kimi tarixə
düşür.
Akif Rəfiyev
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri,
ədliyyə general-mayoru
525-ci qəzet .- 2025.- 19 dekabr (¹232).- S.7.