"Pantürkçü" eston
Birinci Türkoloji
Qurultay nümayəndələrinin izi ilə
ARTUR ZİFELD-SİMUMYAQİ HAQQINDA QEYDLƏR
Bütünlükdə şərqşünaslıq,
eləcə də onun tərkib hissəsi olan türkologiya macəra
sevən, adilikdə qeyri-adilik görməyi bacaran
insanların tutqusudur. Bu, xüsusi ilə Şərqi öyrənən
qərblilərə aiddir. Təsadüfi deyil ki, qədim
latın ifadəsində Ex Oriente lux - yəni "işıq
şərqdən gəlir" - deyirdilər. Bəzən bu
cazibədar, əsrarlı işıq onun mənbəyinə
yaxınlaşanları elə məftun edir, gözlərini elə
qamaşdırırdı ki, aralarında bəlkə
özündən də asılı olmayaraq adını, qiyafəsini,
dinini, həyat tərzi və dəyərlər sistemini dəyişənlərə
də təsadüf edilirdi. Xüsusən orta əsrlər
Ərəb Şərqini, Qurani-Kərimi, islam Peyğəmbərinin
həyatı və şəxsiyyətini öyrənən və
günün birində ərəbə, müsəlmana
çevrilən şərqşünaslar istisna deyildi.
Bizə soyuq, praktiki, hissə qapılmaqdan uzaq
görünən eston xalqının oğlu Artur
Rudolfoviç Zifeld-Simumyaqi (1889-1939) də demək olar ki,
oxşar tale yaşamışdı. Amma bir şərtlə
ki, Şərqə vurğunluğunun fokusunda türk dili,
Uraldan Altaya qədər böyük bir ərazidə məskun
olan türk insanı, onun yaratdığı mədəniyyət
dayanmışdı.
Birinci Bakı Türkoloji qurultayının 100 illiyi ərəfəsində
onun təşkilatçı və fəal
iştirakçılarından biri olan türk sevdalısı
eston aliminin maraqlı şəxsiyyəti, hələ də
mübahisə doğuran elmi irsi diqqəti daha çox çəkir.
Onun və oxşar tale yaşamış həmkarlarının
- sovet türkoloqlarının yarıda
qırılmış, dramatizm və faciə dolu ömür
yoluna işıq tutan "Repressiya edilmiş
türkologiya" (Moskva, 2002) kitabının müəllifləri
F.D.Aşnin, V.M.Alpatov və D.M.Nasilov çox dəqiq
müşahidə etmişdilər ki, "1930-cu illər
Bakısında yaşayıb fəaliyyət göstərən
dilçilər arasında ən parlaq və qeyri-adi şəxs
milliyyətcə eston Artur Rudolfoviç Zifeld-Simumyaqi idi.
Əgər həmkarlarının türk dillərinin konkret məsələlərinə
həsr edilmiş əsərləri bu və ya digər şəkildə əhəmiyyətini qoruyub
saxlamışdısa, onun geniş ümumiləşdirmə
və qlobal fərziyyələri daha çox perspektivsizliyi ilə
diqqət çəkmişdi". Amma bu bəzən Don Kixot
kimi yel dəyirmanları ilə vuruşmuş adam təsiri
bağışlayan Zifeld-Simumyaqi fenomeninə marağı heç zaman
azaltmamışdı.
Azərbaycan filoloqları arasında Artur Zifeld barəsində
ilk dəfə professor Ədalət Tahirzadə hələ
uzaq 1990-cı ildə, Tallində yaşayan
soydaşlarımızın "Ocaq" cəmiyyətinin
eyni adlı jurnalının mart sayında "Azərbaycan
xalqının eston oğlu" adlı məqaləsində
söz açmışdı. Akad. İsa Həbibbəyli və
prof. Asif Rüstəmlinin Azərbaycan MEA Nizami adına Ədəbiyyat
İnstitutunu 80 illiyi münasibəti ilə 2014-cü ildə
çap olunan "Nizami adına Ədəbiyyat İnstitutu
davamlı ənənələr və müasirləşmə
yollarında (1933-2013)" kitabında isə ondan azərbaycanşünas-alim
və ölkəmizdə XX əsr milli humanitar elmin təşkilatçılarından
biri kimi söz açılıb.
