Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

 

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif edilir. Təklif olunan dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

"Tütün və tütün məmulatı haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında "tütün məmulatı" anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin "qızdırılan tütün məmulatı" və "elektron siqaret" anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir. Qeyd olunub ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

"Reklam haqqında" qanuna təklif olunan dəyişikliklərə görə nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan olunacaq.

Elektron siqaretdəki kimyəvi maddələr və ağır metallar ağciyərlərə ciddi ziyan vurur

Mütəxəssislər deyirlər ki, elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Hansısa yad, ağciyərin tanış olmadığı zərərli tüstünün tənəffüs yollarına getməsi zamanla patologiyalara gətirib çıxarır.

Elektron siqaret maye məhlullarında olan diasetin və formaldehid kimi maddələr ağciyər iltihabına və xroniki ağciyər xəstəliklərinə səbəb olur. Elektron siqaretlərdə olan bir çox kimyəvi maddə, məsələn; dadlandırıcılar, uçucu inqrediyentlər, kanserogen maddələr və ağır metallar ağciyərlərə ciddi və qalıcı ziyan vurur. Elektron siqaretin tüstüsü ağciyərlərdəki hava kisələrini qoruyan makrofaq adlanan hüceyrələrin funksiyasını pozur və parlaq qarğıdalı ağciyəri (Bronchiolitis Obliterans) kimi xəstəliklərə səbəb olur. Xüsusilə, buxarın tərkibindəki zəhərli kimyəvi maddələr iltihabı və oksidləşdirici stressi artıraraq ağciyərlərə zərər verir, eyni zamanda öskürək, nəfəs darlığı, astma kimi simptomlar və ağciyər infeksiyası riskini artırır.

Elektron siqaretdən istifadə ürək tutması riskini artırır, infarkt ehtimalını yüksəldir. Qan damarlarının elastikliyini azaldır, qan laxtalanma problemləri yaradır. Lakin elektron siqaretlərdə olan formaldehid, asetaldehid və digər kanserogen maddələr xərçəng riski yaradır. Uzunmüddətli istifadə ağciyər xərçəngi, ağız xərçəngi və digər xərçəng növləri riskini artırır.

Elektron siqaretlər ənənəvi siqaretlərdən daha zərərlidir

Bəzi insanlar hesab edirlər ki, elektron siqaretlər ənənəvi siqaretlər qədər zərərli deyil. Bunu hətta siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edənlər də var. Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onun tərkibinə mütləq nikotin daxil edir və nəticədə elektron siqaretlər də sağlamlıq üçün eyni dərəcədə təhlükəli olur. Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır.

Elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı artır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyir ki, elektron siqaretlərin istifadəsi 46 ölkədə qadağan edilib, 83 ölkə satışını tənzimləməklə, 42 ölkə isə tərkibindəki nikotini tənzimləməklə məhdudlaşdırıb. Son 6 ay ərzində elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı 35-dən 46-a yüksəlib: "2024-cü ildə bu siyahıya qardaş Türkiyə və Qazaxıstan da əlavə olunub. Misir, İordaniya, Oman, Qətər və sair kimi müsəlman ölkələrində isə elektron siqaret haram hesab edilərək qadağan olunub. Çox narahatedici məqamlardan biri də odur ki, bu ilin məlumatına əsasən, dünyada 100 milyondan artıq insan elektron siqaret istifadə edir və onlardan 15 milyonu 14-18 yaş arası yeniyetmələrdir. Burada ən çox digər narahatedici məqam odur ki, böyüklərə nisbətdə elektron siqaret yeniyetmələr arasında 9 dəfə çox istifadə olunur".

Elektron siqaretlərin tərkibindəki maddələr siqaretdəkindən geri qalmır

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, adi tütünün tərkibində xüsusi qətrana bənzər maddələr var və onlar xərçəng əmələ gətirir. Elektron siqaretlərdə isə aromatik maddələr var ki, onlar yananda konsragenlər əmələ gəlir. Yəni elektron siqaret heç bir xüsusiyyəti ilə adi siqaretdən geri qalmır: "Elektron siqaretlərin tərkibində kifayət qədər kanserogen maddələr var. Bu cür tütün məmulatlarında polisiklik aromatik karbohidratlar əmələ gəlir ki, bunlar da gələcəkdə insanlarda xərçəng yaranması riskini artırır. Guya ki, elektron siqaretlər siqaretin imitasiyası kimi yaradılmışdı, insanların siqaretə olan aludəçiliyini azaldacaqdı. Lakin indi araşdırmalar göstərir ki, elektron siqaretlərin tərkibindəki maddələr siqaretdənkindən geri qalmır. Hətta təsdiq olunub ki, bunlar daha zərərlidir. Bu baxımdan genefondun sağlamlığını nəzərə alaraq, satışına, istehsalına qadağalar qoyulub. Bu qadağalar əsasən, Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığı əsasında qəbul edilir. Bu təşkilat ayrı-ayrı ölkələrdə bu cür halları izləyir, topladığı materiallardan nəticə çıxararaq qərar qəbul edir. Bütün dünyada da qəbul olunan bu qərara əməl olunması vacibdir. Çox təəssüf ki, bu gün elektron siqaretlər insan ölümlərinə yol açıb".

Elektron siqaretdən istifadə zamanı insanın ağ ciyəri daha çox tüstülü hava qəbul edir

A.Qeybulla bildirib ki, bəzi insanlar elə başa düşür ki, sudan keçərkən tüstünün zərəri azalır. Bu belə deyil. Su tüstünü  zərərli maddələrdən tamamilə təmizləmir. Elektron siqaret çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Elektron siqaretdən istifadə zamanı insanın ağ ciyəri daha çox tüstülü hava qəbul edir. Çünki siqaretdən fərqli olaraq, elektron siqaret aram-aram çəkilir. Bu zaman insan orqanizmi həm qəlyanla zərərli maddələr qəbul edir, həm də qəlyandan xaric olan tüstünü təkrar udmuş olur".

Təkcə qadağalarla bu tip problemlərin həlli çox çətindir

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunması ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək: "Elektron siqaretlər bütün dünyada son dövrlərdə formalaşan genişmiqyaslı trend hesab olunmur. Bunun əsas səbəblərindən biri onların sağlamlıq üçün daha zərərli olması ilə bağlı artan narahatlıqlardır. Artıq bu məhsullara öyrəşmiş və asılılıq formalaşmış insanlar mövcuddur. Onlar qadağa tətbiq olunmayan ölkələrə səfər etdikdə, elektron siqaretləri şəxsi istifadələri üçün alıb gətirəcəklər. Bu baxımdan, təkcə qadağalarla bu tip problemlərin həlli olduqca çətindir".

Ekspert narkotik vasitələrin də dünyanın bir çox ölkəsində qadağan edildiyini, lakin məhdudiyyətlərlə onların satışının və istifadəsinin qarşısını tam almağın mümkün olmadığını bildirib: "Daha çox maarifləndirmə və təşviqedici tədbirlərə ehtiyac var. Xüsusilə gənclər və uşaqlar diqqət mərkəzində olmalıdırlar. Məktəblərdə bu məhsulların zərərləri ilə bağlı daha geniş məlumatlandırma aparılmalıdır. Bu yanaşma vətəndaşların erkən yaşlardan fəsadlar barədə məlumatlı olmasına kömək edə bilər. Elektron siqaretlərlə bağlı ölkə iqtisadiyyatına ciddi təsiri gözlənilmir. Çünki onların bazar payı böyük deyil".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2025.- 20 dekabr (№ 233). - S.9.