A.R.Zifeld-Simumyaqi 1921-ci ilin fevralında gənc
sayılacaq vaxtda (o zaman 32 yaşı vardı) Bakıya gələnə
qədər hadisələrlə zəngin ömür yolu
keçmişdi. Kiçik uşaq ikən ailəsi cənuba - Odessaya
köçdüyü üçün daha çox rus mədəniyyətinin
təsiri altında formalaşmışdı. 1898-1905-ci illərdə
kilsə-lüteran məktəbində oxumuşdu. 16
yaşından inqilabi fəaliyyətə qoşulmuşdu. Təqib
və həbs təhlükəsi ilə üzləşdiyi
üçün yaxa qurtarmaq üçün Almaniyaya
mühacirət etmək məcburiyyətində
qalmışdı.
Öz etirafına görə, 1912-ci ildə
Odessadakı Novorossiysk universitetində tarix-filologiyaya dair
mühazirələr dinləmişdi. Linqvistika və
müqayisəli dilçilik məsələlərinə
xüsusi maraq göstərmişdi. Elmi fəaliyyətlə mühacir həyatı
yaşadığı dövrdə maraqlanmağa başlamışdı.
İsveçrəyə konfransa gəlmiş professor Yusuf
Akçura ilə tanışlığı özünü
türkologiyaya, türk dillərinin tədqiqinə həsr etməyə
təkan vermişdi. Diqqətini həmin dövrdə dəbdə
olan və ciddi müzakirə predmetinə çevrilən
Ural-Altay dil əlaqələri məsələsi çəkmişdi.
Hətta mövzuya vurğunluğu o yerə
çatmışdı ki, yeganə övladına -
qızına da romantik Uraltay adı vermişdi (Azərbaycan
elminin tarixinə dair bir sıra kitab və məqalələrin
müəllifi Tamilla Kərimova 2003-cü ildə yaşı
səksənə çatsa da, keçmiş gözəlliyinin
izlərini qoruyub saxlayan Uraltay Xovanskaya ilə Bakıda, tək-tənha
yaşadığı mənzildə
görüşmüş, ondan atasının ATTC və
SSRİ EA Azərbaycan filialındakı fəaliyyəti, eləcə
də Birinci Türkoloji qurultay haqda foto-şəkillər, sənəd
və materiallar almışdı).
Zifeld SSRİ EA Azərbaycan
Filialının əməkdaşı
A.Zifeld Almaniyadan sonra Fevral inqilabına qədər
İsveçrədə yaşamışdı. Burada əvvəl
Q.V.Plexanovun, sonra V.İ.Leninin çevrəsinə daxil ola
bilmişdi. Siyasi baxışları da bu
tanışlıqlara uyğun şəkildə sosial-demokratiya
və menşevizmdən bolşevizmə qədər dəyişmə
yolu keçmişdi. Liderinin ardınca o da Rusiyaya
dönmüşdü. 1917-1921-ci illərdə inqilabi hərəkat
və vətəndaş müharibəsinin qızğın
çağında Odessa, Kuban, Tiflis kimi şəhərlərdə
əsasən mədəni-maarifçi fəaliyyətlə məşğul
olmuşdu. 1917-ci ilin avqustunda ÜK(b)P-nın VI qurultayında
Odessa partiya təşkilatının nümayəndəsi
qismində iştirak etmişdi. Qurultaya həlledici səs
hüququna malik 167 nümayəndədən biri kimi
qatılması həmin dövrdə bolşevik partiyası və
sovet hökumətində nüfuz sahibi olmasından xəbər
verməkdə idi. Bəlkə də partiya funksioneri kimi uğurları daha böyük ola
bilərdi. Amma onu elm, xüsusilə də türkoloji istiqamətli
tarixi-filoloji araşdırmalar daha çox
maraqlandırırdı.
Azərbaycanın sovetləşməsindən sonra
Rusiyadakı ümumi xaos fonunda nisbətən "sakit
liman" təsiri bağışlayan Bakıya böyük
axın vardı. Artur Zifeld də
göndərilənlərin, yaxud gələnlərin
arasında idi. Vikimənbələr
1921-1926-cı illərdə Bakı şəhər xalq maarifi
şöbəsinin müdiri, Bakı Ali Partiya Məktəbi tədris
hissəsinin müdiri - vəzifəsində
əsasən təhsil sahəsində
çalışdığını göstərir.
O, sovet Azərbaycanının ilk elmi təşkilatının
- 1923-cü il noyabrın 2-də təsis olunan Azərbaycan Tədqiq
və Tətəbbö Cəmiyyətinin (ATTC) qurucuları
sırasında yer almışdı. Təsis
yığıncağında Cəmiyyətin sədr
müavini seçilmiş, 1923-cü ilin dekabrından 1930-cu ilin
yanvarına qədər elmi katib vəzifəsini yerinə
yetirmişdi. ATTC-nin gələcək Azərbaycan MEA-nın
ilk modeli, nüvəsi olduğunu nəzərə alsaq, eston
aliminin adını azərbaycanlı həmkarları ilə
bir sırada həm də hər bir xalqın mədəni-intellektual
inkişafında mühüm mərhələ təşkil
edən akademiyamızın əsasını qoyanlar
sırasında çəkmək mümkündür.
1926-cı ildə Bakıda birinci Ümumittifaq
qurultayının çağırılması qərara
alınanda A.R.Zifeld türkologiyaya ürəkdən
bağlı mütəxəssis, həm də qurultayın
keçirilməsi üzrə Təşkilat Komitəsinin on
beş üzvündən biri və
məsul katibi kimi bu ağır yükün altına
girmişdi. Açılış günü - fevralın
26-da redaksiya heyətinə
seçilmişdi. Təbii ki, qurultayla bağlı mötəbər
mənbənin - ilk nəşri 1926-cı ildə
çıxan "Birinci Ümumittifaq Türkoloji qurultay. 26
fevral-5 mart 1926-cı il. Stenoqrafik hesabat" kitabının
çapa hazırlanmasında onun da müəyyən xidməti
vardı.
Qurultay alim və elm təşkilatçısı
kimi Zifeldin üçün zəfər anı idi. Gündəlikdəki
məsələlərlə bağlı müzakirələrdə
çıxış etmiş, həm də ayrıca məruzəsi
dinlənmişdi. Azərbaycan MİK sədri Səmədağa
Ağamalıoğlunun sədrliyi ilə keçən 28 fevral tarixli IV iclasda rus
dilçisi, monqolşünas, türk dilləri və
altaistika üzrə mütəxəssis N.N.Poppenin "Altay
dillərinin qarşılıqlı qohumluğu məsələsinin
tarixi və mövcud vəziyyəti" adlı məruzəsi
ətrafında ilk söz alanlardan biri Artur Zifeld idi.
Leninqradlı linqvist, qafqazşünas-etnoqraf və
tarixçi A.N.Genkonun "Türk dillərinin yafəti dillərə
münasibəti haqqında" mövzusunda məruzəsinin
müzakirəsi zamanı da fəallığı ilə
seçilmişdi. Bu da təsadüfi deyildi. Çünki
Poppe kimi Zifeld də Ural-Altay nəzəriyyəsinin vurğunu
idi. Çünki Genko kimi Zifeld də yeni dil nəzəriyyəsinin
banisi N.Y.Marrın atəşin tərəfdar və
ardıcıllarından biri sayılırdı. Müəllimi kimi onun nəzərində
də Ural-Altay dil ailəsi sadəcə "iqtisadi
federasiya" idi. Ümumiyyətlə, dillərin yaranması
inkişafı və tənəzzülü ilə
bağlı məsələdə Zifeld ifrat materialist
mövqeyi ilə seçilirdi. Mürəkkəb şüur
və mədəniyyət hadisəsi olan dil onun
araşdırmalarında daha çox ictimai-siyasi və iqtisadi
amillərlə əlaqələndirilirdi. Həm də bu zaman
dövrün hakim sovet ideologiyası baxımından məqbul
sayılmayan hökmlər (məsələn, rusların
slavyanlaşmış fin, Dunay bolqarlarının
slavyanlaşmış Bulqar türkü, latışların
isə şumer əsilli xalq olmaları və s.) verməkdən
də çəkinmirdi. Ural-Altay nəzəriyyəsinə
marağın səbəblərindən biri də urallı
eston kimi altaylı azərbaycanlılar arasında yaşama
duyğusu idi. Amma təbii ki, burada fantaziya elementləri
elmilikdən, reallıq və konkretlikdən daha öndə
dayanırdı.
Martın 2-də Ağamalıoğlunun sədrliyi
altında keçən 8-ci iclasda isə o, "Türk dillərində
elmi terminologiya yaranmasının
prinsipləri haqqında" adlı məruzə ilə
çıxış etmişdi. Bununla da qurultayda 17 plenar iclas
boyu dinlənən 38 məruzədən birinin müəllifi
kimi "seçilmişlər" sırasına
düşmüşdü. Yeri
gəlmişkən, terminologiya
forumun gedişində diqqət çəkən məsələlərdən
idi. Zifeldlə bir sırada Hənəfi Zeynallı (Azərbaycan),
Həbibulla Odabaş (Krım), Əhməd Baytursunulı
(Qazaxıstan), Bəkir Çobanzadə (Azərbaycan) kimi
tanınmış mütəxəssislər də məruzələrini
çağdaş dövrün yeni türk elmi
terminologiyasının yaradılması baxımından
türkologiya elmi qarşısında dayanan təxirəsalınmaz
vəzifələrə həsr etmişdilər. Nəticədə
qurultayın yekdilliklə qəbul etdiyi yekun sənədlərdən
biri - "Türk dillərində elmi terminologiya sistemi
haqqında" adlı qətnamə meydana
çıxmışdı.
Tatarıstan nümayəndəsi Qalimcan İbrahimovun
təklifi əsasında məsələ ilə bağlı
fikirlərin öyrənilməsi və yaxın gələcəkdə
türk dillərinin elmi terminologiyasının işlənib-hazırlanması
üçün xüsusi komissiya yaradılmışdı.
Komissiyanın sədri Bəkir Çobanzadə, üzvləri
isə çıxışlarında bu məsələyə
geniş yer ayıran Zifeld, Hənəfi Zeynallı, Odabaş,
Baytursunulı, Gəldiyev, Maqsudov, Şakircan Rəhimi, Mahmud Nədim,
Əyyubov, Səədi kimi mütəxəssislər
seçilmişdi.
Əksər həmkarları kimi Artur Zifeld də
1930-cu illərin ortasına qədər ciddi təzyiq, yaxud problemlərlə
üzləşmədən işi ilə məşğul
olmuşdu. Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun tarix-etnoqrafiya bölməsinə rəhbərlik
etmiş, ADU-nun şərqşünaslıq fakültəsində
mühazirələr oxumuşdu. Ali təhsil haqda diplomu olmasa
da, 1929-cu ildə dosent, üç il sonra professor elmi
adını almışdı.
1932-ci ildə Tbilisiyə köçüb kumiri,
akademik N.Y.Marrın adını daşıyan
Qafqazşünaslıq İnstitutunda Dil bölməsinin
müdiri vəzifəsində
çalışmışdı.
1935-ci ildə Bakıya, Azərbaycan Elmi-Tədqiqat
İnstitutunun dil sektoruna baş mütəxəssis dəvət
olunmuşdu. Həmin il oktyabrın 25-də SSRİ EA Azərbaycan
Filialının təşkil edilməsi ilə qurumun tərkibində
5 müstəqil elmi-tədqiqat institutu, o cümlədən
Dil və Ədəbiyyat İnstitutu
yaradılmışdı. Yeni akademik qurumun "ilk direktoru Azərbaycan
elminin təşkili və təbliği sahəsində fədakarlıq
nümunəsi göstərən, professor Artur Rudolfoviç Zifeldt-Simumyaqi
təyin edilmişdi". Eston alimini bu sətirlərin müəllifi
də daxil indiki Azərbaycan MEA Nizami adına Ədəbiyyat
İnstitutunun "şinelindən" çıxanlar
üçün doğmalaşdıran cəhətlərdən
biri də həmin elmi müəssisənin ilk rəhbəri
(1937-ci il mayın 8-dən iyulun 13-nə qədər isə həmin
ilin mayında bir təşkilatda birləşdirilən Dil,
Tarix və Ədəbiyyat İnstitutu) olmasıdır.
Filialın Rəyasət Heyətinin üzvü kimi həm də
yerli miqyasda akademik sayılırdı.
Zifeld Birinci Bakı
Türkoloji Qurultayının nümayəndələri
arasında
İsa Həbibbəyli və Asif Rüstəmlinin
yazdığına görə, A.Zifeldin bu vəzifəyə
gətirilməsi elmi olmaqdan daha çox siyasi təyinat idi.
"Bununla belə, yeni direktor cəsarətli elm təşkilatçısı,
yerli ədəbi mühitə yaxından bələd
olduğu (və Azərbaycan dilini yaxşı bildiyi!)
üçün İnstitutun elmi-tədqiqat işlərində
canlanma yaratmağa nail ola bilmişdi". Təşkilati məsələlərə
xüsusi diqqət yetirən Zifeldit-Simumyaqi bəlli səbəblərdən
kadrların seçilməsi və yerləşdirilməsində
tam müstəqillik nümayiş etdirə bilməsə də,
müəyyən işlər görməyə müvəffəq
olmuşdu. Əli Nazim, Hənəfi Zeynallı, Qulam
Bağırov, Abdulla Tağızadə, İdris Həsənov
və b. kimi ədəbiyyatşünaslıq və
dilçilik sahəsində öz dövrünə görə
müəyyən uğur qazanan azərbaycanlı mütəxəssislər
onun seçimi, təqdimatı və əmri ilə
İnstitutun fəaliyyətinə cəlb edilmişdi
(Doğrudur, tələb olunanda da eyni asanlıqla tutduqları
vəzifədən uzaqlaşdırılmışdı). Bəkir
Çobanzadə, Xalid Səid Xocayev kimi görkəmli elm
adamlarına həssas və qayğıkeş münasibəti
də gözdən yayınmamış və zamanı
çatanda əleyhinə işləmişdi.
Mənbələrdə onun linqvistika sahəsində
elmi axtarışlara 1910-cu illərdən sonra
başladığı bildirilir. Asif Rüstəmlinin
yazdığına görə, "Səhər"
"sözünün mənşəyi haqqında qeyd"
yazısı 1913-cü ildə Voronejin "Filoloq"
jurnalında çap olunub. F.Aşnin isə 1916-cı ildə
Osmanlı mətbuatında Ural-Altay mənşəli xalq
saydığı şumerlər haqda məqalə dərc
etdirdiyini bildirir. AMEA arxivində mühafizə olunan
"Avropada Buddizm", "Birinci Türkoloji Qurultayın əhəmiyyəti
haqda", "Azərbaycanı öyrənməyə
doğru", "Panislamizm", "Udinlər", "Azərbaycan
və Dağıstan tatları", "Azərbaycan ədəbi
dili haqda", "Türk dillərində elmi
terminologiyanın yaranması prinsipi" və s. əsərləri fərqli
maraq dairəsinə malik alim olması barəsində
danışmağa əsas verir. Həbsi ərəfəsində
xəzərlərin dili ilə bağlı dissertasiya üzərində
işləyirdi. Elmi axtarış şövqünü, alim cəsarətini,
zəhmətkeşliyini etiraf etməklə yanaşı ciddi,
mövzulara romantik yanaşma tərzinin, bəzi qənaətlərinin
diletant xarakter daşıması haqqında F.Aşninin
haqlı qeydi əslində real gerçəklikdən uzaq
deyil.
lll
Artur Zifeld direktor vəzifəsindən azad edilsə də
(azadlığının son aylarında SSRİ EA Azərbaycan
filialında qədim Şərq tarixi üzrə məsləhətçi-professor
idi), əksər həmkarlarının saxta ittihamlarla həbsə
atıldığı 1937-ci ilin yanvar-fevral, iyun və oktyabr
"təmizləmələrindən" salamat qurtara
bilmişdi. Amma NKVD-nin "ayıq-sayıq nəzərlərindən"
kənarda qalmamışdı. Direktor fəaliyyətinin son
günlərində - 1937-ci il iyulun 7-9-da artıq həbsə
atılmış özbək əsilli türkoloq Xalid Səid Xocayevin iki
gün sürən istintaq marafonunda müttəhimdən belə
bir ifadə alınmışdı: "Bundan başqa, Artur
Zifeld və Vəli Xuluflu (SSRİ EA Azərbaycan
Filialının sədr müavini -V.Q.) məni Mahmud
Kaşğarlının "Türk sözləri lüğəti"nin
tərcüməsi məsələsində dəstəkləyirdilər.
Zifeld imperialist müharibəsi zamanı İstanbulda
yaşayıb, pantürkist nəşrlərdə iştirak
edib və pantürkizmin ideoloqu Yusif Akçurinlə şəxsən
tanış olub" (Cəlal Qasımov. "Xalid Səid
Xocayev", Bakı, 2021, s.46)
1937-ci ilin yanvarında həbs edilən professor Bəkir
Çobanzadənin dindirilməsi zamanı da İnstitut
direktoru və alim kimi A.Zifeld diqqətdən kənarda
qalmamışdı. Çobanzadə həmkarı ilə
münasibətlərindən bəhs edərkən demişdi:
"Müsavatçılarla razılıq əsasında mən
akademik Samoyloviçin Cəmiyyətinin (ATTC nəzərdə
tutulur - V.Q.) Türkologiya seksiyasının sədri
seçildim. Cəmiyyət əsas etibarı ilə
pantürkçü ideyaların təbliği istiqamətində
işləyirdi. Cəmiyyət sədrinin müavini Zifeldin bu
məsələdən yaxşı xəbəri vardı. Zifeld
özünün də pantürkist olduğunu
tanışlığmızın ilk günü mənə
demişdi. Arslan Muradlı təxəllüsü ilə
pantürkçü "İttihad və Tərəqqi"nin
mərkəzi orqanı olan "Türk Yurdu" jurnalı ilə
əməkdaşlıq etdiyini bildirmişdi. Mənim Azərbaycanı
Öyrənmə Cəmiyyəti xətti ilə nəşr
olunan, bu və ya digər şəkildə
pantürkçülük təbliğ edən kitablarıma
bir qayda olaraq o, rəy verirdi və əsas
pantürkçü fikirlərimlə tam razı idi.
1926-cı ildə Zifeld Təşkilat Bürosunun üzvü
kimi Birinci Türkoloji qurultayın hazırlanıb
keçirilməsində bilavasitə iştirak etmişdi.
Pantürkçü əksinqilabçı nümayəndələrin
etirafına görə, qurultayda dinlənən
pantürkçü məruzələr, tezislər ona
yaxşı məlum idi, əvvəlcədən baxıb bəyənmişdi.
Pantürkçü istiqamətini ört-basdır etmək
üçün sonradan akademik Marrın yafəti nəzəriyyəsinə
qoşulmuşdu. Dediklərim onun elmi fəaliyyəti ilə də
öz təsdiqini tapır. Zifeld müxtəlif texniki
üsullardan istifadə edərək mahiyyət etibarı ilə
yenidən pantürkçü fikirlərinə
qayıtmışdır. Zifeldin "Uralo-Altaika",
"Türkoloji etüdlər" əsərləri sözlərimə
parlaq nümunə ola bilər. Eyni işi mən də tatar
dilinə münasibətdə həyata keçirmişəm".
1937-ci ildə bu tipli ifadələrin necə
alındığı bilindiyindən onların yenidən təhlilinə,
nəyin doğru, nəyin isə xilas, yaxud növbəti
işgəncədən can qurtarmaq üçün
özünə və həmkarıma atılmış
böhtan olduğunu araşdırılmasına xüsusi
lüzum görmürəm.
Zifeld NKVD
zindanında
Bakı Universitetinin professoru, tarixçi-alim Qaziz
Qubaydullin isə sorğu-sual zamanı həmkarının bu
sözlərini "xatırlamışdı": "Şərq
adamının komminizmə yolu adətən belə olur: əvvəl
o, yerli miqyasda millətçiyə çevrilir, sonra isə
pantürkçülük və panturançılıqdan
keçərək nəhayət, beynəlmiləlçi kimi
üzə çıxır".
Təbii ki, belə "daşdan keçən"
ifadələrdən sonra həbs artıq qaçılmaz idi.
NKVD əməkdaşları "Qasım İsmayılov
(indiki Zərgərpalan) küçəsindəki 25 saylı
binanın 4-cü mənzilində yaşayan, 1889-cu ildə
Estoniyanın Revel şəhərində doğulmuş Artur
Rudolfoviç Zifeldin" dalınca 1938-ci il fevralın 11-də
gəldilər. Üç gün sonra doldurulmuş "Həbs
olunan şəxsin anketi" adlı 1570 nömrəli sənəddə
(bu həm də məhbusun identifikasiya nömrəsi idi)
peşə və ixtisası "tarixçi-professor" kimi
göstərilmişdi. "İş yeri, vəzifəsi və
məşğuliyyət növü" qrafasında "EA
Azərbaycan Filialında qədim Şərq tarixi üzrə
məsləhətçi-professoru" olduğu bildirilirdi.
Sosial mənşəyi əsnaf, hazırkı və inqilaba qədərki
sosial vəziyyəti isə "qulluqçu" kimi qeyd
olunmuşdu. Ali təhsil aldığı, 1915-ci ildən
ÜİK(b) üzvü olduğu təsdiq edilirdi. Bakı
şəhər milis idarəsinin verdiyi 5 illik etibarlılıq
müddətinə malik pasportun daşıyıcısı
olması, ehtiyat hərbi qulluqçu kimi Bakı şəhər
hərbi komissarlığında qeydiyyata alınması,
ağqvardiyaçı dəstələrdə və sovet
rejiminə qarşı mübarizə aparan bandalarda, habelə
dövlət əleyhinə üsyanlarda iştirak etmədiyi,
sovet hakimiyyəti dövründə repressiyaya məruz
qalmadığı, cinayət məsuliyyətinə cəlb
edilmədiyi haqdakı ənənəvi bilgilər də
trafaret xarakterli sənəddə öz əksini
tapmışdı. "Ailə tərkibi" qrafasında 35
yaşlı xanımı Sara Xovanskayanın (1904) və 11
yaşlı qızı Uraltayın (1927) adları qeyd
olunmuşdu. Azərbaycan SSR Daxili İşlər
Komissarlığı Dövlət Təhlükəsizliyi idarəsinin
4-cü şöbəsi tərəfindən həbs edilib idarənin
həbsxanasında saxlanması ilə bağlı qeyd sənədin
müvafiq bölümündə əksini tapmışdı.
"Məhbusun imzası" qrafasındakı həyəcan
və əsəbilikdən uzaq aydın, oxunaqlı xətt
Artur Zifeldin baş verənlərə bəlkə adi
anlaşılmazlıq kimi yanaşdığını, ya da
daxilən belə bir sonuca əvvəldən hazır
olduğunu düşünməyə əsas verir.
Bir neçə gündən sonra irəli
sürülən ittiham isə məsələnin sadədil,
bir qədər də əhlikef Artur Rudolfoviçin
düşündüyündən qat-qat ciddi olduğunu
göstərdi. Sənəddə deyilirdi: "Zifeld Artur
Rudolfoviç. Dil və Ədəbiyyat İnstitutunun direktoru.
Baxışlarına görə pantürkçüdür.
İmperialist savaşına (I Dünya müharibəsi) qədər
Türkiyədə çıxan "Türk Ordu" (mətndə
belə gedib, əslində "Türk Yurdu"
olmalıdır - V.Q.) jurnalında Simumyaqi təxəllüsü
ilə iştirak edib. Ural-Altay xalqlarının Turan adlı
vahid dövlətdə birləşməsi fikrini dəstəkləyib.
1930-cu ildə çap olunan "Ural-Altayka" (müstəntiqin
məsələyə bələdlik dərəcəsi!!!) əsərində
panturanizm prinsiplərini ortaya qoyub. Xalid Səid Xocayevə
Mahmud Kaşqarskinin pantürkist təbliğat nümunəsi
olan üç cildlik "Türk dili məcmuəsi"
("Divani lüğət-it-türk"- V.Q.) əsərinin
tərcümə olunmasının təşkilinə
yardım göstərib. Bu, 1934-1936-cı illərə aiddir.
İnstitutu zibilləyib".
Göründüyü kimi, onu, keçmiş
müavini Qulam Bağırovu, direktor vəzifəsində
Zifeldi əvəz etmiş İdris Həsənovu və
bütün filialın elmi katibi, tanınmış
kimyaçı alim Cəfər Kazımovu daha çox
"ziyankarlıqda" təqsirləndirirdilər. Amma təbii
ki, bu, heç bir halda Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarına
münasibətdə pantürkçülüklə
bağlı siyasi xarakterli ittihamları gündəlikdən
tam şəkildə çıxarmamışdı. İstintaqın
fikrincə, bu məsələdə A.Zifeld-Simumyaqi əksəriyyəti
artıq həyatda olmayan həmkarlarının ifadələri
ilə kifayət qədər ifşa olunmuşdu.
Maraqlıdır ki, azərbaycanlı ziyalıların
"işi" bir qayda olaraq erməni, yəhudi, rus müstəntiqlərə
tapşırıldığı halda A.Zifeldin
istintaqını azərbaycanlı çekist Mustafayev və
rus həmkarı Dranişnikov aparmışdı. Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin
arxivində saxlanan Pr.22326 saylı "istintaq işindən"
də göründüyü kimi, müttəhimin milliyyətcə
eston olması (həmin dövrdə Estoniya burjua
respublikası idi və SSRİ-nin düşməni
sayılırdı), eser-menşevik keçmişi xüsusi
xidmət orqanlarına maraqlı görünməmişdi.
Lenini şəxsən tanıması, aralarındakı əməkdaşlıq
da diqqəti çəkməmişdi. Bu "mühüm
fakt" yalnız günahsız müqəssirə bəraət
verildiyi zaman yada düşmüşdü.
İstintaq, eləcə də sonrakı bəraət
prosesində A.Zifeldin bacarıqlı alim, lakin yarıtmaz rəhbər
və təşkilatçı olduğu dəfələrlə
vurğulanmışdı. Məsələn,
"yaxşı alimdir, amma pis idarəçi və təşkilatçıdır"
(Q.Bağırov), "biz Zifeldin təşkilatı məsələlərdə
çox naşı olduğunu bilirdik" (S.Tevosov), "insan
kimi yumşaq xarakteli idi, tez inanırdı, heç kimi incitməməyə
çalışırdı. İnzibatçı kimi zəif
idi, əsasən elmlə məşğul olur, İnstitutun təsərrüfat
həyatı ilə az maraqlanırdı" (A.Klimov). Təbii
ki, sadalananlar insanı nəinki ən şirin nemət olan həyatdan
məhrum etməyə, hətta həbsə atmağa da əsas
vermirdi. Amma necə deyərlər, bayırda 1937-ci il idi...
A.R.Zifeld-Simumyaqinin məhkəmə istintaqı və
zindan həyatı barəsində F.Aşninin kitabında
geniş məlumat verildiyindən burada təkrara ehtiyac
görmürəm. Sadəcə, onu qeyd etmək istəyirəm
ki, qatı pantürkçü olması ilə bağlı
irəli sürülən ittihamları qətiyyətlə rədd
etmişdi. Daha doğrusu, 1924-cü ilə qədər bu ideya
cərəyanına böyük maraq göstərdiyini,
sonradan isə uzaqlaşdığını boynuna
almışdı. Görünür, üstəlik, müstəntiqlərin
işin incəliyinə bələd olmadığını
bildiyindən Ural-Altay nəzəriyyəsinə
marağını pantürkçülüyə
qarşı mübarizə kimi qələmə vermişdi.
Amma işgəncə qarşısında da (həbsxanada anfas
və profildən çəkilmiş şəkillər bunu
aydın göstərir) "pantürkçü təşkilata"
mənsubluğunu etiraf etməmişdi. İttiham aktında bu
məqam, eyni zamanda özünü təqsirli bilməməsi
qeyd olunsa da, 1931-ci ildə "pantürkçü
B.Çobanzadəni qanadı altına alması" xüsusi
vurğulanmışdı.
Müəyyən mənada A.Zifeldin bəxti gətirmişdi.
1939-cu ilin mayında, ona hökm elan olunanda NKVD-də artıq
başqa qaydalar hökm sürürdü. Ölkəni vahimə
altında saxlayan "qorxunc cırtdan" - Nikolay Yejov vəzifədən
uzaqlaşdırılıb yüz
minlərlə günahsız insanı göndərdiyi məlum
ünvana yola salınmışdı. Beriyanın gəlişi
ilə qanunçuluq təmin olunmasa da, müəyyən
yumşalma yaranmışdı. Nəticədə bir il əvvəl
üçlüyün qərarı ilə bəlkə də
"ən yüksək cəzaya" layiq görünməsi
şübhə doğurmayan Artur Zifeld 8 illiyinə həbs
düşərgəsinə göndərilmişdi. Xüsusi
müşavirə 6 iyun 1939-cu il tarixli iclasında
hökmü təsdiq etmişdi.
Amma məhbusun bu cəzanın heç yarım ilini
çəkməyə də gücü çatmadı.
1939-cu il dekabrın 6-da Kolımada, həbs düşərgəsində öldü. Həkim
arayışında ölüm səbəbi kimi "qocalıq
halsızlığı və orqanizmin gücünün
tükənməsi" göstərilmişdi...
Sarayevo, dekabr, 2025-ci il
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 20 dekabr (¹ 233). - S.12-13.